525.Az

Şuşa şeirləri - Zahid Xəlildən poetik nümunələr


 

Şuşa şeirləri -<b style="color:red"> Zahid Xəlildən poetik nümunələr</b>

ŞEİRİMƏ GƏLDİ BAHAR NƏFƏSİ

Otuz ildi bulaqlar
Dərd-kədər çağlayırdı.
Yolları ot basmışdı
Dərələr ağlayırdı.
 
Manqalların başında
Araq vururdu yağı!
Ürəyimdə yanırdı
Yüz bayatı, min ağı.

Həsrətlə inləyirdi
Şuşanın dağı, daşı.
Süzülüb qurumuşdu
Qaçqınların göz yaşı.

Birdən dünya diksindi
Haqqın qəfil səsindən.
"Dəmir yumruq" yarandı
Allahın sevgisindən.

Durub bir nərə çəkdi
Hay verdi xalq, səsinə.
Sanki dünya oyandı
Bir qəfil haqq səsinə.

Komandanın səsindən
Qalxdı, dağ-daş oyandı.
Yataqda xallı pələng,
Budaqda quş oyandı.

İgidlər güc aldılar
O İgidin səsindən,
Daha qorxu qalmadı
Düşmənin hiyləsindən.

Qalxdı, ayağa qalxdı
Boz qayalar yerindən!
Elə bil Yer kürəsi
Ayrıldı məhvərindən!

Titrətdi bu dağları
İgidlər - ildırımlar!
Kirs kükrədi yerindən,
Hayqırdı sıldırımlar.

Qopub öz kamanından
Hər igid bir ox oldu.
Ürəkdə qorxu hissi
Bircə anda yox oldu.

Qan qaynadı damarda,
Dağdan-daşdan aşdılar,
Qorxunc dərədən keçib 
Qayaya dırmaşdılar

Sonra gedib düşmənin
Tutdular boğazından.
Aldılar göyərçini
Şahin-şonqar ağzından.

Qayıtdı sarı bülbül,
Sevincindən ağladı.
Yenə İsa bulağı
Həzin-həzin çağladı.

Yenə də Həkərinin,
Tərtərin səsi gəldi.
Şeirimə təbiətin
Bahar nəfəsi gəldi.

 

GÖZƏL ŞUŞA

Nə gözəldi bu şəhər,
Yaşıl paltar, ağ örpək.
Çətir tutub dumandan,
Ayaqları gül-çiçək.

Bilmirəm hansı sözlə
Vəsf edim bu şəhəri?!
Kirs başının tacıdı
Qarqar gümüş kəməri.

Azadlığa çıxıbdı,
Şuşa yenə nazlanır,
Hər gülün budağında
Bülbüllər pərvazlanır.

Onun küçələrində
Gəzir dahi xilaskar.
Əziz Şuşa qurulur,
Şuşa dirçəlir aşkar.

 

ŞUŞA YENƏ NAZLANIR

Şuşam, təzə gəlin tək
Geyinmisən darçını!
Yavaş tərpən, əzilər
Paltarının qırçını.

Yenə nazlı qız kimi
Nə özünü dartmısan?!
Bu ədayla çoxunun
Gözünü çıxartmısan.

Gözlərdən yuxu qaçıb
Sən mürgüdə, xumarda.
Səndən ötrü çoxunun
Qanı coşur damarda.

Kimsədən bir qorxun yox,
Səni ərlər qoruyur.
Yumruğu dağ oynadan
Sərkərdələr qoruyur.

Günəşin şöləsində
Parılda şüşə kimi
Qoy desinlər dünyada
Gözəl yox Şuşa kimi!

 

XARIBÜLBÜLÜN SEVGİSİ

Xarıbülbül çiçəyi,
Çiçəklərin göyçəyi!

Bir qız vardı Şuşada
Ağabəyim adında
O səni gəzdirirdi
Ürəyinin odunda.

Onun könül evinin
Kamanıydın, sazıydın.
Gözlərinin nuruydun
Ürəyinin sözüydün.

Bu Ağabəyim ağa
Şair idi,coşardı.
Təbiətin eşqinə
Gözəl sözlər qoşardı.

O hər səni görəndə
Əsirdi yarpaq kimi.
Əyilib qoxlayırdı
Balaca uşaq kimi.

Ağabəyim xanım da
İbrahim xanın qızı!
Bir gün səndən ayrıldı,
Demək, beləymiş yazı!

Əri də Fətəli şah,
İran boyda ölkəsi.
Cücəyə dönürdülər
Gələndə onun səsi.

İbrahimxan qızına
Çoxlu cehiz alıbmış,
Tehrana göndərəndə
Biri evdə qalıbmış.

O da ki, Yer üzünün
Gözəli Xarıbülbül.
Qarabağ torpağının
Dövləti, varı bir gül.

Ayrılığa dözmədi,
Qızı aldı dərd-kədər.
Gördülər ki, bu gəlin 
Ağlayır axşam-səhər.

Nərə çəkdi, bağırdı
Şah bu dərdi bilincə
Qəzəbləndi, gurladı,
Əl apardı qılınca.

Sonra gəlib dinlədi
O gözəlin sözünü.
Dedi: - Bir çiçək nədi?
Gətirdərəm yüzünü!

Belə bir əmr verdi:
- Yaxşı zəhmət çəkilsin!
Bütün Şuşa gülləri
Bizim bağda əkilsin!

Şuşadan bağbanları
Çağırdılar saraya.
Tehrandan da gəldilər
Düzüldülər sıraya.
Dedilər: - Çicəklərin
Çox zərifdi yarpağı.
Onları bəsləməyə
Gərəkdi öz torpağı.

Torpaq dolu kisələr
Düzüldü yumaq-yumaq
Gəldi dəvə karvanı,
Sarvanlar cavan, qıvraq.

Gedir dəvə karvanı
Yırğalan ha, yırğalan.
Yolun bir ucu Şuşa,
O biri ucu Tehran.

"Vətən bağı" boyunca 
Hamarlandı torpaqlar.
Cərgə-cərgə ləkləndi
Tumarlandı torpaqlar.

Toxumları səbrlə,
Ehtiyatla əkdilər.
Üstünə büllur kimi
Tərtəmiz su tökdülər.

Yenə də bahar gəldi,
Çiçəklədi bağça bağ.
Bu yaz Ağabəyimin
Sinəsinə cəkdi dağ.

Gözləri yaşla doldu,
Saz düzəltdi telindən.
Sözü şeirlə dedi,
Bal axıtdı dilindən.

Söylədi ki, bayaqdan 
Zarıyır sarı bülbül.
"Vətən bağı" al-əlvan,
Bəs hanı Xarıbülbül?!
Bu dərd Ağabəyimin
Sinəsindən getmədi:
O gözəl Xarı bülbül
Yad torpaqda bitmədi.

Şuşa dağlarındaydı
Sevgisi, məhəbbəti.
Onu azdıra bilməz
İranın naz-neməti.

O sevir daş içində
Gəzən nazlı Şüşəni.
Tehrana dəyişmədi
Ağ örpəkli Şuşanı.

Ağabəyim də duydu
Onun bu niyyətini.
Ürəyində bəyəndi
Çiçəyin qeyrətini!

 

XANKƏNDİ

İgid İbrahim xanın
Gur nərəsi Xankəndi.
Qarabağ atlarının
Kişnərtisi Xankəndi.

Görən hansı adamlar,
Kimdən nəmər aldılar,
Ayqırların yerinə
Ulaqları saldılar.

Cavab ver, ulu babam,
Soruşum yana-yana!
Xankəndi necə çöndu
Stepan Şaumyana?!

Bu Stepan Şaumyan
Özü boyda bir iblis!
Onu başa düşmədi
Nə rus, nə də ingilis.

Çox-çox işlər qaynatdı,
Nə çaşdı, nə mat oldu.
Əvvəlcə Rusiyada
Sosial-demokrat oldu.
 
Lenindən ünvan aldı,
Kiçik Qafqaza çatdı.
Kəsdirdi nə qədər baş,
Daşnaksütun yaratdı.

Başqa şey düşünmürdü
Vardı bir idealı:
"Qafqaz boyda bir ölkə
Ermənistan olmalı!"

Bir də Anadoluda
Ermənistan yaratmaq!
Çox şeylər keçirirdi
Ürəyindən bu axmaq.

Diriydi, civə kimi,
Atsan tonqala, yanmaz.
Lap dənizə tullasan,
Batmazdı, bu yaramaz.
 
Gah Ağcaqum cölündə
Öldü komissar kimi.
Heykəli də qoyuldu
Bakıda simsar kimi.

Gözlərində eynəyi,
Çənəsində saqqalı
Başımıza çıxartdıq
O tülkünü, caqqalı.

Özü başqa diyarda
Gəzirdi buğa kimi.
Heykəli də Bakıda 
Qalmışdı sovxa kimi.

Deyirlər hərdən-birdən 
Özgə adla gəlirmiş.
Heykəlinin önündə
Bizə xəlvət gülürmüş.

Bəs niyə tanımadıq
Bu boyda hiyləgəri?!
Onun adına yazdıq
Xankəndi tək şəhəri?!

Xankəndi - əziz şəhər,
Üstündə əsmək gərək.
Stepanakert deyənin
Dilini kəsmək gərək!
 

 





06.05.2022    çap et  çap et