525.Az

Müharibənin iki ayının nəticələri


 

Müharibənin iki ayının nəticələri<b style="color:red"></b>

Ukraynanın demilitarizasiyası və denazifikasiyası, eləcə də neytral statusunun təmin edilməsi məqsədilə fevral ayının 24-də Rusiyanın başladığı hərbi əməliyyat qanlı müharibəyə çevrildi. Artıq müharibənin iki ayı arxada qalıb və Rusiyanın "xüsusi hərbi əməliyyat"ının bəzi nəticələri haqqında danışmaq mümkündür.

İlk olaraq onu qeyd edək ki, Ukraynanın demilitarizasiyası mümkün olmadığı kimi, Rusiya tamamilə əks nəticə ilə üzləşib. Ukrayna təsəvvür edilməz dərəcədə silahlandırılıb. ABŞ ötən dörd ay ərzində Ukraynaya 3.4 milyard dollarlıq silah verib. Bütövlükdə 35 dövlət Ukraynaya silah və sursat verir. ABŞ Ukraynaya hərbi yardımı gücləndirmək üçün 40 ölkənin iştirakı ilə konfrans keçirir. Bundan başqa, Vaşinqton Ukraynaya hərbi yardımı effektli şəkildə həyata keçirmək üçün general-leytenant Terri Volfu əlaqələndirici təyin edib.

Ukraynanın denazifikasiyası qanuni hakimiyyət strukturlarının dağıdılmasını nəzərdə tuturdu. Rusiya bu məqsədinə də nail ola bilmədi. Əksinə, ötən iki ayda Ukrayna rəsmilərinin mövqeyi o qədər güclənib ki, bölgədəki vəziyyətə və baş verən proseslərə təsir göstərəcək qədər nüfuz qazanıblar.

Rusiyanın iki ay əvvəl başladığı müharibənin məqsədlərindən biri də Ukraynanın NATO-ya 10-15 ildən sonra üzv olma ehtimalının qarşısını almaq idi. Bunun əvəzində iki neytral dövlət - İsveç və Finlandiya Şimali Atlantika Alyansına üzv olmaq qərarı verdi. Finlandiyanın aparıcı media qurumlarından olan gündəlik "Iltalehti" qəzetinin yazdığına görə, İsveç və Finlandiya mayın 16-da üzvlük üçün NATO-ya müraciət edəcəklər.

Müharibənin başlamasından ötən iki ayda Rusiya ordusu ağır itkilər verməkdədir. Rusiyanın ən yüksək döyüş qabiliyyətinə malik desantçılarının 90 faizini itirdiyi, dəqiq idarə olunan raketlərinin 70 faizindən artığından istifadə etdiyi haqqında fikirlər var. Rusiyanın nüfuzlu "Mediazona" agentliyi Ukraynada həlak olan hərbçilərlə bağlı açıq mənbələrdəki məlumatı təhlil edib. Məlum olub ki, həlak olduğu haqda açıq mənbələrdə məlumat olan 1744 hərbçinin 317-i zabitdir. Qeyd edək ki, Rusiya həlak olan hərbçiləri ilə bağlı məlumatı tam açıqlamır. Ukrayna tərəfi Rusiya ordusunun 22 min hərbçisini itirdiyini bildirir.   

Qərb dövlətlərindən külli-miqdarda hücum silahları alan Ukrayna isə Rusiya ordusuna ağır itkilər verməklə yanaşı, üstünlüyü də ələ almaqdadır. Müharibənin ikinci mərhələsi başlayandan Ukrayna ordusu Nikolayev və Herson vilayətlərində bir neçə yaşayış məskənini işğaldan azad edib. Nikolayev vilayətinin çox yaxın günlərdə tamamilə azad olunması gözlənilir.

Rusiya Mərkəzi Bankına üçüncü dəfə sədr təyin olunan Elvira Nabiullina bəyan edib ki, rəhbərlik etdiyi qurumun nəzarətində olan valyuta ehtiyatının 300 milyard dolları Qərb dövlətləri tərəfindən dondurulduğu üçün istifadə edə bilmirlər. Elvira Nabiullina Mərkəzi Bankın nəzarətində olan qızıl və Çin valyutasından isə çevik istifadə etməyin çətin olduğuna görə çətinliklə üzləşdiklərini bildirib. Bir neçə gün öncə Elvira Nabiullina müharibənin ilk ayı ərzində Mərkəzi Bankın ehtiyatlarından 40 milyard dollar azaldığını, 5-6 ay sonra ehtiyatların tamamilə tükənə biləcəyi haqqında xəbərdarlıq etmişdi.

Bütün dünya boyu təcrid edilən, döyüş meydanında ağır itkilər verən və iqtisadi çöküşün bir addımlığında olan Rusiya rəhbərliyi isə vəziyyətdən necə çıxacağını bilmir. Rusiyada yayımı qadağan olunmuş rus mətbuatının məlumatına görə, Kreml müharibənin dayandırılmasını istəyir. Ancaq bunun məğlubiyyət kimi görünməsini də istəmir. Belə məlum olur ki, Kreml hazırda işğal altında olan torpaqların statusunun mübahisələndirilməsi şərti ilə müharibəni dayandırmağa hazırdır. Ukrayna prezidenti Volodimir Zelenski isə bəyan edib ki, Rusiya işğal etdiyi torpaqlarda qondarma referendum keçirməyə cəhd etsə, Kiyev Moskva ilə diplomatik danışıqları dərhal dayandıracaq.

ABŞ isə Rusiyanı ehtimal olunan nüvə müharibəsindən çəkindirmək üçün sərt ifadələrdən istifadə etməyə başlayıb. Məlumatlara görə, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Mill Rusiya Baş Qərargahının təmsilçisi ilə telefon danışığı aparıb və nüvə bombasından istifadə ediləcəyi halda yarana biləcək vəziyyətə görə məsuliyyətin Moskvanın üzərinə düşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Müharibənin ötən iki ayı Rusiyadan "beyin axını"nı da sürətlənib. Çikaqo Universitetinin professoru Konstantin Sonin Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyəyə köçlə bağlı məlumatların təhlili nəticəsində martın 8-dək Rusiyanı ən azı 200 min insanın tərk etdiyini bildirib. Məlumatlara görə, Rusiyanı tərk edənlər arasında İnformasiya Texnologiyaları mütəxəssisləri üstünlük təşkil edirlər. Müharibədən əvvəl Rusiyada bir milyon nəfər İnformasiya Texnologiyaları mütəxəssisinə ehtiyac olduğunu qeyd edən ekspertlər, 100 min nəfər İT mühəndisinin ölkəni tərk etməsinin ağır nəticələr doğura biləcəyi haqqında xəbərdarlıq edirlər.

Bütün bunların qarşısını necə alacağını bilməyən Rusiya hakimiyyəti isə qanunları sərtləşdirmək və şirnikdirici vədlər verməklə vəziyyəti dəyişməyə cəhd edir. Bu isə Rusiya hakimiyyətinin müharibənin iki ayının nəticələrindən dərs almadığını, vəziyyəti doğru qiymətləndirə bilmədiyini göstərir. Müharibənin isə hələ bir neçə ay, bəlkə də ilin sonuna kimi davam edəcəyi ilə bağlı ehtimallar mövcuddur. Ukrayna prezidenti Volodimir Zelenski silah olacağı halda 10 il savaşa biləcəklərini bəyan edib. ABŞ başda olmaqla digər Qərb ölkələrinin liderləri isə Ukraynanı lazım olan miqdarda yüksək keyfiyyətli silahlarla təmin edəcəklərini bəyan edirlər. Belə görünür ki, Rusiyanın zəiflədilməsi planı tam gücü ilə işləyir və müharibənin ötən iki ayının nəticələri bu qənaəti bir daha təsdiqləyir.

 





27.04.2022    çap et  çap et