525.Az

Böyüklərin Umudu, kiçiklərin ümidi - Bayram Məmmədov yazır


 

Böyüklərin Umudu, kiçiklərin ümidi -<b style="color:red"> Bayram Məmmədov yazır</b>

Umud-ümid səsləşməsi eyni sözün müxtəlif çalarları kimi  nə qədər könüləyatımlıdır! Biri addı, biri inam, gözləmə, etibar kimi kəlmələri ümumiləşdirir və bu ümumiləşdirmə ümid edənlə ümid edilənin doğmalığını bildirir; heç kim yada, tanımadığı adama ümid olammaz. Tarixin heç bir dönəmində yadlara ümid olmadı xalqımız, "öz şərini özü kəsdi". Bu ruhla böyüyənlərin xarakteri də belə formalaşdı; atalar oğullarını belə böyütdü. Teymur Paşa oğlu oğluna həm ötənləri yaşadası xatirə-ad kimi, həm də ümid olacağına ümidli olduğuna görə Umud adı verdi...

Oğullar min illərdi ata nəsihətlərindən öyrənə-öyrənə böyüyür, dünyanı dərk edir, ata olur, ata nəsihətlərinin işığında oğullarına nəsihətlər verir. Bu, həyatın fəlsəfəsidi. Xalqı xalq kimi, milləti millət kimi formalaşdıran bu fəlsəfədi. El adətləri deyirik, el adətlərini milli mentalitet bilirik, milli nentalitet kimi yaşadırıq, yaşada-yaşada yaşayırıq. Bu adətlərdən biri də nəsihətlərə sədaqətdi. Bəlkə də bu səbəbdən xalqın, millətin uğur yolunun duaçısı min illərin ruhundan düşən işıq olur...

Zamanında zamana boyun əymədi Teymur Paşa oğlu. Qərəzliyi, siyasi rejimə yarınmaları mərdliyiylə, dözümüylə çiliklədi. Hökumətin dövlətçiliyə sədaqətli məmurları yaxşını yamandan ayırd elədi. Talelər bulandırmağa meyillilər istəyinə çata bilmədi. Teymur Paşa oğlu məsul vəzifələrə təyin edildi. Bu, etibar idi. Böyük Vətən müharibəsində mərdliklə döyüşdü, döyüş medallarıyla təltif olundu. Yenidən məsul vəzifələr. Bu da etibar idi, etimad idi...

Oğullar böyütdü Teymur Paşa oğlu. Hər biri el-obasına da, ata-anasına da başucalığı gətirdi. Ata-ana bunu Tanrının lütfü bilirdi...

Teymur Paşa oğlunun 1944-cü il iyunun 1-də dünyaya göz açan  oğlu Umud da ata öyüdləriylə böyüdü, yaşlıların "Bərəkallah"ını qazandı, tay-tuşlarının həsədini. Yadıma bir el məsəli düşür: Allah dağına baxıb qar verir. Teymur Paşa oğlunun oğulları bu adın ucalığına layiq yaşamalıydılar, işləməliydilər, ictimaiyyət onları da atalarına olan ehtiramla əhatələməliydi; oğullar ataya olan ehtiramı miras bilməliydilər. O miras mərdliklə, el-obaya, deməli, Vətənə sevgiylə, insanlara, insanlığa insani münasibətlə dərinləşməliydi. Umud ömrünü bu ülgüylə yaşamağa qərarlıydı. Belə də yaşadı...

İslah Zəngilanda, Nuşirəvan Sumqayıtda yaşayırdı. Rizvanla Seyfəddin balacaydı, əlləri işə yatmırdı - sümüyü bərkiməmiş uşaqların işin qulpundan yapışmağa anaları da qoymazdı. Evin ağırlığını anayla-bala - Tovuzla yeniyetmə Umud çəkirdi; qapı-baca, təsərrüfat, mal-heyvan, meşədən odun gətirmək, həm də gecələr. Bunlar çox deyildimi? Umud kimi oğula çox deyildi...

1962-ci il idi. Zəngilan şəhər orta  məktəbini bitirən Umud Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna daxil oldu. Özünün istəyiylə axşam şöbəsində oxudu, Xırdalan Pivə zavodunda fəhlə işlədi. El deyimləri həmişə sözə söykək olub: İgidin sağı-solu olmaz. Bir vaxtlar kənddə torpaqda, təsərrüfatda yorulmadan, usanmadan işləyən Umud Bakıda da bu şövqlə işlədi. Atasından eşitdiyi bir kəlamı unutmamışdı: Nə eləsən, ürəklə elə, ürəksiz görülən iş urvatsızlıqla başa çatır. Urvatla işlədi, urvatla yaşadı Umud. Yaxşı iş işıq misallıdı - görünür. Görünür və gözəl ovqat yaradır. Zavodun rəhbərliyi Umudun işini bəyənirdi. Bəyənmişdi. Onu sex rəisinin müavini vəzifəsinə təyin etdilər. Böyük Nizami necə demişdi? - işi iş bilənə tapşırırdılar. Umud ümidi doğruldacaqdı, zəmanəti - Teymur kimi atadan, Tovuz kimi anadan aldığı tərbiyə, öyüd-nəsihətlərə sədaqət, dünyaduyumu, bir də halal yaşama niyyəti. Belə işlədi Umud. İlləri ömürləşdirə-ömürləşdirə işlədi. Və zavodun rəhbərliyi onun mənzillə təmin edilməsinə qərar verdi. O gecə göy üzü o qədər gözəliydi ki! - ata öyüd-nəsihəti işığını qədirbilənlərin yolundan heç zaman əsirgəmir. Həm də bu işıq məqamında qüdrətə dönür. Umud bu qüdrətin cığırdaşıydı...

Ehtiram da gözəldi, etibar da. Sənin gərəkiliyin sabahlar üçün hiss edilirsə, xoşbəxt işçisən, həm də xosbəxt vətəndaşsan. Yaxşı işçi mükəmməl ali təhsil alanda daha kamil mütəxəssis olur. Zavodun rəhbərliyi bu tezisi gerçəkləşdirməkdə israrlıymış: Umudu 1967-ci ildə ali təhsil alması üçün Azərbaycan Politexnik İnstitutuna göndərdi. Özünün istəyi ilə axşam şöbəsinə. Həm oxudu, həm də işlədi.

Az sonra Umudu zavodun direktor müavini təyin etdilər. Gənc yaşlarında belə bir məsul vəzifəyə təyinat təbii ki, qabiliyyətə, səriştəyə, texnoloji proseslərə bələdliyə vaqifliyin təzahürü idi. O illərdə zavodda kifayət qədər təcrübəli kadr var idi. Rəhbərliyin (və rayon rəhbərliyinin!) bu qərarı böyük kollektivdə rəğbətlə qarşılandı. "El gözü tərəzidi" deyimini həm də kollektivin adıyla ifadə etmək mümkündür. Kollektiv bu təyinatı bəyənmişdi...

Tatar soyadlı bir türk hocası tələbələrinə deyərmiş: Bütün uğurlar sənin öz əlindədi. Öz işini özün bəyən, onda uğur qazanacaqsan. Umud işləyirdi, öz işini bəyənməklə işləyirdi. Özünün bəyəndiyi işi rəhbərlik də bəyənirdi. Bəyənilən iş respublikada təqdir edilirdi. O illərdə Teymur kişi hərdən şükranlıqla göy üzünə baxırdı. Bir vaxtlar evin əksər işinin öhdəsindən gələn Umudun bu boyda məsuliyyəti bacarıqla yerinə yetirməsi ona böyük könül xoşluğu verirdi...

Texnoloji proseslər yeniləndikcə yeni biliklərə, yeni bilikləri mənimsəyən gənc işçilərə ehtiyac olurdu. Zavod üçün belə kadrlar 94 saylı texniki peşə məktəbində hazırlanırdı. Zavodun rəhbərliyi bu amilin yaxın vaxtlarda problemə çevrilməməsi üçün məktəbin rəhbərliyini yeniləməyi qərara alıbmış. Umudu həmin məktəbə direktor təyin etdilər...

Az müddətdə kadr hazırlama mexanizmi tənzimləndi, həm elmi baxımdan, həm də elmlə təcrübənin vəhdətinin tətbiqi baxımından...

Umud bu vəzifədə 1978-ci ilə kimi işlədi...

Yenidən zavoda qaytarıldı. Bu dəfə istehsalat üzrə direktor müavini vəzifəsinə. Nazirlik zavod rəhbərliyinin təqdimatını (və xahişini) gerçəkləşdirmişdi. Bu təyinat zavodda istehsalın səviyyəsini artıracağına böyük ümidlər yaradırdı. Zavod fəaliyyətini yeni ritmlə, həm də yeni bir ovqatla davam etdirməyə başladı.

Bacarıqlı kadrın qabiliyyəti, işgörmə məharəti, işi təşkil etmə səriştəsi işıq kimidi - hər yerdən aydınlığı ilə görünür. Bu işığı 1 saylı Şərab zavodunun rəhbərliyi də görübmüş. Umud Teymur oğlunu işə dəvət etdilər...

Tərəddüd etdimi? Bu təklif kimə edilsəydi, sevinci kükrəyərdi. Umud sevindi, təklifdən daha çox etibara sevindi, etimada sevindi. Sevindi ki, yaxşı mütəxəssis kimi, həm də yaxşı insan kimi tanınır.  Belə tanınma kamil insan kimi tanınmanın başlanğıcı olur. Bu başlanğıc gələcək uğurların zəmanəti kimi yaşanılır. Umudun düşüncələrində yaranan tərəddüd yeni iş yerində işin öhdəsindən gələ bilməmə gümanlarıydımı? Yox, Umud özünə inanırdı. Həyatda özünəinam uğurlara yol açır. Yadına atasından eşitdiyi bir el məsəli düşmüşdü: "Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə". Çağırırdılar, yəni dəvət edirdilər, getməyi qərara aldı. Gümanlarla deyil, inamla getdi...

Bu sahənin də mütəxəssisi olmaq üçün kifayət qədər yüksək təhsil almağın gərəkliyini qət etdi, şərabçılıq üzrə ali təhsil almağa qərar verdi. Gəncə Texnologiya İnstitutunda qiyabi təhsil aldı, institutu 1987-ci ildə bitirdi.

Umud Teymur oğlunun böyük qardaşı İslah xatırlayırdı ki, Umud bu zavodda da məsuliyyətlə işləyib, zavodun direktoru Nazim İbrahimov ona olduqca yüksək səviyyədə etibar edirmiş. Umud bu etibara məsuliyyətiylə, işə sədaqətiylə, sevgisiylə, halallığıyla cavab verirmiş. İş prosesində yaranan inam, etibar mənəvi çalarlarla tamamlanır, bu inam, bu etibar onları sədaqətli dost edir. Hər ikisinin "Yaxşı dost arzulayan yaxşı dost olmalıdır" deyimini yaşam fəlsəfəsinin tərkib hissələrindən biri bildiyinə zərrəcə şübhə edilməməlidi...

20 il. 20 il birlikdə işlədilər. 20 il zavodun sex rəisi oldu Umud Teymur oğlu.

20 il günlərin, ayların könül xoşluğuyla zavodun şöhrətinin əsgəri oldular...

20 il həmin inamla, həmin etibarla, həmin sədaqətlə yaşadılar...

1998-ci ilin ikinci yarısında Nazim İbrahimovu zavodun direktoru vəzifəsindən çıxartdılar. Niyə, hansı səbəblərə görə, bilinmədi...

Yeni rəhbərlik işə başlayanda yeniləşmə aparır. Kadrları təzələyir, necə deyərlər, tanıdığı, yaxud tanıyacağı kadrları işə götürür. 1 saylı Şərab zavodunda belə olmadı. Yeni rəhbərlik Umud Teymur oğlunu vəzifəsində saxladı. Görünür, onun haqqında kifayət qədər məlumat alıblarmış: təmiz adamdır, halal işçidir, yalan danışan deyil, işə can yandırandır, ... Bunlar Umud Teymur oğlu üçün qeyri-rəsmi zəmanət olubmuş.

Zavodda yeni iş üslubuna keçidlə bağlı məsələlər həll ediləndə də Umudun təcrübəsindən bəhrələnirdilər. Respublika rəhbərliyinin təklifi, bəzən göstərişi ilə yeni şərab növü istehsal ediləndə ona rəhbərliyi tərəddüdsüz Umud Teymur oğluna tapşırırdılar. Bu da etibar idi, bu da inam idi; yeni məhsulun texnoloji keyfiyyətləri alıcılıq qabiliyyətini artırmalı idi. Artırırdı da. Bu, zavoda həm şöhrət gətirirdi, həm də iqtisadi zənginlik. Bu səbəbdən Umud Teymur oğlu zavodda kifayət qədər geniş ehtiramla əhatələnirdi...

Umud Teymur oğlu cavanlığında da, sonralar da dürüst davranışıyla, dürüst münasibətiylə onu tanıyanların da, onun rəhbərliyiylə işləyənlərin də, rəhbərlərin də sevimlisi olub. Sevə-sevə yaşadığına görə sevilə-sevilə yaşayıb. Belə insanlara yaxşı adam deyirlər və bu ad o qədər səmimiyyətlə ifadə edilir ki, az qala səmimilik kəlməsini insanlıq kəlməsiylə eyniləşdirirsən. Bu eyniləşdirmə həyata fəlsəfi baxışın təzahürüdür. Böyük Nizami demişkən, belə insanların əməli ilə dünya zər-xara bürünür.

O da qardaşları kimi

Oğul, sözlərimə yaxşı qulaq as,

Ata nəsihəti faydasız olmaz, -

misralarını düşüncələrinə hopduranlardan olub. O da illərini yaxşı ad üçün yaşayıb. Bu gün tükənməz var-dövlətidi təmiz adı. Bir də övladlarıdı. Kifayət qədər geniş dünyagörüşə, inlellektə, milli-mənəvi dəyərlərə malik olan övladlarla qürurlanmaqdan böyük (bəlkə də müqəddəs!) qürur olurmu?

Qızı Təranə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib, Elmi-Tədqiqat Neft və Qaz İnstitutunda işləyir.

Oğlu Zaur Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil alıb, magistratura səviyyəsində təhsilini Fransanın ən məşhur Sorbonne Universitetində tamamlayıb. 2004-2019-cu illərdə Azərbaycanın Polşadakı səfirliyinin ikinci katibi, Azərbaycanın Macarıstandakı səfirliyinin birinci katibi və Xarici İşlər Nazirliyində işləyib. Hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli  səfirinin müşaviri işləyir.

Fuad Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını) bitirib. YUNESKO-nun Beynəlxalq Əlaqələr İdarəsi rəisinin müavini işləyir, siyasi elmlər doktorudur...

Umud Teymur oğlunun oğulları Azərbaycanımızın ümidlərini doğruldanlar sırasındadır.

Onun üzü göylərə pıçıltılarını qəlbitəmizlər eşidib, eşidir: Oğullarım ümidimin işığıdı...

 





28.04.2022    çap et  çap et