525.Az

"Dünyanın heç bir yeri mənə Şuşa qədər əziz ola bilməz" - Xatirə Abdullazadə


 

"Dünyanın heç bir yeri mənə Şuşa qədər əziz ola bilməz" -<b style="color:red"> Xatirə Abdullazadə</b>

Aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayında iştirak etmək üçün Vətənə dəvət olunan həmyerlilərimizdən biri də uzun illərdən bəri Hollandiyada yaşayan, Real TV-nin Avropa bürosunun rəhbəri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Xatirə Abdullazadədir. O, sözügedən qurultayda cənab Prezident tərəfindən "Tərəqqi" medalı ilə təltif olundu. Vətənə qısamüddətli səfərindən istifadə edərək Şuşada göz açıb, 12 yaşında oranı tərk etməyə məcbur qalan Xatirə xanımla bütün bu mövzular haqqında söhbətləşdik:

 

- Xatirə xanım, Vətənə xoş gəlmisiniz. Bu günlərdə göz açdığınız torpaqda - Şuşada keçirilən qurultayda iştirak etdiniz. Bununla bağlı hissiyyatınızı, təəssüratınızı bilmək istərdik...

- Çox gözəl hisslər yaşayıram, yüksək təəssürat içərisindəyəm. Vətəndə olmaq hər zaman gözəldir. Dünyanın heç bir yeri vətən qədər əziz, doğma deyil. Şuşa mənim sehrli şəhərimdir. Bugünlərdə möhtərəm Prezidentimiz tərəfindən "Tərəqqi" medalına layiq görülməyim mənim üçün xüsusilə qürurverici bir hadisə oldu. Dünyada yaşayan soydaşlarımızla, 44 günlük müharibə ərzində dünyadakı silahdaşlarımızla birgə Şuşaya getmək, belə bir möhtəşəm qurultayda iştirak etmək çox gözəl idi. Şuşanın tarixində 65 ölkədən xarici vətəndaşın Şuşada görüşü heç vaxt olmamışdı. Biz hamımız azərbaycanlı olsaq da, hər birimiz gəldiyimiz ölkələrin vətəndaşıyıq, oranın sənədiylə Azərbaycana giriş etmişik. Əslində, bunun mahiyyəti böyük idi və cənab Prezidentin bu qurultayı məhz Şuşada keçirməsi hər cəhətdən böyük önəm daşıyır. Çünki Şuşanın azadlıq xəbəri gələndə Ali Baş Komandan "dünya azərbaycanlıları, gözünüz aydın, Şuşa artıq azaddır" demişdi. Bu da təsadüfi deyildi. Müharibə dövründə hər kəs öz cəbhəsində vuruşurdu. Biz dünya azərbaycanlıları da yaşadığımız ölkələrdə vuruşurduq. Bizim oradakı sərhədlərimiz Azərbaycan evləri və səfirliklərimiz idi ki, oraları qoruyur, ermənilərlə informasiya müharibəsi aparırdıq. Hər kəs əlindən nə gəlirdisə, onu edirdi. Tam səmimiyyətim və məsuliyyətimlə deyirəm ki, dünyada yaşayan azərbaycanlılar üçrəngli bayrağımız altında birləşdi və "Dəmir yumruq" əməliyyatında yaxından iştirak etdilər.

- İstərdim, 12 yaşında qucağında gəlinciklə Şuşadan çıxan o qızcığazla söhbət edim. Necədir indi o?

- O, indi xoşbəxtdir. Vətəninə qovuşub. Onun ruhu artıq azaddır. Çünki 12 yaşlı Xatirə orda əsir qalmışdı. Hər gecə yuxularımda o qızı "Mamayi bulağı"nın yanında görürdüm, boynu bükük idi. İndi o boyun düzəlib. Şuşaya hərbi maşındakı ilk səfərimdə həmin o "Mamayi bulağı"nı tapdım. Qaranlıq olmasına baxmayaraq, həm evimizi, məktəbimizi, o bulağı, nənəmgilin evini tanıdım. Hətta əsgərlərimiz bildikləri yolla getmək istəyəndə mən öz bildiyim yollarla aparırdım onları. Şuşanı qarış-qarış xatırlayırdım və çox rahatlıqla hər yeri tapırdım. "Mamayi bulağı"na isə həmin qızı görmək üçün getdim və inanın ki, mən o qızı orda gördüm. O gəlinciyi də özümlə məhz ona görə götürmüşdüm. O gəlinciyi oynasın deyə qızıma belə verməmişdim. Şuşadan necə götürmüşdümsə, bu günə kimi eləcə də qalırdı. Filmdə də böyük Xatirə həmin o 12 yaşlı qızcığaza gəlinciyini qaytarıb onu əsirlikdən xilas edir.

- On iki illik Şuşalı həyatınızda ən gözəl xatirəniz hansıdır?

- İndi keçmişə boylananda deyərəm ki, 12 ilin hər günü gözəl imiş. Çünki orda o qədər firavan həyatımız vardı ki! Uşaq vaxtı Şuşa bizə çox böyük görünürdü. Əslində isə yığcam şəhər imiş. Hər səhər evdən çıxıb məktəbə getmək, dərsdən qaçıb dostlarımızla avtovağzalın qabağında satılan 20 qəpiklik dondurmadan yemək təkrarsız hiss imiş. Sonralar o dondurmanın dadını heç yerdə tapa bilmədim. 1988-ci ildən oradakı dinc həyatımız pozulmuşdu. Əvvəllər tək-tək güllələr atılırdı, sonra intensivləşdi, axırda bombalara çevrildi. Bizim oyunlarımız da dəyişdi. Əvvəllər evcik-evcik oynayırdıqsa, sonralar dava-dava oynamağa başladıq. Xocalı faciəsindən sonra atam qadınları ordan çıxartdı. Çünki Xocalıda qadınların, qızların başına gətirilən müsibətlərdən xəbərdar idik. Ölüm yox, əsir düşmək idi qorxunc olan. Beləcə, Şuşadan çıxmaq məcburiyyətində qaldıq. Şuşa isə mənim ən yaxşı xatirəm kimi qaldı.

- Sonrakı 28 il necə keçdi?

- Kiminçünsə 28 il idi, amma bizimçün min il kimi keçdi. Şuşadan gələndə Bakıda xalamın evində məskunlaşmışdıq. Səhər durub həyətdə oturdum. Qonşumuz Lalə adlı qız yaxınlaşdı mənə, soruşdu ki, sən niyə dərsə getmirsən? Dedim, gedə bilmərəm axı, mənim məktəbim Şuşada qalıb. Əlimdən tutdu, hamıdan xəbərsiz məni apardı üzbəüzdəki 126 nömrəli məktəbə. Məktəbin direktoru Firəngiz xanımın yanına girdik. Lalə dedi ki, bu qız Şuşadan gəlib. Mən də dedim ki, Şuşadan gəlmişəm, oxumaq istəyirəm. Amma məktəbim də, dostlarım da, müəllimlərim də yoxdur, hamısı Şuşada qalıb. Firəngiz xanım heç bir sənəd istəmədən, sorğu-sual etmədən apardı məni 7-ci sinfə və dedi ki, Xatirə bu gündən burada oxuyacaq. Biz Şuşada hər şeyimizi qoyub gəlmişdik. Ən əsası isə uşaqlığımızı əlimizdən almışdılar. Şuşa yuxu kimi gəlirdi və inanmırdım ki, nə zamansa oraya qayıdacam.

Müharibənin ortalarında cənab Prezident "Şuşaya bir nəfəs qədər yaxınıq" deyəndə əşyalarımı yığıb birbaşa Bakıya gəldim. Çünki Şuşanın azadlıq xəbərini orda ala bilməzdim. Şuşa azad olunan gün Fəxri Xiyabanda idim. Mirşahin müəllim çəkiliş üçün Fəxri Xiyabana çağırmışdı. Yolda həmin o anı qaçırtdım, Şuşanın azadlıq xəbərini eşidə bilmədim. Bircə onu gördüm ki, maşınlar siqnal verə-verə gedir. İnanın, Fəxri Xiyabanın yanından içəriyə qədər sevincimdən qışqıra-qışqıra getdim, hönkür-hönkür ağladım. Amma Şuşaya ilk girişimdə ağlaya bilmədim, şokda idim. Bir həftə orda qaldım, ağlamadım. Di gəl ki, ordan çıxdıq, Daşaltıdan aşağıya düşdük, ağlamağa başladım və neçə ay da dayanmadan ağladım.

- Şuşa həsrətiniz və vüsalınız haqqında "28" adlı film çəkmisiniz. O filmin ideyası necə yarandı?

- İlk gedişimdə evimizə girəndə əsgər arxadan çəkirdi. Sonra o kadrlara baxanda fikirləşdim ki, niyə də film etməyək? Bu, təkcə mənim yox, Şuşadakı bütün dostlarımın, evindən didərgin düşmüş uşaqların hekayəsidir. Çünki hamımız eyni taleyi yaşamışıq. Hamımızın arzuları, uşaqlığı yarım qalıb. Dostlarımın arasında oraya ilk qayıdan mən oldum və bu filmlə dostlarımın da hisslərini, yaşadıqlarını göstərmək istədim. Əsas məqsədimiz isə avropalılara vicdan dilində danışaraq, bir uşağın başına gətirilənləri göstərərək həqiqətlərimizi çatdırmaq idi. Demirəm, filmimiz şedevrdir. Amma bacardıqca festivallara göndərəcəyəm. Çalışırıq ki, xaricilər bu vəsiləylə də olsa, filmimizə baxsınlar. Hətta üç festivaldan bizə rədd cavabı gəldi və səbəb kimi yazdılar ki, konflikt filmi olduğu üçün qəbul edə bilmərik. Demək ki, oraya gələnə qədər kimlərsə bu filmə baxıblar, konfilikt filmi olduğunu anlayıblar. Bu, artıq bizim uğurumuzdur. Həm də özümdən sonra uşaqlarıma, nəvələrimə analarının, nənələrinin müharibə uşağı olduğunu göstərmək istəyirəm. İstəmirəm ki, bu həqiqəti unutsunlar.

- Hollandiya da sizə vətən ola bildimi?

- Hollandiyaya 15 il öncə ailə quraraq getmişəm. Yox, vətən ola bilmədi. Hətta bu gün səbrsizliklə gözləyirəm ki, Şuşada yaşam bərpa olunsun və icazə verilsin ki, mən qayıdıb orada yaşayım. Şuşa alınanda ilk gün bunu demişdim. Müharibə vaxtı qızımla gəlmişdim. Yoldaşım və oğlum Hollandiyada qalmışdılar. Hətta onlar düşünürdülər ki, mən daha qayıtmayacam. İndi Şuşaya qayıtmağı gözləyirəm. Dünyanın heç bir yeri mənə Şuşa qədər, vətən qədər əziz ola bilməz.

- Bəs ailənizin buna reaksiyası necədir?

- Qızım məndən daha çox həvəslidir gəlməyə. Hətta mən bura onsuz gələndə dalımca ağlayır və deyir sənə paxıllıq edirəm ki, Bakıya gedirsən. Buranı çox sevir. Oğlum isə bir az Avropasayağı düşünür və deyir ki, burda yaşayaq, tətillərdə gedərik də. Düzü, bu, elə bir hissdir ki, heç onların fikrini soruşmaq ağlıma da gəlmir.

- 12 yaşlı qızcığazın dəcəlliyi də deyə bilərikmi buna?

- Ola bilər. O, heç böyüməyib ki (gülür). İçimdəki Xatirə 12 yaşında da qalıb.

- Düşmən sizə mənəvi yaralar vurmuşdu, amma fiziki yara da aldınız. Bu, necə oldu?

- Həmin aksiyalar Tovuz hadisələrindən başlamışdı. İlk olaraq Niderlanddakı Azərbaycan səfirliyinin önünə gələndə 7 saatlıq aksiya icazəsi almışdılar. Biz etiraz etdik ki, 7 saatlıq aksiya olar? Amma yenə də deyirdik, 15 saat da olsa, burdan heç yerə tərpənməyəcəyik. Bəlkə burda çox hiss olunmur, amma xaricdəsənsə, oradakı səfirliyin sənin torpağın hesab olunur. Ona qarşı atılan hər addım sənə atılmış kimidir. Biz şikayət etdik, onlar təxribata əl atdılar və Niderland polisi onları itlər və atlarla qovdular. Hətta elə qaçdılar ki, bayraqları da yerə düşmüşdü. İki gün sonra da Belçikada idi aksiya. Mən də çəkiliş üçün getmişdim. Əvvəl onların sayı az idi, birdən-birə artmağa başladılar və qəfildən hamısı birdən üstümüzə daşlar atdılar. Sanki üstümüzə daş yağışı yağırdı. Oğlanlar, kişilər qadınları binaya salmaq istəyirdilər, amma mən nədənsə, qaçmaq istəmirdim. Sanki həmin an bir hiss gəldi ki, 12 yaşımda Şuşadan qaçdıq, Şuşanı aldılar, indi burdan qaçsam, yenə də nəsə olar. Elə həmin vaxt başqalarına kömək etmək istərkən üzümdən nəyinsə axdığını hiss etdim və əlimi vuranda qan olduğunu gördüm. Sən demə, başım yarılmışdı, ağrını da sonradan hiss etdim. Orda tək xəsarət alan mən deyildim, gənc oğlanlarımız da xəsarət almışdılar, sadəcə tək qadın mən idim. Qurultayda Rusiyadan gələn diaspor nümayəndələrimizdən bir cavan oğlan mənə yaxınlaşdı və dedi ki, Xatirə xanım, biz sizin qisasınızı aldıq. Yadımdadır ki, 2 gün sonra onlar erməniləri Rusiyada döymüşdülər. Həmin gənclər buna görə 2 ildən bəri həbsdədirlər. Deyir ki, hətta o gənclər "biz o qızın qanını alacağıq" deyib döyüblər erməniləri. Bu, mənə çox xoş təsir bağışladı və dedim ki, mütləq salamlarımı və minnətdarlığımı çatdırın. Çünki onlar Xatirənin deyil, bir Azərbaycan qadının döyülməsinə qarşı çıxmışdılar. Həmişə deyirəm ki, o daşın bir önəmi yoxdur, çünki Azərbaycan ordusu Qarabağda o qisası min qat artıq aldı ermənidən.

- Bundan sonra Azərbaycan və Qarabağ üçün nələr etməyi planlaşdırırsınız?

- Qurultayda olanda cənab Prezident də dedi ki, müharibə bitib, amma ermənilərin bizə qarşı ərazi iddiaları davam edir. Son erməni öz bəd niyyətindən əl çəkənə kimi də bu bitməyəcək. İndi bizim öhdəliklərimiz dəyişib. Qarabağın bərpasında, yenidənqurma işlərində, ana dilimizin inkişafında rol oynamalıyıq. Övladlarımızı, gələcək nəsillərimizi öz vətənlərinə inteqrasiya etdirməliyik. Xaricdəki lobbimizi, diasporumuzu inkişaf etdirməli və gücləndirməliyik. İnanıram ki, Prezidentimizin bu qurultayda bizim üzərimizə qoyduğu yeni öhdəlikləri də layiqincə həyata keçirəcəyik.  

Şahanə MÜŞFİQ

 





28.04.2022    çap et  çap et