525.Az

Uşaqlığın son günü - Şahrun Süleymanlı yazır


 

Uşaqlığın son günü -<b style="color:red"> Şahrun Süleymanlı yazır</b>

Səhər açılandan vücuduma hakim kəsilən titrəyişin səbəbini düşündükcə həyəcanım daha da artırdı. Bəs necə, ömrümün bəlkə də, ən vacib görüşünə gedəcəkdim bu gün - uşaqlığımla görüşə. Bu görüş haqda məlumat alandan bəri, neçə gündür, onsuz da qaçaq düşmüş yuxugözlərimi biryolluq tərk edib. Elə hey bu möhtəşəm görüşü xəyalımda canlandırır, gün boyu öz-özümə dialoqlar qurur, imtahana hazırlaşan şagirdlər kimi özümə yer tapa bilmirdim.

Və budur, artıq həmin gün yetişdi. Bu gün düz 36 ildən sonra qoynunda ömrümün ən bəxtəvər, ən qayğısız günlərini keçirdiyim doğma məktəbimlə görüşə gedirdim. Bəlkə, özü də fərqində olmadan bizə dünyanın ən böyük yaxşılığını edən istedadlı jurnalist, Ağdam haqqında silsilə filmlər müəllifi Səadət Məmmədova məktəbimizin bir neçə nəfər müəllim və məzunundan ibarət heyətə səhər saat 10-da Evoğlu postunda olmağı tapşırmışdı. Deyəsən, heyət üzvlərinin hamısı mənim qədər həyəcanlıdır,  hər kəs vaxtından əvvəl görüş yerindədir.

Zəruri təhlükəsizlik tədbirləri görüləndən sonra maşın karvanı illərdir kandarından döndüyümüz, torpağına, havasına, suyuna, qoxusuna möhtac qaldığımız Ağdam istiqamətinə yol alır. Bir müddət sonra 30 ildir arzusunda olduğumuz, yol getdiyimiz Vətənə yetişəcəyik.

Budur, artıq ziyarətinə gəldiyimiz qibləgahımızın - məktəbimizin yeni məkanındayıq. Ağdam şəhərinin baş planına uyğun olaraq məktəbin başqa ərazidə - əvvəlki yerindən bir qədər kənarda bərpası nəzərdə tutulub. Artıq yeni məktəb binasının təməli də qoyulub. Bizim qrup da indi həmin yerdədir. Hər kəs çaşqınlıq içərisindədir. Beynimiz olub bitənləri qəlbimizə ötürməkdə aciz qalıb. Qəlbimizdə baş qaldıran tufanlardan qorxur, elə bil. Hamı ətrafda gördüyü mənzərənin sarsıntısını yaşamaqla bərabər, gələcəyə atılan təməlin sevincinə də laqeyd deyil.

Elə bu qarışıq duyğular içində yenidən maşınlara minib o böyüklükdə şəhərdə daşı-daş üstündə qalan yeganə tikiliyə - Ağdam məscidinə tərəf yollanırıq.

İllərdir üzlərini görmədiyim müəllimlərimlə bir maşında getmək nə qədər həyəcanlı olsa da, bugünkü Ağdam həyəcanının yanında sönük qalıb. Maşının pəncərəsindən ətrafdakı tükürpədici mənzərəni, neçə illərdən bəri bir şəhərə tutulan divanın izlərini, o böyük, möhtəşəm şəhərdən geriyə qalan qalıqları dəhşət içində seyr edə-edə, xatirimizdə qalan yerlərin məzarlığını gördükcə bir-bir adlarını çəkə-çəkə gəlib məscidə çatırıq. Qısamüddətli ziyarətdən sonra hər birimiz üçün bilik məbədi sayılan Ağdam şəhər bir nömrəli məktəbin bir əsrdən çox fəaliyyət göstərdiyi məkana üz tuturuq.

Hələ xeyli aralıdan o böyüklükdə məktəb binasından geriyə qalan yeganə nişanə - fasad divarlar boy göstərməyə başlayır. Nəhayət, gəlib çatırıq. Heç birimiz maşınlardan düşməyə ürək eləmirik. Gördüyümüz dəhşətin qəlbimizdəki bütün ümidləri alt-üst edəcəyindən qorxurduq elə bil. İlahi, bir insan, bir canlı, bir toplum bu qədər amansız, qəddar, vəhşi, bütün insani hisslərdən bu qədər uzaq ola bilərmişmi? Bir zamanlar yüzlərlə şagird və müəllim kollektivinin hər gün gəlib-getdiyi, qayğısız çocuqların şən-şaqraq gülüşlərinin, hər 45 dəqiqədən bir çalınan cingiltili zənglərin şahidi olan o möhtəşəm tikili yerlə-yeksandır. Uçulub dağılmış bir dünya var qarşımızda. Ətraf uçulub dağılmış daş-çınqıl təpəciklərdən ibarətdir. Hər yer xarabalığı xatırladır - üst-üstə qalanmış daş-kəsək yığınlarından ibarət miskin, bomboz xarabalığı. O qalıqların altında gözlərim nə qədər kiçik bir xatirə, bir təbaşir parçası, sınmış bir qələm, buranın bir vaxtlar məktəb olduğuna dəlalət edən hansısa bir əşya axtarsa da, heç nə tapa bilmirəm...

O qədər ağrının, işgəncənin, hüznün içində başı dik, məğrur dayanan məktəbin əzəmətli fasad divarları öz mətinliyi, dəyanəti, əyilməz, qürurlu duruşuyla sanki bizləri düşdüyümüz çaşqınlıqdan çəkib çıxarmaq istəyir, "Özünüzü ələ alın, mənə baxın, bu qədər əzab-əziyyət, işgəncələr gördüm, ümidimi bir an da itirmədim, bu neçə ildə düşmənin qarşısında əyilmədən, sınmadan sizləri gözlədim, bu günün gələcəyinə bir an da inamımı itirmədim" - deyir sanki.

Deyəsən, o səssiz ismarıcı hamı duymuşdu. Bir anın içində sanki hər kəs kabusdan ayılır. O bir parça Vətəndə böyük bir Ağdam canlanmağa başlayır yavaş-yavaş. Ətrafı gəzən kim, çəkilişə hazırlaşan kim. Yenə Ağdamlaşır hər yer... Bax, ora Frunze küçəsidir, bu tərəf Süleyman Sani Axundov, odur e Voraşilov küçəsi, bax o uzaqdakı da Mirzə Fətəli Axundov küçəsidir, o yanda Tağının kitab mağazası, Tələtin apteki, Abının univermağı, Mədəniyyət evi və s... Hamı bir-birinin bələdçisidir indi.

 

Belə gərgin, təlatümlü, bir dəqiqənin içərisində haldan-hala düşən vaxtımızda daha bir möcüzə yaşayırıq. Neçə illər olmazın məşəqqətlərə sinə gərən məktəbin uçulmuş divarları bir anda canlanır, qocaman bir insana çevrilir, elə bil: yaşı doxsanı ötmüş, məktəbin bu gün sağ qalan bəlkə də, ən yaşlı müəlliməsi Bikə xanım Əsədovanın əzmi, iradəsi, hökmü, ötkəm çıxışı hər kəsi heyrətə salır. Başqa vaxt yaşından dolayı, bəlkə də, hər iki sözündən birini unudacaq olan bu ahıl yaşlı qadın otuz ildir qəlbini deşən bütün sözləri bir-birinin ardınca elə səlis düzür ki, mat-məəttəl qalmaya bilmirsən. Doğma balasını Vətən yolunda itirən Bikə ananın, qadının, müəllimənin hafizəsini təzələyən, dilini çözən, ruhunu sevindirən də elə Vətən torpağı, yurd havası, özünə vətən saydığı, ömrünün yarısını divarları arasında keçirdiyi doğma məktəbidir yəqin ki...

Çəkilişlərə bir qədər ara verilir, yüngülvari qəlyanaltı etmək üçün maşınlara tərəf gedəndə gördüyümüz mənzərə bizi həm təəccübləndirir, həm də ağdamlı kimi bir daha qürurlandırır. Səfər yoldaşlarımız, heyətin yaşca ən kiçikləri - Ağdam dərdinə dözməyib ürəyi partlayan bir atanın iki övladı - Günel və Xəyyam Hüseynovlar o darmacalda qar kimi ağappaq süfrə salıb, dünyanın ən dadlı naz-nemətlərini ortaya düzür, samovar qalayıb çay dəmləyir, hər kəsi süfrə ətrafına dəvət edirlər. Məni qınamayın, bir anlıq elə düşünürəm ki, o xarabalığın içərisində, o ağır şəraitdə, o gərgin əhval-ruhiyyədə bu qonaqpərvərliyi yalnız ağdamlı balası eləyə bilərdi.

Evləri bir vaxtlar məktəbə yaxın olanlar öz evlərinin qalıqlarını son kəs izləməyə gedirlər. Həyatımda ən önəmli insanlardan biri hesab etdiyim dil-ədəbiyyat müəlliməsi Nərgiz müəllimənin - Nərgiz Həsənovanın ağappaq ağarmış bənizini uzaqdan görəndə keçirdiyi hissləri təsəvvür etməyə çalışıram. Evlərini görüb gəlib... Daha doğrusu, evlərinin yerində qalmış dağıntıları. Evlərinin yerini həyat yoldaşı Aydın müəllim həyətlərində öz əllərilə tikdiyi bulağın mavi rəngli kafelinin qırıqlarından güclə tapa bilib. Sonra məni də həyətlərinə aparırlar. Yəqin, boynumu büküb öz evimizin harada olduğunu tapa bilməməyimin gətirdiyi hüznü duyurlar, ona görə. Uşaqlıqda çox olduğumdan o həyət də, o evin qalıqları da onun sakinləri kimi mənə doğma gəlir...

...Çəkiliş yavaş-yavaş yekunlaşır. Mənim çıxışım ən sonunculardan idi.

Bu qədər insanı bir ocağın işığına toplayan, Ağdam işğaldan azad olunduqdan sonra onu yenidən kadr-kadr çəkib bizlərə göstərən əsl ağdamlı qızı, gözəl, mehriban insan Səadət xanım nədənsə məhz mənim çıxışımı bir ocağın fonunda çəkməyi təklif edir. Deyəsən, doğma yurduma gəlib öz evimizə görmədən qayıdacağıma görə gözümdən asılı qalan, amma axıb tökülə bilməyən göz yaşlarımı o da görmüşdü, buz bağlayan ürəyimin titrəyişini o da hiss etmişdi. Bu ocaqla məktəbin uçuq divarlarını isitmək istədiyini desə də, əslində, Səadət xanım o ocaqda qızınmağa hamımızın ehtiyacı olduğunu çox gözəl anlayırdı.

Uşaq vaxtı evimizdə kimdənsə küsəndə məktəbdə təskinlik tapardım, o doğma divarların, mehriban müəllimlərimin, sevimli dostlarımın arasında toxtayardım. Sanki qocaman məktəbim indi də kösöcə dönmüş əllərini uzadıb saçlarımı oxşadı, mənə təsəlli verdi, "Üzülmə" dedi, "Bax, evinizi tapmasan da, yenə mənim qoynumdasan, yenə sənin arxandayam" - pıçıldadı. Çox vaxt ən xırda bir hadisəyə görə də təsirlənən, kövrəlib göz yaşlarını saxlaya bilməyən məni indi toxtaq tutan, bir damla göz yaşı da axıtmağa qoymayan, bəlkə də, elə bu qayğı, bu hayanlıq idi. 

Çəkiliş zamanı nə dediyim, necə danışdığım yadımda deyil, bircə onu bilirəm ki, orada olan hər kəs o ocağın bir zərrəsini özüylə gətirdi - o qoca məbədin son işartısı kimi...

Yolboyu Aydın müəllimin avtomobilin maqnitofonunda oxutduğu həzin musiqilər səhərdən donmuş ürəyimin buzunu əritdikcə göz yaşlarım payızın çiskininə qarışıb hey axırdı. Kədəri, hüznü bir kənara qoyub, yeni, möhtəşəm Ağdamın xəyalını qura-qura uşaqlığımla həmişəlik vidalaşırdım...

 





05.05.2022    çap et  çap et