525.Az

Üzümüz yaza doğrudu...


 

MUSA URUDUN QARANQUŞ RUHLU ŞEİRLƏRİ

Üzümüz yaza doğrudu...<b style="color:red"></b>

dəfə bu adı, soyadı eşidəndə ürəyimi qəribə hisslər bürüyür, dərhal yadıma yağı əlində qalmış kəndimiz düşür. Xəyalım qanadlanan doğma yerlərlə bağlı xatirələr ruhumu dara çəkir. Musanın atası İsa əmini, orta məktəbdə mənə dərs demiş Xatın müəlliməni daha neçə əzizimizi xatırlayıram. Musa elə uşaqlıqdan seçilən, dərslərini hamıdan yaxşı oxuyan, nəzakətli, ağıllı, elmə, ədəbiyyata maraq göstərən idi. Rəhmətlik bacım danışardı ki, kitabxanada elə bir kitab qalmayıb Musa oxumamış olsun. Dərs əlaçıları da sonralar əsasən ya Tibb İnstitutunda, ya da Azərbaycan Dövlət Universitetində oxuyardılar. Musanın həkim olmaq istəyi yəqin ki, bu səbəblə bağlı idi. Ali məktəbi bitirdikdən sonra bir müddət həkim kimi çalışıb da. İndi neçə seçkidir ki, Milli Məclisin deputatı kimi səmərəli fəaliyyət göstərir. Səsi beynəlxalq tədbirlərdən gəlir, bir sıra qanunların hazırlanmasında əməyi şəksizdir.

Bunuinla bərabər Musa Urud mənə kəndimizin adınını özünə təxəllüs seçmiş bir şair kimi daha əziz doğmadır. Özünün bir üzüntüsü məni çox düşündürdü : "Şeir yazıların ən ucada olanıdır. Dərin bir təəssüflə etiraf edirəm ki, ictimai-siyasi fəaliyyətlə məşğul olmağa başladığım andan şeirə xəyanətim başladı: hər məqalə, hər çıxış, yaxud tarixi tədqiqat məni şeirin ucalığından həyatın reallığına endirdi:

 

Ömrümü arzuma kəmənd eylədim,

Adımı üzümə rübənd eylədim.

Haqq sözü cır işə peyvənd eylədim,

İçimdə bir şair öldü, bilmədim.

 

Əslində, Musa Urudun bu dərəcədə narahat olmağına elə ciddi səbəb yoxdur. Çünki o, hansı işin qulpundan yapışıbsa millətin, xalqın, dövlətin nəhayət ədəbiyyatın özünün, tarixin xeyirinə olub. Əlbəttə, bu başqa bir mövzudur , daha çox yaza bilərdi, poetik nümunələrinin sayı lap çox olardı.

Musa Urudun yaradıcılığı çoxşaxəlidir. Onu ədəbi aləmə ilk dəfə 1984- ildə Məmməd Araz təqdim edib. Böyük şairimizin xeyir-duası ilə "Azərbaycan gəncləri" qəzetində şeirləri dərc olub. İlk şeir kitabı da 1994- ildə işıq üzü gorüb. Bu elə bir zaman idi ki, torpağımız-ana yurdumuz erməni işğalında saralırdı. Bu ağrı-acıdan, başımıza gələn müsibətlərdən yana-yana seirlər yazan Musa Urudun yaradıcılığından Vətən həsrəti, yurd xiffəti sarı sim kimi keçdi. Nəticədə gərəkli, elmi, tarixi əhəmiyyəti çox yüksək olan kitablar yarandı. Əvvəlcə,  "Urud" adlı tarixi-etnoqrafik əsəri oxuculara təqdim edildi. Qədim türk torpağı-doğma kəndimiz haqqında ilk yazılı abidəni məhz Musa Urud yaratdı. Apardığı araşdırmalar, tədqiqatlar ona bu imkanı da verdi ki, "Zəngəzur", "Zəngəzur toponimləri" kitablarını da hazırlayaraq oxucularına çatdırdı. Tale elə gətirdi ki, bu dolaşıq zamanda onun güzarı Uruda düşdü. Yadların qəsb etdiyi doğma yurdun ağlar görkəmi ürəyinə dağ çəkdi. Bu qeyri-adi görüşün təəssüratlarından yazdığı kitab üç dildə nəşr edildi. Bütün bu fədakarlığı vətənsevərliyi üçün ona bir daha təşəkkür edirəm. Açığı, Musa Urudun vətəndaşlığı, hünəri, cəsarəti məni riqqətə gətirdi. İftixarla deyim ki, o, həmişə öz mövqeyilə seçilən, haqqın tərəfini verməyən, sözübütöv, vətənini, millətini sevən, dövlətinə sadiq, soy-kökünə sayğısı olan həssas bir insandı. Bütün bu saydıqlarım isə çox ali məziyyətlərdir. Hər kəsdə var olmaz ki?!

Mənim düşüncəmə görə, Musa Urud hər şeydən öncə, zərif ruhlu, Vətən sevdalı, həsrət yüklü bir şairdir. Şeirlərindəki məna dərinliyi, fikir yeniliyi, hiss duyğuların nəhayətsizliyi, oxucunun ürəyindən xəbər vermək həssaslığı diqqət çəkir:

 

Şeytanı mələk dünyanı,

Mələyi kələk dünyanı,

Tanrısı fələk dünyanı

Bölüb qurtarmaq vaxtıdır.

 

Musanın misralarda çırpınan bir diləyi var ki, çoxumuzun arzusudur, desəm yanılmaram.Dan yeri söküləndən axşamın şərinədək, hətta yuxularımda da dilimin əzbəri, vətən həsrətindən qubar bağlamış könlümün səsidir: "İlahi, Sən məni o yurda döndər, İlahi, Sən məni Uruda göndər"! Kaş ki, uca Tanrımız bu yalvarışlarımızı, təvəqqəmizi eşidəydi. Bizdən xoşbəxti olardımı onda?!

Şair qardaşımın misraları söz yükünü elə incilərdən tutub ki, oxuduqca düşüncələr səni haralara aparmır?! Fikirlərin dərinliyi, sərrastlığı, ifadə tərzinin təbiiliyi, məqsəd aydınlığı, ruh yaxınlığı, incə mətləblərin hədəfi, misraların təsir gücü, sadəliyi amma qeyri-adi pıçıltısı anlayanın sinəsində tufan qoparır: "Bir parça Vətən torpağı, it yuvasına, yağı qapısına apardı bizi"; "Kafir atlarının dırnaqlarında ölən torpaqları kim qaldıracaq"; "Dünyanın ən uzaq yolu Şuşadan Allaha qədər"; "Quşu göyündən asılıb qona bilmir yuvasına"; "Yuxulu-yuxulu qoyub gəldik yuxumuza gəldi bu kənd". "Balıqların gözləri qum, ovmağa barmağı yox"; "Tanrı dərgahına yaxındı dağlar, gəl gedək dağlara, dağlar gözəldir"; "Baxtı olan haqdan qaçır, haqqa qaçanın baxtı yox"; "Tanrı mənə çörək verdin, tabağı nadan əlində"; "Köhnə dünya gərdişində, dəmi kimdə, dərdi kimdə"; "Qapın açılsın üzünə, qabağına uşaq gəlsin"; "Susuz qalan su saxlayan çalanın, su saxlamaz su qabından fərqi yox"...

Musa Urudun Vətənə ünvanlanmış şeirlərinin ahəngindəki  kədərin, həsrətin mayasında bir qürbət havası, qəriblik xiffəti var. Səni səndən alıb haralara aparmır? Xəyalımız qanadlanan yerlərə səsimiz yetməz, əlimiz çatmaz. Ürəyimizdən keçənə bax, quş olub doğma yerlərə uçmaq istəyirik. Bu da dəhşətli bir aldanışdır. Allahın daşı da, bör-böcəyi ,fəsillərin ahəngi bizdən qüdrətli, bizdən etibarlı, bizdən xoşbəxtdir. Kimdi onlara mane olan, qarşısını kəsən? Bu məqamda özümə yazığım  gəldi.  Axı qədər xəyallarla ovunmaq, aldanmaq olar?   Neçə əzizimiz bir ovuc torpaq həsrətilə dünyasını dəyişdi. Vətənə dönən yolların qara buludları çəkilmədi. Yalan dünyanın min sifəti, min üzü, min riyası, hiyləsi var. Musanın misraların yaddaşına pıçıldadığı bayatılar, gəraylılar, qoşmalar varlığıma köz kimi sıxıldı:

 

Yarımadım boş umuddan,

Bir daş olmadım o yurddan,

Musa Urudun Uruddan

Payı qalmadı, qalmadı.

 

Eh, ay qardaş, gediş-gəlişlərimiz kimi sovqatımız, payımımız da kəsildi Uruddan. Vədlərdən,ümidlərdən isə səbir, dözüm göyərdi.Bu ayrılığın, bu həsrətin əzabları sinəmizdə düyün bağladı. Yurdumuzdan qovulanda bələkdə gələnlərin indi 25-26 yaşı var. Doğrudur, övladlarım mənim göz yaşlarıma şərik olurlar.Amma nəvələrimin vecinə olacaq? Qınaqlıq deyil, görmədiyin yerlər yuxuya da gəlməz.  Musa Urudun Urudla bağlı yazdığı ılk şeirlərin birində yurd sevgisi, istəyi, vətənlə bağlı nigarançılıq olduqca təbii düşündürücü səslənir:

 

Səcdənə gələrsə, oğlum yaşasın,

Gəlməsə mənim tək mağmın yaşasın.

Adımı adına qoşdum-yaşasın.

Səndən çox yaşadım, Urud, bağışla.

 

Bu yerdə Məmməd Arazın haqqdan doğan sualını xatırladım ki, bizi bağışlayan olarmı görən? Çətin! Bu ağrı-acılar bizi qədər kövrək, qəlbi yuxa, dözümsüz etsə belə, zəmanənin haqsızlıqlarına, dünyanın təzadlarına qarşı  bir qədər sərtləşdik. Musa Urud  şeirlərində bu ovqatı dəfələrlə çox səlis mənalı tərzdə ifadə edib:

 

Şuşa əsirlikdə, Laçın tordadı,

Zəngəzur hardadı,Göycə hardadı?!

qədər torpağım torba-torbadı,

Öldür, sülh nəğməsi yaza bilmərəm.

 

Ürəyinin diktəsıni yazanlar həmişə sünilikdən, ritorikadan, şüarçılıqdan uzaq olurlar. Əslində torpağı tarımar olan, doğulduğu yurdu əsirlikdə qalan, soydaşları, qaçqına, köçkünə dönən  kəs necə beynəlmiləlçi ola bilər? Xüsusi ilə erməniyə qarşı. İnsan ilk növbədə öz millətinin aşiqi olmalıdır ki, başqalarına da o qəlbdə yer tapılsın. Musa Urudun köksündə Zəngəzur, Göyçə, Dərələyəz, Qarabağ... ellərinin möhnəti yuva salıb. Yadların qurğusu, qarı düşmənin-erməninin qara niyyəti, sapı özümüzdən olan baltaların xəyanəti sayəsində hədəfinə tuş gəldiyimiz mincaynaqlı fəlakətin başımıza gətirdiyi faciələr şairin şeirlərində qan ağlayır.Ölümlərin ayrılıqların acığına misralar hər birimizi haraylayır:

 

Qorxaqları kim çaladı ərlərə,

Tülküləri başçı qoydu şirlərə?

Tək əliylə göy qübbəsin hərləyən

Palıd köklü kişilərə dönək gəl,

Zəngəzura, Kəlbəcərə dönək gəl!

 

Vətənpərvərlik ruhu Musanın şeirlərində qəribə ahənglə, təsiredici bir güclə misralanıb. Azərbaycanın Milli Qəhrəmanları Aqil Quliyev Fəxrəddin Vəliyəddin oğlunun unudulmaz xatirələrinə həsr etdiyi şeirlərdə ürək yanğısı, qohum kədəri ilə bərabər, iftixar, qürur hissləri öz sözünü deyir:

 

Çökdü bir yurd başı üstdə.

Ta yaş gəlməz yaşı üstə.

Ana yurdun başı üstdə

Döndü bayrağa bir igid!

 

Deyirlər ki, torpağın üzü soyuqdu, buna görə qoynuna aldıqlarını əzizlərinə unutdurur. Amma şəhidlərə gücü çatmır. Cismi torpaqda ruhu Vətənin başına dolanan şəhidlər öz ömürlərini yurdun ömürünə calayırlar. Əbədiyaşarlıq budur!

Ənənəvi olaraq bütün şairlərin yaradıcılığında dünya mövzusu var. Dünyanın təzadlarına, faniliyinə, olaylarına, haqsızlıqlarına üz tutan bu poetik nümunələr hər bir müəllifin daxili aləmini, düşüncələrini, fəlsəfi fikirlərini əks etdirmək baxımından həmişə maraqla qarşılanıb. Musa Urudun da dünyaya öz baxışı, münasibəti, müşahidə etdiklərini poetik süzgəcdən keçirmək məharəti diqqətəlayiqdir:

 

Az-çox tanıyıram səni,

Birin var, beşin var.

Harda bir Kərəm doğulur,

Orda Qara Keşiş var

Tanıyıram səni, dünya.

 

Bütöv bir ömrümüzü bir anda fələyin əli ilə yox edən dünyanın rəngləri Musanın misralarında elə əfsunlu libasa bürünüb ki, bəzəndə ahəngində Məmməd Arazın ruhunu, nəfəsini duydum.Əlbəttə, bu  mənəvi yaxınlığın mövcudluğu təbiidir.Böyük şairimiz hər qələm əhlinə "uğur olsun" yazmazdı.Yenə Musa Urudun bir bəndi məni duyğulandırdı:

 

Köhnə dünya gərdişində,

Dəmi kimdə, dərdi kimdə,

Düyünü-zərgər dişində,

Yumağı-nadan əlində

 

Şair şeirlərinin birində dostlarına poetik müraciət edərək  sanki təbiətdən, adi canlılardan nümunə götürməyə çağırır:

 

Gələn quşlara bax, gedək,

Gedən dostlara bax, gedək,

Üzə-astara bax, gedək,

Üzümüz yaza doğrudu.

 

Açığı hər dəfə yazın nəfəsi duyulan da, sel-sularla bərabər mənim sümüklərim şaqqıldayır, varlığımı həsrətin tişələri parçalayır, bax, onda dəli rüzgarlara qoşulub Uruda getmək istəyirəm. Qala yerindəmi, çaylar axır, bulaqlar çağlayırmı? Dağlar bizi gözləyirmi? Hər yaz bu ovqatı yaşaya-yaşaya qalıram...

Musa Urudun şeirlərində həm bir bənövşə ətri, qaranquş ruhu var. Qışın buz bağrını yararaq şaxtaya, soyuğa meydan oxuyan bu təbiət gözəlini məhz  hünərinə, cəsarətinə görə,  mən çox sevirəm. Ömürü az olsa da öz zərifliyinə görə,  həyat eşqinin rəmzidir. Baharın carçısı olan qaranquşda vəfa etibarına görə, sevimlidir. Hər yaz öz missiyasını mütləq yerinə yetirir. Baharı özüylə gətirir köhnə yuvasına qayıdır. Bu baxımdan şairin vətənə ünvanlamış şeirlərinin ahəngindəki çağırış əvvəl-axır bizi doğma yerlərdə salamlayacaq. Məgər insan ruhunun bənövşəcən, qaranquşcan gücü yoxdur?! 

 





27.05.2014    çap et  çap et