525.Az

Torpaqları oğurlayanlar - Telman Orucov yazır...


 

Torpaqları oğurlayanlar -<b style="color:red"> Telman Orucov yazır...</b>

Torpaq onun üstündə nisbətən qədim dövrlərdən yaşayanlar üçün tam haqlı olaraq vətən sayılır, çünki həmin xalqın əcdadları, ata-babaları bu ərazidə məskunlaşmış, yaşayış üçün onu yararlı hala salmış və indiki nəsilə öz sahibindən ayrılması mümkün olmayan və müqəddəs sayılan bir irs kimi qoyub getmişlər. Bu məkan  zaman kimi çox şeyin - sevincin də, kədərin də şahidi olmuşdur, uğrunda mərd oğulların axıtdığı qanla da suvarılmış, bu sehrli varlıq təkcə sadəcə yaşayış məskəni deyil, həm də daim xalqın qeyrət simvolu və ilham mənbəyi rolunu oynamağını davam etdirmişdir. Hər qarışı, onun üstündə yaşayanlar üçün əzizdir, axı məxsus olduğu xalqın ümumi doğma evidir. Ev qonaq qəbul edə bilər, lakin heç kəsə güzəştə gedilə bilməz, bağışlana bilməz. Onun itirilməsi, düşmən tərəfindən işğal edilərək özününki sayılması, həqiqi sahibi üçün əsl faciə, ağır matəm xarakteri daşıyır.

Azərbaycan ərazisinin bir hissəsi siyasi qarmaqarışıqlığın və möhkəm iradənin kasadlığı ucbatından 1990-cı illərin əvvəllərində Ermənistan ordusu tərəfindən işğal edilərək, itirilmişdi. Düşmən özü üçün əlverişli şəraitdən istifadə edib, onu oğurlayaraq qəsb etmişdi. Bu böyük dərd hər bir azərbaycanlını ruhən əzir, illərlə ona mənəvi əzab verirdi. Nəhayət bütöv xalqın qeyrətinin alçaldılmasına son qoyuldu, bu vəzifənin uğurlu  həllini xalqın lideri öz üzərinə götürdü. O, düşmənin növbəti azğınlığına cavab olaraq, ordunu, Axilles kimi onun qüvvət aldığı yerin rəmzi sayılmalı olan xalqı ölüm-dirim mübarizəsinə qaldırdı və torpaqlarımız düşmən əsarətindən azad edildi. Respublika prezidenti İlham Əliyev Zəfər bayramının hərbi paradında Ali Baş Komandan kimi qələbəni ordunun, xalqın adına ünvanlasa da, hamıya tam aydın idi ki, bu qələbənin həqiqi və birinci müəllifi məhz onun özüdür. Çünki o, hər şeyi, ən xırda detallarına qədər ustalıqla ölçüb biçmişdi və onların həyata keçirilməsi kimi mürəkkəb prosesin gedişinə nəzarəti də daim, son qələbə anınadək öz əlində saxlamışdı. Bu fəaliyyət həm də Silahlı Qüvvələrin Baş Qərargah xidmətinə bərabər sayıla bilərdi. O, təkcə hərb meydanında deyil, diplomatik cəbhədə də bir-birinin ardınca qələbələr çalırdı.                         

Əksər dövlətlər, vaxtilə düşmənə havadarlıq edənlər də daxil olmaqla Azərbaycanın ədalətli müharibə apardığı qənaətinə gəldilər, onun öz ərazisini işğaldan azad etməsinin beynəlxalq qanunlara tam uyğun olduğu ilə razılaşmalı oldular. Ölkə rəhbərliyinin diplomatik uğurları işğalçı dövlətə göstərilən qəyyumluqlara son qoydu və Ermənistanın başı üzərində qurulan himayə çətiri yırtılaraq, artıq onu əsasən köməksiz qoymaqla, qəlpə yağışından mühafizə edə bilmədi.

Düşmənin məğlubiyyəti hərtərəfli olduğu kimi, ordumuzun da qələbəsi tam və qəti olmaqla mütləq xarakter daşıyırdı. Azad olunmuş ərazilərdəki şəhər və kəndlərin bütünlüklə dağıdılıb, xarabalıqlara çevrilməsi mənzərəsi isə apokalipsis təəssüratı yaradırdı, düşmən bu geniş məkanı cəhənnəmin dəhşətli görünüşünə bənzətmək məqsədini güdmüş və tarixdə görünməmiş geniş miqyaslı vandalizm nümunələri yaratmaqla öz iyrənc niyyətinə nail olmuşdu. Onun vəhşiliyi ilə müqayisədə orta əsrlərin ordularının dağıdıcılıq əməlləri də sönük görünür.

Ermənilər qatı millətçilərin yalanlardan ibarət olan və üfunət yayan təbliğatına uyaraq başlarını itirmişdilər, onların guya qisas almaq çağırışlarına və xoş gələcək barədəki vədlərinə aldanaraq, bu eybəcər qüvvələrlə asanlıqla həmrəyliyə girmiş, düşmənçiliyin əsl yanacağına çevrilmişdilər. Ermənistan ordusu öz dövlətinin işğalçı siyasətinə xidmət edirdi, minlərlə gənc döyüşlərdə həlak olduğu halda, onların valideynlərinin etiraz səsi eşidilmirdi. Yalnız müharibənin son fazasında gücləri, oğlanlarını yeni çağırışlar vaxtı gizlətməyə, orduda xidmətdən yayındırmağa çatırdı.

Düşməni təkcə döyüş meydanında məğlub etməklə iş bitmir, barbar əməllərinə görə onu cavab verməyə məcbur etmək lazımdır. Ermənilər bunu rəhmsizlik kimi qiymətləndirə bilər, lakin öz dəhşətli əməllərini yada salsalar, bu cəza onlardan heç də qisas almaq deyil, adicə məzəmmət tədbiri kimi qiymətləndirilə bilər və əslində cəzanın cinayətə uyğun olması barədəki dünya təcrübəsinə məhəl qoymamaq nümunəsi hesab edilə bilər. Məğlub olmuş düşməndən təzminat alınması həm də Ermənistan rəhbərliyini və erməni qatı millətçilərini sərsəm ideyalardan, insanlığa zidd olan əməllərdən çəkindirməyə kömək edə bilər.

Azərbaycan xalqı say tərkibinə görə böyük dünya millətləri ilə müqayisədə kiçik xalqdır. Lakin mənəvi zənginliyinə, malik olduğu dəyərlər sisteminə görə böyük xalqdır, 44 günlük müharibə də göstərdi ki, igidlikdən, qəhrəmanlıqdan da xali deyildir və bunları düşmənin başında sınamağı bacara bildi.

Bədnam qonşumuz indi yaşadığı ərazilərə sonradan gəlmişdir, bu məkan vaxtilə başqalarına mənsub olduğuna görə Ermənistan dövlətinin coğrafi xəritəsi qurama yorğan üzünə bənzəyir. Bədbəxtlikdən köçərilik həyatı, onları millətçilik sipərinə yiyələnməyə sövq etmiş, ermənilər uşaqlıqdan qonşu xalqlara qarşı nifrət ruhunda tərbiyə olunmuşlar. Qatı millətçilər bu iyrənc hissi qızışdırmaq üçün heç nəyə əsaslanmayan uydurmalara da əl atmışlar. Lakin onun  liderləri  unudurlar ki, başqalarından daha çox öz doğma xalqlarına ziyan vururlar. Qonşulara qarşı düşmənçilik edən xalq izolyasiyada yaşamaqla, izqoya çevrilmək  "mükafatını" qazanır. Qatı millətçilər öz xalqına mənsub olan on minlərlə ailənin yaşadığı yerləri tərk etmələri ilə, onları didərgin həyatı yaşamağa məcbur etmişdilər. Çünki Ermənistan rəhbərliyi öz ata-baba yurdlarında yaşayan azərbaycanlıları doğma evlərindən qovmaqla, böyük qaçqınlar kütləsinin yaranmasına səbəb olmuşdu. Bumeranqın zərbəsindən isə qaça bilmədilər.

Ermənilər Qarabağa əsasən XIX əsrin əvvəllərində gəlmişdilər, çar Rusiyasının dövlət siyasətinə uyğun olaraq İrandan buraya köçürülmüşdülər. 1828-ci ilin aprelində Rusiya-Persiya müharibəsinə son qoyulanda bağlanan bədnam Türkmənçay müqaviləsinin şərtlərindən biri Persiyada yaşayan ermənilərin Rusiya ərazilərinə sərbəst köçürülməsi idi. Müqavilənin imzalanmasında fəal iştirakına görə A.S. Qriboyedov Rusiyanın səfiri təyin edilmişdi. O, həmin ilin payızında Persiya hökmdarı Fətəli şahla (O, Ağa Məhəmməd şahdan sonra Qacarlar sülaləsinin ikinci nümayəndəsi olmaqla, 37 il ərzində taxt-tacda olmuşdu) görüşüb, müqavilə şərtlərinin həyata keçirilməsinə və təzminatın ödənilməsinə nail olmaq üçün o vaxtlar səfirliyin yerləşdiyi Təbrizdən paytaxt Tehrana gəlmişdi. Bu vaxt ermənilər ondan kömək almaq üçün səfirliyə axışırdılar.

İrandan qaçmaq istəyənlərin arasında xəyanət etmiş adamlar da var idi. Onlardan biri şahın hərəmağası, baş xəzinədarı və qiymətli daşlarının mühafizəçisi xədim Yaqub Markaryan (ona Yaqub Mirzə deyirdilər) idi və o da səfirlikdə gizlənmişdi. Onun bilavasitə təhriki ilə hərəmxana qızları da qaçıb, səfirlik binasında məskunlaşmışdılar, onların arasında iki erməni qızı da var idi. Şah qəzəblənib, səfir Qriboyedovdan xaini ona qaytarmağı tələb etdikdə, səfir rədd cavabı verdi. Bu vaxt həm də xəzinədən oğurluq etməkdə ittiham edilən Yaqub Mirzənin başı üçün mükafat təyin edildi. İslam fanatikləri hərəm qızların qaçırılmasını milli namusa həqarət olunması kimi qiymətləndirdilər, İranda ictimai mərkəzlər rolunu oynayan bazarlarda və məscidlərdə geniş rusofobiya təbliğatı aparıldı. Səfirliyə hücum təşkil edildi, binanın qarşısına yüz minə qədər tehranlı toplaşmışdı. Səfirliyi 35 nəfər silahlı rus mühafizəçisi qoruyurdu.

30 yanvar 1929-cu ildəki hücum vaxtı 38 nəfər, o cümlədən, səfir Qriboyedov öldürüldü. Diplomatik toxunulmazlıqdan sui-istifadə edilməsinin digər cəhətlərinə görə də onu ittiham edirdilər. Hərəmlərə səfirlikdə sığınacaq verilməsi isə həddi aşmaq nümunəsi idi. Onun nisbətən cavan yaşında qətlə yetirilməsi də qatı islamçıların olduğu bir ölkədə bədbəxlikdən öz ağlının bəlasını çəkdiyini göstərir, axı o,  məşhur pyesinin adını da, elə bil ki, güzgüdə öz əksinə baxaraq "Ağıldan bəla" qoymuşdu.

Bir müdrikin yazdığına görə, tamaşanın birinci səhnəsində divardan asılan tüfəng dördüncü səhnədə hökmən atəş açacaqdır. Xainlərə də odlu silah kimi etibar etmək olmaz, çünki xəyanət daha böyük bədbəxtliklərə yol açır. Qarabağa köçürülən ermənilər bir əsr yarımdan, dəqiq deyilsə 160 il sonra nankorluq edərək tarixi Azərbaycan torpaqlarını guya öz mülkiyyətləri kimi, ondan ayırmaq və Ermənistana birləşdirmək üçün separatizm hərəkatına başladılar və silaha əl atdıqda onlara köməyə gələn Ermənistan ordusu ölkəmizin xeyli ərazisini işğal etdi. Hər cür mənfur peşəyə asanlıqla yiyələnən ermənilər başqa xalqın tarixi və qanuni torpaqlarını oğurlamaq, özlərininki etmək istəyirdilər.Təəssüf ki, onlara bənzər torpaq oğruları başqa yerlərdə, başqa dövrlərdə də olmuşdur. 

Buna misal gətirmək üçün qəribə bir hadisə yada düşür. 1969-cu ilin iyulunda ABŞ astronavtları Neyl Armstronq və Edvin Oldrin tarixdə ilk dəfə olaraq Ayın səthinə endilər. Bundan əvvəl onlar ölkədə Ayın səthini andıran səhralardan birində məşq edirdilər. Həmin ərazidə hindu tayfasının icmaları yaşayırdı. Bir hindu ilə tanış olduqda, bu qoca kişi  onların burada nə işlə məşğul olmaları ilə maraqlandı. Onlar bildirdilər ki, Aya səyahət etməyə hazırlaşırlar. Həmin adam onlardan bir xidmət göstərmələrini xahiş etdi. Astronavtlar bu xidmətin nə olduğu ilə maraqlandıqda, hindu dedi ki, biz inanırıq ki, Ayda ruhlar yaşayır, tayfamız onlara bir mesaj göndərmək istəyir, axı onlar bizim dili bilirlər.

Astronavtlar razılıq verdikdə, kişi öz tayfasının dilində dediyi sözləri təkrar etməyi onlardan xahiş etdi ki, yadlarında möhkəm saxlaya bilsinlər. Onu da əlavə etdi ki, bu sözlər Aydakı ruhlarla bizim birgə sirrimiz olduğundan, onu anlaşılan şəkildə sizə deyə bilmərəm.

Onlar sözləri dəfələrlə təkrar edib, əzbərlədilər ki, unutmasınlar. Düşərgəyə qayıtdıqda tərcüməçi tapıb, ifadəni ona dedikdə, o, gülməyə başladı. Astronavtlar təəccübləndikdə, tərcüməçi dedi ki, onların tələffüz etdiyi mesajın məzmunu belədir: "Bu adamların sizə dediyi bir sözə də inanmayın. Onlar gəlmişlər ki, sizin torpaqları oğurlasınlar".

Qoca hindunun Aya göndərmək istədiyi mesaj fantaziya xarakteri daşısa da, onda həm də dərin hikmət var idi, axı vaxtilə onların torpaqlarını ağdərililər oğurlamışdılar. XVII əsrin əvvəllərindən başlayaraq Avropadan Şimali Amerikaya gələnlər hinduları ucuz bəzək şeyləri, muncuqlarla aldadıb, torpaqlarını əllərindən alırdılar. Sonra hindu əhalisi olan tuzemləri müxtəlif bəhanələr irəli sürməklə qırmağa  başladılar. Az sayda sağ qalanları isə rezevasiyalarda yaşamağa sövq etdilər. Boş vədlərə inanan hindular nəsillərlə acı taleyi yaşamalı oldular. Bundan bir əsr əvvəl əsarət və qırğın törətmək yolu ilə var-dövlət qazanmaq üçün Meksikaya gələn ispan konkistadoru Ernan Kortes, Cənubi Amerikadakı İnka imperiyasına daha kiçik qüvvənin müşayiətilə müdaxilə edən və eyni məqsədi güdən Fransisko Pisarro müvafiq olaraq atsteklərə və imperiyanın hakim əhalisinə qarşı daha böyük qəddarlıq nümayiş etdirmişdilər.

Torpaq oğurluğu ilə məşğul olanlar təbiətcə bir-birlərindən o qədər də fərqlənmirlər, hər cür xəyanətkarlığa da əl atmağı bacarırlar. Ermənilər torpaqları oğurlamağa nisbətən gec başlamışdılar. Onlara rus çarı I Nikolay və onun daha iradəsiz xələfi olan Mixail Qorbaçov köməklik göstərmişdi. Lakin Azərbaycan torpaqlarını işğala məruz qoyub, qəsb etmək və əsarətdə saxlamaq cəhdi ermənilərə baha başa gəldi. 2020-ci ilin payızındakı müharibədə qalib gələn ordumuz bütün torpaqları azad etdi, oğurlanmış torpaqlar qanuni sahibinə qaytarıldı.

Azərbaycanlılara müdrik dərsi, ən böyük məsləhətçi olan zaman özü verdi. Uzun müddət ərzində mehribanlıq göstərdiyi və hətta ona hər cür imtiyazlar bəxş etdiyi ermənilər bu xalqın doğma ölkəsinin bütün ictimai məsamələrinə nüfuz etmişdi. Ona görə də öz ağuşunu onlara geniş şəkildə açmaqla, xalqımız bağışlanmaz sadəlövhlüyünün acı nəticələri ilə də üzləşməli oldu. Torpaqları oğurlayanlarla isə tarixin öyrətdiyi kimi müvafiq qaydada davranmaq lazımdır, onların xəyanətinə, heç vaxt yaddan çıxara bilməyəcəkləri sərt cavab verilməlidir. Ermənilərin gələcəkdə iqtisadi fayda götürmək naminə bəyan edəcəkləri saxta "qardaşlıqlarına" da qətiyyən inanmaq olmaz. Heç bir şübhə yoxdur ki, onların viran qoyduqları şəhərlər və kəndlər hökmən bərpa ediləcək, xarabalıqlar bütünlüklə yoxa çıxacaq, lakin ürəyimizdəki şırımlar, çapıqlar uzun illər ərzində qaysaq bağlaya bilməyəcək, onların iblis əməllərinin izi şüurumuzu xeyli müddət tərk etməyəcəkdir.

 





26.04.2022    çap et  çap et