525.Az

Ekoloji terrora məruz qalan çaylarımız


 

İŞĞALÇI ERMƏNİSTANIN SU EHTİYATLARIMIZA VURDUĞU ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ ARADAN QALDIRILMASI ÜÇÜN DAVAMLI İŞ APARILIR

Ekoloji terrora məruz qalan çaylarımız<b style="color:red"></b>

İşğaldan azad edilən ərazilərdə yerləşən su obyektlərində 2020-ci il dekabrın 25-dən başlayaraq suyun keyfiyyətini müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinqlər aparılır. Analiz üçün su və dib çöküntüsü nümunələri götürülür, təhlillər aparılır. Aparılan müvafiq analizlərin nəticələrinə görə, su obyektlərindəki suda çirkləndirici maddələr mövcuddur, çaylar ciddi şəkildə çirklənməyə məruz qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın sözlərinə görə, 2021-ci il və 2022-ci ilin I rübü ərzində Oxçuçayın Zəngilan rayonu ərazisindən keçən hissəsində çayın yuxarı, orta və aşağı axınlarını əhatə etməklə hər dekadada - ümumilikdə 58 dəfə monitorinq keçirilib, 158 su nümunəsi, 184 dib çöküntüsü nümunəsi götürülüb, müvafiq fiziki-kimyəvi analizlər aparılıb. Çayda ən çox çirklənmə halları yanvar-mart və iyun-avqust ayları, əsasən azsuluq dövrlərdə aşkar olunub. Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib.

Orta illik nəticələrə əsasən: yuxarı axında ammonium 3.4 dəfə, manqan 3.1 dəfə, dəmir 1.5 dəfə, nikel 5.5 dəfə, kadmium 3.4 dəfə, molibden 1.9 dəfə normadan çox olub.

Yuxarı axında müxtəlif dərinliklərdən  götürülən dib çöküntüləri nümunələrində metalların qatılığı orta və aşağı axına nisbətən daha yüksək olduğu müəyyən edilib: "Qeyd etmək lazımdır ki, çayın çirklənməsinə səbəb Ermənistan ərazisində fəaliyyət göstərən Qafan və Qacaran mis- molibden kombinatlarından atılan tullantı sularıdır. Tullantı suları təmizlənmədən birbaşa çaya axıdılır, bu da çayın ağır metallarla çirklənməsinə gətirib çıxarır. Çayın ağır metallarla yüksək səviyyədə çirklənməsi çayın ekosisteminin pozulmasına və orada yaşayan bioresursların məhvinə səbəb olur". 

Qeyd edək ki, Oxçuçayla bağlı vəziyyətə Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də toxunub: "Lev çayı, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçayın fəlakəti indi dünyanın gözü qabağındadır. Biz bu məsələni qaldırmışıq. Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən "Cronimet" şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti törədən "Cronimet" şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən, xarici şirkətləri, hansılar ki, bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan "Cronimet" şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyir ki, yerli və beynəlxalq laboratoriyalar tərəfindən aparılan analizlərin nəticələrinə əsasən həmin ərazilərdən axan transsərhəd çayların ciddi şəkildə çirklənməyə məruz qaldığı müəyyən edilib. İşğal müddətində su obyektləri ciddi antropogen təsirlərə məruz qalıb, çayların ekosistemi məhv edilib, mövcud infrastruktur dağıdılıb, bir sözlə ekoloji terror törədilib.

Onun dediyinə görə, ərazilərin ekoloji nəzarətdən kənarda qalması nəticəsində uzun illər su obyektlərinin vəziyyəti barədə dəqiq məlumatların əldə edilməsi mümkün olmayıb: "Lakin bu gün çayların çirklənmə səviyyəsinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir. Yerli və beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalar tərəfindən aparılan analizlərin nəticələrinə əsasən həmin ərazilərdən axan transsərhəd çayların, xüsusilə Oxçuçayın ciddi şəkildə çirklənməyə məruz qaldığı müəyyən edilib".

F.Mütəllimov bildirib ki, Oxçuçaydan götürülən su və dib çöküntüsü nümunələrində ağır metalların miqdarının normadan dəfələrlə çox olduğu qeydə alınıb: "Oxçuçayın çirklənməsinin əsas mənbəyi Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden zavodu və Qafan mis filizsaflaşdırma kombinatının toksiki tullantıları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab və müxtəlif təyinatlı istehsalat obyektlərinin tullantı sularının təmizlənmədən birbaşa çaya axıdılmasıdır. Çirklənmə nəticəsində çayın yatağı ekoloji fəlakət zonasına çevrilib ki, bu da fauna növlərinin kütləvi məhv olmasına səbəb olur".

Nazirlik rəsmisi qeyd edib ki, Oxçuçayın ekoloji böhranı və kritik vəziyyəti, o cümlədən, Ermənistan tərəfindən davamlı çirkləndirilməsi baxımından çay və onun ekosistemi üçün gözlənilən ekoloji risklərin və çirklənmənin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə beynəlxalq təşkilatlara müraciətlər olunub: "İşğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərər və ziyan qiymətləndirilir, hər bir fakt sənədləşdirilir. Azad olunan ərazilərdə işğal müddətində qanunsuz fəaliyyətlə məşğul olan, təbiətə, ətraf mühitə, su ehtiyatlarına, çaylara zərər vuranlar mütləq şəkildə məsuliyyətə cəlb olunacaqlar, törətdikləri əmələ görə də cavab verəcəklər".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, işğaldan azad olunan ərazilərdə 11 avtomat hidroloji stansiyadan 4-ü Ermənistanla sərhəddən 10.01 kilometr məsafədə Şayıflı kəndi ərazisində Oxçuçay, 2.65 kilometr məsafədə Zəngilan rayonun Rəzdərə kəndi ərazisində Bəsitçay və 6.5 kilometr məsafədə Qubadlı rayonunun Əliquluuşağı kəndi ərazisində Bərgüşad çayları, o cümlədən 6.2 kilometr məsafədə Ağbənd qəsəbəsində Araz çayı üzərində quraşdırılır. 

Xidmət rəisinin sözlərinə əsasən, qonşu ölkələrin ərazilərindən keçərək ölkəmizə daxil olan bu çaylarda transsərhəd çirklənmənin onlayn şəkildə müəyyən edilməsi məqsədilə keyfiyyət sensorları ilə təchiz olunmuş avtomat hidroloji stansiyaların quraşdırılması prosesi davam edir və cari ilin II rübündə işlər tamamlanacaq: "Onlayn şəkildə suyun keyfiyyətinin nəzarətinə imkan verəcək: pH-sensoru - ilkin olaraq suyun təbii mühitinin dəyişməsi, oksigen sensoru - suyun çirklənməsi nəticəsində oksigen rejiminin pozulması olaraq, elektrik keçiriciliyi sensoru isə suyun hansı mənşəli maddələrlə çirklənməsi barədə ilkin məlumatların əldə edilməsinə şərait yaradacaq". U.Tağıyeva vurğulayıb ki, stansiyalarda suyun temperaturunun və su sərflərinin avtomat rejimdə ölçülməsi çirklənmənin mənşəyinin təyinində və çirklənmə yükünün hesablanmasında mühüm rol oynayacaq: "Əvvəllər hidroloji və suyun keyfiyyətinə dair monitorinq müəyyən edilmiş vaxtlarda aparılırdı bu isə yalnız ölçmə zamanı su obyektlərinin hidrokimyəvi vəziyyətini qiymətləndirməyə imkan verirdi. Lakin ölçmə müddətləri arasında hər hansı bir fövqəl və qısamüddətli çirklənmə baş verərkən onu qeyd etmək mümkün olmurdu. Quraşdırılacaq avtomat stansiyalar isə istənilən anda həm çayların hidroloji rejimini, həm də suyun keyfiyyətindəki dəyişiklikləri fasiləsiz olaraq izləmək və vaxtlı-vaxtında lazımi tədbirlər görmək imkanı verəcək. Müvafiq təşkilatlar üçün məlumat əldə edilməsində əlçatanlıq təmin ediləcək".

Umayra Tağıyeva əlavə edib ki, çayların çirklənməsi onlayn qaydada izləniləcək. Bəsitçay, Oxçuçay, Bərgüşad və Araz çaylarında qruaşdırılacaq avtomat hidrometeoroloji stansiyalar keyfiyyət sensorları ilə təchiz ediləcək. Bu proses avtomat stansiyalar vasitəsilə çayın çirklənməsini onlayn, avtomatik və fasiləsiz olaraq müəyyən etməyə imkan verəcək. "İstər beynəlxalq qurumlar, istərsə də Azərbaycanın istənilən yerli qurumu həmin stansiyalar vasitəsilə çayın çirklənmə səviyyəsi barədə onlayn məlumat ala biləcəklər". 

Sevinc QARAYEVA

 





05.05.2022    çap et  çap et