525.Az

Afrikalaşmaq sindromu - Şahanə Müşfiq yazır


 

Afrikalaşmaq sindromu -<b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Bilirsinizmi, Afrikanın 30.37 milyon kv.kilometr ərazisi var?! Bu, bütünlüklə Avropa, Çin və Amerikanın birlikdə ərazisindən də böyük rəqəmdir. Ancaq nədənsə, əksər dünya xəritələrində Afrika kiçildilmiş şəkildə təsvir olunur. Bəs bu, nə üçündür? Çox sadə: bu, Afrikanın vizual effektini azaldaraq, harda olurlarsa, olsunlar, afrikalıları zəifliklərinə, kiçikliklərinə inandırmaq üçün manipulyasiya etmək, beyinlərini yumaqdan ötrü.

Hə, dünyanın ən kasıb qitəsi olan Afrikanın 60 faiz əkin sahəsi var. Həmçinin, xammal ehtiyatlarının 90, dünya qızıl ehtiyatının 40, almaz ehtiyatının isə 30 faizinə sahibdir. Telefon və elektronika istehsalı üçün lazım olan mineralın-koltanın 80 faizi isə Konqo Demokratik Respublikasında yerləşir. Avtomobil batareyasının istehsalı üçün lazım olan kobaltın dünyadakı ehtiyatının 60 faizi də Afrikanın payına düşür. Həmçinin, bu "kasıb" qitə neft, qaz, daş-kömür, filiz, manqan, dəmir ehtiyatlarıyla, ağaclarla da zəngindir. Dünyanın "mis qurşağı" mərkəzi Afrikada Zair və Zambiya ərazisindədir. Burada zəngin sink, qalay, uran, boksit yataqları da vardır. Dünyanın ən zəngin balıq sahil xətti də Afrikadadır (Namibiya).

Bu qədər böyük ərazidə 1.3  milyard əhali məskunlaşıb. Halbuki Afrikadan üç dəfə kiçik olan Çində 1.4 milyard əhali var. Təkcə Konqonun əkin torpağı bütün Afrikanın, Afrikanın isə ümumi əkin torpağı bütün dünyanı qidalandırmağa kifayət edəcək qədərdir.

Bu gün susuzluqdan əziyyət çəkən Afrikada dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı var. Həmçinin, Konqoda bütün Afrikanın su tələbatını ödəyə biləcək vacib çaylar var.

Afrika qitəsi insan cəmiyyətinin beşiyi hesab edilir. Burada ən qədim insanların qalıqları tapılıb.  Bura dünya mədəniyyətinin ən qədim ocaqlarından biridir. Afrika rəqs, musiqi, memarlıq, heykəltəraşlıq və sair kimi sənətlərin ən müxtəlif və maraqlı növlərinə sahibdir.

Afrika öz laboratoriyalarında Qərbin dəyişdirdiyi 30.000 dərman preparatı və ot yetişdirir.

Hesablamalara görə, Afrikanın 2050-ci ilə qədər 2.5 milyarda çatmalı olan gənc əhalisi var.

Bəli, bu gün aclıqdan, susuzluqdan, işsizlikdən, təhsilsizlikdən əziyyət çəkən Afrika, əslində, dünyanın ən böyük xəzinəyə sahib, ən varlı qitəsidir. Amma o, bunu görmür, ya da görür, istifadə edə bilmir.

Eynən bizim kimi-insan övladı kimi... Hər insan əslində, öz daxilində qızılıyla, almazıyla, təbii ehtiyatlarıyla zəngin bir xəzinəyə - Afrikaya sahibdir. Amma biz öz xəzinəmizi kiçildərək, önəmsizləşdirərək gözümüzdə Avropaya çevirdiyimiz xəyallarımızın, arzularımızın dalınca qaçırıq. Arzunun dalınca getmək gözəldir, amma bunu əlindəkini bir kənara ataraq, görməzdən gələrəkmi etməliyik? Nəticədə nə olur? Nəticədə biz Avropaya çevirdiyimiz xəyallarımızın dalınca qaçarkən elə o Avropadan gələn varlı mülkədarlar bizim sahibi olduğumuz Afrikanı öz mallarıymış kimi çapıb-talayır, istismar edir.

Bəs biz-şüurlu insanlar niyə icazə veririk kənar qüvvələrin, sürətlə dəyişən cəmiyyətin bizi manipulyasiya etməsinə? Dünya afrikalıları öz kiçikliklərinə, zəifliklərinə inandırdığı və köləliyə alışdırdığı kimi biz niyə arzuların, şöhrətin, hava şarı kimi özü böyük, işi boş "müasirliyin" köləsinə çevrilirik? Özü də bilə, bilə, könüllü şəkildə. Bizi manipulyasiya edən nədir? Dəyişən zaman, kapitalist cəmiyyət, yoxsa içimizdəki şöhrətpərəstlik duyğusu?

Əgər biz də yaşadıqlarımızı, bizə bəxş olunan həyatı, sahibi olduğumuz xəzinəni gözümüzdə Afrikaya döndərməyib, bərk-bərk sarılsaq, yetərincə dəyərləndirə bilsək, gözümüzü Avropalaşmış xəyallardan çəkib içimizə baxsaq, onda həyat daha gözəl, dünya daha yaşamalı yer olmazmı?!

 





25.04.2022    çap et  çap et