Eduard Şevarnadze ikinci dəfə Gürcüstan prezidenti seçiləndə, Tiflisdə Hökumət evinin qabağında keçirilən inaqurasiya mərasimindən sonra, başında siyasi elitanın 40-50 dəstəsi ölkənin Katolikos patriarxının xeyir-duasını almaq üçün qədim gürcü səltənətinin paytaxtı Msxeta şəhərinə yollandı.
O vaxt tutduğu vəzifəyə görə həmin elitanın tərkibində bəndəniz də var idi.
Mətləbə keçməzdən öncə elə buradaca bir haşiyə çıxsam, yerinə düşər.
Bütün böyük şəxsiyyətlərdə olduğu kimi, Şevarnadzedə də qeyri-adi xüsusiyyətlər çox idi: Onun prezidentliyinin ilk müddətində sevimli bacısı qəflətən dünyasını dəyişdi. Bu barədə xəbər tutan Prezident Aparatının işçiləri belə qərara gəldik ki, gedək mərhumun ailəsinə və qardaşına başsağlığı verək. Hüzr yerinə çatdıq. Gürcülərin adətinə görə, cənazənin ətrafında olan əzizlərinə başsağlığı verdik. Ani olaraq ayaq saxladıqdan sonra dəhlizə tərəf yönəldik. Dəhlizdə həm sağa, həm sola qapı açılırdı. Qonaqlardan (güman ki, prezidentin münasibətini nəzərə alaraq) bəzilərini ayırıb sağdakı otağa dəvət etdilər. Eduard Şevarnadze orada idi. Xeyli ağladığı gözlərindən hiss olunurdu.
Biz növbə ilə ona başsağlığı verdik. Mən prezidentə yaxınlaşıb onun əlini sıxıb "Başınız sağ olsun" - deyə üzümü-üzünə söykəyəndə o qulağıma bu sözləri pıçıldadı: "Qəzetdə şeirlərinizi oxudum, çox bəyəndim".
Məsələ burasındadır ki, iki-üç gün ondan öncə Şevarnadzenin ömür-gün yoldaşının baş redaktoru olduğu "Hamıya sülh" qəzetində bir səhifə yeni şeirlərim getmişdi. Prezident həmin şeirləri nəzərdə tuturdu.
Məncə, şərhə ehtiyac yoxdur.
Hə, gəldik çatdıq Gürcüstanın tarixi paytaxtı Msxeta şəhərinə. Orada, məmləkətin ən qədim və nüfuzlu məbədlərindən olan Svetisxovelidə keçirilən dini xeyir-dua mərasimi mənim üçün çox yaddaqalan oldu.
Bu qədim məbədin düz ortası boyu bahalı xalı döşənmişdi. Sağda və solda mərasim iştirakçıları dayanmışdı. O başda olan patriarx kürsüsündən bir az bu yanda, solda iki qoltuqlu kürsü də var idi. Həmin kürsülərdə Gürcüstanın ikinci müddətə seçilən prezidenti Eduard Şevarnadze və onun xanımı - ölkənin birinci ledisi Nanuli Şevarnadze-Saqareyişvili əyləşmişdilər.
Allahdan olan kimi mən ortadakı dəhlizvari boşluğun bu tərəfində prezidentlə üzbəüz dayanmışdım.
Necədir sizin üçün? - Qədim xristian məbədi... Gürcü prezidentinin dini xeyir-dua mərasimi... onunla üzbəüz bir nəfər müsəlman yazarı, azərbaycanlı məmur...
Mərasimin gedişində üzümdə prezidentin gərgin gözbaxışlarını hiss etdim.
Onun üzünə baxdım, gördüm, doğrudan da, baxışlarını üzümə zilləyib diqqətlə baxır. Bilmədim, gözlərimi hayana qaçırdım. Özümü çox narahat hiss etdim. Arada bir gözucu prezident tərəfə baxıb görürdüm ki, onun gözü hələ də üzümdədir. Şevarnadzenin təsirli baxışlarını bircə an belə öz üzündə hiss edənlər nələr keçirdiyimi başa düşərlər.
Görəsən, niyə belə baxır? - Bir vaxt götür-qoy etdikdən sonra özümə təsəlli tapdım: Bəlkə də o, heç məni görmür. Sadəcə dərin fikrə gedib, gözləri isə təsadüfən mənə tərəf zillənib.
Nə isə. Haçandan-haçana prezident öz göz baxışlarını çəkdi, mən də rahat nəfəs aldım.
Mərasim bitdi. Tbilisiyə qayıtdıq.
Bir gün sonra prezidentin katibəsi zəng edib dedi ki, prezident sizi çağırır. Bildim ki, bu, dünənki "hadisə" ilə bağlıdır. Əlimdəki işi yarımçıq buraxıb təcili 11-ci mərtəbəyə qalxdım.
O, məni həmişəki kimi, ilıq təbəssümlə qarşılayandan sonra dedi: "Son vaxtlar Qərb mətbuatı mədəniyyətlərin ehtimal olunan qarşıdurmasından tez-tez bəhs edir. Bir nəfər amerikalı politoloqun verdiyi proqnoz da buna xeyli təkan verib. Dünyada mədəniyyətlərarası dialoqun da tərəfdarı az deyil. Bu barədə də çox yazıb, çox danışırlar. Şəxsən mən belə qarşıdurmanın qlobal şəkildə baş verəcəyinə inanmıram, amma dünyada bəzi xoşagəlməz proseslər də gedir. Gəl biz hamını qabaqlayaq. Bir çox konvensiyaların təmsilçilərinin bir qarış yerdə yan-yana yaşadıqları şəhərimizdə dünyaya nümunə olacaq həmin sivilizasiyalararası dialoq mərkəzini yaradaq. Sən bir azərbaycanlı olaraq müsəlman ziyalısısan, xristian mədəniyyətinə də yaxşı bələdsən. İstəyirəm həmin mərkəzin layihəsinin hazırlanmasını sənə həvalə edim. Bunun öhdəsindən səndən yaxşı kim gələ bilər? Hazırla, birlikdə baxaq, müzakirə edək, işə başlayaq".
Həmin layihənin ətrafında işə başladıq. İclaslarımızda xeyli fikir mübadiləsi etdik. Amma bir çox səbəblər ucbatından onu o zaman reallaşdırmaq mümkün olmadı.
Dövrümüzdə dünyanın müxtəlif yerlərində baş verən məlum hadisələr göstərir ki, həmin proqnozlar doğru çıxdı və məsələ hələ də aktualdır.
çap et