525.Az

Müharibənin coğrafiyası genişlənir? - Xaqani Cəfərli


 

Müharibənin coğrafiyası genişlənir? -<b style="color:red"> Xaqani Cəfərli</b>

Rusiyanın Ukraynada apardığı müharibənin başqa ölkələrə də keçəcəyi, müharibənin daha geniş coğrafiyaya yayılacağı ilə bağlı ehtimallar artıb. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Bolqarıstan və Kanada öz vətəndaşlarını separatçı Dnestryanı bölgəni dərhal tərk etməyə, bu regiona səfər etməməyə çağırıblar. Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi dövlətlərin bu addımını standart təhlükəsizlik protokolunun bir hissəsi kimi təqdim etməyə çalışsa da, Dnestryanı bölgənin və bütövlükdə Moldovanın müharibəyə cəlb olunma ehtimalı hər ötən gün artır. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Viktor Vodolatski bildirib ki, Rusiya hakimiyyəti yaxın zamanda Dnestryanı bölgənin müstəqilliyini tanıya bilər.

Viktor Vodolatskinin sözlərinə görə, Dnestryanı bölgə özünü Rusiyanın bir hissəsi hesab edir və Cənubi Osetiya, Donetsk və Luqansk respublikalarının getdiyi yolu təkrarlamaq istəyir. Qeyd edək ki, Dnestryanı bölgənin idarəetmə orqanları ötən illərdə dəfələrlə Rusiya Federasiyasına qoşulmaq istəklərini bəyan ediblər. Dövlət Dumasının rəsmisinə görə, Dnestryanı bölgənin istəyi təmin edilməlidir. Çünki Moldova prezidenti Mayya Sandu və "onun rumın kuratorları" Dnestryanı bölgədə "Ukrayna ssenarisini həyata keçirmək və müharibəyə başlamaq istəyirlər".

Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavinin Moldova və rəsmi Kişinyov əleyhinə fikirləri Rusiya rəsmilərinin bir neçə ay öncə Ukraynaya qarşı səsləndirdikləri fikirlərlə üst-üstə düşür. Viktor Vodolatski Moldova prezidenti Mayya Sandunu nasist adlandırıb, mövqeyini isə Moldovada Georgi lentlərinin qadağan edilməsi ilə izah edib. Dövlət Dumasının rəhbər şəxslərindən hesab olunan Viktor Vodolatski hesab edir ki, Rusiya Moldovada nasizmi "kökündən çıxarmalıdır". Bu isə Rusiyanın Ukraynanın demilitarizasiya və denazifikasiyasına nail olmaq üçün başladılan "xüsusi hərbi əməliyyat"ın Moldovada da təkrar olunma ehtimalının artdığını göstərir.

Qeyd edək ki, Rusiya son 20 ildə Dnestryanı bölgənin sakinlərinə Rusiya vətəndaşlığı verilib. İndi isə Rusiya öz vətəndaşlarını qorumaq üçün bölgəyə hərbi qüvvə göndərmək hüququnun olduğunu qeyd edir.

Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini bildirib ki, Dnestraynı bölgə "təcrid vəziyyətindədir" və Rusiya ilə bu regionu birləşdirəcək "dəhliz" yaradılmalıdır. Bunun üçün isə Rusiya Ukraynanın cənubunu ələ keçirməyə çalışır. Bu niyyəti həyata keçirmək üçün hərbi planın mövcudluğu Rusiya Mərkəzi Hərbi Dairəsinin komandanı vəzifəsini icra edən Rüstəm Minnekayevin açıqlamasından məlum olmuşdu. Rüstəm Minnekayev bildirmişdi ki, Ukraynadakı hərbi əməliyyatların "ikinci mərhələsi" çərçivəsində Rusiya ordusu Dnestryanı bölgəyə çıxışı təmin etmək üçün Ukraynanın cənubunda nəzarəti tam ələ keçirməlidir. Viktor Vodolatski kimi, Rüstəm Minnekayev də Dnestryanı bölgədə yaşayan rusdilli əhalinin sıxışdırıldığını, Moldovada nasistlərin iqtidarda olduğunu və buna görə Rusiyanın öz vətəndaşlarını qorumaq məcburiyyətində qaldığından bəhs etmişdi.

Rusiyada son zamanlar belə bir təbliğat aparılır ki, bütün dünya ruslara qarşı müharibə aparır. Ona görə də "özününküləri" qorumaq üçün əsgərlər həyatlarını fəda etməli, ruslar bütün dünyada müdafiə olunmalıdırlar. Belə görünür ki, Ukraynadakı döyüş meydanın coğrafiyasının Dnestryanı bölgəyə qədər genişlənməsi yalnız zaman məsələsidir.

Rusiyanın bu istəklərinə qarşı Qərb Ukraynanı sürətlə silahlandırır. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Ukrayna ilə yanaşı, Moldova və Gürcüstanın da hərbi potensialını gücləndirmək çağırışı ilə çıxış edib. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfərindən sonra deyib ki, Rusiya Ukraynada törətdiklərini bir daha təkrarlaya bilməyəcək qədər zəiflədilməlidir. Bu da Rusiyanın özünün demilitarizasiya edilməsinin nəzərdə tutulduğu anlama gəlir. Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə bu ölkənin demilitarizasiya və denazifikasiya edilməsi məqsədi ilə başlamışdı. İndi isə artıq onun özünün demilitarizasiya və denazifikasiya edilməsi müzakirə mövzusuna çevrilib.

Rusiya bütün bunlara daha sərt ifadələrlə 

cavab verir. Rusiya prezidenti Vladimir Putin Ukraynada digər dövlətlərin güc və vasitələrinin iştirakına "ildırım sürəti ilə" cavab veriləcəyini bəyan edib. "Əgər kimsə baş verən hadisələrə kənardan müdaxilə etmək və Rusiya üçün qəbuledilməz strateji təhdidlər yaratmaq niyyətindədirsə, bilməlidir ki, bizim cavab zərbələrimiz "ildırım sürətli" olacaq". Rusiya prezidenti bəyan edib ki, bunun üçün bütün imkanlara sahibdirlər. Rusiya prezidenti ilə yanaşı, bu ölkənin xarici işlər naziri Sergey Lavrovun da çıxışlarında ifadələr sərtləşməyə başlayıb. Sergey Lavrov nüvə müharibəsi ehtimalının artdığını vurğulayıb. Rusiyanın təbliğat maşını isə çox sürətlə nüvə müharibəsinin zəruriliyini təbliğ edir.

Bütün bunlar Rusiyanın Ukraynada apardığı müharibənin coğrafiyasının genişlənmə, hətta nüvə müharibəsinə çevrilmə ehtimalının iki ay öncə ilə müqayisədə kəskin artdığını göstərir.

 





01.05.2022    çap et  çap et