525.Az

Qarabağ geyimlərinin möhtəşəm nümayişi


 

Qarabağ geyimlərinin möhtəşəm nümayişi <b style="color:red"></b>

Mayın 6-da Daş Salnamə Muzeyində Bakı Milli Geyim Evinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılmış Qarabağ zəfərinə və Azərbaycan Prezidentinin elan etdiyi 2022-ci il "Şuşa İli"nə həsr edilmiş "Qarabağ Azərbaycandır! Şuşa - Ənənədən Gələcəyə" adlı dəfiləsi keçirildi. Geyim Evinin rəhbəri, tanınmış modelyer Könül Vəlibəyliylə uzun müddətdir müzakirəsini apardığımız və bütün hazırlıq proseslərinə canlı şahid olduğum dəfilənin, nəhayət, baş tutması təkcə Azərbaycan mədəniyyətinin təbliği baxımından yox, həm də məhz Qarabağın, Şuşanın mədəniyyətinin Azərbaycanın tarixi köklərlə bilavasitə bağlılığının nümayişi baxımından çox mühüm idi.

Mərasimdə millət vəkilləri, sənətşünaslar, modelyerlər, KİV rəhbərləri, media və ictimaiyyətin digər nümayəndələri iştirak edirdilər.

Xüsusi zövqlə hazırlanmış, qədimliklə müasirliyi özündə ehtiva edən Qarabağın, Şuşanın milli geyimləri, örtükləri, araqçınları gənc modellər tərəfindən Qarabağla bağlı musiqilərin sədaları altında nümayiş etdirildi.

Azərbaycanın məğrur ordusunun böyük Qarabağ zəfəri dəfilədə də qürurla yad edildi. Belə ki, kişilər üçün hazırlanmış Qarabağ geyimləri tədbirdə cəngavərlik himnimiz olan "Cəngi" sədaları altında sərgiləndi. Dəfilənin xüsusi geyimi isə jurnalist, zamanında Şuşanın azadlığını bütün xalqımıza duyurmaq qisməti olmuş teleaparıcı Jalə Həsənlinin təqdimatında göstərildi. Bu, Şuşa zəfərinə həsr olunmuş Şuşanın milli yay geyimi idi. Ağ rəngli bu libas həm də torpağın müqəddəsliyinin, saflığının, təmizliyinin təcəssümü kimi dəfilə gecəsinin bəzəyinə çevrildi. 

Geyimlərin nümayişindən sonra səhnəyə dəvət olunan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli qonaqları salamlayaraq onların bu dəfilədə iştiraklarını Azərbaycan tarixinə, Qarabağ mədəniyyətinə olan sevgilərinin, sayğılarının nümunəsi olduğunu dedi. Bakı Milli Geyim Evinin yarandığı ilk gündən Qarabağ, İrəvan, Borçalı kimi tarixi bölgələrimizin geyimlərini hazırlamaqla bütöv bir Azərbaycanı təmsil etdiyini deyən modelyer Şuşa zəfərindən sonra Qarabağ kolleksiyasını yenidən və xüsusi olaraq hazırlamasından və tezliklə təqdim etmək xəyallarından bəhs etdi: "Bu gözəl Qarabağ geyimləri uzun illərdir dünyanın müxtəlif ölkələrində sərgilənib. 30 il nisgilini çəkdiyimiz torpaqlar azad olunduqdan sonra kolleksiyanı genişləndirmək qərarına gəldim. Bu gün təqdim olunan geyimlərdə Qarabağın ayrı-ayrı bölgələrinin, xüsusilə azad Şuşamızın milli naxışları öz əksini tapıb".

Millət vəkili Aydın Mirzəzadə çıxış edərək uğurla baş tutan, anşlaqla qarşılanan Qarabağ geyimləri dəfiləsi üçün Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylini təbrik edərək, müasir dövrdə Qarabağ geyimlərinin önə çəkilməsinin vacibliyini vurğuladı.

Dəfilədə qonaq qismində iştirak edən Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova həm təqdimatdakı çıxışında, həm də təqdimatdan sonra təəssüratlarını bizimlə bölüşərkən bu cür dəfilələrin, Qarabağın tarixinə, mədəniyyətinə həsr olunmuş işlərin daha da geniş vüsət olmasının önəmindən danışdı: "Təbii ki, bunun üçün bu işin həm peşəkarları, həm də fədailəri olmalıdır. Milli geyim hazırlamaq heç də asan deyil, çox vaxt aparır və peşəkarlıq tələb edir. Bir milli geyim hazırlayana qədər üç mövsümün geyimini tikmək olar.

Mən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin həm milli geyimlərimizin yaradılmasında, həm təbliğatında, həm də yaşadılmasındakı rolunu çox yüksək dəyərləndirirəm və hər zaman onun moda nümayişlərində iştirak edir, zaman-zaman kolleksiyalarındakı nümunələri fotosessiyalarımda, video çəkilişlərdə istifadə etmişəm. Fikrimcə, milli geyim mövzusu hər zaman aktual saxlanılmalıdır. Bu, çox fərqli bir prosesdir. Parça seçimi, milli ornamentlərin əksi, əl işlərinin çoxluğu onun əsas xüsusiyyətləridir. Bununçün də peşəkar kollektiv lazımdır. Könül xanım da istedadlı xanımlarımızı bu işə cəlb edib və illərdir bunu uğurla davam etdirir.

Mən hər zaman söyləmişəm ki, Azərbaycan milli geyimləri həm öz forması, həm də məna çalarlarıyla dünyanın ən gözəl geyimlərindəndir. Bugünki dəfilədə də nümayiş etdirilən geyimlər çox xoşuma gəldi. Bu günün mövzusu Qarabağ milli geyimləri idi. Bu geyimlər özünəməxsus xüsusi elementləriylə seçilir. Çünki zamanında Qarabağ böyük və güclü xanlıq olub. Orda çoxlu zadəgan ailələr, bəy nəslindən olan insanlar yaşayıblar. Bu da onu göstərir ki, orda xüsusi geyim hazırlanması prosesi və yüksək sənətkarlıq da olub. Qarabağ və Şuşa hər zaman Azərbaycanın dəb mərkəzlərindən biri olub.

Mənfur qonşularımız ermənilər hər zaman mədəni nümunələrimizə, musiqimizə, mətbəximizə sahib çıxmağa çalışıb, özünküləşdiriblər. Amma onlar heç vaxt Qarabağın muğamını və geyimlərini təkrarlaya bilməyiblər. Arxiv görüntülərində onların geyimləri çox kasad, adi görünür. Bu, böyük bir faktdır. Bu baxımdan Qarabağ milli geyimlərinin inkişafı, onların tədqiq olunması, müvafiq elmi işlərin yazılması, kolleksiya, dəfilələr hazırlanması çox böyük bir işdir".

Dəfilənin tanınmış qonaqlarından- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektor müşaviri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova da nümayişin sonunda öz təəssüratlarını bizimlə bölüşdü: "Bakı Milli Geyim Eviylə biz çoxdan tanışıq. Bizim universitetlə faydalı və çox geniş əməkdaşlıqları var. Ən əsası odur ki, Könül xanım bizim tariximizi, ənənələrimizi qorumağa çalışır. İstər indiki şəraitdə, istər dünya arenasında, istərsə də, böyük qələbəmizin fonunda bu bizə lazımdır ki, ənənəni nəinki yaşadaq, həm də onu gələcəyə miras olaraq da ən yaxşı şəkildə ötürə bilək.

Bugünkü layihə çox uğurlu və lazımlı layihədir. Əslində, Könül xanımın uğursuz layihəsi yoxdur, o, hər zaman gözəl işlər qoyur ortaya. Nümayiş olunan geyimlərdəki ayrı-ayrı elementləri çox bəyəndim. Təkcə geyimlərdə deyil, xalçada, miniatürlərdə tanıdığımız etnoqrafik motivləri çalışıb ki, geyimlərə daşısın. Bu da çox gözəl bir ideyadır. Bizim də ən böyük arzumuz odur ki, bu gözəl geyimləri həm də Cıdır düzündə görək. Əlbəttə, Bakıda, belə bir möhtəşəm muzeydə nümayişi mühümdür, amma yəqin ki, Şuşanın dağlarının, Cıdır düzünün fonunda bu geyimlər bir başqa görünəcək".

Əlbəttə, o gün orda olan, bir-birindən gözəl, əsrarəngiz, zərif geyimləri seyr edən hər birimizin qəlbində o müqəddəs arzu vardı: bu geyimlər özlərinin aid olduqları torpaqda - əzəmətli Şuşamızda qürurla sərgilənsin. Düzdür, qələbədən sonra Könül xanımdan öncə geyimləri "ayaq açıb" o yerlərə. Qarabağımızda, Şuşamızda keçirilən dövlət tədbirlərində, festivallarda ayrı-ayrı sənətçilər məhz Könül Vəlibəylinin kolleksiyasına müraciət edirlər. Hətta sözügedən kolleksiyada daha çox geyimlər hazırlanmış olsalar da, bir neçəsini həmin günlərdə Şuşada keçirilən I Beynəlxalq Kulinariya Festivalına göndərmişdilər. Təbii ki, bütün bunlar sevindiricidir, tariximizin, mədəniyyətimizin yaşadılması və təbliğatı deməkdir. Ancaq bütün bunlardan əlavə, sırf bu geyimlər üçün, Azərbaycanımızın, Qarabağımızın geyim mədəniyyətinin daha geniş təbliğinə xitabən Şuşada, Cıdır düzündə moda nümayişlərinin, geyim sərgilərinin və dəfilələrinin keçirilməsi əvəzsiz xidmətlərdən olardı. Nə xoş halımıza ki, artıq bu təmənnalarımız əlçatmaz xəyal deyil, yaxın gələcəkdə gerçəkləşməsi üçün heç bir əngəl və maneə qalmayan bir istəkdir.   

 





11.05.2022    çap et  çap et