525.Az

Arzusuna qovuşan qəhrəman - Fuad İsmayılov


 

Arzusuna qovuşan qəhrəman -<b style="color:red"> Fuad İsmayılov</b>

Ötən il Zəfər günündə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda Bayraq meydanı istifadəyə verildi. Üçrəngli bayrağımız şəhidlərimizin əziz xatirəsinə və Zəfər gününün şərəfinə əbədi yüksəkliyə ucaldıldı. 2,5 hektar ərazini əhatə edən Bayraq meydanı milli ornamentlərin - buta və Xarıbülbülün əks olunduğu memarlıq elementləri ilə dizayn edilib. Meydanın 8 Noyabrda - tarixi Zəfər günündə istifadəyə verilməsinin digər bir rəmzi mənası da vardır: Muxtar respublikanın ən gənc rayonu olan Kəngərli əhatə etdiyi ərazisi etibarilə qədim tarixə söykənir. O qoca tarix bir çox hadisələrin - müharibələrin şahidi olub. Vətəni, eli-obanı qorumaq həm də güc tələb edib. Vətəni müdafiə etmək eşqi döyüşkən, mübariz, vətənpərvər nəsil yetişdirib. O nəsil isə vətənpərvərliyi ali dəyər kimi özündən sonrakı nəsillərə miras olaraq ötürüb. Zəfərlə bitən Vətən müharibəsində Kəngərlidən olan döyüşçülərin də payı az deyil.

Xəyalla Yusifin dünyası

Bayraq meydanının yaxınlığında, rayon mərkəzində - Qıvraq qəsəbəsində ucalan yeddimərtəbəli binanın qarşısındayam. Nərmin xanımla görüşüb evə daxil oluruq. Uşaqların - Xəyalla Yusifin şən gülüşü mənzili bürümüşdü. Başları oyuna elə qarışmışdı ki, evə qonaq gəldiyinin fərqində belə deyildilər. Əslində, onlar heç nəyin fərqində deyildilər, çünki uşaq ağlı müharibə, soyqırımı, faciə kimi insanlığa zidd nəsnələri qavramağa hazır deyil. Onlar üçün dünya sülh rəmzi olan ağ göyərçinlər, dəniz mavisi səma, çəmənləri, düzləri bəzəyən al yanaqlı lalələr qədər rəngarəngdir. Hələ də inanırlar ki, bir gün qapını qonaq deyil, ataları Fuad döyəcək...

Bütün gerçəklər isə analıqla yanaşı, atalıq missiyasını da yerinə yetirməyə məhkum edilən Nərmin xanımın hüzn dolu baxışlarında donub qalıb. 5 oktyabr 2020-ci il tarixində...

Bəs kimdir Nərmin xanımın baxışlarına yoxluğunun nəqşini vurmuş qəhrəman? Kimdir Nərmin xanımın zərif çiyinlərinə ağır yükü qoyub gedən adam?

Suqovuşan - arzulara qovuşduran...

İsmayılov Fuad Murad oğlu 26 oktyabr 1986-cı ildə Şərur rayonunun Qıvraq kəndində (o vaxt Qıvraq Şərur rayonunun tabeliyində idi) anadan olub. Qıvraq 1 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra sənədlərini Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə verib. 2002-2005-ci illərdə liseydə təhsilini başa vurub Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2009-cu ildə motoatıcı ixtisası üzrə həmin məktəbi bitirib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində 1 il kurs keçib. Xidmətə başlayan leytenant Fuad İsmayılov mayor rütbəsinədək yüksəlib. 2019-cu ildən "N" hərbi hissəsində tabor komandiri vəzifəsində xidmət edib. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib.

Suqovuşanın  azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. İllərlə düşmən tərəfindən burada çox güclü istehkamlar qurulmuş, sədlər yaradılmışdı. Talış kəndinin və Suqovuşanın yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Çünki bu qəsəbənin əldən getməsilə Azərbaycan Ordusunun gələcək əməliyyatlarında tam üstünlük təşkil edəcəyini düşmən yaxşı bilirdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmənin yerləşməsinə rəğmən Talış kəndi və Suqovuşan oktyabrın 3-də işğaldan azad edilir. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı azadlığına qovuşdurur. Müharibənin ilk günlərində strateji əhəmiyyətli Suqovuşanın işğaldan azad edilməsi  böyük uğur idi. Bu uğura imza atanlardan biri də Fuad İsmayılov idi. Döyüş yoldaşı polkovnik-leytenant Əkrəm Şadmanov Fuad haqqında bu sözləri söyləyib: "Fuad Azərbaycan zabitinə xas müsbət keyfiyyətlərə sahib komandir idi. Komandir kimi idarəçiliyi, qayğıkeşliyi, yüksək hərbi bilikləri və şəxsi keyfiyyətləri tabeçiliyində olan hər bir şəxsdə ona qarşı sevgi və rəğbət qazandırmışdı. Vətənpərvərliyi, cəsurluğu və idarəçilik qabiliyyəti döyüş meydanında əsgərlərinə ruh yüksəkliyi aşılayırdı. Torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə atılmaq, bu müqəddəs yolda, Vətən uğrunda can vermək onun çoxdankı arzusu idi. O, mayor rütbəsinədək yüksəlmişdi, Suqovuşan onu daha ali mərtəbəyə - şəhidlik mərtəbəsinə yüksəldir və arzusuna qovuşdurur. Fuad İsmayılov 14 yaşından taleyini hərb peşəsinə bağlayan, canını Vətənə fəda edən rəşadətli zabitdir!"

Fəxri xiyabana aparan yol...

- Bakıda yaşadığımız müddətdə bir neçə dəfə desəm də, o, məni Şəhidlər xiyabanına aparmadı. Həmişə deyərdi tələsmə, vaxtı çatanda gedəcəksən. Düşünürdüm ki, yəqin, həssas olduğumu nəzərə alıb sıxılmayım deyə məni ora aparmır. Sən demə...

Aprel döyüşləri başlayanda həvəslənmişdi, bizi də aparacaqlar deyirdi, lakin aparmadılar. Buna üzülmüşdü. Peşəsini o qədər sevirdi ki, məzuniyyət dövründə belə evdə otura bilmirdi, işinə gedirdi. Bəzən evdə belə olduğunu unudur, hərbi nizam-intizam qaydalarına müvafiq davranış sərgiləyirdi. Mən anlayırdım ki, bu onun hərbi xidmətə aludəçiliyi ilə əlaqədardır, - Nərmin xanım dedi.

Biz Naxçıvanda idik. Avqustda məzuniyyətə çıxıb gələcəkdi. Xəyallarımız var idi. Oğlumuz Xəyalı birlikdə məktəbə aparacaqdıq. Özü gələcəkdi deyə sənədlərini belə hazır etməmişdik. Elə xəyal olaraq da  qaldı. Fuad daha müqəddəs arzularının arxasınca getdi. Mənə təlimdə olduğunu deyirdi. Şəhid xəbərini alanda anladım ki, döyüşdə imiş. Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub. Sən demə, Fəxri xiyabana ziyarətim fəxrimlə - Fuadla başlayacaqmış. O, sanki natamam bir kitabı qəhrəman şəhidlərimizlə birgə tamamladıqdan sonra mənə oxumağa izn verdi. O kitabın səhifələrində 30 illik yurd həsrətinə son verən zəfər sevinci vardı. O kitabda yarımçıq qalmış ömürlər, arzular vardı, həm də bütün bunları üstələyən Vətən, yurd məhəbbəti. Fəxri xiyabana ilk gəlişim idi, gerçəklərlə üz-üzə dayanmışdım. Mən tək Fuadı deyil, həmin günü cəmi torpaq altda yatan şəhidlərimizi bütün ruhumla anladım. Anladım ki, Vətən torpaqlarının üstündə biz rahat və güvənlə yaşayaq deyə, altı da möhkəm olmalı, güvənli olmalı. Şair nə gözəl demiş: "Basdığın yerləri torpaq deyərək keçmə, tanı, Düşün altında minlərcə kəfənsiz yatanı". Mən Fuadla fəxr edirəm. Sadəcə bir kəlmə pıçıldadım: Arzuna çatdınmı?

Torpaqların işğaldan azad olunması hamımızın arzusu idi. Onlar tək özlərini deyil, bizi də arzumuza qovuşdurdular. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm.

Nə qədər güclü dayanmağa çalışsa da, gözləri bulaq kimi çağlayırdı. Axı ona verilən suallar bitməyib hələ də. Bəlkə də ömrünün sonunadək davam edəcək...

- Kiçik oğlumuz Yusifin 5 yaşı var. "Hamının atası gəlir. Bəs mənim atam haçan gələcək? - deyə sual edir. Xəyalsa hələ də öz xəyallarını qurur. Atam gəlsin, ta şuluq etməyəcəm, sözə baxacam, birlikdə yenə parka gedək. Deyirəm, sən dərslərini yaxşı oxu, o səni görür, izləyir. Bəzən özüm də uşaqlaşıram, gözüm qalır qapıda, elə bilirəm Fuad haçansa gələcək...

Yusif əlində silah oyuncaqla oynayırdı. Xəyalla dialoqum isə çox qısa oldu:

- Böyüyəndə kim olmaq istəyirsən?

- Əsgər!

"Biz övladlarımızı bu ruhda böyütdük"

Fuad İsmayılovun atası Murad İsmayılovla həmsöhbətik. Ömrünün  45 ilini idman müəllimi kimi fəaliyyət göstərən Murad İsmayılov o ağır günlərin şahididir. 3 oğul, bir qız övladı böyüdüb. Oğullarının hər üçü hərb peşəsini - Vətəni qorumaq peşəsini seçib. "İtirilmiş torpaqlar, üstəgəl Xocalı faciəsi. Biz bunların şahidi olaraq necə rahat ola bilərdik? Həmin dövrdə müəllimlər də səfərbər oldular, əməklərini vətənpərvər şagirdlər yetişdirməyə sərf etdilər. Fikir versəniz, Kəngərli rayonu üzrə nə qədər gənc hərb peşəsinə yönəlib. Elə təkcə rayonun Xok kəndi Vətən müharibəsində 7 şəhid verib. Mən də həm bir müəllim, həm valideyn olaraq övladlarımı bu ruhda böyütdüm. Fuad ailənin ilk övladıdır. Mən fəxr edirəm ki, torpaqlarımızın işğaldan azad edilməsində biz İsmayılovlar ailəsinin də payı var. "Ata qəhrəman övladı ilə qürur duysa da, gözləri dolur, nəzərlərini qaçırmağa çalışır: "Sonuncu dəfə bizimlə 3 oktyabrda danışdı. Çox şən idi. Ayın 4-ü zəng eləmədi. 5 oktyabrda qəfil zəng gəldi. Oğlunuz şəhidlik mərtəbəsinə ucaldı, dedilər. Bu, mənim 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə heç vaxt unutmayacağım hədiyyəm idi bəlkə də... Axı mən Fuadı bir döyüşçü kimi yetişdirmişdim".

Sınaqlardan üzüağ çıxan qəhrəman

Heydər Əliyev adına Hərbi Liseyin 2005-ci il buraxılışına həsr olunmuş "Mən sərkərdə olacağam" adlı kitabdan Fuad İsmayılovun yazısını oxuyuruq: "Hələ sovet dövründən Qıvrağın düz mərkəzində hərbi hissə yerləşib. İndi Qıvraqdakı hərbi şəhərcikdə Azərbaycan oğulları əsgəri borclarını şərəflə yerinə yetirir, müasir hərb elminin sirlərinə yiyələnirlər. Mən də gələcəkdə Azərbaycan Ordusunun zabitlər korpusunda öz yerimi tutacağamsa, buna hamıdan çox valideynlərim və dostlarım sevinəcəklər. Mən bu yolda bütün çətinliklərə sinə gərməyə, sınaqlardan kişi kimi çıxmağa hazıram".

Püruzə ana söhbətə qatıldı. Dedi ki, otağında düzəltdiyimiz guşəsinə diqqətlə baxsanız, fotolarla yanaşı, qəzet nümunələri də görəcəksiniz. "Tarixdə baş vermis hadisələri, xüsusən də Fuada çox pis təsir edən Xocalı faciəsi ilə bağlı yazılmış materialları yığıb saxlayır, əsgərlərinə bu mövzular barədə danışırdı. Deyirdi ki, gec-tez biz düşməndən qisasımızı alacağıq. O, öz arzusuna çatdı. Suqovuşanda gedən döyüşlər zamanı şəhid oldu. 5 gün döyüş meydanından çıxarmaq mümkün olmadı. 10 oktyabrda İkinci Fəxri Xiyabanda torpağa tapşırıldı. Onunla təsəlli tapıram ki, torpaqlarımız azad olundu və Fuad öz arzusuna çatdı".

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun igid zabit və əsgərləri bizim də həsrətimizə son verdilər. Şanlı tarix yazdılar, şanlı ordumuzun şanlı qəhrəmanları! Bu tarixdə mayor Fuad İsmayılovun da adı və əməyi var. Xidməti dövründə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90, 95, 100 illik yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medallarına və 3-cü dərəcəli "Rəşadət" ordeninə layiq görülüb.

Səninlə qürur duyuruq, gənc və gələcək nəsillərə örnək qəhrəman!

Ruhiyyə RƏSULOVA

Naxçıvan televiziyasının baş redaktoru

 





26.04.2022    çap et  çap et