525.Az

Yazıçı Şövkət Zərin Horovlunun ikicildliyi işıq üzü görəcək


 

Yazıçı Şövkət Zərin Horovlunun ikicildliyi işıq üzü görəcək<b style="color:red"></b>

Bugünlərdə yazıçı Şövkət Zərin Horovlunun ikicildliyi nəşr ediləcək. İkicildlikdə yer alan əsərlər barəsində yazıçı ilə söhbətləşdik.

Şövkət Zərin Hüseynova Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Qızıl qələm", "Rəsul Rza" mükafatları laureatı Şövkət Zərin Horovlu altı şeir poemalar, üç uşaq şeirləri kitabları, roman povestlərin müəllifidir. Qarabağ hadisələrindən bəhs edən "Arazdan gələn səs" romanı 2010-cu ildə "ilin kitabı" elan olunub, Türk törə ocağı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun mükafatı diplomu ilə təltif edilib.

Yazıçı hər iki cilddə yer alan əsərlər haqqında söz açıb:

" Son kitabım "Ürəyim dan yeridir" şeirlər kitabıdır. Bu həftə ikicildliyim çapdan çıxacaq. Birinci cilddə "Arazdan gələn səs" romanımın davamı kimi "Köynək" romanı Əfqanıstan xalq Demokratik Respublikasının aprel inqilabından bəhs edən "Oxunmamış zərf" povestim Qarabağ hekayələri yer alıb. İkinci cilddə isə Pişəvəri hərəkatı, 1979-cu il İran inqilabı bu dönəmlərdə Azərbaycan türklərini başına gələn müsibətlər  barəsində qələmə aldığım "Tale yolu" romanım "harda axtarım səni" adlı Qarabağ hadisələrini işıqlandıran məhəbbət povesti öz əksini tapıb".

Şövkət Zərin Horovlu Qarabağ münaqişəsi haqqında silsilə üç roman nəzərdə tutduğunu, onlardan ikisinin "Arazdan gələn səs" "Köynək" romanlarından sonra da "Qisas" romanının çap olunacağını bildirib.

Yazıçı "Oxunmamış zərf" romanının yazılma tarixçəsi haqqında fikirlərini oxucularla bölüşüb: "Kitabım çap olunmaq ərəfəsində idi. Neft Akademiyasının professoru, kafedra müdiri olan həyat yoldaşımı Əfqanıstana Politexnik İnstitutuna dərs deməyə göndərdilər. İki körpə övladımızla birgə mən onunla getdim. Orda üç il yaşadıq. Əfqanıstan müharibəsinin dəhşətlərini, o qırğınları görmüşəm. Əslində 20 Yanvar faciəsindən sonra "Oxunmamış zərf" yazmağa qərar verdim. 20 Yanvar faciəsi mənim gözlərim önündə baş verib. Bu faciədən sonra Əfqanıstanda aparılan müharibənin fonunda da vaxtilə "Qızıl Ordu" deyib fəxr elədiyimiz işğalçı rus ordusu haqqında düşündüklərimi qələmə almağın vaxtı yetişdiyini hiss elədim. Bu ordunun törətdiyi müsibətləri orda-Əfqanıstanda da, burda-Bakıda da görüb, iki xalqın oxşar taleyini qələmə aldım. İki xalqın tankların altında əzildiyini burda da, orda da görmüşəm. Bu əsər işğalçı orduya qarşı nifrətimi, daxilimdəki çevrilişi özündə ehtiva edir. İntiqam Qasımzadəyə təşəkkür edirəm ki, həmin povesti "Azərbaycan" jurnalında çap edib.

Bir il sonra-1979-cu ildə Əfqanıstana İran mühacirləri gəlmişdilər, "Tale yolu" romanım da o mühacirlərlə ünsiyyətim, söhbətlərim əsasında ərsəyə gəlib. Romanda Şimali Azərbaycandan Təbrizə gedib düşən azərbaycanlı qızı-Fatmanın timsalında xalqımızın tale yolunu yazmışam. Fatma görməzə-bilməzə öz məhəbbətini ardınca Təbrizə gedir, sonra onu rus casusu, bolşevik kimi həbs edirlər. Həbsxanalarda ikən müəyyənləşdirir ki, o öz xalqının tale yolunu yaşamalıdır. Oxucuların yeni əsərlərimi bəyənəcəyinə ümid edirəm".

S. Abdullayeva

 





27.05.2014    çap et  çap et