525.Az

Rusiya müttəfiqlərini itirir - Xaqani Cəfərli yazır


 

Rusiya müttəfiqlərini itirir -<b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Belarus prezidenti Aleksandr Lukaşenko Associated Press agentliyinə müsahibə verib və Rusiyanın Ukraynadakı hərbi əməliyyatının uzandığını bildirib. Belarus prezidentinin bu müsahibəsi geniş müzakirəyə səbəb olub. Çünki Belarus prezidentinin müsahibəsində diqqətçəkən çoxsaylı məqamlar var.

Aleksandr Lukaşenko Ukraynada baş verənlərdən danışarkən müharibə ifadəsini işlədib ki, bu da Moskvanın rəsmi yanaşmasından fərqlidir. Məlum olduğu kimi, rəsmi Moskva Ukraynaya qarşı hərbi təcavüzünü "müharibə" yox, "xüsusi hərbi əməliyyat" adlandırır. İndi isə Rusiyanın ən yaxın müttəfiqi olan dövlətin başçısı "müharibə" ifadəsindən istifadə edir və hərbi əməliyyatların uzanmasından şikayətlənir. Üstəlik, Lukaşenko Qərbə doğru bir sıra reveranslar edərək Rusiyanın nüvə silahından istifadə etməsinin qəti əleyhinə çıxdığını, Belarusun hərbi münaqişəyə qoşulmayacağını bildirib. Belarus prezidenti müharibəni dayandırmaq, sülhə nail olmaq üçün çox çalışdığını da vurğulayıb.

Belarus prezidentinin bu müsahibəsi rəsmi Minskin Moskvadan məsafə saxlamaq üçün ilk ciddi addımı kimi dəyərləndirilə bilər. Belə görünür ki, Lukaşenko bu müsahibə ilə Qərbə mesajlar verməyə çalışıb. Qərbin münasibətindən asılı olaraq Belarus prezidenti növbəti addımını müəyyən edəcək. Əgər Qərbdən təqdiredici reaksiya görsə, Lukaşenko müttəfiqi ilə yollarını ayırmağa başlayacaq.

Aleksandr Lukaşenkonun bu addımı Rusiyanın müttəfiqlərini itirməyə başladığını da aydın göstərir. Çünki Belarus Rusiyanın ən yaxın müttəfiqidir və bu iki respublika ittifaq dövləti yaratmaq haqqında saziş imzalayıblar. Ukraynaya qarşı müharibədən əvvəl və hərbi əməliyyatın ilk günlərində Lukaşenko tamamilə fərqli mövqe sərgiləyərək Moskva ilə bərabər hərəkət etdiyini göstərirdi. Görünür, Rusiya rəhbərliyi kimi, Lukaşenko da Ukraynanın müqavimət göstərə bilməyəcəyini, Qərbin qətiyyətli davranmayacağını və hərbi əməliyyatların bir neçə günə başa çatacağını ehtimal edirmiş. Buna görə də müharibənin ilk günlərində Lukaşenko Rusiyanın hərbi əməliyyatlarını birmənalı dəstəkləyir, müharibəyə qoşula biləcəklərini ifadə etməkdən belə çəkinmirdi. Lukaşenkonun Associated Press-ə müsahibəsi isə Belarus hakimiyyətinin mövqeyinin dəyişdiyini göstərir. Bu isə təsadüfi deyil.

Müharibədən əvvəl və hərbi əməliyyatların ilk günləri böyük əksəriyyət kimi, Belarus da Ukraynanın Rusiya hərb maşınının qarşısında dayana bilməyəcəyini düşünürdü. İndi isə müharibənin 72-ci günü arxada qalıb və Rusiya hələ də Ukraynanın heç bir böyük şəhərini ələ keçirə bilməyib. Üstəlik, böyük itki verən Rusiya ordusu Ukrayna ordusunun əks-hücumunun qarşısını almaqda da çətinlik çəkir. Bütün bunlarla bərabər, Qərb dünya tarixində ən böyük hərbi ittifaq yaratmağa nail olub. Bir yandan da iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatın sürətlə dağıdır və Moskva artıq Minsk üçün cazibədarlığını itirir. Belarusda anlayırlar ki, müharibə hətta Rusiyanın üstünlüyü ilə başa çatsa da, bu, "Pirr qələbəsi"ndən daha ağır olacaq. Qərb uzun müddət sanksiyaları tətbiq etməkdə davam edəcək və bu, Rusiyanın iqtisadiyyatını tamamilə çökdürəcək. Belarus da Rusiya ilə birlikdə sanksiyalara məruz qalıb və ölkə iqtisadiyyatı sürətlə dağılmaqdadır. Sosial-iqtisadi vəziyyətin dözülməz hala çatması vətəndaşları sərt etiraz aksiyalarına sövq edə bilər. Ukraynadakı müharibə isə sosial partlayışı vətəndaş müharibəsinə, Belarus və Rusiyada partizan müharibəsinə səbəb ola bilər.  

Rusiyanın müttəfiqlərini itirməyə başladığı Lukaşenkonun müsahibəsindən əvvəl də müşahidə olunurdu. Qazaxıstan rəsmiləri Avrasiya İqtisadi Birliyində Rusiya müttəfiqliyin artıq zərərli olmağa başladığını ifadə etməkdən çəkinmirlər.

Avrasiya İqtisadi Birliyi hələ 2015-ci ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra Moskvanın Qərblə münasibətlərinin soyumasından sonra cəlbediciliyini itirməyə başlamışdı. Lakin indi vəziyyət çox fərqlidir. Avrasiya İqtisadi Birliyinin Ümumi Daxili Məhsulunun 87 faizini təşkil edən Rusiya sərt sanksiyalara məruz qaldıqdan sonra bu ittifaq ancaq zərər verə bilər. Rusiya ilə yanaşı, Avrasiya İqtisadi Birliyinin digər üzvü Belarusa da sanksiyalar tətbiq olunub. Ona görə də Qazaxıstan çox ciddi təzyiqlər altındadır və Rusiya ilə ittifaq ona çox böyük zərər verir. Məlumatlara görə, Orta Asiya respublikaları Rusiyadan ayrılmağa, Çinlə yaxınlaşmağa çalışırlar.

Müşahidəçilər Rusiyanın ənənəvi müttəfiqləri olan solçuların ilk dəfə olaraq Moskvadan məsafə saxlamağa çalışdıqlarını qeyd edirlər. Bütün dünyadakı solçuların "Kəbəsi" hesab olunan Moskva son yüz ildə ilk dəfə olaraq solçu qüvvələrin dəstəyini itirib. Bir qayda olaraq Avropadakı solçu qüvvələr, Latın Amerikası və Asiyadakı solçu iqtidarlar Rusiyanı bütün qarşıdurmalarda dəstəkləyiblər. İndi isə heç bir solçu partiya və ya hökumət Rusiyanı dəstəkləmir.

Rusiyaya rəğbət bəsləyən və Moskvanın təbliğatında önəmli rol oynayan məşhur şəxslər də artıq əks mövqe tutmağa başlayıblar. Bir zamanlar Rusiya vətəndaşlığı almaq üçün növbəyə duran məşhurlar indi Rusiya ilə heç bir əlaqələrinin olmadığını nümayiş etdirməyə çalışırlar.

Belə görünür ki, Rusiya tamamilə təklənib. Hərbi ekspertlərin son iki yüz illik tarixdəki müharibələr üzərində apardıqları araşdırma Rusiyanın təkbaşına iştirak etdiyi müharibələrin heç birində qalib ola bilmədiyini üzə çıxarıb. Görünür, Rusiyanın siyasi müttəfiqləri də artıq bu gerçəkliyi dərk ediblər və Moskva ilə yollarını ayırmaq niyyətindədirlər.

 





07.05.2022    çap et  çap et