Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda verdiyi bəyanatlar və irəli sürdüyü tezislər regionun gələcəyi ilə bağlı inkişaf konturlarını müəyyən edən siyasi hadisədir. İlk növbədə ona görə ki, dövlətimizin başçısı tədbirdə Cənubi Qafqazın bütövlükdə sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində fəaliyyət planı və yol xəritəsi ortaya qoydu. Bu fəaliyyət planının ən vacib tərkib hissəsi kimi Azərbaycan sülh prosesinə sadiqliyi, o cümlədən beynəlxalq hüququn prinsiplərinə əməl olunması mövqeyini yenidən bəyan etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
Deputat regionda vahid əməkdaşlıq mühiti üçün yeganə əngəlin Ermənistan olduğunu qeyd edərək bildirib ki, Prezident İlham Əliyev konfransdakı çıxışında həm də dünyanın beyin mərkəzlərinin nümayəndələrinin şahidliyində erməni cəmiyyətinə reallığı çox sadə formada başa saldı. Dövlətimizin başçısı bildirdi ki, Ermənistan hökuməti və ölkənin siyasi spektrinin sülhün zərurətini tam olaraq dərk etməsi və qisas almaq cəhdlərindən birdəfəlik əl çəkməsi iki səbəbdən vacibdir. Birincisi, bu, qeyri-məhsuldardır. Çünki bunun baş verməsi Ermənistan üçün əvvəlkindən daha ağrılı olacaq və Ermənistanın dövlətçiliyinin rəsmən süqutuna gətirib çıxaracaq. Ona görə də Ermənistan çox az sayda olan əhali resursunu uğursuz olaraq revanş və qonşularına hədə yaratmaq cəhdləri üçün deyil, sülh işlərinə sərf etməlidir ki, faydalı nəticəyə nail olsun. İkincisi isə bu, regionun və beynəlxalq ictimaiyyətin davamlı sülhə nail olunması tələblərinə zidd olacaq. Bu mənada dövlətimizin başçısı qalib tərəf kimi Ermənistanı reallığı dərk etməyə, özündə sülh, əməkdaşlıq və qonşuları Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyi ehtiva edən yeni müsbət hədəflər müəyyənləşdirməyə çağırdı.
B.Məhərrəmovun sözlərinə görə, beynəlxalq konfransda diqqətçəkən məqamlardan biri də beyin mərkəzlərinin Azərbaycanın yaratdığı yeni reallığa daha inamlı yanaşması ilə bağlıdır. Əminliklə demək olar ki, məhz bu prizmadan yanaşsaq, konfrans postmüharibə dövrünün mühüm indikatoru sayılmalıdır. Belə ki, ötən ilin aprelində müharibənin nəticələrinə skeptik yanaşmalar hiss edilsə də, son bir il ərzində görülən quruculuq-bərpa işləri, o cümlədən Prezident İlham Əliyevin qətiyyətli siyasi mövqeyinin nəticəsi olaraq bu dəfə görüş iştirakçıları bölgədə yeni bir dövrün başlandığını açıq şəkildə dilə gətirməkdən çəkinmədilər. Bu isə öz növbəsində artıq beynəlxalq səviyyədə reallığın tam şəkildə qəbul olunduğu anlamına gəlir.
“Dövlətimizin başçısı özü də qeyd etdi ki, ötənilki müzakirələr zamanı qarşımızda olan mühüm vəzifələr yeni reallıqları möhkəmləndirmək və regionda öz işimizi, baxışlarımızı təqdim etmək üçün aparıcı beynəlxalq təşkilatlarla işləməkdən, beynəlxalq ictimaiyyət və aparıcı beynəlxalq təşkilatların formalaşmış yeni reallıqları qəbul etməsi idi ki, artıq Azərbaycan bu hədəfə nail oldu”, - deyə deputat bildirib.
çap et