525.Az

ZAMANIN UCALIĞINDA


 

 ZAMANIN UCALIĞINDA<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatına diqqət və qayğısı ilə seçilən ümummilli liderimiz Heydər Əliyev sözü öz ucalığında dəyərləndirən, ədəbi aləmə ədəbiyyatçılardan çox xidmət edən, klassik, eləcə də müasir yazıçı və şairlərin yaradıcılığını tənqidçilərdən də sərrast təhlilə çəkən, qiymətləndirən qeyri-adi düşüncə və fikir sahibi idi. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, tarixinin əvəzsiz qayğıkeşi kimi ulu öndərin bu istiqamətdəki işləri sərkərdə xidməti ilə ölçüyə gələ bilər.

Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, yazıçı və şairlərə göstərdiyi xidmətlər saysız-hesabsızdır. Müdrik rəhbərimiz sadəcə qayğı göstərmirdi, həm də xeyirxahlıq missiyasını da ləyaqət və həssassızlıqla yerinə yetirirdi. Bu faktı hamı etiraf edir ki, bir qrup qələm sahibinin xilaskarı məhz Heydər Əliyev olub. Bəxtiyar Vahabzadənin, İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, Xəlil Rza Ulutürkün, Anarın sovet dövründəki milli ruha köklənmiş əsərləri başlarına bəla  gətirə bilərdi. Çünki bu müəlliflər elə bir zamanda azadlıq, həqiqət axtarırdılar ki, onları bu cəsarətlərinə görə ən azı Cavidin, Müşfiqin taleyi gözləyərdi.

Ədəbiyyata vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik məktəbi kimi baxan Heydər Əliyev onu göz bəbəyi kimi qoruyar və inkişaf etməsi üçün gözəl şərait yaradardı. 1981-ci ildə Şüvəlanda Yazıçıların Yaradıcılıq Evinin açılışı böyük bir hadisəyə çevrildi.

Ulu öndərin rəhbərliyi dövründə “Kitabi-Dədə Qorqud”dan üzü bəri Azərbaycan Ədəbiyyatına şah əsərlər bəxş etmiş klassik şairlərin, yazıçıların həm təntənəli yubileyləri keçirildi, həm də onların xatirəsini əbədıləşdirmək üçün heykəllər ucaldıldı. Şuşada M.P.Vaqifin, Naxçıvanda Əcəminin, Bakıda Nəsiminin,Gəncədə Nigar Rəfibəylinin... abidələri qoyuldu. Bir məsələ də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ədiblərin, sənətkarların uzun müddət yaşadıqları ünvanlarda ev-muzeyləri yaradıldı. Heydər Əliyev bütün bu təntənəli günlərin açılışında iştirak və çıxış edirdi. 1937 –ci ilin represiya qurbanı olan, dahi Azərbaycan dramaturqu Hüseyn Cavidin nəşi Sibirdən doğma vətənə gətirildi. Naxçıvanda Mömünə Xatun məqbərəsinin qoşa tayı- Cavidlər  məqbərəsi yaradıldı. Bakıda böyük sənətkarın abidə kompleksi də quruldu. Burda bir məsələni də qeyd etmək istərdim. Həmişə dərin bir fəxarətlə xatırlatmağı özümə borc bilirəm. Azərbaycanda üç şairin məzarının üstündə məqbərə yaradılıb. Nizaminin Gəncədə, Vaqifin Şuşada  və Naxçıvanda Cavidin.

Onun ikisinin- Vaqif və Cavidin qəbirüstü məqbərəsinin yaradıcısı məhz ulu öndərimiz Heydər Əliyevdi. Dağıdıcı xislətə malik ermənilər Qarabağımızı işğalda saxladığı vaxtlarda Şuşada çox tarixi abidələrimizi yox etməyə çalışıblar. Eləcə də Vaqifin məqbərəsini xarabazara çevirmişdilər. Haqlının qisası heç vaxt yerdə qalmaz. Dəmir yumruğun əzəmətli sahibi, ali baş komandanımız İlham Əliyevin və onun ətrafında birləşən müzəffər ordumuzun qəhrəmanlığı, fədakarlığı sayəsində Qarabağımız, Şuşamız erməni işğalçılarından azad edildi. Bərpa işlərinə başlandı. Vaqif yenə öz dərgahında məğrur dayandı. Bu, adi qalibiyyət deyidi. Heydər Əliyev ideyalarının yaşaması, ata vəsiyyəninin yerinə yetirilməsi demək idi.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra onun bir sıra yeni orden və medalları təsis olundu. Diqqətçəkən budur ki, dövlətin ən ali mükafatı olan “İstiqlal” ordeni ilk dəfə məhz ədəbiyyat xadimlərinə verildi. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, sonralar isə İsa Hüseynov,Anar və Mirvarid Dilbazi bu mükafata layiq görüldülər. “Şöhrət” ordeni alan ilk yazıçılarımız İsmayıl Şıxlı, Hüseyn İbrahimov oldu. Xalq yazıçısı fəxri adına Əzizə Cəfərzadə, Elçin, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Xalq şairi fəxri adına Hökümə Bülluri,  Söhrab Tahir, Cabir Novruz, Fikrət Qoca layiq görüldülər.

Tarixi və mədəni hadisələrin məsafə uzaqlığında Azərbaycanın taleyində ulu öndərin xidmətləri getdikcə daha aydın və parlaq görünməkdədir. Xalqa xidmət etmək şərafətinin ən halal və fədakar sahibi olan Heydər Əliyev həyatımızın bütün sahələrində  elə unudulmaz məqamlar, qüdrətli və əzəmətli yadigarlar bəxş edib ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, hünəri, əməyi qarşısında heyrətimizi, məhəbbətimizi dəfələrlə bildirməyi özümüzə borc bilirik.

Ömrün əbədiyyət zirvəsini fəth etmiş Heydər Əliyevin arzuları, ideyaları çiçək açmaqdadı. İşığı başımızın üstündə, özü hər an bizimlə, ideyaları əməllərimizdə- bu əbədi müasirimizlə uğurlu sabahlara doğru inamla yol gedirik. Fəxrlə, etirafla söyləyirik ki, Azərbaycanın özü kimi var olan bu dahi şəxsiyyətin min cür çətinlik və mübarizələrlə saldığı yolun ləyaqətli varisi tərəfindən necə əzmlə davam etdiyinin şahidiyik. Bu gün də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndələrinin yubileyləri YUNESKO səviyyəsində keçirilir. Azərbaycan ədəbi mühitinə dövlət tərəfindən qayğı  göstərilir. Onların yaradıcılıq fəalliyyətləri ilə səmərəli məşğul  olmaları  üçün müxtəlif sərəncamlar imzalanır, tədbirlər həyata keçirilir. Orden və medallar, fəxri adlar verilir, fərdi təqaüdlər ayrılır.Uğur və müsbət nəticələri doğuran şərait yaradılır.Azərbaycan Respublikasının Birinci Vitse prezidenti Mehriban xanım  Əliyevanın rəhbərliyi nəticəsində Heydər Əliyev Fondunun YUNESKO ilə birlikdə həyata keçirdiyi bir sıra xoşməramlı tədbirlər beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olmuşdur.

Bu gün Mehriban xanım Əliyevanın göstərdiyi fəalliyyət təkcə məmləkətimizin deyil, dünyanın da diqqət mərkəzindədi. Milli duyğularla yaşayan, bəşəri hisslərlə düşünən Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı, sözün həqiqi mənasında canyanğısı ilə çalışır. Səmimiyyəti, insanlara xoş münasibəti, ünsiyyəti ilə seçilən Mehriban xanım Əliyeva tez-tez uşaq evlərində, məktəblərdə, qaçqın və məcburi köçkünlərin arasında, imkansızların yanında, mədəniyyət və incəsənət xadimləri ilə birlikdə, bir sözlə, müxtəlif dialoqlarda, görüşlərdə, tədbirlərdə görürük. İnsanlar ona inanır. Özünün gözəl bir kəlamı var: “Həmişə həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çapdırmaq olmaz. İndi mən bundan demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmərəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur.” Bu fikir ölkənin birinci xanımının daxili zənginliyindən və böyük ürəyindən xəbər verir.

İllərlə çəkdiyimiz zillətə, xiffətə son qoyuldu. Bu gün dünyanın ən güclü və qüdrətli dövlətlərindən biriyik. Ali Baş Komandanın sarsılmaz iradəsi, qətiyyəti, qüdrəti sayəsində müzəffər ordumuz Qarabağı erməni vandallarından təmizlədi. İndi bu qoşa və şərəfli ömrün sahiblərini- İlham Əliyevi, Mehriban xanımı tez-tez Qarabağda,  eləcədə şəhid ailələri, yaxınları, qazilər arasında,  müxtəlif tədbirlərdə görürük. Azərbaycanın  hər bölgəsində onları məhəbbətlə qarşılayıb, ehtiramla yola salırlar. Əslində bir örnək və nümunə kimi çoxumuz bu xeyirxah və mərd insanlardan öyrənməkdədəyik. Söhbət vəzifədən, maddi imkandan getmir. Dayaq olmağı, əldən tutmağı, yaxşılıq etməyi,  mərdanəliyi  bacarmalıyıq. 
Son vaxtlar şahidi olduğum, eşitdiyim  bəzi xoş müjdələr məni sevindirir. O 44 günlük savaş günlərində necə birləşmişdik. Kimin nəyə gücü çatırdısa  orduya köməyə can atırdı. Bu bizim bir millət kimi böyüklüyümüzün ifadəsi idi. Tarixən bir içim suyu, bir tikə çörəyi bölməyi bacaran xalq olmuşuq.

DƏYƏRLƏRİN  KEŞİYİNDƏ

Adlarını bilərəkdən  çəkmirəm. Yaradıcılıqlarına yaxından bələd olduğum iki məşhur alim tanıyırdım. Neçə il idi ki, dünyalarını dəyişmışdilər. Uzun müddət məzarları sahmana salınmamış qalmışdı. Günlərin birində aldığım xəbərdən həm sevindim, həm də kövrəldim. Xeyirxah kimsə hər iki qəbirüstünü abadlaşdırmış və mərhumların abidəsini də hazırlatmışdı.  Bu günə kimi də o xeyirxahın kim olduğunu ailə üzvüləri bilmirlər. Fikirləşirəm ki, indiki günlərdə belə əliaçıqlıq etmək özü də  imandan, qəlb böyüklüyündən və milli dəyərlərin var olmağından, qorunmasından gəlir. Bu həm də ali şəxsiyyətlərin saldığı xeyirxahlıq yolunun bitmədiyini, davam etdiyini təsdiqləyir.

Bu yaxınlarda  saytlarda yayımlanan bir xəbər və şəkil diqqətimi çəkdi.  Ötən il dünyasını dəyişmiş Xalq şairi Musa Yaqubun qəbri üstündə abidəsi qoyulub. Qara mərmərin bağrından boy atan bəyaz libasda unudulmaz şairimizin daşlaşmış varlığı qulağımda əzbər bildiyim müsralarını səsləndirdi:
         
Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib,qış qalıb,

Göy çəməndə ocaq yanıb, daş qalıb,

Bu dünyanın qara daşı göyərməz...

Ruhun məni bağışlasın böyük və çox sevdiyim şair, sənin o müqəddəs məzarının üstündəki qara daş gör necə ustalıqlqla göyərdilib. Ziyarətinə gələnləri səssiz qarşılasan da, şeirlərin dil açıb ruhumuzu tərpədəcək:
        
Torpaq! Qara torpaq, fırçana əhsən!
Fırçanın verdiyi bu cana əhsən!

İsmayıllının Buynuz kəndində doğulmuşdu. Bir müddət Bakıda müxtəlif jurnal, qəzet redaksiyalarında çalışmışdı. İctimai-siyasi fəaliyyətilə diqqəti çəkən bir şəxsiyyət idi. Milli Məclisin deputatı olduğu illərdə ondan müsahibə  də almışdım. Yadımdadır ki, söhbət əsnasında ona belə bir sual da vermişdim:


- Dünyaya gəlmədim hayla-harayla,
Bir sakit guşədə, bir döşdəyəm mən.
Gündüzlər günəşlə,gecələr ayla,
Səhərlər quşlarla görüşdəyəm mən-deyən şair indi bu şəhərdə necə yaşayır?  

Gözləri dolsa da, cavab vermədi. 2019-cu ildə cənab Prezdentimiz İlham Əliyev Azərbaycan ədəbiyyatındakı xidmətlərinə görə onu Xalq şairi fəxri adına layiq gördü. Təbrik edəndə aldığım cavab məni həm təsirləndirdi, həm də bu böyük şairin yaddaşına heyrətləndirdi: “Flora xanım indi mən öz kainatımdayam. Dərələr görüş yerim, köksüm torpaqdadı...” Mətləbdən uzaq düşdüm. 

Dostlardan, qohumlardan öyrəndim ki, şairin qəbrüstünü abadlaşdıran, belə bir möhtəşəm abidənin yaradılmasının təşəbbüskarı həmişəki kimi yenə də məhz  Prezident İlham Əliyev və Birinci Vitse prezident Mehriban xanım Əliyevadı. Bu xeyirxah niyyətin gerçəkləşməsində Milli Məclisin deputatı Ağalar Vəliyevin  də dəstəyi öz bəhrəsini verib. Şairin nəvəsi Rüfət Qarazadə ilə  olan söhbətimizdə  minnətdarlığını bildirməyə söz tapmırdı.  İsmayıllıdan olan tələbə və qələm yoldaşım söylədi ki, təkcə şairin özünün deyil, anası Rəbiyyə Yaqubovanın, həyat yoldaşı Zöhrə xanımın, qardaşı Saməddinin də qəbir ustunun götürülməsi də məhz  Milli Məclisin deputatı Ağalar Vəliyevin diqqətindən yayınmayıb.  Dəyərlərin keşiyində məsuliyyətlə dayanmaq özü də ləyaqətin və daxili böyüklüyün  təzahürüdü. 

Millət vəkili Ağalar Vəliyevin xeyriyyəçilik fəalliyyəti  nəticəsində Bərdə rayonunda Seyid Yusif Ağanın da məzarı üstündə gözəl bir məqbərə tikilib. Hətta bu ziyarətə gedən 5.5 km. uzunluğunda avtomobil yolu da abadlaşdırılıb. 

Yeri gəlmişkən istərdim ki, bizim 44 günlük Vətən Müharibəsində  Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə həyata keçirdiyi xeyriyəçilik işlərindən bəzi nümunələri xatırladım. Deputatın təmsil olunduğu 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələri üzrə görülən işlər insanlığın, millət sevgisinin ifadəsidir. Bu rayonlarda şəhid olan 81 igidimizin dəfn, yas, il mərasimlərinin keçirilməsi,qəbrüstü abidələrinin hazırlanmasının maliyələşdirilməsi, 500-ə yaxın şəhid və qazi ailəsinə vaxtaşırı maliyyə yardımının göstətilməsi hər şeydən əvvəl, insanlıq və vətənpərvərlik addımlarıdır. Hər il müxtəlif bayramlarda təkcə şəhid və qazi ailələrinin deyil, imtiyazlı, aztəminatlı ailələrin unudulmaması, zəruri ərzaq məhsullarından ibarət  sovqatlarla təbriki yenə milli dəyərlərə sadiqliyin rəmzidir.

Xeyirxahlıq bizə ulu babalarımızdan miras qalmış ən ali xüsusiyyətdir. Ulu öndər Heydər Əliyevin unudulmaz fəaliyyəti, bu dahi şəxsiyyətin layiqli varısləri  cənab Prazident İlham Əliyevin, çox sevdiyimiz, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın məhz milli duyğularla yaşamaları, millətə, onun xoş gələcəyi naminə bir-birindən maraqlı, gərəkli layihələrə imza atmaları, xalqımızın  sabahını daim düşünmələri     bizi bəxtəvərliyin, xoşbəxtliyin ünvanına aparır. Nə xoş ki, bu dəyərlərin keşiyində dayanan digər millət övladları da var. Elə yazımı da Xalq şairi Musa Yaqubun şeiri ilə bitirirəm:

Bu dünyada sevinc də var, dərd də var,
Hərəsi bir yana çəkər könlümü.
Yaxşı ki, namərd yanında mərd də var,
Biri söksə, biri tikər könlümü...

 
 

 





05.05.2022    çap et  çap et