525.Az

"Buzovna Ensiklopediyası - Vətənnamə" haqqında qeydlər


 

"Buzovna Ensiklopediyası - Vətənnamə" haqqında qeydlər<b style="color:red"></b>

Azərbaycanda son illərdə sahə ensiklopediyaları, ensiklopedik lüğətlər və soraq kitablarının hazırlanması sahəsində diqqətəlayiq işlər görülüb, bu tipli bir çox nəşr oxucuların istifadəsinə verilib. Belə əhəmiyyətli nəşrlərdən biri - "Buzovna Ensiklopediyası - Vətənnamə" bugünlərdə "Təhsil" nəşriyyatında işıq üzü görüb. 472 səhifəlik bu nəşrin materialları 2002-2022-ci illər ərzində toplanılıb və çapa hazırlanıb. 

"Buzovna Esniklopediyası"nın ərsəyə gəlməsində buzovnalı Rəhimağa İmaməliyevin müstəsna xidmətləri vardır. O, 1970-ci ildən Azərbaycan Ensiklopediyasının Baş redaksiyasında 30 ilə yaxın elmi redaktor və redaksiya müdiri vəzifələrini icra edib. Rəhimağa İmaməliyevin keçmiş SSRİ məkanında nəşr olunan bir sıra ensiklopediyaların nəşrində danılmaz əməyi olduğunu da xüsusi vurğulamaq yerinə düşər. Məsələn, R.İmaməliyev milli mədəniyyətimiz və ensiklopediya nəşri sahəsində ilk dəfə olaraq bircildlik "Azəri ensiklopediyası"nın (1967), oncildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın (1976-1987) nəşrlərində böyük, hamının etiraf etdiyi kimi, əvəzsiz zəhmət çəkmiş əməkdaşlardan biri olub. Üçcildlik "Uşaq ensiklopediyası" isə məhz onun rəhbərliyi ilə nəşr edilmişdi. Təbii ki, bu sahədə uzun illər çalışdığı müddətdə çox böyük səriştə və təcrübə qazanıb. Onun ən böyük arzusu isə "Buzovna Ensiklopediyası"nı tərtib edərək nəşr etdirmək olub. Uzun illər Buzovna haqqında (əhalisi, tarixi, təsərrüfat sahələri, şəxsiyyətləri və s.) informasiya toplayıb, bu işin həyata keçməsi üçün böyük təşəbbüs göstərib. 

Lakin obyektiv çətinliklər və səhhətində yaranan problemlər də bu işi tamamlamasına imkan verməyib. Onun dünyadan köçərkən həyat yoldaşı Validə xanıma ən böyük vəsiyyəti yarımçıq qalmış "Buzovna Ensiklopediyası"nı tamamlayıb nəşrini həyata keçirmək olub. Validə xanım R.İmaməliyev dünyadan köçəndən sonra bu məsuliyyəti öz üzərinə götürüb. Uzun illər tədqiqatlar aparıb, informasiyanın toplanması ilə məşğul olub. Lakin Validə xanımın da səhhətində problemlər yaranıb və bu işi tamamlamaq onun qız övladı Tomiris Babanlının öhdəsinə düşüb. Nəhayət, Tomiris xanım son işləri yerinə yetirib və ensiklopediyanı çapa təqdim edib. Bu nəşr ümumilikdə bir ailənin zəhməti kimi dəyərləndirilə bilər. Başqa sözlə desək, bu ensiklopediya bir ziyalı ailənin Vətənə, torpağa, elə-obaya olan məhəbbətinin bariz nümunəsidir. 

Son 20 ildə Buzovnada baş verən dəyişikliklər, dövlətin qəsəbəyə qayğısı, neçə-neçə sağlamlıq və təhsil ocaqlarının, uşaq bağçalarının təmir və bərpasının Heydər Əliyev Fondu tərəfindən həyata keçirilməsi nəşrdə ətraflı  işıqlandırılıb. Qeyd edilib ki, Cümə məscidinin bərpası, digər məscidlərin təmiri, qazilər üçün reablitasiya mərkəzinin açılması dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Qədim məişət əşyaları, tikmələr, abstrakt rəsmlər qalereyası, həmçinin, tarixin müxtəlif dövrlərini əks etdirən səhifələrdə fotoşəkillər, əlyazmaları da nəşrə daxil edilib. 

Bütün bunları daha ətraflı şərh etmək üçün nəşrin quruluşu ilə tanış olaq: Nəşrin formatı 60x84-dür. Burada kitabın forzasında Xəzərin sahilində yerləşən Buzovnanı tərənnüm etmək üçün Xəzər dənizindən (rəngli) görüntü verilib. Növbəti səhifədə Azərbaycan xəritəsində (1 səhifədə 2 xəritə) Buzovnanın təsviri rəngli foto şəkillə oxuculara təqdim edilir. Nəşrin redaksiya heyətinin sədri Validə Məmmədhüseyn qızı İmaməliyeva, redaksiya heyəti və məsləhətçilər Baxşıyev C.M., Cavadov F.G., Əlizadə S.H., İmaməliyeva-Sadıxova F.Ə., Qədirov B.L., Səmədzadə Z.Ə., Zeynalov M.M.; tərtibçilər Rəhimağa İmaməliyev, Validə İmaməliyeva, Tomiris İmaməliyeva-Babanlıdır. 

Kitabın 6-cı səhifəsində Azərbaycanın Bayrağı (rəngli) və Himni verilib. Kitabın 7-ci səhifəsində "Kitaba xeyir-dua" adlı giriş məqaləsi Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə qazısı, Buzovna Cümə məscidinin axundu, Buzovna Dini İcmasının sədri, tədqiqatçı-yazar Axund Hacı Soltan Əlizadənindir. 

Növbəti səhifədə "Gələcək nəsillərə tərtibçidən" adlı yazı verilib. R.İmaməliyevin özünün yazıb qoyduğu bu giriş məqaləsi olduqca təsirli cümlələrlə zəngindir: "Buzovnalı qardaşlarım və bacılarım! Məndən sonra həyata gələcək şanlı xələflər! Uzun və əzablı illərin gərgin axtarışları nəticəsində hasilə gətirdiyim bu kitabda nəyi bacardımsa, onu da nəşr etdim - qadir Allahın mənə bəxş etdiyi səbrin, qabiliyyətin hesabına!.. Elimin-kəndimin adıyla bağlı nə varsa, burada yazdım. Siz də çalışın, yeni-yeni əməlləri yaşadasınız, yazıb-yaradasınız..."

Ensiklopediya beş fəsildən ibarətdir. Birinci fəsil "Buzovna" adlanır. Burada 46 başlıq altında verilən məqalələrdə Buzovnanın "Arealı, təbiəti, inzibati-hüquqi vəziyyəti", "Əhalisi", "Tarixi", "Təsərrüfat sahələri", "Nəqliyyat", "Rabitə", "Ticarət", "Mədəniyyət", "Məktəblər, mədrəsələr, mollaxanalar, məktəbəqədər uşaq müəssisələri", "Müəllimlər", "Xalq təbabəti. Səhiyyə işi", "Kitabxanalar, mədəniyyət evləri. Məktəb muzey-kabinələri", "Mətbuat. Nəşriyyat işi", "Memarlıq. Təsviri sənət. Epiqrafika", "Musiqi. Şəbih. Teatr. Kino həyatı", "Buzovnada ekranlaşdırılmış filmlər", "İstirahət evləri. Düşərgələr. Yaylaqlar. Turizm. İdman", "Buzovnada milli adət-ənənələrin icrasına və əyləncələrə qısa bir nəzər", "Buzovnada islam dini", "Buzovna 1905, 1918, 1941-1945-ci illərdə. Buzovna 1988-ci ildən bugünədək", "Buzovnalılar I Qarabağ və Vətən Müharibəsi illərində" kimi maraqlı mövzular əhatə olunub. 

Ensiklopediyanın ikinci fəsli "Zuğulba" adlanır. Burada "Tarixi yer adları, mülklər, məhəllələr, məscidlər, pirlər, məqbərələr, mədrəsələr, məktəblər. Məzarlıqlar, Türbələr, Hamamlar" başlığı altında "Ağa bəy malikanəsi", "Ağsiyal bağları", "Axund Şeyx Cavad Məqbərəsi", "Alban kilsəsi", "Allahverdi bağları", "Aslan qayası", "Aşağı məhəllə", "Badamlıq", "Balağan", "Balkon qaya", "Bənd üstü", "Bəy ağılı", "Bəy meydanı", "Boz Oğuz nəşriyyatı", "Buzovna qalası", "Cümə məscidi, Əli ibn Əbu Talib Cümə məscidi", "Əliayağı ziyarətgahı", "Əlibaxış xırı", "Əlican bağları", "Əliyarbəy məscidi", "Gəlin qayası", "Şah Abbas karvansarayı", "Şeyx Cavad məqbərəsi", "Şəhidlər xiyabanı", "Toğay. Tuğay bağları" sair kimi onlarca mövzudan bəhs olunur.

Ensiklopediyanın üçüncü fəsli "Buzovnalılar" adlanır. Əlifba sistemi üzrə şəxslər haqqında toplanmış məqalələrin sayı 472-dir. Bunlardan 441 nəfər portret şəkilli, 31 nəfəri isə portret şəkilsiz verilib. Qeyd edək ki, yalnız müharibədə döyüşmüş qazilərimiz və Vətən yolunda şəhid olmuş oğulların portret rəsmləri rəngli dərc edilib. Həmçinin mətinlərin mövzularına müvafiq olaraq 47 foto şəkil - bunlardan 29 rəngli, 18 ağ-qara, məqalələrə əlavə olunub. 

Nəşrin dördüncü fəsli "1939-45-ci illər Böyük Vətən müharibəsi illərində şəhid olmuş buzovnalı döyüşçülərin təqribi siyahısı" adlanır. Bu siyahı da əlifba üzrə sistemləşdirilib. 

Ensiklopediyanın beşinci fəslində "Qarabağ müharibəsi şəhidləri" haqqında məlumatlar öz əksini tapıb. Burada, Xəzər rayonu üzrə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həlak olmuş hesab edilən Buzovna şəhidləri barədə məlumat cədvəli verilib. Tərtibçi qeyd edir ki, adıçəkilən 33 şəxs haqqında məlumat əldə etmək mümkün olmadığı üçün onların siyahısı cədvəl halında hazırlanıb.   344-345-ci səhifələrdə Buzovnada dəfn olunmuş, haqqında məlumat tapılmayan 14 şəhidin rəngli şəkilləri oxuculara təqdim edilib. 

Nəşrin sonrakı səhifələrində "Buzovna kəndinin həyatında əməyi olmuş peşəkar şəxslərin şəkilləri", "Buzovna kəndinin dindarları" barədə məlumatlar və şəkillər, Buzovna ilə bağlı yazılmış şeirlər yer alıb. 

Həmçinin "Tarixi məkanlar", "Ziyarətgahlar", "Məscidlər", "Tarixi mülklər" və sair mövzulara aid fotolar, "Buzovnada olmuş məşhurlar"ın adları verilib.

Ensiklopediyanı tam nəzərdən keçirəndə görürük ki, burada müxtəlif  peşə sahibləri - alim, müəllim, rəssam, şair və yazıçılar, heykəltəraş, aktyor, dövlət xadimləri, musiqiçilər, mədəniyyət xadimləri haqqında dəyərli məlumatlar yer alıb. Həmçinin buzovnalı xalq qəhrəmanı Hacı İskəndər, Hacıbaba Cəbiyev, Nurulla Zeynalov haqqında, eləcə də görkəmli sahibkarlar, xeyriyyəçilər kimi məşhurlaşmış Məşhədi Namulla Abbasov, Məşhədi Məsim Babayev, Hacı Ağa bəy Heybətbəyov, Haşım bəy Saqib və başqaları haqqında məlumat ilk dəfə oxuculara təqdim edilib. Buzovnalı şairlər Məşədi Azər, Haşım bəy Saqib, Ağasəlim Fədai, Ağadadaş Müniri, Məhəmmədismayıl Asi, Əlabbas Zaki, Əlibala Zahir kimi söz ustadları haqqında məlumat verilib. 

Musiqiçilərdən Nəriman Əliyev, Kamil Cəlilov, Firuz Əliyev, Mirnazim Əsədullayev, Arif Əsədullayev, Toğrul Əsədullayev, Mehri Əsədullayeva, Brilyant Dadaşova; aktyorlardan Cahangir Zeynalov, Sidqi Ruhulla, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Məlik Dadaşov, Rəfael Dadaşov, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli və başqalarına aid məqalələr də xüsusi maraq doğurur.  

Əminliklə demək olar ki, bu ensiklopediya Buzovna tarixində ilk dəfə tərtib edilən uğurlu nəşr kimi işıq üzü görüb. Heç şübhəsiz, bu nəşr gələcək  tədqiqatlar üçün əsaslı mənbə və məxəz olacaq.        

 





27.04.2022    çap et  çap et