525.Az

Bədəni və ruhu saflaşdıran ay - Təranə Paşayeva yazır


 

PSİXOLOQUN DÜŞÜNCƏLƏRi

Bədəni və ruhu saflaşdıran ay -<b style="color:red"> Təranə Paşayeva yazır</b>

İnsanların davranışlarına, ümumən həyat tərzinə dini inanc və etiqadların təsiri şübhəsizdir. Aydındır ki, bu inanc və etiqadlar heç də həmişə məxsusi təhsil, təlim yolu ilə aşılanmır, sadəcə çoxəsrlik təsəvvür və ənənələrin davam etdirilməsi, nəsildən-nəslə ötürülməsi şəklində mənimsənilir.

Planetimizdə yaşayan yer sakinlərinin istisnasız olaraq hər birinin mömin olduğunu iddia edə bilmərik, amma ənənəvi dünyagörüşünə malik hər kəsin müəyyən dərəcədə əhatə olunduğu mühitdəki mövcud davranışlara yiyələndiyini söyləmək olar.

Daha çox ilahiyyatçı alimləri məşğul edən din və cəmiyyət mövzusunda tezislər səsləndirmək düşüncəsində deyiləm. Ona görə mülahizələrin səmti bu istiqamətdə oldu ki, fikir bölüşəcəyim psixoloji məqamı, məhz konkret bir dini ibadətə; orucluq ayına və Ramazan bayramına nəzərən izləyəcəyəm.

Mən hər zamanki kimi, bu ilki orucluq müddətində də psixoloji yardım prosedurları mərhələlərində müraciət edən şəxslərdən kimin oruc tutub-tutmadığını bəzən açıq, bəzən də hiss olunmadan təxmin etməyə çalışır, bu ibadətin faydaları barədə söhbətlər aparırdım.

Müşahidələr bir daha təsdiq edirdi ki, yaşından, cinsindən... bir sözlə, kimliyindən asılı olmayaraq hər bir insanın hər bir davranışının mayasında psixoloji baxımdan dəyərləndirməyə imkan yaradan amillər vardır.

Xüsusilə insanın gündəlik qidalanma cədvəlindəki vaxt aralığındakı dəyişiklik mütləq qaydada psixoloji hissiyatda adekvat siqnallarla müşayiət olunur.

Mən tam səmimiyyətlə deyirəm ki, insan psixologiyasının müəyyən xüsusiyyətlərini araşdırmaq, hətta orucluq ayı müddətində insanın fiziki və mənəvi baxımdan əsaslı dərəcədə saflaşdığını təsdiqləmək mümkündür.

İnsan fiziki-bioloji və mənəvi-ruhi olaraq mövcuddur, yəni biz belə yaradılmışıq. Orucluq elə bir islami qaydadır ki, o şəxsin varlığına həm cismən, həm də ruhən eyni vaxtda təsir göstərir. Ramazan ayının islami inanca görə müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, sonuncu peyğəmbər həzrəti Məhəmmədə göndərildiyi müddətlə bağlı olduğunu bilirsiniz. Bu, mütləq əsasdır. Amma məhz müqəddəs kitabımızın göstərişlərinə uyğun formalaşan şəriətdə elə bir qayda tapa bilməzsiniz ki, o, insanın psixoloji məzmunundan kənarda qalsın, yaxud insana ruhi-mənəvi-psixoloji təsir göstərməsin.

İnsan orucluq ayı boyunca daha ciddi, sidq-ürəklə böyük inamını bəzən bütün gün ərzində dönə-dönə təsdiq edir. Bu, Allahın varlığına və vahidliyinə, Məhəmmədin onun elçisi olduğuna inamın təsdiqidir. Mənim canlı müşahidələrimə görə inanclı insanların bütün orucluq ayı boyunca varlığı, inamla, imanla dolur.

Siz bilirsinizmi ki, psixoloqun başlıca təsir vasitəsi söz və inandırmaqdır. Psixoloq inandırmasa, sözün təsir gücündən yararlanmasa, heç bir uğura nail ola bilməz.

Materialit baxımdan orucluğun sadə quruluşu belədir; səhər dan yeri sökülməmiş, saat 4-5 arası imsaq müddətində insan qidalanır. Sonra gün ərzində aclıq müddəti başlayır. Azərbaycan ərazisində oruc tutan insan iftarını axşam gün batanda, saat 8 radələrində açmalıdır.

Aclıq müddəti əsl sınaq mərhələsidir və bu sınaq bir ay boyunca davam edir. Bu vaxt aralığında şəxsin pis vərdişlərdən (alkoqol, tütün, narkotik, haram buyurulan məhsullar) üz döndərməsi, bəlkə də ömürlük xilas olması üçün olduqca münasib bir imkan yaradır.

Din xadimləri ilə yanaşı, orucluğun faydaları psixoloqlar, xüsusilə də tibb mütəxəssisləri tərəfindən də mütəmadi olaraq qeyd edilir.

Həkimlər şüurlu, müəyyən bir qrafikə uyğun aclıq saxlamasını bir çox xəstəliklərin aradan qaldırılmasında çarələrdən biri kimi görürlər. Belə xəstəliklər insanlar arasında kifayət qədər populyardır. Sağlam qidalanma, gün ərzində uzunmüddətli aclıq sayəsində şəxsin necə qıvraq, yüngül, yüksək ovqatlı olması hissiyatını hər kəs kimi, mən də bir daha təsdiq etmək istəyirəm.

Orucluğun icra qaydaları insanı təbii bir şəkildə, hiss olunmadan səbrli olmağa, dəqiqliyə alışdırır. İnsan sanki acgözlükdən, hərislikdən, tamahdan uzaqlaşır. Halbuki biz psixoloqlar yardım göstərdiyimiz bəzi şəxslərə, tələb olunduğu halda insan xislətindəki bu tipli neqativləri aradan qaldırmaq üçün aylar boyunca əmək sərf edirik.

Orucluq mənəvi saflaşmaya aparan çoxəsrlik təcrübə, inanc vasitəsi, konkret halda isə şəxsə təmizliyin ən qısa yolunu göstərən ibadət sistemi, xeyirxah əməldir. Orucluq ideal qidalanma rejimi kimi gün ərzində öz davranışlarını nizamlamaq üçün də gözəl fürsət yaradır. Oruc tutan şəxs qeybət etməməli, aqressiyadan uzaq durmalı, pis söz deməməli, səbrli olmalı, yalandan, riyakarlıqdan, paxıllıqdan... zinadan uzaq durmalıdır.

Orucluq ayı təmizlənmə, saflaşma ayıdır. Gərək sən ən azı bu müddətdə naqislik, natəmizlikdən uzaq olasan, çevrəni, qəlbini qoruyasan. Təmiz duyğularla yaşamaq, dualar etmək, Allahdan sülh, əmin-amanlıq, dünyadan gedənlərə rəhmət diləmək, insanı mənəvi-psixoloji baxımdan zənginləşdirir, daha xeyirxah, mərhəmətli hala gətirir.

Oruc tutan insan psixoloji olaraq bir daha dərk edir ki, aclıq dəhşətdir, hər il, hər ay, hər gün dünyada yüz minlərlə insan bir parça çörək əldə edə bilmədiyinə görə ölür. Oruc tutan insan bunu xatırlayır, onda başqalarına əl tutmaq hissləri daha geniş şəkildə baş qaldırır.

Orucluq zamanı iftar süfrələrinin açılması, oruc tutan, imkansız qonşuların, qohumların o süfrə ətrafına toplanması insanlarda kollektivçilik, birlik düşüncəsinə müsbət mənada təsir edir. Orucluğun psixoloji səciyyəsi bu baxımdan da maraq doğurur ki, dostlar, doğmalar, tanışlar bu müddət ərzində bir-birlərinə qarşı daha həssas yanaşmağa can atırlar.

Həyat tərzindəki dəyişiklik ola bilsin ki, bir çoxlarının psixoloji durumunda gərginlik yaratmışdır. Məhz belə vaxtda insani münasibətlərin düzgün tənzimlənməsinə ehtiyac yaranır.

Mütəxəssislərin fikrincə, oruc tutmaq səbri təqdir edir, məlumdur ki, səbrli insan çətinliklərə dözümlü və təmkinli yanaşa bilir, bu isə ciddi psixoloji problemlərin baş qaldırmasına imkan vermir. Orucluq insanlarda empatiya, şükranlıq, ümid və nikbinlik hislərini gücləndirir.

Bütün bunlara, ən əsası ilahiyyat fəlsəfəsinin fundamental tələblərinə görə orucluq ayı on bir ayın sultanı adlandırılır.

Elə biz də bu fikirdəyik. Və inanırıq ki, yaxşı, xeyirxah insanların Allah və insanlıq yolunda özlərini sınağa çəkmələri, bütün halında neqativlərdən fiziki-bioloji, eyni zamanda mənəvi-psixoloji olaraq uzaqlaşmaları onların xarakterində ilboyu davam edən xeyirxah düşüncəni, həyat enerjisini hifz edəcək.

Bu müqəddəs ayın son günlərində, fürsətdən istifadə edib, Azərbaycan xalqını və bütün müsəlman dünyasını Ramazan bayramı münasibətilə təbrik edir, süfrənizin ruzi-bərəkətli olmasını diləyirəm.

 





29.04.2022    çap et  çap et