525.Az

Ermənistanda siyasi böhran


 

Ermənistanda siyasi böhran<b style="color:red"></b>

Ermənistanda müxalifət yenidən Nikol Paşinyanın başçılıq etdiyi hökumətin istefası tələbilə davamlı etiraz aksiyalarına start verib. Müxalifət bu etiraz aksiyasını ölkə vətənpərvərlərinin təslim və xəyanətkar hakimiyyətə qarşı mübarizəsi kimi təqdim etsə də, əslində, Paşinyan hökumətinin istefasını istəyənlərin Rusiyanın göstərişilə hərəkət etdiyi haqqında ciddi iddialar var. Bu iddialar isə əsasız deyil. Çünki müxalifət etiraz aksiyalarına Baş nazir Nikol Paşinyanın Brüsseldə Avropa Birliyinin prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Prezidenti ilə apardığı danışıqlardan dərhal sonra başlayıb.

Brüsseldə 5 saat davam edən görüş uğurla başa çatmış və tərəflər sülhə doğru ciddi addım atmışdılar. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılması haqqında Xarici İşlər Nazirliklərinə göstəriş verilmişdi. Brüsseldə, həmçinin, tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunmuşdu. Delimitasiyanın nəticəsi olaraq sərhəddə gərginliyin aradan qaldırılacağı vurğulanır, Avropa Birliyinin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək görməsi təsdiq olunurdu.

Bütün bunlar isə Rusiyada müsbət qarşılana bilməzdi. Moskvada belə hesab edirlər ki, Rusiyanın başının Ukraynada qarışmasından istifadə edən Qərb Cənubi Qafqazda münaqişələri həll etməklə güclənməyə səy göstərir. Rusiya isə bu münaqişələrlə regionu təsir dairəsində saxlamağa çalışır.

Ermənistanın hakim dairələrində isə etiraf edirlər ki, əvvəllər Rusiyaya arxalanırdıq, lakin indi bu ölkə geosiyasi problemlərin məngənəsində boğulur və İrəvana kömək edə bilməz.

Ancaq bununla belə, Köçəryan-Sarkisyan qruplaşması, Rusiyanın yenə önə çıxarmağa çalışdığı Artur Vanetsyan və İşxan Saqatelyan sadə ermənilərin millətçilik hissləri ilə oynayaraq iqtidara qarşı güc formalaşdırmağa çalışırlar. Məhz bu şəxslərin təhriki ilə insanlar küçələrə çıxıb yolları bağlayırlar. Bu zaman isə əsas şüar Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik təşkil edir. Rusiyanın göstərişi ilə hərəkət edən bu qüvvələr hökumətin istefasına nail olmağı və bununla da Brüsseldə başlanan prosesləri dayandırmağa çalışırlar. Aydın görünür ki, Rusiya bu vasitə ilə vaxt qazanmaq niyyəti güdür. Moskvada ümid edirlər ki, Ukraynada qələbə qazana biləcək və ondan sonra bütün postsovet məkanında öz təsir dairələrini bərpa edəcəklər. Bunun üçün Cənubi Qafqazı bir neçə ay qeyri-müəyyənlikdə saxlamaq lazımdır. Bunu isə ancaq Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaqla etmək mümkündür. Rusiyayönümlü qüvvələr cəmiyyətin əksəriyyətinin dəstəyini ala bilmədikləri üçün hakimiyyətə seçki yolu ilə deyil, çevriliş yolu ilə gəlməyi planlaşdırırlar. Əks halda son seçkidən 11 ay sonra hökumətin istefası tələbi ilə çıxış etməzdilər. Bütün bunlar Ermənistanda siyasi böhrana səbəb olur və bölgədə vəziyyəti gərginləşdirir. Siyasi böhranın qısa zamanda və asan həll olunacağı isə gözlənilmir.

 





09.05.2022    çap et  çap et