525.Az

Almaniya kanslerinin kürsüsü laxlayıb


 

Almaniya kanslerinin kürsüsü laxlayıb<b style="color:red"></b>

Rusiyanın Ukraynaya müdaxiləsi Avrasiyada siyasi gündəmi müəyyən edir. Bu proses Avropa qitəsində daha aydın hiss edilir. Avropa qitəsində anti-Rusiya əhval-ruhiyyəsi o qədər artıb ki, artıq siyasi proseslərin əsas müəyyənedici amilinə çevrilib. Avropanın iqtisadi lokomotivi hesab olunan Almaniyada bu proses daha aydın hiss edilir. Almaniyada ruslara qarşı dözümsüzlük müşahidə olunduğu, ruslara məxsus əmlaka zərər verildiyi kimi Berlinin siyasi dairələrində də fərqli vəziyyət yaranmağa başlayıb. Təhlilçilər prosesin belə davam edəcəyi halda kansler Olaf Şoltsun kürsüsünü itirəcəyini istisna etmirlər. Müxalifətdə olan Xristian Demokrat İttifaqı Partiyasının rəhbəri Fridrix Merz kansler Olaf Şotsa etimadsızlıq göstərilməsini müzakirəyə çıxarmaq niyyətindədir. Kansler Ukraynaya silah yardımda tərəddüd etməkdə suçlayır və bu məqamın onun istefası üçün yetərli olacağı qənaətindədir.

Almaniya kansleri və hakim Sosial Demokrat Partiyasının (SPD) lideri Olaf Şolz Ukraynaya ağır silahlar verməkdən imtina etdiyi üçün çox ciddi tənqidlərə məruz qalır. Givey ictimai rəyin öyrənilməsi institutunun sorğularına əsasən, almanların 42 faizi Olaf Şotsu birmənalı olaraq zəif lider hesab edirlər. Almaniyanın tarixində belə hal müşahidə olunmayıb ki, kansler hakimiyyətə gəldikdən 6 ay sonra belə münasibətlə üzləşsin.

Müşahidəçilər Şoltsun istefasını mümkün hesab edir və 40 il əvvəl baş vermiş hadisəni xatırlayırlar. O zaman kansler Helmut Şmidtə Bundestaqda etimadsızlıq göstərildikdən sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Çox maraqlıdır ki, Şmidt də Şolts kimi sosial demokratların təmsilçisi olub. O zaman kansler neft böhranının nəticələrinin öhdəsindən gələ bilmədiyinə görə istefaya göndərilmişdi. Bu dəfə isə kansler Şolts təcavüzkar Rusiyaya qarşı yumşaq mövqe tutmaqda günahlandırılır.

Müxalifət kansleri ardıcıl siyasət aparmamaqda ittiham edir. Çünki bir ay əvvəl Şolts hökuməti Ukraynaya ağır silahlar, ilk növbədə isə tanklar verməyə hazır idi. İndi isə Şolts mövqeyini dəyişib və Ukraynaya Almaniya tanklarını verməkdən imtina edir. Bundan başqa, Şolts Ukraynaya hərbi yardımı əhəmiyyətli dərəcədə azaldılıb. Nəzərdə tutulduğu kimi Almaniya Ukraynaya bir milyard avro əvəzinə, 307 milyon avro dəyərində silah yardım edəcək və onların sırasında ağır silahlar olmayacaq.

Almaniya hökumətinin bu siyasəti ölkə daxilində olduğu kimi beynəlxalq aləmdə də Şolts hökumətinin mövqelərini zəiflədib. Ukrayna prezidenti Volodimir Zelenski alman həmkarı Frank-Valter Ştaynmayerlə görüşməkdən imtina edib. Bunun nəticəsində Almaniya prezidentinin Kiyevə səfəri baş tutmayıb. Halbuki, Avropanın siyasi liderlərinin əksəriyyəti Kiyevə səfər edib və yüksək səviyyədə qarşılanıb.

Kansler Olaf Şoltsun Ukraynaya yardım etməkdə tərəddüd etməsi Almaniyaya qarşı münasibəti o qədər pisləşdirib ki, Böyük Britaniyanın Almaniyaya qarşı qadağalar tətbiq edə biləcəyi gündəmə gəlib. Londonda Berlinin siyasətindən narazılıq açıq ifadə olunur və Almaniyanın Rusiyanın enerji daşıyıcılarından imtina etməməsi qəzəb doğurur. Rusiyanın Ukraynada hərbi cinayətləri aşkar olunduqca Almaniyanın Rusiya ilə münasibətləri Olaf Şoltsun mövqeyini daha da zəiflədir. Estoniya və Latviyanın Rusiya ordusunun Ukraynadakı hərbi əməliyyatlarını soyqırımı kimi tanıması Şoltsun manevr imkanlarını daha da məhdudlaşdırıb. Kansler qəti seçim qarşısındadır. Əgər Olaf Şolts doğru seçim edə bilməsə, laxlayan kürsüsünü qoruya bilməyəcək və çox yaxın zamanda sosial-demokratlar hakimiyyəti itirəcəklər.

 





25.04.2022    çap et  çap et