525.Az

Şuşa xalçalarına həsr olunmuş sərgi-proqram keçirilib - Foto


 

Şuşa xalçalarına həsr olunmuş sərgi-proqram keçirilib - <b style="color:red"> Foto </b>

“Azərbaycan xalçaçıları” İctimai Birliyi “NUR Art House”la 5 May – Xalçaçı Günü münasibətilə xüsusi sərgi-proqram təşkil edib. Həmin gün İçərişəhərdə Qarabağdan kənarda dünyaya gəlib, ənənələrdən uzaq düşmüş uşaqlar, gələcəyin xalçaçıları Şuşa xalçaları ilə tanış olub.

525.az xəbər verir ki,onlar üçün hazır edilmiş “Əlvan ipdən gör nələr toxuyurlar nənələr” sərgi-proqramında peşəkar xalçaçılar Şuşa xalçalarından danışıb, güllü-çiçəkli Şuşa xalçalarının naxışları uşaqların rəng dünyasına qərq olub, yeni tərzdə təqdim edilıb. Uşaqlarla Ustad dərsini isə Şuşa şəhərinin yetirməsi, tanınmış xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü və “Azərbaycan xalçaçıları” İB İdarə Heyətinin üzvü Eldar Hacıyev aparıb. Məktəblilərə həmçinin “Şuşa xalçaları” adlı təqdimat nümayiş etdirilib. Proqramın əsas qonaqları isə Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəbin şagirdləridir. 

Sərgi-proqram haqqında danışan “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva təşəbbüsü dəstəklədiyinə görə məktəbin direktoru Yasin Quliyeva, direktor müavini Zərifə Cəfərovaya və tarix müəllimi Solmaz Quliyevaya xüsusi minnətdarlığını bildirib. Eyni zamanda İctimai Birliyin İdarə Heyətinin üzvü, xalçaçı-rəssam və rəngkar Eldar Hacıyevə təşəkkür edən Röya xanım, onun böyüməkdə olan nəsillə hər görüşə böyük həvəslə gəldiyini və onlara sənətin sirlərini öyrətməkdən zövq aldığını vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis olunmuş “5 May – Xalçaçı Günü” xalçaçılarımızın peşə bayramı olmaqla yanaşı, xalçaçılıq sənətinin tərənnüm, tədqiq və təbliğ edən rəssam, sənətşünas və tədqiqatçılarımızın, bu sənətdən bəhrələnərək onun naxışlarını dekorativ-tətbiqi sənətin müxtəlif növlərində canlandıran sənətkarlarımızın, eyni zamanda, sənətin sehrinə düşən, “Xalçam harda – yurdum orda” deyən xalçasevərlərimizin sevə-sevə qeyd etdikləri tarixdir.  

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli Sərəncamı ilə elan edilmiş “Şuşa ili”ndən ruhlanan İB üzvləri bu gün “Şuşanın qonçə güllü xalçaları” adlı xalça və xalq tətbiqi sənət sərgisini tamaşaçıların ixtiyarına verib. 

Sərgidə xalçaçı-rəssam Eldar Hacıyevin Şuşa mövzusunda əsərləri, bədii tikmə ustası, xalçalarımızı incə zövqlə işləyən Şəhla Əsgərovanın “Malıbəyli”, “Açma-yumma” xalça-tikmələri, batika ustası, rəssam Mehriban Əliyevanın Şuşaya həsr olunmuş batika və keçə texnikası ilə ərsəyə gələn əsərləri, muncuqla nadir xalçalar yaradan Bədirə Əliyevanın əsərləri, zərgər Mehriban Sadıqovanın “Xarıbülbül” silsiləsi və başqa sənət əsərləri nümayiş olunur. 

Sərgi-proqramın təşkilində əsas məqsəd Qarabağdan uzaqda dünyaya gələn gənc nəslə ənənələri təqdim etməklə, onların genetik yaddaşını oyatmaq və ərazi bütövlüyümüzün bərpa olunduğu mədəniyyətimizin paytaxtı Şuşamızda xalçaçılıq sənətini məhz bu torpağın sakinləri tərəfindən bərpa olunmasını dəstəkləməkdir.

Qeyd etmək lazımdır ki, “Azərbaycan xalçaçıları” İB bu istiqamətdə davamlı layihələr həyata keçirir, Azərbaycan Republikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Qarabağ xalçaçılığının müasir inkişaf potensialı” layihəsi çərçivəsində Füzuli, Cəbrayıl, Ağdam, Tərtər rayonlarında və Bakı şəhərində müvəqqəti məskunlaşmış sözügedən bölgələrdən olan qaçqınlar arasında sorğular aparılaraq, xalçaçıların məlumat bazası yaradılıb və müvafiq internet səhifəsində yerləşdirilib (http://www.acmu-az.com/project.html), “Qarabağdan olan məcburi köçkün qadınlara xalçaçılıq kurslarının təşkili” layihəsi çərçivəsində isə Qarabağın məşhur “Dəstərxan” və “Şəddə” xovsuz xalça texnologiyaları bərpa edilərək xanımlar tərəfindən toxunaraq Füzuli və Zəngilan rayonlarının tarix-diyarşünaslıq muzeylərinə hədiyyə edilib. “Şuşa ili” münasibətilə tərtib edilən növbəti layihə isə bu il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa ili”nə həsr olunmuş qrant müsabiqəsinə göndərilib.

Təbiətindən bəhrələnərək ilmələrə köçən, tarixin aynasına çevrilən Azərbaycan xalça sənəti milli kimliyimizin bariz nümunəsidir, onu yaşatmaq, təbliğ etmək və hər zaman yeniliklərə açıq olan bu ulu sənətdə ənənə ilə müasirliyin bədii abidəsini yaratmaq isə biz xalçaçıların Vətən qarşısında borcumuzdur.

 





07.05.2022    çap et  çap et