525.Az

Milli istiqlalımızın atributu - Ali Attestasiya Komissiyası - Asif Rüstəmli yazır


 

ALİ ATTESTASİYA KOMİSSIYASI - 30

Milli istiqlalımızın atributu - Ali Attestasiya Komissiyası -<b style="color:red"> Asif Rüstəmli yazır</b>

(Əvvəli 22 və 29 aprel tarixli sayımızda)

Sovet rejiminin "şinel"indən çıxaraq yeni yaranan, beynəlxalq arenada ilk addımlarını atan müstəqil respublikaların Ali Attestasiya Komissiyaları Daşkənd şəhərində keçirilən ilk müşavirədən (2-3.10.1992) sonra ikitərəfli dövlətlərarası sazişlər bağlamaq modelini prioritet hesab edirdi. Müşavirənin yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında protokolunda ikitərəfli sazişlərin layihələrinin tezliklə hazırlanması və təsdiqlənməsi nəzərdə tutulurdu. Attestasiya sistemlərinin təkmilləşdirilməsində milli konsepsiyaların, ixtisas nomenklaturalarının, elmi dərəcə və ad iddiaçıları üçün əsas tələblərin, müvafiq normativ aktların işlənilib hazırlanılmasında, vahid elmi məkanın qorunub saxlanılmasında davamlı məsləhətləşmələrin tərəflər arasında keçirilməsi razılıq hissi ilə qarşılanmışdır. Azərbaycan AAK-nın sədri, akademik Azad Mirzəcanzadə 15.10.1992-ci il tarixli, 23/92 saylı əmri ilə Orta Asiya türkdilli respublikalarının Komissiyaları arasında əməkdaşlıq sazişi bağlanması üçün Kimya-biologiya, tibb və kənd təsərrüfatı şöbəsinin müdir müavini Yaşar Məlikovu on gün (22-31.10.1992) müddətinə Bişkek, Daşkənd və Alma-Ata şəhərlərinə ezamiyyətə göndərdi. Bakıda hazırlanan və Komissiya sədri tərəfindən imzalanan ikitərəfli sazişlər ümumi xarakter daşıyırdı və gələcəkdə yeni müqavilələrin bağlanması üçün baza prinsiplərini özündə əks etdirirdi.

Azad Mirzəcanzadə

İlin sonuncu ayında AAK sədri iki nəfəri - Vaqif Qurbanovu və Rövşən Xəlilovu Komissiyaya dəvət etməklə çox da böyük olmayan kadr potensialını daha da gücləndirdi. Azad Mirzəcanzadənin əmri ilə Vaqif Qurbanov (22.12.1992) Humanitar və ictimai elmlər şöbəsinin rəis müavini, Rövşən Xəlilov (01.12.1992) isə baş elmi katib vəzifələrinə gətirildi.

Rövşən İbrahimxəlil oğlu Xəlilov (04.03.1952) Ucar rayonunun Qazyan kəndində anadan olub, əvvəlcə Bakı Dövlət Universitetində (1969-1972), sonra isə Moskva Dövlət Universitetinin Fizika fakültəsində biofizika ixtisası üzrə (1972-1976) təhsil alıb, həmin universitetdə əyani aspiranturaya daxil olaraq elmi araşdırmalarını (1976-1979) davam etdirmişdir. R.İ.Xəlilov 1979-cu ildə "Bitkilərin fotosintezində paramaqnit mərkəzlər" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Elmi-pedaqoji fəaliyyətə Bakı Dövlət Universitetinin "Biofizika və molekulyar biologiya" kafedrasında (1979) assisentlikdən başlayıb, bir müddət dosent vəzifəsində fəaliyyət göstərib. O 1992-ci ilin may ayında Moskvada ekologiya və biofizika ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri  doktoru elmi dərəcəsi almışdır. Alimin tədqiqat sferasına biofizika, molekulyar biologiya, radioekologiya, nanobiotexnologiya, maqnit nanohissəcikləri və s. daxildir.

 

Rövşən Xəlilov

Qırx yaşlı elmlər doktoru Rövşən Xəlilov Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə AAK-a baş elmi katib vəzifəsinə göndərildikdən sonra o Komissiyanın Rəyasət Heyətinə üzv seçilmiş, təşəbbüskarlığı, işgüzarlığı, dürüstlüyü, həssaslığı, məsuliyyət hissi ilə diqqəti cəlb etmişdir.

Ali Attestasiya Komissiyasının bütün strukturlarının - intellektual, fədakar, cəsarətli və mobil bir kollektivin timsalında 1992-ci ilin son altı ayında görülən işlərin ümumi mənzərəsini nəzərdən keçirdikdə AAK-çıların qarşıya qoyduqları mühüm və zəruri məqsədlərə əsasən nail olduqları qənaəti yaranır. Qurulan mexanizmlər, güvənilən hüquqi və mənəvi prinsiplər işlək hala gətirilir, işıqlı ideyalar gerçəkləşdirilir, insani dəyərlər ön plana çəkilir, əsl elm fədailəri, istedadlı tədqiqatçılar stimullaşdırılırdı. Komissiya 1992-ci ili azsaylı uğurlar və böyük ümidlərlə başa vurdu. Akademik Azad Mirzəcanzadənin cəmiyyətdə artan şəxsi nüfuzu, təşkilatçılıq istedadı, problemlərə yaradıcı yanaşmaq virtiozluğu, bürokratik əngəlləri dəf etmək qüdrəti, normativ-hüquqi aktların məramına sadiqlik, əməkdaşlara qarşı qayğı, səmimiyyət və tələbkarlıq Ali Attestasiya Komissiyasının işgüzar imicini formalaşdıran incə və eyni zamanda qabarıq cizgilər idi.

AAK Rəyasət Heyətinin sayca 7-ci iclası 1993-cü il yanvar ayının 8-də baş tutur. İclasın sədri Azad Mirzəcanzadə, katibi isə Xubəli Əzizov idi. Gündəlikdə professor və dosent attestatlarının verilməsi, elmi ad iddiaçılarının attestasiya sənədlərinə baxılması, ekspert şuralarının tərkibi və cari məsələlər yer alırdı. İclasda beş nəfərə professor, on bir nəfərə dosent attestanının təqdim edilməsi yeni ilin ilk iclasında xoş əhval-ruhiyyə yaratsa da digər məsələlər üzrə müzakirələr gərgin keçmişdir.

Tarix elmləri üzrə ekspert şurasının sədri, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Mahmud İsmayılov AAK Rəyasət Heyətinə bir dosentlik işi haqqında məlumat verərək bildirmişdir ki, M.Ə.Rəsulzadə adına BDU Elmi şurasının 21.09.1990-cı il tarixli qərarı ilə Təbiət fakültələrinin Siyasi tarix kafedrası üzrə dosent elmi adı almaq üçün Xaqani Məmməd oğlu Məmmədovun attestasiya sənədləri Komissiyaya daxil olmuş, ekspertin müsbət rəyi əsasında Ekspert şurasının 1992-ci il 24 dekabr tarixli qərarı ilə iş tövsiyə edilmişdir. Güman etmək olardı ki, iki ildən artıq tarixə malik bir dosentlik işi sonucda müsbət və yekdil qərarla təsdiqlənəcək. Lakin belə olmadı. İddiaçının nəşr işləri və xüsusilə elmi tədqiqatlarında "Kommunist Partiyasının zəhmətkeşlərin əmək tərbiyəsi sahəsində fəaliyyəti" mövzusunda istiqlal məfkurəsi ilə daban-dabana zidd, müstəqillik düşüncəsinə uyğun gəlməyən araşdırmaları iclasda geniş müzakirəyə və bəzi məqamda mübahisəyə səbəb olur. Əslində ziddiyyətlər iddiaçıya münasibətdən daha çox Rəyasət Heyəti ilə Ekspert şurasının bəzi üzvlərinin baxışlarında, mövzuya yanaşma tərzində özünü qabarıq büruzə verirdi. Emosional çıxışlara səsvermə təklifi son qoydu. Beləliklə, iddiaçıya dosent elmi adının verilməsi üçün RH üzvlərindən lehinə-2, əleyhinə-6, bitərəf-5 nəfər səs verdi. Qərara alındı ki, "X.M.Məmmədova Təbiət fakültələrinin Siyasi tarix kafedrası üzrə dosent elmi adı verilməsin".

Komissiya RH-nin gündəliyində növbəti məsələ elm sahələri üzrə yeni ekspert şuralarının yaradılması idi. Bu məsələdə təşkilatçılar Nazirlər Kabinetinin 29.10.1992-ci il tarixli (528) qərarı ilə təsdiqlədiyi "Ali Attestasiya Komissiyasının Ekspert şurası haqqında" adlı Əsasnaməyə söykənirdi. Məqsəd elmi-pedaqoji kadrların attestasiyası, elmi dərəcə və adların verilməsi sahəsində AAK RH-nə baxılmaq üçün tövsiyələr hazırlamaq idi. Fizika-riyaziyyat elmləri üzrə ekspert şurasının tərkibi 19 nəfərdən ibarət idi. Şuranın sədri - fizika-riyaziyyat elmləri doktoru, professor, Az.EA-nın müxbir üzvü Abdulla Muxtarov, sədrin müavini - fizika-riyaziyyat elmləri doktoru, professor Əli Novruzov və elmi katib - fizika-riyaziyyat elmləri doktoru, professor Faiq Əhmədov seçilir.

Texnika elmləri üzrə ekspert şurasının sədri - texnika elmləri doktoru, professor, Az.EA-nın müxbir üzvü Ağadadaş Əliyev, sədr müavini - texnika elmləri doktoru, professor Sabir Babayev, elmi katib - texnika elmləri doktoru, professor Həsən Feyziyev, Energetika, hesablama texnikası və avtomatlaşdırma elmləri üzrə ekspert şurasının sədri - texnika elmləri doktoru, professor, Az.EA-nın müxbir üzvü Telman Əliyev, sədrin müavini - fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov, Yer elmləri üzrə ekspert şurasının sədri -geologiya-mineralogiya elmləri doktoru İbrahim Quliyev, sədrin müavini - texnika elmləri doktoru, professor Fuad Vəliyev, Biologiya və kənd təsərrüfatı elmləri üzrə ekspert şurasının sədri - biologiya elmləri doktoru, akademik Musa Musayev, sədrin müavini - biologiya elmləri doktoru, professor Tofiq Məmmədov, Kimya elmləri üzrə ekspert şurasının sədri - kimya elmləri doktoru, Az.EA-nın müxbir üzvü Ramiz Rzayev, sədrin müavini - kimya elmləri doktoru, professor Məhəmməd Babanlı, İctimai elmlər üzrə ekspert şurasının sədri - iqtisad elmləri doktoru, professor Vahid Axundov, sədrin müavini - hüquq elmləri doktoru, professor, Az.EA-nın müxbir üzvü Məsumə Məlikova təsdiq edilir.

Humanitar elmlər üzrə ekspert şurasının sədri - tarix elmləri doktoru, professor, Az.EA-nın müxbir üzvü Mahmud İsmayılov, sədrin müavini -filologiya elmləri doktoru, professor, Az.EA-nın həqiqi üzvü Kamal Talıbzadə, üzvlər - Şeyxülislam Allahşükür Paşazadə, Tofiq Hacıyev, Rasim Əfəndiyev, Əkbər Bayramov, Azadə Rüstəmova, Pənah Xəlilov, Cahangir Qəhrəmanov, Şamil Fətullayev, Qorxmaz Quliyev, Vaqif Aslanov, Əziz Əfəndizadə, Elmira Muradəliyeva və b. seçilir və təsdiqlənir.

Tarix, filologiya, pedaqogika, psixologiya, memarlıq və sənətşünaslıq elm sahələrini özündə ehtiva edən Humanitar elmlər üzrə ekspert şurasının tərkibi göründüyü kimi görkəmli alimlərdən, nüfuzlu ictimai xadimlərdən ibarət idi. Onlara SSRİ AAK-dan miras qalmış mübahisəli işlərə milli dövlətçilik prizmasından yanaşmaq və dəyər vermək qalırdı. Moskvadan geri qaytarılmış və respublikada ciddi səs-küyə səbəb olan dissertasiya işlərindən biri də Fəridə Məmmədovanın "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası" mövzusunda yazdığı, tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün 1987-ci ildə müdafiə etdiyi, beş il müddətində təsdiqini ala bilmədiyi tədqiqat işi idi.

Albanşünas alim F.C.Məmmədova SSRİ EA Şərqşünaslıq İnstitutunda (indiki Sankt-Peterburq) təcrübə keçmiş (1962-1969), qədim fars (mixi yazı), qədim erməni (qrabar) və qədim gürcü dillərini öyrənmiş, "Musa Kalankatlının "Albanların tarixi" Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi" (1971) mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. O vaxtlar elmi və elmi-pedaqoji müəssisələrin kulisində onun doktorluk işinin təsdiqinə ermənilərin və ermənipərəst rus alimlərinin maneəçilik törətdiyi tez-tez vurğulanırdı. Bu dissertasiya ilə bağlı Azərbaycanın mötəbər tədqiqatçılarından bəzilərinin razılaşmadığı məqamlar da az deyildi. Bununla belə müdafiədən beş il sonra Az.EA Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasının vəsatəti ilə Fəridə Cəfər qızı Məmmədovanın vətən tarixi ixtisası üzrə doktorluq dissertasiyasına AAK Rəyasət Heyətinin 19.02.1993-cü il tarixli iclasında (protokol № 11) baxılmışdır. Ekspert şurasının sədri Mahmud İsmayılov RH üzvlərinə məlumat verərək bildirmişdir ki, dissertasiya keçmiş SSRİ Ali Attestasiya Komissiyasına təqdim olunmuş, lakin siyasi motivləri əsas götürərək yenidən işlənmək üçün şuraya qaytarılmışdır. İndiki siyasi şəraitdə - Azərbaycan Respublikasının müstəqilliyi dövründə bu siyasi motivlər öz aktuallığını itirdiyindən dissertasiyanın yenidən baxılmasını tövsiyə edirik.

RH-nin üzvlərindən prof.Süleyman Əliyarlı və prof. Yaşar Qarayev çıxış edərək tədqiqat işini müsbət dəyərləndirdilər və dissertasiyanın təsdiq olunmasını təklif etdilər. Humanitar elmlər üzrə ekspert şurası sədrinin müsbət rəyi və Komissiya üzvlərinin yekdilliklə işin lehinə səsverməsi nəzərə alınaraq Rəyasət Heyətinin qərarı ilə Fəridə Cəfər qızı Məmmədova vətən tarixi ixtisası üzrə tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

(Ardı var)

 





06.05.2022    çap et  çap et