Vaxtilə İrana qarşı sanksiyaları açıq şəkildə pozan Ermənistan indi eyni siyasəti Rusiyaya münasibətdə də davam etdirir. Qəribədir ki, İrəvanın Rusiya pullarının “yuyulması” üçün şərait yaratması Qərbdə sakit qarşılanır.
Rusiyaya qarşı sanksiyaları pozmaqda şübhəli bilinən bütün ölkələrə xəbərdarlıq edildiyi halda, Ermənistana irad bildirilmir. Əksinə Ermənistan XİN rəhbəri ABŞ-a “Demokratiya sammitinə” dəvət olunur. Bu, əlbəttə ki, ikili standartların bariz nümunəsidir. Nəyə görə Venesuella, Eritriya, Sudan sanksiyalara məruz qalır, amma bu gün Ukrayna müharibəsində Rusiyaya dəstək verən Ermənistan yox?
Millət vəkili Ceyhun Məmmədov “525”ə açıqlamasında deyib ki, bu gün Ermənistan həm İran, həm də Rusiya ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Qərbin tam dəstəyini alıb: “Bu gün bu dəstək açıq aydın görünür. Dünyanın bir sıra ölkələrinə Rusiya və İranla əməkdaşlığa görə sanksiya tətbiq edildiyi halda, Ermənistan hər iki ölkə ilə sıx əməkdaşlıq edir. Bununla belə Ermənistan XİN rəhbəri ABŞ-a dəvət olunur, Ermənistanın xaricim işlər naziri “Demokratiya sammitində” iştirak edir. Təəssüf ki, bu gün konstruktiv mövqe namayiş etdirən, beynəlxalq hüquq normalarına tam əməl edən Azərbaycana qarşi isə eyni münasibəti görmürük. Bu, həqiqətən də ikili standartların və qərəzli yanaşmanın nümunəsidir. Nəyə görə Venesuela, Eritriya, Sudana sanksiyalar tətbiq olunur, ancaq Ukraynaya qarşı Rusiyanın yanında olan Ermənistan kənarda qalır? Hesab edirəm ki, bu birmənalı olaraq qərəzli yanaşmadır, ədalətsizlikdir, ikili standartların təzahürüdür”.
Politoloq İlqar Vəlizadənin sözlərinə görə, illərdir Cənubi Qafqazda işğal siyasəti yürüdən Ermənistan indi də Rusiyaya dəstək verir: “Rusiya indiyədək görünməmiş iqtisadi sanksiyalara məruz qalıb. Qərb ölkələri tərəfindən təcrid edilib. Çinə Rusiya ordusuna hərbi sursat göndəriləcəyi təqdirdə “nəticələrinə qatlanacaqları” barədə xəbərdarlıq olunub. Hazırda Rusiyaya dəstək verən Ermənistana nə sanksiyalar tətbiq edilib, nə də xəbərdarlıq olunub. Bu gün danılmaz həqiqətdir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Rusiya ordusunu həm canlı qüvvə, həm də texnika ilə təmin edir, ermənilər ictimai dəstək aksiyaları ilə rus işğalına haqq qazandırır, “könüllü” adı altında muzdlu dəstələr Ukraynadakı qırğınlarda iştirak edirlər. Ermənistandan “könüllü” adı altında muzdluların Rusiya ordusunda döyüşünə imkan yaradıldığı haqda məlumatlar var. Ermənistan ictimaiyyətində Rusiyaya dəstək aksiyalarının təşkilinə şərait yaradılır. Müharibə başlayandan indiyə qədər İrəvanda Rusiyaya dəstək məqsədilə onlarla aksiya keçirilib. Ermənistan mediası açıq şəkildə Rusiyanın işğal hücumunu təbliğ edir. Hakimiyyət və müxalifət mediası paralel şəkildə Ukraynanın işğalına haqq qazandırır. Ancaq Rusiya ilə yaxınlaşan Ermənistan Qərb tərəfindən yaxın tezlikdə ciddi cəzalara məruz qala bilər. Çünki Ermənistan Rusiyanın Ukrayna siyasətinə getdikcə daha çox dəstək verməyə başlayır”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, Rusiyaya qarşı sanksiyaları pozmaqda şübhəli bilinən bütün ölkələrə xəbərdarlıq edildiyi, sanksiyalar tətbiq edildiyi halda Ukrayna müharibəsində Rusiyaya dəstək olan Ermənistana heç bir iradın bildirilməməsinin səbəbi bir sıra Qərb ölkələrində və ABŞ-da siyasətə təsir edə bilən diasporun lobbiçilik fəaliyyətidir: “Müəyyən qədər siyasi korrupsiyaya uğramış Avropa və Amerika siyasətçiləri Ermənistanın istənilən cinayət əməllərinə göz yumurlar. Biz bunu uzun illərdir müşahidə edirik. Ermənistanın istənilən hərəkəti diqqətdən yayındırılır. Rəsmi İrəvana qarşı hər hansı sanksiyalar və cəzalar tətbiq edilmir. Bu, məhz erməni lobbiçilərinin səyləri nəticəsindədir”.
Sevinc QARAYEVA
çap et