525.Az

Yenə bu şəhərdə üz-üzə gələrik... - Gülşən Nail yazır


 

Yenə bu şəhərdə üz-üzə gələrik... -<b style="color:red"> Gülşən Nail yazır</b>

Bu gün iyirmi illik həyatımda ilk dəfə Ramiz Rövşəni gördüm. Aprel ayının 22-də Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşə gələn ustadın şirin söhbətini eşitmək mənə də nəsib oldu. Bir gün əvvəl Rəşad Məcid mənə belə bir tədbirin keçiriləcəyi xəbərini verəndə əlim ayağıma dolaşdı. Tədbir dərs vaxtımla üst-üstə düşdüyündən əvvəlcə tərəddüd etsəm də, Ramiz Rövşəni görmək şansını qaçırmamaq qərarına gəlib müəllimlərimlə əlaqə saxladım. Həmişə ekran arxasından gördüyüm insanı canlı-canlı görmək üçün çox həyəcanlanmışdım. Ustad şairdən imza almaq barədə şirin xəyallara dalarkən birdən məndə Ramiz Rövşənin heç bir kitabının olmadığı yadıma düşdü. Aprel təqaüdünü iplə çəkdiyim vaxtda belə bir xərcimin olacağı ağlıma gəlməzdi.  Bir az hesab-kitabdan sonra "Nəfəs"i sifariş verdim. Artıq telefondan oxuduğum misralara barmaqlarımla toxuna bilirdim... Gözləmək çətin də olsa, vaxt gəlib çatdı. İlk dəfə getdiyim Dillər Universitetinin əsas korpusunun qarşısında idim. Tələbələrin biletlərini göstərərək keçdiyini görüb lovğalaşaraq "525-ci qəzet"in əməkdaşıyam",- dedikdən sonra binaya daxil oldum. Akt zalına çatdıqda öndə yer tapa bilmək üçün qarşıma çıxan hər kəsə yenə təkəbbürlə "Mən "525-ci qəzet" üçün burdayam",- deyib  müəllimlərlə birlikdə ikinci sırada əyləşdim. Universitetin işçiləri dayanmadan gələn tələbələrə yer tapmağa çalışırdılar. Zaldakı yerlər tutulduğundan bir çox tamaşaçılar "Onun üçün etməyə dəyər",- deyən bir çox tamaşaçılar tədbiri ayaq üstə izləməyə qərar verdilər.

 Şeirlərindən tanıdığım adam alqış sədaları altında zala daxil oldu. Asta-asta səhnəyə tərəf addımlayan şair Dillər Universitetinin lifti olmadığını bildiyi halda sırf sevənləri ilə görüşmək üçün özünə əziyyət vermişdi. Filologiya fakültəsinin dekanı Şahin müəllimin dediyi kimi, Ramiz "Rövşən" olub işıq saçırdı. Səsindəki ahəstəlik, məlahət şeirlərinə ayrı bir gözəllik qatırdı. Ramiz müəllimin dediyi "İnsanın səsi onun ruhunun ifadəçisidir" fikri özünə necə də uyğun gəlirdi...

Universitetin rektoru, akademik Kamal Abdullanın moderatorluğu ilə başlayan tədbirdə müəllimlər və tələbələr şairə ürək sözlərini deyib şeirlərini səsləndirdirdilər, musiqi ilə ifa etdilər. Mehriban kollektivin iştirakı ilə keçən səmimi görüşdə olduqca şən anlar yaşadıq. Rektorun qısa danışması ilə bağlı xəbərdarlığından sonra səhnəyə çıxan professor Əsgər Zeynalovun uzun çəkən elmi nitqi, Kamal Abdullanın onu dayandırmaq üçün fürsət axtarması, auditoriyadan bir neçə dəfə ucalan alqış sədaları qarşısında natiqin israrla davam etməsi hamımızın üzündə təbəssüm doğururdu. Tələbələrdən birinin həyəcanla 75 yaşlı şairə "yəqin ki, bizdən təcrübəli olarsınız",- deməsi, ustadın bu sözləri gülüşlə qarşılayıb zarafatla cavab verməsi, Kamal müəllimlə arasındakı şirin atmacalar tədbirə rəng qatdı. Tələbələrdən birinin "Dünyaya mesaj verməli olsanız, bunu hansı misranızla ifadə edərdiniz?"- sualına Ramiz müəllim məşhur şeiri ilə cavab verdi:

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik, xəbərimiz yox...

Kamal Abdullanın dediyi kimi, şairin işi sevməkdir. Ramiz Rövşən bu işi layiqincə bacaran şəxsdir. Onun böyük məhəbbəti həyata yönəlib. 22 yaşında yazdığı "Həyat xanım" şeirini söyləyən şairin gözlərində bütün ömrünü, düşüncələrini oxumaq olardı.

Əfsus ki, acı da olsa, görüşün sonu olmalı idi. Mənim kimi əlində kitab gözləyən onlarla gənc imza üçün şairi dövrəyə aldı. İlk saniyədən əliboş qayıdacağıma əmin idim, amma sonuncu ölən ümidlərdir. Mən də axına qoşularaq ona yaxınlaşdım. Hərdənbir tələbələrin arasından ağarmış saçlarını, qələm tutan əllərini görə bilirdim. Sonra isə müsahibəsini bitirən Kamal müəllimin müdaxiləsi ilə səhnədən uzaqlaşdırıldıq. Kitabım imzasız, qəlbim qırıq onun zalı tərk etməsinə tamaşa etdim. Mənə qalan tədbir boyu toqquşan baxışlarımız oldu. Gələcəkdə ilk səhifəsi boş kitabımın hekayəsini danışanda onun bir neçə saat Ramiz Rövşənlə eyni otaqda olduğunu, hətta bir metrliyinə qədər yaxınlaşdığını deyəcəyəm. Ancaq hələ də inamımı itirməmişəm. "Bu qoca dünyada hər nəfəsini meyvə tək dərən" şairdən imza almaq üçün çalışacağam. Əminəm ki, qalib olacağam.

Yenə bu şəhərdə üz-üzə gələrik,

Yaxşı ki, ayrıca şəhərimiz yox.

 





26.04.2022    çap et  çap et