525.Az

Əzəli-əbədi yurdumuz Ağdam: Böyük Qayıdışa doğru


 

Əzəli-əbədi yurdumuz Ağdam: <b style="color:red"> Böyük Qayıdışa doğru</b>

Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi düşməndən azad olunub. Ağdam işğal edilən rayonlarımızın arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonda 138 yaşayış məntəqəsi var.

Qeyd edək ki, Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4 fazi, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, postsovet məkanında birinci, dünyada ikinci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

Ağdam düşmənlə döyüşlərdə 6000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub.

Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın ikinci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb və həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib. Onlar şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilən Ağdamda olublar. Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.

27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanıb. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyib.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam məscidini ziyarət ediblər. Prezident İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışlayıb.

2021-ci il mayın 24-də Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilən hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Emin Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilən hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Mayın 28-də Prezident İlham Əliyev Ağdama növbəti dəfə səfər edib. Səfər çərçivəsində dövlət başçısına Ağdam şəhərinin Baş Planı təqdim olunub. Prezident Ağdam şəhərinin bərpasının təməl daşını, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub, eyni zamanda İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun, Sənaye Parkının, şəhər ərazisində inşa olunan ilk yaşayış binasının təməlqoyma mərasimində və Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində, Qiyaslı məscidində, Şahbulaq qalasında olub. Həmçinin, Ağdamda Zəfər Muzeyi və açıq hava altında İşğal Muzeyi yaradılacaq. Səfər çərçivəsində Prezident İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.

Hazırda Böyük Qayıdış üçün Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Rayonda aparılan bərpa və quruculuq işləri Ağdamın tezliklə nəinki Azərbaycanın, həmçinin, regionun ən gözəl və müasir şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir.

Ağdamda "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının, o cümlədən "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi yaradılıb. Bununla da rayonun və ətraf bölgələrin elektrik təminatı məsələsi tam həllini tapmış oldu.

Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Eyni zamanda, genişzolaqlı fiberoptik kabelin çəkilişi Ağdamda ən yüksək ötürmə qabiliyyətli sürətli internet xəttinin istifadəyə verildiyini göstərir.

190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkında ilk işlərə də start verilib. Bu o deməkdir ki, Qarabağ və Şərqi-Zəngəzur sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin əsas güc mərkəzlərindən birinə çevriləcəkdir. Xüsusilə də Ağdamın strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Ağdam həm də turizmin perspektivləri baxımından cəlbedici bölgədir. Ağdam şəhərində inşa olunacaq "Park Forest Otel Ağdam" mehmanxanasının təməlinin qoyulması bu baxımdan turizmin inkişafı üçün əlverişli imkanlar vəd edir. "Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Ağdam Rayon Mərkəzi Xəstəxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərinin qoyulmasını öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunmasını tezləşdirən mühüm faktordur. Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Eyni zamanda, Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 nömrəli məktəb inşa olunur. Bu təhsil ocağında təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən, Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıb.

Ağdam-Bərdə dəmir yolu xəttinin çəkilişi gələn ilin sonunadək yekunlaşacaq. Yeni çəkilən dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir. Dəmir yolu xəttində tikinti işləri iki mərhələdə həyata keçirilir. I mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyalarını əhatə etməklə 20.78 km, II mərhələ Təzəkənd və Ağdam stansiyalarını əhatə etməklə 26.32 km təşkil edir. Artıq Dəmir Yolu xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib.

Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 45 kilometr təşkil edəcək. Dövlət başçısının tapşırığına əsasən, Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir və işlərin artıq mühüm bir qismi həyata keçirilib.

Millət vəkili Bəxtiyar Sadıqovun sözlərinə görə, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də ölkənin inkişaf etmiş şəhərlərindən biri idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində xarabalıqlar qalıb: "Bu gün Prezidentin qətiyyəti, cəsarəti, ordumuzun rəşadəti, milli birliyimiz sayəsində işğaldan azad edilən, erməni vandallarının daşı-daş üstündə qoymadıqları şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən bərpa edilərək dünyanın ən gözəl məkanlarına çevrilir. "Qafqazın Xirosiması" olan Ağdamın bu gün necə sürətlə dirçəldiyinin şahidi oluruq. Qarabağa Qayıdış üçün Ağdamda yenidənqurma və bərpa işləri sürətlə davam etdirilir".

Millət vəkili Aqil Abbas deyir ki, bu gün Ağdam Cümə məscidinin bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən aparılır: "Məlum olduğu kimi, ermənilər tərəfindən ən çox dağıdılan məscidlər, türbələr və digər inanc yerləri olub. 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabağı tərəfindən tikilən "Qarabağ məscid memarlığı" məktəbinə aid olan Ağdam Cümə məscidi ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Hazırda məscidin yenidən qurulması və tikintisi prosesinə başlanılıb. Məscidin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu gün Ağdamda reallaşan layihələr Böyük Qayıdışın tərkib hissəsidir, tezliklə bu gözəl diyarın əzəli sakinlərinin tarixi torpaqlarına əbədi Qayıdışının şahidi olacağıq".

Sevinc QARAYEVA

 





11.05.2022    çap et  çap et