Milli Məclisin deputatı, komitə sədri Tahir Rzayevi mən təkcə bu məsul vəzifələrə görə tanımıram. Təbii ki, o, bu vəzifələri, xalqın elçisi və Ali məclisdə mühüm bir postun rəhbəri, həm də siyasətçi kimi uğurla yerinə yetirir. Amma Tahir Rzayev həm də filologiya elmləri namizədidir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, o, gəncliyindən bədii yaradıcılıqla da məşğul olur. Elmi yaradıcılıq sahəsində filoloji araşdırmaları ilə diqqəti cəlb edib. Amma mən onu ŞAİR və ESSEİST kimi də tanıyıram. Tahir Rzayevin çoxlu sayda qəzəllərini oxumuşam və hiss etmişəm ki, əruzun qayda-qanunlarını yaxşı bilir və qəzəlin məna və mahiyyətini, bu klassik şeir formasında fikirlərini incəliklə ifadə etməyi bacarır.
Tahir Rzayev "Xilaskar atanın xilaskar oğlu" adlı bir poema yazıb. Bu poema ulu öndər Heydər Əliyevə, onun oğlu Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan və 44 günlük tarixi qələbəmizin şanlı səhifələrini yazan İlham Əliyevə həsr olunub. Xilaskar Ata və Xilaskar Oğul- Azərbaycan tarixinin XX və XXI əsrlərdəki iki dahi şəxsiyyətləri. Ata-ulu öndər Heydər Əliyev Azərbaycanı yenidən qurdu, onu beynəlxalq aləmdə tanıtdırdı, dağılmış iqtisadiyyatı canlandırdı, mədəniyyəti dirçəltdi, öz uzaqgörən siyasəti ilə dünya liderləri sırasında öncül sırada göründü. Oğul-İlham Əliyev isə Atanın yolunu davam etdirdi, onun bir çox arzularını gerçəkləşdirdi, xalqın otuz illik intizarına son qoyub işğal olunmuş torpaqlarımızı özünün yaratdığı Müzəffər ordunun sayəsində düşməndən azad etdi.
"Xilaskar atanın xilaskar oğlu" poeması tarixi həqiqətlərin bədii-publisistik ifadəsi kimi diqqəti cəlb edir. Burada poeziya ilə publisistika vəhdətdədir. Bu birlik, vəhdət poemanın üslubunu da təyin edir. Belə ki, müəllif həm Atanı, həm də Oğulu Azərbaycan tarixinin ən mühüm hadisələri fonunda təqdim edir. Əslində, belə bir təqdimata ehtiyac hiss olunmur, sadəcə, tarix yaradan bu iki şəxsiyyətin mükəmməl bədii obrazını yaratmaq, tarixdə olduğu kimi Sözdə və Poeziyada da əbədiləşdirməkdir.
Tarixin dərslərinə hər vaxt möhtacdır bəşər
Heçdən tarixə dönmür günlər, saatlar, aylar.
Əbədi ömür edib qəlblərdə tarixləşər
Xalqının tarixini yazanlar, yaradanlar.
Yaratmağa, yazmağa sevən ürək gərəkdir,
Yanmasan, düşünməsən, duymasan, yaratmazsan.
Yaşadıb ucaltmağa arzu, istək gərəkdir,
Ürəyini Vətənçün qoymasan, yaratmazsan.
Torpağın həsrətini nadan, cahil anlamaz,
Haqq, ədalət yolunda susar, ucalmaz səsin.
Sən torpağın bağrına bir şəhid adını yaz,
Ordan qeyrət, cəsarət, xalqa sevgi göyərsin...
Poema bu çağırış misraları ilə başlayır, rəhbər və xalq birliyini, bu iki anlayışın ayrılmazlığını əks etdirir. Söhbət ulu öndər Heydər Əliyevin öz xalqına-Azərbaycana olan böyük Vətən sevgisindən gedir.
Rəhbər haqq yolu seçdi, haqq oldu qibləgahı,
Xalqının keçmişiylə, qüdrətiylə öyündü.
Sonsuz düşüncələrlə açdı yeni sabahı,
Ürəyi torpaq eşqi, yurd dərdiylə döyündü...
Ulu öndərin əzəməti, qüdrəti, möhtəşəmliyi məhz xalqla bağlılığında idi. Bir haşiyə çıxım: Ulu öndər 1969-cu ildə ilk dəfə hakimiyyət başına keçəndə mən onda tələbə idim. Açığını deyim ki, biz gənclər hələ bu ada, bu isimə o qədər də bələd deyildik. Amma çox çəkmədi ki, Heydər Əliyevin adını Sovet Azərbaycanın hər bir guşəsində-kəndində, şəhərində, geniş tarlalarında, zavod və fabriklərində eşitməyə başladıq. Onun xüsusilə gənclərə qayğıkeş ata və rəhbər münasibətinin şahidi olduq. Heydər Əliyev bizə mənəvi ata oldu, hər il Azərbaycandan yüzlərlə tələbə SSRİ-nin ali məktəblərinə təhsilə göndərildi. Azərbaycan böyük tikinti, quruculuq meydanlarına döndü.Yeni zavodlar, fabriklər ucaldıldı. İnsan öz əməyinə görə fərəh, qürur hissi keçirməyə başladı. Mədəniyyət sahəsində də mühüm reformalar həyata keçirildi. Tahir Rzayev elə Ulu Öndərin bu möhtəşəm, tarix yazan əməllərindən söz açır:
Zəhmətə güvəndilər vətənpərvər oğullar,
Azərbaycan adında bir dünya yaratdılar.
Dəyişdi görkəmini kəndlər, şəhərlər, yollar,
Arzulara qovuşub, məqsədlərə çatdılar.
Ulu öndərə həsr olunan hissədə biz Oğulun-prezidentimiz İlham Əliyevin də xatirələrini dinləyirik. Daha doğrusu, Atanın tarixi dərsləri, Azərbaycanın ondan sonrakı gələcəyi naminə söylədiyi fikirlər diqqəti cəlb edir. Bu elə bir zaman idi ki, Azərbaycan torpaqlarının iyirmi faizi işğal altında idi.
Başımıza gələn müsibətlərin,
Kökünü, sirrini anlamalıyıq.
Tarixi dərk edib, dərindən-dərin,
Çox vaxt özümüzü danlamalıyıq.
Xəyanət boy atar, həqiqət ölər,
Millət birliyinə sahib olmasa.
Zalımlar sevinməz, ədalət gülər,
Ay oğul, insanlıq xırdalanmasa.
Bunlar təkcə siyasi yox, həm də mənəvi dərslərdir.
Ulu öndərin həm siyasi, həm də mənəvi dərsləri təkcə gələcəyi deyil, həm də tarixi keçmişi də əhatə edir. O, Azərbaycan tarixini, onun keçmişini, xalqın, millətin bütün əsrlər boyu azadlıq və bütövlük eşqinə apardığı mübarizələri xatırlayır.
"Torpağıma ölüm, qan ələdilər,
Qanımız çağladı Araz boyunca...
Paylandı düşmənə elim, torpağım,
Xalqımıza qalan göz yaşı oldu...
Çəkdiyi bəlalar Azərbaycanın,
Sığmaz bu dünyanın xəritəsinə...".
Poemada İlham Əliyevin obrazı da öz mükəmməlliyi ilə yadda qalır. Əslində, biz bu böyük insanın, xilaskarın, Azərbaycanı dünya miqyasında tanıdan və beynəlxalq aləmdə öz ağılı, kəsərli diplomatiyası ilə illər boyu tanışıq. İlham Əliyev Heydər Əliyevdən sonra müstəqil Azərbaycanın başlıca strategiyasını, inkişaf istiqamətlərini, daha da yeniləşmək yollarını qətiləşdirdi. Ən başlıca xətt Azərbaycan mükəmməl ordusunu yaratmaq idi.Biz hamımız intizar içindəydik, çoxlarımızı ümidsizlik dalğaları sarmışdı.
Sonsuz əzablara qatlaşdı Vətən,
Bundan ləzzət alıb qudurdu düşmən.
Bezdi boş vədlərdən, qətnamələrdən,
Rəhbər hərb yolunu tutdu, düşündü.
Cavab verməliyik biz qana qanla!"-
Dedi, son nicatı bu yolda gördü.
Ali Baş Komandan böyük inamla,
Orduya əks-hücum əmrini verdi!
Səngərlər, mövqelər alınır, bir-bir,
Döyüşə köklənib əsgərlərimiz.
Hər uğurlu hücum qürur gətirir,
Muradına çatır yurd yerlərimiz.
Analar ağlamır, atalar şəstlə,
Döyüşə yollayır övladlarını.
Bacılar, qardaşlar ucalan səslə,
Deyir: "Alın xalqın intiqamını.
Dəmir Yumruğun hər zərbəsi ağır,
Qarşısında durmaq, dayanmaq çətin.
Düşmənin başından hər yerdə basır,
Qurtuluş rəmzidir o ədalətin!..
Azərbaycanın XXI əsrdə möhtəşəm tarixini yaradan İlham Əliyevin mükəmməl rəhbər, xilaskar obrazını görürük bu poemada. "Qarabağ Azərbaycandır!", "Dəmir Yumruq" ifadələri artıq hər birimizin dilində əzbərdir. Prezidentimizin hər bir addımı-istər xarici jurnalistlərlə müsahibədə qətiyyətli cavabları, ayrı-ayrı ölkələrə səfəri zamanı müstəqil Azərbaycanı yüksək səviyyədə təmsil etməsi, istərsə də işğaldan azad edildikdən sonra böyük quruculuq-bərpa işlərinə önəm verməsi, istərsə də ölkəmizin iqtisadi, mədəni sahələrdə apardığı islahatlar poemada əks etdirilib. Və nəticədə:
Verdi qiymətini dövri-zamanın,
Azadlıq amalı, ədalət yolu.
Aldı öz haqqını Azərbaycanın
Xilaskar atanın xilaskar oğlu.
Poemada Xilaskar Ata ilə Xilaskar Oğul arasında əbədi bağlılıq bir daha təkrar olunur. Son əlli ildə bu iki böyük şəxsiyyətin Azərbaycan idealı poeziya həqiqətinə çevrilir.
Tahir Rzayevə bu poemaya görə bütün oxucular adından təşəkkürümüzü bildiririk!