525.Az

Kibermüharibənin qalibi kim olacaq? - Xaqani Cəfərlinin şərhi


 

Kibermüharibənin qalibi kim olacaq? -<b style="color:red"> Xaqani Cəfərlinin şərhi</b>

Ukraynaya qarşı müharibə Rusiyanın qlobal iqtisadiyyatdan və beynəlxalq münasibətlərdən təcrid olunması ilə yanaşı, bu ölkəyə qarşı kiber müharibəyə də yol açıb. Rusiyanın yutub videohostinqinə alternativ olaraq yaratdığı rutub kiberhücumlar nəticəsində may ayının 9-da fəaliyyət göstərə bilməyib. Həmin gün Smart TV-də yayımlanan telekanalların yayımında problem yaranıb və efirdə "Minlərlə ukraynalının qanı sizin əlinizdədir" şüarı yer alıb. Bu şüar Rusiyanın bütün telekanallarının və internet axtarış proqramlarının ekranlarında yer alıb. Rusiyanın dövlət və iqtidar mediası da eyni vəziyyətlə üzləşib. Hər kəs anlayır ki, Rusiya çox güclü kiberhücuma məruz qalıb. Bu isə gözlənilən idi.

Rusiya Ukraynaya qarşı müharibəyə başladığı zaman “Anonymous” haker ordusu Moskvaya qarşı müharibə elan etdi. Bir qədər sonra digər hakerlər də qrup şəklində və ya fərdi qaydada “Anonymous”un təşəbbüsünə qoşuldu. Ekspertlərin iddiasına görə, bütün dünya üzrə 4 min haker Rusiyaya qarşı kibermüharibədə iştirak edir. Hakerlər Rusiyaya qarşı kibermüharibənin nəticələri barədə mütəmadi olaraq məlumat yayırlar. Məsələn, martın 17-də hakerlər Rusiya və Belarus hökumətlərinə, dövlət mediasına, banklar və digər şirkətlərə məxsus 2500-dən çox saytının müdafiə sistemini qırdıqlarını və bütün məlumatları ələ keçirdiklərini elan etdilər. Martın 25-də isə “Anonymous” qrupunun hakerləri Rusiya Mərkəzi Bankının bütün mulumatlarını ələ keçirdiklərini bəyan etdilər. Ardınca hakerlər açıqlamalarının təsdiqi olaraq ələ keçirdikləri 28 GB məlumatı yaydılar. Burada Rusiya banklarının sahibləri və səhmdarları haqqında məlumat daxil olmaqla müxtəlif bilgilər vardı. Bununla bağlı hakerlərin yaydığı məlumatda deyilirdi: "Biz Rusiya Federasiyası Mərkəzi Bankının minlərlə sənədini, razılaşmalar, məktublar, əməliyyatlar, oliqarxların ticarət sirləri, ictimaiyyətdən gizlədilən real iqtisadi hesabatları dərc edirik".

Bütün bu məlumatlar isə hazırda Rusiya oliqarxlarının sərvətlərini həbs və müsadirə edən Qərb dövlətlərinin bu istiqamətdə fəaliyyətini gücləndirəcək. Hakerlər Rusiya əleyhinə müharibədə prezident Vladimir Putinə müraciət edərək bütün sirlərini ələ keçirəcəklərini bildirmişdilər. Həmin müraciətdə deyilirdi: "Putin, sənin heç bir sirrin qorunmur. Biz hər yerdəyik, sarayındayıq, yemək yediyiniz yerdə, yataq otağınızdayıq".

Qeyd edək ki, Rusiyaya qarşı Qərbin kiberhücumu ötən ildən gündəmdə idi. Rusiya Xarici Kəşfiyyat Xidməti hakerlərinin ABŞ-ın “SolarWinds” və digər şirkətlərinə kiberhücumu Vaşinqtonda ciddi narazılıq doğurmuş və Ağ evdə bunu ABŞ-a qarşı müharibə kimi dəyərləndirmişdilər. Rusiyalı hakerlərin bu addımı ABŞ-ı ciddi təhlükəsizlik tədbirlərinin görülməsi zərurətinə inandırmışdı. Kiber NATO yaradılması ideyası da o zaman yarandı. Kiber NATO internet məkanda kollektiv təhlükəsizlik sistemi yaratmalı idi. Bu ideyanın meydana çıxmasından təxminən bir il sonra, aprelin 28-də nəhayət, 60 ölkənin iştirakı ilə "İnternetin gələcəyi haqqında bəyannamə" imzalandı. Bəyannamədə demokratik sistemləri dəstəkləmək və hər bir vətəndaşın demokratik proseslərdə fəal iştirakını təşviq etmək, fərdlərin məxfiliyinin qorunmasını təmin etmək, təhlükəsiz və ümidverici əlaqəni qoruyub saxlamaq, insan hüquqlarının müdafiəsi və rəqəmsal ekosistemdə ona hörmət edilməsi, müstəqil və rəqabətcil qlobal iqtisadiyyatı təmin etməyi əsas məqsəd kimi götürülsə də, əsl məqsəd bəyannaməni imzalayan ölkələrin kiber təhlükəsizliyini təmin etməkdir. Bunun üçün xüsusi sistem hazırlanıb və bəyannamə imzalayan ölkələrin internet məkanları kənar müdaxilələrdən qorunacaq. Bu isə o deməkdir ki, Rusiya məruz qaldığı kiber hücumlara cavab vermək imkanı əvvəlki kimi olmayacaq.

Rusiyanın cavab tədbirlərini məhdudlaşdıran, imkansız edən hallardan biri də kosmosdan peyklər vasitəsilə yayılan naqilsiz Starlink internetidir. Hazırda ABŞ, Kanada və Böyük Britaniya, eləcə də Vaşinqtonun bəzi müttəfiqləri Starlink internetindən istifadə edir. Son zamanlar Ukraynada bu xidmətdən istifadə etməyə başlayıb. Bu isə Starlink internetinin məxsus olduğu Space X şirkətinin sahibi İlon Maskın peyklərin bir hissəsini Ukraynaya yönətmək göstərişi verməsindən sonra mümkün olub. Bu, Ukraynaya döyüş meydanında da bir sıra üstünlüklər qazandırıb. Starlink internetinin sayəsində Rusiya Ukraynanın hərbi birlikləri arasında danışıqları və yazışmaları ələ keçirmək imkanını demək olar ki, itirib. Digər tərəfdən, “Starlink” interneti Ukraynaya Qərb kəşfiyyatının məlumatlarını faktiki olaraq zaman itirmədən almaq imkanı verir. Bu isə Rusiya ordusunun ağır itkilər verməsinin səbəblərindən biri hesab olunur. Starlink internetinin təsiri o qədər güclüdür ki, Rusiyanın "Roskosmos" şirkətinin baş direktoru Dmitri Roqozin İlon Maskı hədələyərək Ukraynaya yaratdığı imkanlara görə cavab verəcəyini bəyan edib.

Rusiyanın qlobal iqtisadiyyatdan və beynəlxalq münasibətlərdən təcrid olunması kimi internet məkanda da təklənməsi prosesi son mərhələyə daxil olub. Belə bir vəziyyətdə isə Rusiyanın məruz qaldığı genişmiqyaslı kibermüharibədə qalib gəlmək şansı olmadığı kimi, 8 və 9 may tarixlərində baş verənlər, Rusiya Bankının bütün məlumatlarının ələ keçirilməsi kimi hadisələr göstərir ki, Rusiyanın özünü müfadiə etmək imkanları yoxdur.

 





11.05.2022    çap et  çap et