525.Az

Qarabağ silsiləsinin ətəklərində bahar - Nadir Yalçının reportajı


 

HADRUT QƏSƏBƏSİNƏ VƏ TUĞ KƏNDİNƏ SƏFƏRİN TƏƏSSÜRATI

Qarabağ silsiləsinin ətəklərində bahar -<b style="color:red"> Nadir Yalçının reportajı</b>

İki çay arasında...

Xocavəndə bahar gəlmişdi. Yaşıllaşan dağıntılar təbiətin insan zəkasından və əməlindən asılı olmayan məlhəmindən xəbər verirdi - yalnız divarları qalan bir evin içindən növbənöv bitkilər boy verib ətrafı sarmışdı. Sarı güllər və qanqalların sarılı-göylü ilməsi ilə gözəlləşən yaşıl çöllərin müşayiəti mənzil başına çatan qədər bizi izlədi. 

Zəfər yolu insanın ayağını yerdən üzür, göyün bilinməyən qatına qaldırır və füsunkar obalara yaxınlaşdıqca tamamilə maddi aləmdən ayrıldığını dərk edirsən. Zəfər yolu qürura, sevincə, ləyaqətə aparan yoldur. Rahatlıqla şütüyüb keçdiyimiz bu yolların qarış-qarış azad edildiyini düşünəndə ruhların, sızıldayan bədənlərin qarşısında adam utanır...

Mesopotamiyanın ən qədim sivilizasiyalardan biri olduğu və bu ərazidə yaranan dövlətlərin dünya mədəniyyətinə verdiyi töhfələr barədə qalaq-qalaq kitablar yazılıb. Hələ məktəbli ikən dünya tarixini öyrənəndə həmin yerlərin hər mənada əsrarəngliyi barədə məlumatlar vadar edirdi ki, nə vaxtsa Mesopotamiyaya getmək barədə xəyallar quraq. 

Hadruta gəlmək imkan verdi ki, mən öz xəyallarımın maketini qura bilim. Dəclə və Fərat çayları arasında yerləşdiyindən Mesopotamiya həm də İkiçayarası adlandırılırmış. Quzeyçay və Güneyçayın birləşdiyi Hadrut toponiminin hərfi mənası da "ha" (ara), "dü" (iki), "rut"(çay) - iki çay arası deməkdir. Bəlkə də, Hadruta gedə bilməsəydim, heç vaxt Mesopotamiyaya getmək şansım olmazdı. Ümumiyyətlə, öz milli ruhunu diri saxlamayan, maddi və mənəvi mədəniyyəti ilə, qiyabi də olsa, tanışlığı olmayan, torpağının qoxusunu yüz qoxu içindən, çörəyinin tamını yüz tam içindən seçə bilməyən adam heç bir digər ölkəni səmimi sevə, mədəniyyətini araşdıra, ruhunu duya bilməz. Öz ölkəsində alnı açıq vətəndaş olmaq vicdanın çırağını sərhədlərdən kənarda daha gur yandırır.

Təbiətin çəpəri... Səsin sərhədsizliyi...

Hadruta çatana yaxın maşının pəncərəsində şəkildən şəkilə düşən dağ silsilələri insanı heyrətləndirirdi. Maşında yüngül nasazlıq yarandığından beş-altı dəqiqə dayanmalı olduq. Bu, təbiətin rəhmi idi ki, biz burada maşından enək, havanı içimizə çəkib bu dağlara tamaşa edə bilək. Təbiət heyrətləndiyimiz yerlərdən etinasız keçməyimizə icazə vermədi. Təbiətin bu çəpəri ürəyimizdən oldu.

Hadrutun təbiətini təsvir etmək Hadrutu işğaldan azad eləmək qədər çətindir desəm, yalan olar, müqayisədə naqislik var. Amma söhbət söz savaşında, söz meydanından gedirsə, o yerlərin tablosunu sözlə yaratmaq qəliz məsələdir. 

Hadrutda şiş ucları şəfəqlərlə döyüşən Ərgünəş dağının zəhmli nəzəri altında quşlar da ayrı cür oxuyur... İnzibati cəhətdən qəsəbə adlansa da, kənd ab-havası var. Dəniz səviyyəsindən xeyli yüksəkdə olmasına baxmayaraq, ürək döyüntülərində, təzyiqdə heç bir problem yaranmır. Bizimlə Hadruta gedən yaşlı insanlar danışırdılar: "Elə-belə vaxt olsaydı, indiyə 3-4 təzyiq dərmanı atmışdım, maraqlıdır, yüksəkdəyik, amma heç bir qram da özümü piss hiss etmirəm". 

Bərəkətli torpaqlardır. Əkinə yararlı sahələr çoxdur. Heyvandarlıq üçün də uyğun yerlərdir. Necə deyərlər, əsl yaşamalı yerdir! Təsəvvür edin, pəncərənizi açırsız, gözünüz dağa, dərəyə zillənir, tüstü-dumandan, səs-küydən uzaq beyniniz dincəlir...

Evlərin dam örtükləri, 60-cı illərin quruluşları, taxtası çürümüş şüşəbəndlər ermənilərin burada kasıb yaşadıqlarından xəbər verir. Yaşayış yerlərinin əksəriyyəti salamat olsa da, dağıntılar, yanan yerlər də var. Maraqlıdır ki, azərbaycanlıların vaxtilə yaşadıqları evlərin isə, yalnız divarları nişanə qalıb, başqa heç nə...

Dostlarla birlikdə bir-iki evə daxil olduq. Otaqlara ümumi nəzər yetirirdim. Divara bərkidilmiş asılqanın arxasında bir şəkil gördüm. Doğma sima, doğma insan... Müslüm Maqomayevin gənclik şəkli idi. O səs düşmənin də qəlbini fəth edəcək qədər qüdrətlidir. Həmin erməni ürəyində Maqomayevə olan sevgisini qoruya bilib. Terrorçu erməni qruplaşmaları, erməni cəlladları, yaramaz erməni rəhbərləri əvvəlcə öz xalqına düşmən kəsildilər, onların dincliyini əllərindən aldılar. Əminəm ki, həqiqətləri bilən və etiraf edən, bu 30 ildə ürəyində yaşayan ermənilər də var. Məsələn, Moqomayevin səsi həmin ermənini mənəvi kirlənməyə qoymayıb, bəlkə də...

Tuğ kəndi... Dağ kəndi...

Tuğun da təbiəti eynilə Hadrut kimidir. Hətta Tuğda hava daha sərin idi. Qarabağ silsiləsinin ətəyində yerləşən kənd dəniz səviyyəsindən, təxminən, 1500 metr yüksəklikdə yerləşir. 

Bir neçə müddət əvvəl Dövlət İdarəçilik Akademiyasında Xocavənd rayonu Tuğ kənd uşaq musiqi məktəbinin konserti keçirilmişdi. Bəlkə də, həmin konsertdə ifa edən körpə fidanların bəzilərinin heç valideynləri də Xocavəndin üzünü görməyib. Amma elə şəstlə, həvəslə, avazla oxuyurdular ki, adam riqqətə gəlirdi. Həmin vaxt Tuğ adının orfoepiyasından irəli gələn əzəməti, səslərin qığılcımını iliyiməcən hiss etdim... Tuğ ansamblı... Dağ ansamblı... Həmin vaxt Tuğ kəndində də musiqi sədalarının eşidilməyini arzulamışdım.

Səfərimiz zamanı dağ vüqarlı Tuğ kəndində nə ansambl-filan, nə də hansısa ifaçı var idi. Odur ki, o kələ-kötür yolları zümzümə edə-edə dolaşırdım, özümdən asılı deyildi... "Ay dağlar səndə gözüm var..."

Tuğda gəzirdik, bir də gördüm iş yoldaşım Afaq Rza əlində bir dəstə göyərti mənə yaxınlaşır. Dağ keşnişi dəstəsi idi, daha doğrusu, Tuğ keşnişi dəstəsi... Əgər indiyə qədər ətrini, dadını hiss etdiyim həmin göyərti növünün adı dağ keşnişi idisə, bu, həmin adda ola bilməzdi. Görünüş eyni, dad, ətir tamam fərqli idi. Mütəxəssislər bağışlasın, məncə, Tuğun bərəkətli torpağında bitən bu bitkini Tuğ keşnişi deyib xüsusiləşdirmək olar.

Tuğun özü də Azərbaycanımız üçün məxsusi məkandır!

Mədəniyyətlərin qovuşduğu yer

Ömrümdə ilk dəfə idi ki, kilsəyə gedirdim. Xüsusi səbəbi yoxdur, sadəcə, heç vaxt rast gəlməmişdim, yaxud getmək üçün zərurət yaranmamışdı. Alban-udi dini icmasının sədri Robert Mobili və Qəbələnin Nic kəndindən gəlmiş udilər yanımızda olmasaydı, baş verənləri hiss etmək, mahiyyətə varmaq çətin olacaqdı.

Udi icması Hadrutda, Hünərli kəndində və Tuğda yerləşən kilsələrdə Pasxa bayramını qeyd etdilər, dini ayinlərini yerinə yetirdilər, dualar oxudular. Hamısı da sevincli idi. Öz mədəniyyətlərinə qəlbən bağlı olan udilər Nicdə doğulub böyüdüklərinə baxmayaraq, sanki uzun illər kök saldıqları məkana qayıtmışdılar. Onların bu yerlərə doğmalıqla yanaşması aradakı 30 illik ayrılığın qübarını bir anda əritmişdi.

Alban-udi dini icmasının sədri Robet Mobili ermənilərin saxtalaşdırma əlamətlərini bir neçə cəhətdən izah elədi, nişanələr göstərdi. Daşların üzərindəki sonradan həkk olunmuş yazılardan tutmuş oturacaqlarda ortodoks kilsəsinə xas olmayan elementlər, erməni qriqorian kilsəsinin simvollarına qədər saxtalaşdırılma izləri açıq-aydın görünürdü. Udilər deyirdilər ki, kilsədəki xaçın forması da keçmiş yerli xristianlara xas deyil. Robet Mobili deyir ki, materialı analiz etməyi bacaran mütəxəssislər tədqiqat aparsalar, görərlər ki, ermənilərin sonradan həkk etdiyi yazılar yaxın tarixə məxsusdur, kilsələrin tikilmə tarixi ilə əlaqəli deyil.

X-XII əsrlərə aid kilsələrin Xocavənddə inşa olunması, əslində, xalqımızın multikultural düşüncəsinin keçmiş köklərindən xəbər verir. Həmin kilsələrin gələcəkdə nəzərdə tutulan bərpası, yenidən xristianların burada ibadət etməsi həmin dini mənsublara hörmətimizlə yanaşı, ulu babalarımızın multikultural, insanpərvər xüsusiyyətlərinə sadiqliyimizin göstəricidir. 

Hadrut qəsəbəsi, Tuğ kəndi təbiətin möhtəşəmlik mücəssiməsi olmaqla yanaşı, həm də mədəniyyətlərin qovuşduğu yerdir. Bunun üçün geniş ürək, böyük düşüncə lazımdır. Təəssüf ki, bizə düşmən kəsilən ermənilər bunu bacarmadılar. Bizim ibadət yerlərimizi - məscidləri iyrənc əməlləri ilə mundarladılar, xarabalığa çevirdilər. İki xalqın bu müstəvidəki fərqi göz önündədir. 

Dağlarla sağollaşarkən...

Yollarla irəlilədikcə divarda yazılan rayon adları Azərbaycanı birləşdirir. Həmin adlar hamılıqla mübarizə simvoludur. Əsgərlərdən biri divara "Məştağa" yazmışdı. "Maştağa" yox, məhz "Məştağa", öz ləhcəsi ilə, öz bildiyi kimi... Öz ünvanının köməyini bu yerlərin dadına çatdırmışdı. Onun kimi yüzlərlə, minlərlə qəhrəman hamısı elinin-obasının duasını gətirmişdi buralara...

Dağlarla sağollaşarkən tanıdığım, haqqında yazdığım, oxuduğum şəhid və qaziləri xatırladım, ruhlarına rəhmət oxudum. Onların siması bu dağlarda əks olunmuşdu. 

Onların sayəsində Xocavəndə və digər işğaldan azad olunan yerlərə qədəm qoyuruq. Tarixboyu şəhid və qazilərə minnətdar olmalıyıq. 

Sonda qeyd edim ki, səfərə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna xüsusi təşəkkür düşür, sağ olsunlar!

 





01.05.2022    çap et  çap et