525.Az

MİLLİ istiqlalımızın atributu - Ali Attestasiya Komissiyası


 

Ali Attestasiya Komissiyası - 30

MİLLİ istiqlalımızın atributu -<b style="color:red"> Ali Attestasiya Komissiyası</b>

(Əvvəli 22 aprel tarixli sayımızda)

Böyük məsuliyyət, diqqət və zəhmət hesabına hasilə gətirilən AAK Rəyasət Heyətinin ilk iclası (21.11.1992) elmi ictimaiyyət, elmi dərəcə, elmi ad iddiaçıları, yuxarı dövlət qurumları tərəfindən sayğı və rəğbət hissilə qarşılandı. Bu münasibətləKomissiyanın sədri Azad Mirzəcanzadə Nazirlər Kabinetinin 21 avqust 1992-ci il tarixli qərarına istinad edərək əməkhaqqının 30-40 faiz miqdarında maaşa əlavə etməklə 24.11.1992-ci il tarixli əmri ilə bir qrup əməkdaşı mükafatlandırdı. Sədrin əmrindəyazılırdı: "Rəyasət Heyətinin ilk iclasının yaxşı hazırlandığına vəkeçirildiyinə görə aşağıdakı işçilər mükafatlandırılsın". AAK-ın ilk mükafatına layiq görülən işçilərinin ön sırasında sədrin müavini Rafiq Əliyev, Dövlət attestasiya müfəttişliyi şöbəsinin rəisi Naibə Musayeva, Dövlət attestasiya müfəttişliyi şöbəsinin baş müfəttişi Leyla Məmmədova, Kimya-biologiya, tibb və kənd təsərrüfatı şöbəsinin rəis müavini Yaşar Məlikov, Qeydiyyat vədiplom və attestatların verilməsi şöbəsinin böyük müfəttişi Saleh Tahirov, Humanitar və ictimai elmlər şöbəsinin müfəttişi Əkrəm Ağayev, İşlər idarəsinin rəisi və əvəzçilik üzrə sədrin köməkçisi Fazil Mustafayev, Fizika-riyaziyyat və texnika şöbəsinin müfəttişi Elman Nəcəfov və b. yer alırdı.

Komissiyanın elmi-təşkilati işlərinin yüksək səviyyədə icra edilməsində, Rəyasət Heyətinin gündəliyinin formalaşmasında, zəruri məsələlərin müzakirə obyektinə çevrilməsində sədrin müavini Rafiq Əliyevin xidmətləri danılmazdır.

Ali Attestasiya Komissiyasının sədr müavini Rafiq Əziz oğlu Əliyev (1942) Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, orta məktəbi medalla bitirmiş, Azərbaycan Neft və Kimya institutunda (1958-1963) ali təhsil almışdır. SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspirantı olmuş, texnika elmləri namizədi (1967) və texnika elmləri doktoru (1975) elmi dərəcələri almış, professor (1976) elmi adına layiq görülmüş, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Öncə qeyd edildiyi kimi, o, Nazirlər Kabinetinin 26 may 1992-ci il tarixli qəralı ilə Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsinə təyin edilsə də, Azad Mirzəcanzadənin müvafiq əmri ilə 01.07.1992-ci ildən təyinatı üzrə fəaliyyətə başlamışdır. Lakin çox keçmir ki, R.Ə.Əliyev AAK sədrinin digər bir əmri ilə 1992-ci il sentyabr ayının 1-dən vəzifəsi 0,5 ştat vahidinə keçirilir. A.Mirzəcanzadənin büdcəyəqənaət məqsədilə atdığı bu sərt addım Rafiq Əziz oğlunu yeni təyin olunduğu sahəyə həvəsdən salmır, əksinə, elm sahələri üzrə ekspert şuralarına layiqli üzvlərin seçilməsində, Rəyasət Heyətinin işinin təşkilində, yeni əsasnamənin hazırlanmasında, müstəqil və müttəfiq respublikaların ali attestasiya komissiyaları ilə sıx əlaqələrin yaradılmasında fəal və səmərəli rol oynayır.

Rafiq Əliyev

Müstəqil Dövlətlər Birliyinin Ali Attestasiya Komissiyaları oktyabr ayının əvvəllərində Daşkənd şəhərində müşavirəkeçirməyə qərar verir. Bu münasibətlə Özbəkistan Respublikasının Ali Attestasiya Komissiyası 18.09.1992-ci ildəBakıya dəvətnamə göndərir. Azərbaycan AAK sədrinin əmri iləbu ilk və mötəbər məclisə Komissiyanın sədr müavini Rafiq Əziz oğlu 5 gün (30 sentyabr 1992-ci ildən - 4 oktyabr 1992-ci ilədək) müddətinə Daşkənd şəhərinə ezam edilir. Təcrübəmübadiləsini gündəliyində ehtiva edən və siyasi məqsədlər naminə təşkil olunan müşavirədə Azərbaycan nümayəndəsinin asılılıq meyllərinə qarşı parlaq çıxışı və eyni zamanda, diplom vəattestatların qarşılıqlı tanınması barədə ikitərəfli müqavilələrin bağlanması təklifi MDB ölkələrinin AAK təmsilçiləri tərəfindən böyük maraqla qarşılanmışdır. Özbəkistandan qayıtdıqdan sonra Rafiq Əziz oğlunun Daşkənd müşavirəsi haqqında Rəyasət Heyətinə təqdim etdiyi hesabat həmkarları tərəfindən yüksək dəyərləndirilmişdir.

...Elmi, ictimai, siyasi konyunkturadan xilas olub müstəqil dövlət qurumlarının yaradılması, təşəkkül tapması, elmi dərəcə və elmi adların verilməsi, diplom, attestat və şəhadətnamələrin hazırlanması, təqdim edilməsi hər bir milli məfkurə daşıyıcısı olan iddiaçılar üçün iftixar mənbəyi idi. Komissiyanın təsdiqlədiyi ilk diplom və attestatları "Qeydiyyat və diplom vəattestatların verilməsi şöbəsi"nin müfəttişi, xəttat Saleh Tahirov əl ilə yazıb hazırlayırdı. Sənədlərin mətni və dizayn işi Komissiyanın Rəyasət Heyəti tərəfindən təsdiqlənmiş formada icrası həyata keçirilirdi. İddiaçıların attestasiya işi AAK-a daxil olduqdan sonra ciddi prosedur mərhələlərindən keçir, müzakirəedilir və dəyərləndirilirdi. Əyani təsəvvür yaratmaq üçün bir nümunəyə istinad edək. Bakı Dövlət Universitetinin rektor əvəzi, biologiya elmləri doktoru, professor Akif Quliyevin vəsatəti ilə"Bitki fiziologiyası" kafedrasının dosenti, biologiya elmləri namizədi Vilayət Bəşir oğlu Abdıyevin dosent elmi adının verilməsi üçün attestasiya sənədləri 1992-ci il 15 iyul tarixindəAli Attestasiya Komissiyasına daxil olur.

Vilayət Abdıyev Tovuz şəhərində (20.09.1952) anadan olmuş, Puşkin adına şəhər orta məktəbini (1959-1969) və Bakı Dövlət Universitetinin (sabiq Azərbaycan Dövlət Universitetinin) Biologiya fakültəsini (1969-1974) bitirmişdir.

Vilayət Abdıyev

BDU-nun Elmi şurası tərəfindən göndərilən dosentlik işinə Ekspert şurasının üzvü, kənd təsərrüfatı elmləri doktoru, genetika və seleksiya sahəsində tanınmış professor Rauf Quliyev (indiki halda hər ikisi eyni təşkilatdan - BDU-dan olduğu üçün R.Quliyevin rəyçi təyin edilməsi müasir meyarlarla yolverilməz idi - A.R.) rəy vermişdir. Sənədin məxfilik müddəti bitdiyi üçün Vilayət Abdıyevin attestasiya işi haqqında yazılmış ekspert rəyini təqdim edirik: "Rəy. Təqdim olunan sənədlərdən göründüyü kimi, Bitki fiziologiyası kafedrasının dosenti vəzifəsini icra edən Abdıyev Vilayət Bəşir oğlu 1978-ci ildən Bitki fiziologiyası kafedrasında dissertant kimi fəaliyyət göstərmiş, həmin kafedrada 1980-ci ildən assisent, 1988-ci ildən baş müəllim və 1991-ci ilin aprel ayından dosent vəzifəsini icra edir. 1987-ci ildə Vilnüs şəhərində Botanika İnstitutunun İxtisaslaşdırılmış elmi şurasında "Bitki fiziologiyası" ixtisası üzrə elmlər namizədi adını almaq üçün dissertasiya müdafiə etmişdir. 1985-ci ildən Biometriya fənnindən "Tənəfüs" və "Riyazi üsulların biologiyada tətbiqi" ixtisas kurslarından mühazirə oxuyur. Bitki fiziologiyası və bitki anatomiyası fənlərindən məşğələ dərsləri aparır, istehsalat təcrübəsinə rəhbərlik edir. Son illərdə çap olunmuş əsərləri AAK-ın tələblərinə uyğun gəlir. Elmi fəaliyyəti və çap olunduğu əsərlər Bitki fiziologiyası kafedrasının elmi və tədris istiqamətinə uyğundur.

Bütün bunları nəzərə alaraq Abdıyev Vilayət Bəşir oğluna dosent elmi adı verilməsini məqsədəuyğun sayıram. Ekspert, k/t. e. doktoru, prof. Quliyev R.Ə."

Biologiya üzrə Ekspert şurasının 21 sentyabr 1992-ci il tarixli iclasının 1 saylı protokolundan məlum olur ki, professor Rauf Quliyev eyni zamanda şuranın katibidir və çıxarış onun tərəfindən imzalanıb. Rəy yığcamdır və daha çox bioqrafik məlumatları özündə əks etdirir. "Son illərdə çap olunmuş əsərləri AAK-ın tələblərinə uyğun gəlir" fikrinin incələnməsinəşübhəsiz ki, ehtiyac vardı. Çünki iddiaçıya elmi ad onun elmi-pedaqoji fəaliyyətinə görə verilirdi. Yüksəkixtisaslı mütəxəssislərin çatışmazlığı və işin çoxluğu yeni fəaliyyətəbaşlayan Komissiyanın elm sahələri üzrə ekspert şuralarında ciddi hiss olunurdu və bəzən əsərlərin araşdırılması, obyektiv dəyərləndirilməsi üçün yetərli vaxt sindromu özünü kəskin büruzə verirdi.

Ali Attestasiya Komissiyasının ilk professor elmi adı və attestatı verdiyi iddiaçılardan biri də müstəqil Azərbaycan Respublikasının elm və diplomatiya sahəsində tanınmış simalarından olan Məmməd Novruz oğlu Əliyevdir. O, Tovuz şəhərində(18.09.1942) anadan olmuş, Bakı Dövlət Universitetinin Fizika fakültəsini (1959-1964) bitirmişdir. M.N.Əliyevin aspirantlıq illəri məşhur dilçi, professor Mirzə Kazım Bəyin (1802-1870) adı iləsıx bağlı olan Kazan Universitetində keçmiş, "Paramaqnit kristallarda aşağı temperaturlarda dinamik effektlər" (1969) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Kazandan qayıtdıqdan sonraBakı Dövlət Universiteti Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış,"Paramaqnit ionlu diamaqnit kristallarda və yarımmaqnit yarımkeçiricilərdə dinamik effektlər" mövzusunda (1990) doktorluq dissertasiyası müdafiəedərək fizika-riyaziyyat elmlər doktoru dərəcəsi almışdır.

Bakı Dövlət Universiteti Elmi şurasının qərarı ilə M.N.Əliyevin professorluq elmi adı alması üçün AAK-a 16.07.1992-ci ildə daxil olan attestasiya sənədləri Fizika ixtisası üzrə Ekspert şurasına göndərilmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professor, sonralar AMEA-nın həqiqi üzvü seçilmiş, Fizika İnstitutunun direktoru vəzifəsində səmərəli fəaliyyət göstərmiş Firudin Haşımzadə (1935-2018) işin eksperti təyin olunmuşdur. Ekspertin 03.09.1992-ci ildə imzaladığı rəy yığcam və konkret idi. Rəydəyazılırdı: "Məmməd Novruz oğlu Əliyevin sənədləri ilə tanışlıq göstərdi: 1.Elmi-pedaqoji stajı 23 il. 2.Tələb olunan vəzifədə 1 il işləyir. 3.Müdafiədən sonra dərc olunmuş 4 elmi əsəri və tədris-metodik işləri var. 4.İki elmlər namizədi hazırlayıb. Təqdim olunan sənədlər "Alimlik dərəcələri və elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"nin 45-ci bəndinin tələblərini ödəyir. Hesab edirəm ki,Məmməd Novruz oğlu Əliyev professor elmi adı almağa layiqdir. Ekspert Haşımzadə F.M. 03.09.92."

Komissiyanın ekspertləri üçün rəy struktur baxımından xarakterik olmaqla yanaşı, mətndə bir məqam - Əsasnamənin 45-ci bəndinəistinad olunması  diqqəti xüsusilə cəlb edir. Öncə qeyd etmişdik ki, "Alimlik dərəcələri və elmi adların verilməsi qaydası haqqındakı Müvəqqəti Əsasnamə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 29 oktyabr tarixli 582 saylı qərarı ilə təsdiqlənib. Mövcud olmayan əsasnaməyə təxminən iki ay əvvəldən istinad edilməsi şübhəsiz ki, mümkünsüz idi. Belə bir qənaətə gəlmək olur ki, AAK fəaliyyətə başladığı gündən Müvəqqəti Əsasnamə təsdiq edilən müddətə qədər SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının "Elmi dərəcələr və adlar haqqında" Əsasnaməsindən rəsmi istifadəolunmuşdur. Ekspert, professor Firudin Haşımzadənin istinad etdiyi "45-ci bənd" şübhəsiz ki, SSRİ AAK-nın əski əsasnaməsinə aiddir.

Azərbaycan Respublikası Prezidentinin 16.11.1992-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının sədrinə Azərbaycan hökuməti adından alimlik dərəcələri diplomlarının və elmi adlar attestatlarının qarşılıqlı surətdə tanınması normalarının müəyyən edilməsi məqsədi ilədigər ölkələrlə müvafiq müqavilələrin imzalanması üçün müstəsna səlahiyyət verilmişdir. Respublika Prezidentinin bu fərmanına əsasən Komissiya sədri, akademik Azad Mirzəcanzadə Azərbaycan Hökuməti adından elmi dərəcələr vəelmi adlar barədə diplom və attestatların etibarlı sayılması vənostrifikasiyası, alimlik dərəcələrinin müqayisəliliyi prinsipləri haqqında Yüksək İxtisaslı Elmi və Elmi Pedaqoji Kadrların Dövlət Attestasiya Orqanlarının Beynəlxalq Assosiasiyası çərçivəsində dövlətlərarası müqavilələr, sazişlər bağlamaq səlahiyyətlərinə malik idi.

(Ardı var)

 





29.04.2022    çap et  çap et