525.Az

Müharibə Rusiyanın daxilinə keçir?


 

Müharibə Rusiyanın daxilinə keçir?  <b style="color:red"></b>

Hələlik bu sualın dəqiq cavabı yoxdur. Artıq üçüncü dəfədir ki, Ukrayna sərhədinə yaxın ərazilərdə partlayış və yanğınlar müşahidə olunur. İlk hadisə martın sonlarına yaxın Belqoroddakı müvəqqəti hərbi şəhərciyin ərazisində baş vermişdi. Mərmi partlayışı nəticəsində 4 hərbçi yaralanmışdı. O zaman bunu texniki təhlükəsizlik qaydalarına riayət olunmaması ilə izah etdilər. Bu partlayışdan iki gün sonra Belqorodda neft bazasında yanğın baş verdi.

Regionun qubernatoru Vyaçeslav Qladkovun sosial şəbəkə hesabından paylaşdığı məlumatdan məlum oldu ki, aşağı hündürlükdə Rusiya hava məkanına daxil olan Ukrayna hərbçilərinin iki helikopterinin zərbəsi nəticəsində Belqoroddakı neft bazasında öncə partlayış, sonra güclü yanğın baş verib.

Bazar ertəsi isə Ukraynadan təxminən 110 kilometr aralıda yerləşən Bryanskdakı neft bazasında güclü yanğın müşahidə olunub. Səlahiyyətlilər hələ ki, yanğının başvermə səbəbini açıqlamayıblar. Bu dəfə eyni zamanda ən azı iki ərazidə partlayış və yanğın baş verib. Bryanskın Fokinski rayonunda "Transneft-Drujba" Səhmdar Cəmiyyətinin neft bazası ərazisində və başqa bir obyektdə dizel yanacağı olan çənlərdə yanğınlar olub. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomazın sosial şəbəkə hesabından paylaşılan məlumata görə, region Ukrayna ərazisindən atəşə tutulub. Qubernator bildirib ki, Klimovo kəndi Ukrayna tərəfdən atəşə məruz qalıb. Rusiya Müdafiə Nazirliyi həmin gün "dinc Klimovo qəsəbəsinin sakinlərinə hücum" həyata keçirən Ukraynaya məxsus Mi-8 helikopterinin vurulduğunu iddia edib.

Rusiyanın Ukrayna ilə həmsərhəd iki əyalətində baş verənləri birmənalı izah etmək çətindir. Çünki məlumatlar çox ziddiyyətlidir. Ukrayna rəsmi qurumları ümumiyyətlə, bu hadisələrlə bağlı olduqlarını inkar edirlər. Bəzi rəsmilərin qeyri-müəyyən cavabları isə dəqiq qənaətə gəlməyə imkan vermir.

Belə iddialar var ki, Rusiya nüvə silahından istifadə etmək üçün əsaslar yaratmağa çalışır. Çünki Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, yalnız hücuma məruz qaldıqları halda nüvə silahından istifadə edəcəklər. Ukraynada məqsədinə nail ola bilməyən, üstəlik, çox ağır itkilər verən Rusiya ordusu müharibənin ilk günlərində ələ keçirdiyi bir çox əraziləri tərk etmək məcburiyyətində qalıb. Ukrayna ordusu geri çəkilən Rusiya ordusunu təqib etməyə və ağır zərbələr vurmağa davam edir. Rusiya rəhbərliyi düşdüyü bu vəziyyətdən neçə çıxacağını bilmir və nüvə silahından istifadə cəlbedici görünməyə başlayıb.

Çox maraqlıdır ki, Rusiya ərazisində partlayış və yanğınların müşahidə olunduğu bir zamanda Moldovanın separatçı bölgəsi "Dnestryanı Respublika" ərazisində də partlayışlar baş verir. Aprelin 26-da bölgədə iki partlayış qeydə alınıb. Bəzi təhlilçilər son zamanlar baş verənləri müharibənin Ukrayna ərazisindən çıxaraq daha geniş miqyasda yayılması kimi dəyərləndirirlər. Təhlilçilərə görə, Qərbin rəsmi Kiyevə verdiyi silahlar Ukrayna ordusuna döyüşləri daha geniş ərazilərə keçirmək imkanı verir. ABŞ-ın Ukrayna ordusuna verdiyi pilotsuz uçuş aparatlarının uçuş radiusu 1900 kilometrdir. Müqayisə üçün qeyd edək ki, Türkiyənin məşhur Bayraktar TB2 dronlarının uçuş radiusu 150 kilometrdir. ABŞ-ın dronları Bayraktar TB2-dən 11 dəfə artıq çəkidə silah götürmək imkanına malikdir. Ona görə də əksər ekspertlər müharibənin Rusiyanın ərazisinə keçməsini qaçılmaz proses kimi dəyərləndirirlər.  

 





27.04.2022    çap et  çap et