525.Az

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan incilər...


 

“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan incilər...<b style="color:red"></b>

Əziz oxucular!

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri və əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Raqub KƏRİMOV 
Filologiya üzrə elmlər doktoru, professor

***

Baba bəy Şakir

Azərbaycan ədəbiyyatında ictimai satiranın formalaşması və ərsəyə gəlməsində xüsusi xidməti olan Baba bəy Məhəmmədəli bəy oğlu Cavanşir 1761-ci ildə Şuşada anadan olmuş və 1845-ci ildə orada da vəfat etmişdir. Onun Babası Fəzləli bəy Pənahəli xan Cavanşirin böyük qardaşı idi. Lakin xan nəslindən olmasına baxmayaraq, onun güzəranı o qədər də xoş keçməmiş, ehtiyac içərisində yaşamışdır. O, müasiri və qohumu Qasım bəy Zakirlə yaxın dost və sirdaş olmuşdur. Onların yaxınlığının əsas səbəbi xarakterlərinin oxşarlığı, hər ikisinin mərd, qorxmaz və sözübütöv olmalarından ibarət idi. Bu səbəbdən əksər dönəmlərdə onların düşmənləri, tənqid hədəfləri də eyni olmuşdur. Zakirin Baba bəyin vəfatı münasibətilə yazdığı maddeyi tarixi bu dostluğun bariz nümunəsi hesab etmək olar.

Baba bəy Şakirin əlimizdə olan əsərləri təsdiq edir ki, o, həm lirik və həm də satirik üslubda yazan istedadlı şair olmuşdur. Əfsuslar olsun ki, bir çox müasirləri kimi onun şeirləri də tam şəkildə gəlib bizə çatmamışdır. Burada təqdim olunan nümunələr şairin 1985-ci ildə nəşr edilmiş "Seçilmiş əsərləri"ndən (Tərtib edəni Fərhad Yəhyayev), AMEA ƏYİ-nin arxivində mühafizə olunan F-2, s.v.418 şifrli əlyazmasından, B-1369/7062 şifrli cüngdən və M.Müctəhidzadənin 1910-cu ildə əski əlifba ilə İstanbulda nəşr etdirdiyi "Riyazül-aşiqin" əsərindən götürülmüşdür.

QOŞMALAR
 
Mürği-ruhum təndə durmaz, dövr edər,
Yenə canan düşdü yada, ay mədəd!
Qərib ölkə, baş yastıqda, göz yolda,
Kimim var ki, yetə dada, ay mədəd!
 
Diyarı-qürbətdə mən bəxtiqarə
Bir dərdə düşmüşəm, bulunmaz çarə;
Bilsəm, badi-səba yetirər yarə,
Çəkərəm bir qəlbi səda, ay mədəd!
 
Sübhü şam gözümdən tökərəm qanlar,
Görüb yar, müsahib üzümü danlar...
Hər diyara qəflə işlər, yapanlar,
Gələn yoxdur bu bərbadə, ay mədəd!
 
Gözdən saldım gözəllərin cəmini,
Yəqubun bağladım dərdü qəmini;
Seyli-əşkim tutdu ruyi-zəmini,
Tapmadım, əyləşəm, ada, ay mədəd!
 
İzn olmadı qucam incə belindən,
Öpəm dodağından, əməm dilindən.
Mən Şakirəm, bir zalımın əlindən
Cavan ömrü verdim bada, ay mədəd!

*** 

Şamü səhər qan süzüldü didəmdən,
Razi-dilim pərizada yetmədi.
Gah yalvardım, gah döşəndim payinə,
Kar guşinə nalə, səda yetmədi.
 
Tora saldı canan könül quşumu,
Aldadıban sərdən aldı huşumu.
Qatdı fələk qovğalarla başımı,
Rəhmə gəlib yar imdada yetmədi.
 
O gözləri şəhla, qaməti bəstə,
Anlamaz, nə çəkir Şakir şikəstə,
Didari şövqündən düşübdü xəstə,
Ömür keçib, bir murada yetmədi.
 
GƏRAYLI
 
Nə müddətdi o biilqar
Mənimlə göz-gözə gəlməz.
Boş, bihudə sözdən ötrü,
Yar yarınnan sözə gəlməz.
 
Eşqinə can verə-verə,
Müştaq idim o dilbərə,
Tor qurmuşam nahaq yerə,
Ahu olub düzə gəlməz.
 
Az qalıb ki, fitnə-feli,
Şakiri eləyə dəli,
Qapı-qapı gəzər eli,
Yön çevirib bizə gəlməz.

***

Cəfərqulu xan Nəva
 
Cəfərqulu xan Məhəmmədhəsən ağa Nəva təqribən 1780-ci ildə Şuşa şəhərində anadan olmuş və orada mükəmməl saray təhsili almışdı. Onun atası Məhəmmədhəsən ağa İbrahimxəlil xanın sevimli övladı və vəliəhdi idi. Lakin o, 1805-ci ildə vəfat etdiyi üçün xan üçüncü oğlu Mehdiqulu xanı vəliəhd təyin etdi. Bu hadisə 25-26 yaşlarında olan Cəfərqulu ağaya ciddi təsir etdi və babasının ölümündən sonra uzun müddət əmisi Mehdiqulu xanla hakimiyyət uğrunda mübarizə apardı. Bunun nəticəsi olaraq o, tutulub əvvəlcə Simbirski, sonra isə Sankt-Peterburqa sürgün edildi, 1929-cu ildə vətənə qayıdıb firavan bir həyat sürdü. Qarabağın ən böyük mülkədarlarından olan Cəfərqulu xanın mahallarda yüzə yaxın oba və kəndi var idi.

Sürgündə olarkən rus dilini öyrənən Cəfərqulu xan vətənə açıq fikirli bir ziyalı kimi qayıtmışdı. Mirzə Fətəli Axundzadənin Qarabağda dostluq və əməkdaşlıq etdiyi şəxslərdən biri də Cəfərqulu xan Nəva idi. O, "Arif", "Xan", "Nəva" təxəllüsləri ilə şeirlər yazıb. Lakin onun şeirlərinin çox az bir hissəsi indiyə çatıb.

Cəfərqulu xan Nəva 1867-ci ildə vəfat etmiş və digər əcdadları kimi Ağdamda yerləşən "İmarət" adlı xan ailəsi qəbiristanlığında dəfn olunmuşdu.
Aşağıdakı şeir örnəkləri AMEA ƏYİ-də saxlanan əlyazmalardan götürülüb.

Şuşa qazisi Mirzə Əbülqasıma
 
Matəmi böylə tutarmış məgər adəm, qazi,
Edə lənət ona bəs sahibi-matəm, qazi.
 
Sən necə zamin olurdun, kişi, dava olmaz,
Bu sözü rus yanında dediniz həm, qazi.
 
Siz məgər halını öz əhlinizin bilmərsiz,
Zərrəcə bəd əməlindən eləməz qəm, qazi.
 
Özgə davada olan kəslər alır simü zəri,
Qırdırır şişəlini müftü müsəlləm qazi.
 
Zahirən qələlinin qətlə gedərdi nisfi,
Olmasaydı aralıqda yenə Rüstəm, qazi.
 
Daima vəz eləyir xalqa ki, ehsan eləyin,
Özü heç dışqara verməz ola gər nəm qazi.
 
Daş daş üstə belə Şişədə durmaz hərgiz,
Bəzi işlərdə əgər olmasa ələm, qazi.
 
Adını molla qoyan xalqa deməz rast yolu?
Onların dərdi edibdir qədimi xəm, qazi.
 
Unudurlar hamısı tarı, peyəmbər əmrin,
Gər aralıqda ola söhbəti-dirhəm, qazi.
 
Bir para vaxt danışmaq bizə lazımdır, leyk
Bir para vaxtda yegdir əbhəm, qazi.
 
Demişəm mən sənə heç vəqt inanma xalqa,
Bəzi övqat eşit pəndimi kəm-kəm, qazi.
 
Bundan artıq nə yazım dərdi-dili, mövlana,
Deyərəm baqi sözümü səni görsəm, qazi.
 
Nəzər ağaya
 
Sənsən İran padşahının oğlunu
Qırx səkkiz gün çöldə alladan, Nəzər,
Qulluğuna Yermolofun yanına
Hiyləkarlıq ilə tulladan Nəzər.
 
Çoxlara dəgibdi xeyrin, nə şərin,
Kimyadır əlhəqq feyzi-nəzərin.
Bir yalqız bud kimi sənin hünərin
Düşmənin Tiflisdən tovladan Nəzər...
 
...El içində divan-dərə qurdurub,
Ərzəçinin ərzin yaxşı sordurub,
Palana layiqə palan urdurub,
Çula layiqini çulladan Nəzər.
 
Axtarırlar səni əhli-vilayət,
Səbəb budur olmuşdular fəraqət,
Budur sözüm: məndən sənə əmanət.
Həzər etməlidir molladan Nəzər.
 
Sənin qədrin hərgiz bilən olmadı,
Töhmət qubarnı silən olmadı,
Tökülən stəkan neçin dolmadı,
Çörəgi çayında bolladan Nəzər.
 
Bu səhmü səlabət ki vardı səndə,
Həqqüçünə yoxdur bir Əhriməndə.
Kişilərin bir təqsiri düşəndə,
Boşadıb arvadın dulladan Nəzər.
 
Qızılbaşa dedi yalan sözünü,
Xətaya salmışdı kişi, özünü.
Şahzadənin elçisinin gözünü
Qələyə gələndə bağladan Nəzər.
  
Aşıq Pəriyə
 
Sən ey Pəri, məlik pərvərdəsisən,
Həmə vəqt degərdik biz çakər ona.
Nədən ötrü bizdən kənar gəzirsən,
Nə tabe olubsan sərasər ona.
 
Nə xoş göftarı var, nə xoş sadədir,
Bu dərdim hamıdan bir ziyadədir,
Doğrudur, dibaçə mələkzadədir,
Bəs nədən deyirlər zülmkar ona.
 
Geyinibsən yasılını, alını,
Nə çəkirsən qovğasını, qalını?
Büzürg xidmətində gördük halını,
Səmadan gələcək səbəbkar ona.
 
Əzəl başdan Mirzəcandır ustadın,
Cəmi-Dizaqidə söylənir adın.
Nə səbəbdən sizin bala Fərhadın
Gah xüxən deyirlər, gah püsər ona?
 
Arifəm, bu yerdə yarı görəndə,
Mən nə deyim bu düxtəri görəndə?
Əql itirdim sən əğyarı görəndə,
Neçin göstəribsən etibar ona?
 
Aşıq Pəriyə ikinci məktub
 
Aşıq Pəri, kağız sənə yetişkəc,
Durmuyuban gərək bura gələsən,
Bir tavus quşutək, ya mürği-tuti,
Gəzəcəksən yəqin əldən-ələ sən...
 
...Dəymək üçün zülfə əzmə şanəni,
Yola apar görəndə divanəni.
Səpibsən üzünə xaldan danəni,
Qurubsan zülfidən damü tələ sən.
 
Pəşminə saymırsan paşanı, xanı,
Eyləyirsən şahlar kimi divanı.
Sən Qədirdə olan neyü surnanı
Görməyibsən, görsən məgər gələsən.
 
Üçüncü məktub
 
Aşıqlığın lafı amma dürüstdür,
Çəkərin yox Süleymandan, ey Pəri,
Əgər görsən bala Allahverdini,
Keçərsən baş ilə candan, ey Pəri.
 
Bilirəm halını, ey şuşi-tənnaz.
Səni sevən çoxdur, ey mədəni-naz.
Qabağında durub söhbəti-yay, yaz
Vəqtidir çıxmaq gülüstandan, ey Pəri.
 
Günki bunlar bir sünnətsiz tərsadır,
Hər bir işdə rəsiddir, həm zibadır.
Görən deyər, aya bu nə qovğadır?
Səda gəlir hər bir yandan, ey Pəri
 
Ehtiyat lazımdır hər bir insanə,
Dutmaya böylə iş, batmaya qanə,
Qədr ilə Qədirlə girmə meydanə,
Həzər eylə bu meydandan, ey Pəri. 
 

 





10.05.2022    çap et  çap et