525.Az

Səmənidən milyonlar qazanmaq... - Etibar Rəhimov yazır


 

Səmənidən milyonlar qazanmaq... -<b style="color:red"> Etibar Rəhimov yazır</b>

Ölkəyə valyuta, qızıl və rifah gətirən sahələrdən biri də markalaşmış, milli, regional, patentli məhsulların istehsalıdır. Tarix boyu bəzi nemətlərimiz əcnəbi səyyahlar tərəfindən mənimsənilib. Orta əsrlərdə Səlcuqi dövləti ilə ticari-iqtisadi əlaqələri olan və Təbriz mahalından üzüm bəkməzi alan italiyalılar sonradan bu məhsulu qıcqırdaraq Balzamik sirkə əldə etdilər.  Bu gün təkcə İtaliyanın Modena əyaləti, İngiltərə kraliçası, Hollivud ulduzları və planetin zənginləri də daxil olmaqla, dünya ölkələrində nüfuzlu dairələrə 8-15 il palıd çəlləklərdə qatılaşdırılmış sirkə ixrac edərək liderliyi özündə saxlayır. Elə o dövrlərdə bir çox insanın "abqora" kimi tanıdığı qora suyu yenə bizim coğrafiyadan dəniz yoluyla Fransada, sonralar "Le verjus"  adıyla Almaniya, Avstriya, İtaliya və İngiltərədə məşhurlaşdı. "Le verjus" bu gün də Avropada ətləri yumşaltmaq, onlara dad vermək üçün aşpazlar tərəfindən geniş istifadə olunur.

Başqa bir misal: Çin, Pakistan və Hindistanda toxunmuş Azərbaycan əl xalçaları dünya bazarlarında orijinal əsərlər kimi satılır. UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınsa da adı çəkilən ölkələrdə buna əhəmiyyət verən yoxdur. Qardaş Türkiyənin Bodrum, Quş adası, Marmaris, Kapadokya kimi tanınmış turistik bölgələrində onların satışının şahidi olmuşam. Türk iş adamları da bundan narahatdır. Çünki təqlid olunan, müxtəlif yollarla ölkəyə gətirilən həm də Şərq xalçaçılıq sənətinin bir qolu olan qədim Anadolu xalçalarıdır.

Kim bilir, növbəti sırada hansı nemətimiz var.  Şirniyyatlar, qaya duzu, zəfəran, bəkməzlər, meyvə turşuları, bal, mürəbbələr, qoyun yunundan və quş tükündən yorğanlar, qızılgül ləçəyindən yastıqlar, gül suyu, gül yağı, nərə balığı kürüsü və sair... Artıq xalq arasında sevilən, yalnız Azərbaycanın kənd rayonlarının bazarlarında satılan regional məhsulların patentləşdirilməsi, istehsalının artırılması və ixrac edilməsinin zamanı gəlib. Bəlkə də yüzlərlə regional məhsul respublikamızda tanınmasa da, xarici ölkələrdə patentləşdirilib. Halbuki ölkələr bu cür məhsullardan milyonlar əldə edir. Avropa ölkələri maddi sərvətlərinin qiymətini bilərək bu bazarı çoxdan yaradıblar.

Uzun müddətdir ki sosial şəbəkələrdə Novruz bayramının simvolu olan səməninin nə vaxt və harada yarandığı barədə mübahisələr görürəm.

İran, Əfqanıstan, Qafqaz, Orta Asiya, Çin, Türkiyə, Rusiya Federasiyasında hər il qeyd edilən Novruz bayramı bu coğrafiyadakı xalqların bayramıdır. İstər qədim Memfisdə, istər Əhəmənilər dövründə, istərsə də əkinçiliyin banisi olan Çində Şan sülaləsi dövründə yaransın, səməni ortaq bir mədəniyyətin simvoludur. Zənnimcə, üzərində durulması olan əsas məsələ səməninin hansı xalqa məxsus olması deyil, ona necə dəyər verilməsidir. Dünyada əkinçiliyin, bolluğun, bərəkətin, yaşılın, torpağın, suyun, günəşin və baharın eyni anda simvolu olan Səməni qədər qədim bir totem yoxdur. Səməniyə sitayiş edilərkən İngiltərədə Stounhenc hələ inşa edilməmişdi.  Əsrlərdir gözümüzün önündə duran, bəzən də Novruz bayramının elə ertəsi günü zibilliyə atılan səməninin taleyində başqa bir mühüm əhəmiyyəti daha var imiş. 

Buğdanın su, hava və günəşlə birləşib cücərməsi dünyanın ilk hidroponika - yəni torpaqsız əkinçilik möcüzəsidir. Bunu da avstraliyalı startapçı  Jefri Money düşünüb tapıb. J.Money taxılı cücərdən tam avtomatlaşdırılmış sistem ixtira edib. 1 kq arpa, buğda, çovdar, yulaf və başqa taxıl məhsullarından 7 gündə 8 kq yaşıl  kütlə əldə edilir. 

Düşünəcəksiniz ki, bunu evdə də edə bilərik, bunun nəyi ixtiradır?  Hər ölkədə ildə 200 gün buludsuz, günəşli, bitkiçilik üçün əlverişli iqlim şəraiti olmur.  Şimal yarımkürəsində, yaylaq ekosistemi olmayan, eləcə də yağmurlu tropik ölkələrdə fermerlər üçün saxta günəş işıqlandırılması ilə cücərdilən taxıllar əvəzsiz heyvan yemidir. Qış aylarında  maya dəyəri aşağı olan yaşıl təzə yemə böyük ehtiyac var. Dənlər qablarda yuyulur, hər qabda 1 kq hesabı ilə sərilir. İkinci gündən etibarən taxıllar cücərir. Üçüncü gün dənin kök sistemi şaxələnir. Dördüncü gün həm köklər, həm də yaşıl kütlə sürətlə inkişaf edir. Yeddinci gün kök qalınlığı ilə birgə bitkinin hündürlüyü 16 sm-ə çatır. 8-ci gün heyvanlar üçün yaşıl, təzə yem hazırdır. Ən vacibi odur ki, otlar saralmasın. Açıq hava şəraitində bu inkişafı yalnız dörd aya əldə etmək mümkündür. Heyvan yemi toxumları ilə birgə yeyir, əsas qidalılıq da onun kök sistemindədir. Yaşıl yem əkimi üçün münbit torpaqlar və su resursları olmayan yerlərdə, işçi qüvvəsinin az olduğu dağlıq, ya da quraq ərazilərdə bu texnologiya əvəzolunmazdır. J.Money bu ixtirasını patentləşdirərək Avstraliyanın "Fodder Solutions" aqrar innovasiyalar şirkətinə satıb. Adıçəkilən şirkət isə dünyanın bütün ölkələrində yerli və regional dilerlər vasitəsilə sistemin satışını həyata keçirdir. Bu gün siz, hansı ölkədə olursa olsun, həmin qurğunu satın alsanız,  qazanan "Fodder Solutions" şirkəti olacaq. Sual yaranır: buna ehtiyac var idimi?..

Dünyada yem bitkiləri və su resursları tükənməkdədir. Yer üzündə qida və su mənbələrinin istehlakını araşdıran Global Footprint Network Təşkilatının (GFN) araşdırmasına görə, 2050-cı  ildə planetimizdə istehsal olunan qida və su elə ertəsi gün bitəcək. Bəzi vərdişlərimizlə vidalaşmasaq bütün bunlar acı reallıqdır. Əgər 1 kq arpanı torpağa əksəydik, J.Money ixtira etdiyi sistemin 7 gündə cücərtdiyi qədərki məhsulu 4 ayda alardıq. Üstəlik köksüz və dənsiz halda. Həm də torpaqdan istifadə etmədən, insan əməyinə, gübrəyə, texnikaya, yanacağa, suya və enerjiyə qənaət edərək. Və ətraf mühiti çirkləndirmədən. Payız-qış aylarında, xüsusən də noyabr-mart aylarında 150 ton yaşıl yem yetişdirmək üçün 50 hektar əraziyə ehtiyac var. J.Moneyin ixtira etdiyi sistemlə 50 kv.m. bir otaqda günlük 1 ton yaşıl yem almaq mümkündür. Bu sistemi həm konteyner, həm də binalarda quraşdırmaq mümkündür. Sistem südçülük sahəsində tələb olunan rasionda ilboyu qüvvəli yemləndirməyə imkan verir. 600-650 diri çəkisi olan bir inək 20-25 litr süd verirsə onun gündə 20-30 kq yaşıl ot yeməsi vacibdir. Bu halda 5-6 kilo arpa ile 2 inəyin günlük yaşıl ot ehtiyacını rahat ödəmək mümkündür. Eyni miqdarda yaşıl yem kütləsi ilə 15 qoyun, 50 dovşan, 200 hind toyuğu, 400 toyuq yedirmək mümkündür.

O ki qaldı səməniyə, dünya bazarlarında taxılın qiymətinin saatbasaat artdığı bir zamanda səməni cücərtmək üçün arpa və buğdaya ehtiyac yoxdur. Çayır tipli otlar (məsələn, Reyqgras), hətta plastik süni səmənilər də taxılı əvəz edə bilər.  

 





05.05.2022    çap et  çap et