525.Az

Özünü yenidən yaratmaq - Leyla Camal yazır...


 

Özünü yenidən yaratmaq -<b style="color:red"> Leyla Camal yazır...</b>

Amerikada edam hökmünə məhkum edilmiş bir müttəhimə hökmün asmaq yolu ilə yox, zəhərli iynə ilə həyata keçiriləcəyini deyirlər. Bunun müqabilində ailəsinə çoxlu pul veriləcəyini öyrənən məhkum az da olsa, təskinlik tapır.

Və o gün gəlib çatır. Həkim ona deyir: "Bax bu yaşıl maye bitəndə öncə ayaqların keyiyəcək, mavi maye bitəndə qolların, sarı maye bitəndə bütün bədənin keyləşəcək və qırmızı maye bitəndə beyin ölümün gerçəkləşəcək". Elə də olur. Müttəhim öncə ayaqlarını, sonra qollarını, sonra isə bütöv bədənini hiss etmir. Və nəticədə ölür.

Ölüm səbəbi - ürək partlaması. Sistemdəki isə sadəcə rəngli su olur. Bu, insan üzərində bir eksperiment imiş. Müttəhim əvvəlcədən şüuraltına yeridir ki, sistem bitəndə öləcək və ona görə də ölür.

Düşüncələrin nədirsə, sən "o"san. Bir şeyə şüuraltını inandırsan, beynin bunu reallıq kimi qəbul edəcək. Beynindəki bütün neqativ düşüncələri yeni pozitiv fikirlərlə əvəzlə. İnanc deyə yerləşdirdiyin hər şeyin əslində, cəfəngiyyatdan ibarət olduğunu 21 gün sonra anlayacaqsan. Bəli, insan beyni yeni inancı 21 günə qəbul edir. Bütöv bədənin dəyişməsi, inancların təzələnməsi, ruhun yenilənməsi isə maksimum 11 ay çəkir.

Sən hər yaşda özünü 18 yaşındakı kimi hiss edə bilər, çılğınca sevə bilər, ərköyünlük, şıltaqlıq edə bilərsən. Cılız bədəninlə ağırlıq qaldıra, nəfəsini dəqiqələrcə suyun altında tuta, hətta qaranlıq otaqda həftələrlə qala bilərsən.

Toyuq hininə düşən qartal balası ölənə kimi bir dəfə də olsun qanad çırpmaz. Çünki o, toyuq olduğuna inanar, qanadlarının olduğunun fərqinə varmaz. Bədənin, gördüyün işlər, düşüncələrin, sözlərin və bütün varlığın sənin əsərindir. Dəyişmək, yenilənmək, həy şeyi silib başdan başlamaq üçün heç vaxt gec deyil.

İnsanın dəyişmək prosesi ən sancılı proseslərdən biridir. Necə ki ağaclar qabıq dəyişir, necə ki bəzi canlılar dərisini dəyişir, hər insan da dəyişimə məruz qalır. Bu proses mərhələli şəkildə baş verir.

İlk mərhələ - fərqində olmaqdır. Səhvlərinin, yanlışlarının fərqinə varmaq. Olmaq istədiyinlə indi olduğun insan arasında körpü yaratmaq.

İkinci mərhələ - azad etməkdir. Səni geri salan yanlış vərdişlərindən azad olmaq. Sadəcə vərdiş deyil, xarakter və xüsusiyyətlərdən də. Xarakter dəyişməz fikri tamamilə cəfəngiyyatdır. Həm də elə dəyişər ki, özünü sən belə tanıya bilməzsən. Dəyişməkdə xarici amillər kimi, daxili amillərin də rolu böyükdür.

Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, müsbət təlqinlər daxili güclə birləşəndə yeni bir MƏN ortaya çıxır.

Üçüncü mərhələ isə kodlaşdırmadır. Keçmişə dair yanlış düşüncələri, neqativ fikirləri və doğru olmayan vərdişləri azad etdikdən sonra onun yerinə səni irəli aparacaq müsbət fikirləri, doğru vərdişləri kodlaşdırırsan.

Unutma, bu, çox uzun, ağrılı prosesdir. Bəli, ruhun ağrıyacaq, dəyişməməkdə israrlı olacaq, bəzi vərdişlərin səni tərk etməmək üçün müqavimət göstərəcək. Amma sən daha inadkar olacaqsan. Unutma, bir damla su israrla axarsa, daşı belə deşə bilir.

Yenidən yaranmağa, yeni SƏN yaratmağa hazırsanmı?

 





25.04.2022    çap et  çap et