525.Az

Böyük Britaniyada multikulturalizm


 

Böyük Britaniyada multikulturalizm<b style="color:red"></b>

Etnik-mədəni müxtəlifliyin qorunmasını və inkişaf etdirilməsini nəzərdə tutan multikulturalizm siyasəti, bu siyasətin mahiyyəti və müxtəlif modelləri müasir dövrdə Avropa ölkələrində əsas müzakirə mövzularından birinə çevrilib. Bəzi Qərb ölkələrində, o cümlədən Böyük Britaniyada bu siyasət etnik, dini və ya mədəni müxtəlifliklərin harmoniyası, birgəyaşayışın əsas təminatçısı kimi nəzərdən keçirilir, müxtəlif siyasi modellər vasitəsilə icra edilir. 

1903-cü ildə İmmiqrasiya üzrə Kralllıq Komissiyasının üzvləri Birləşmiş Krallığa yeni gələnlərin yerli adət-ənənələrə uyğun yaşamağa meylli olub-olmayacaqları ilə bağlı şübhələrini ifadə etdilər. Qəzet redaktoru J.L.Silverin bildirdiyi kimi, "çürük məhsulların” İngiltərə “ərzaq bazasına" yerləşdirilə biləcəyi ilə bağlı narahatlıqlar da vardı. Ölkədə immiqrasiya haqqında ilk qanun olan "Əcnəbilər haqqında Qanun" (ing. "Aliens Act") xüsusilə avropalı yəhudilərin axınını kəsmək üçün hazırlanmışdı. O vaxtkı baş nazir Artur Balfurun iddiasına görə, belə bir qanun olmadan Britaniya milləti növbəti əsrlərdə varislərindən məhrum olardı.

İmmiqrantlar özləri ilə tərk etdikləri vətənlərinin adət-ənənələrini də gətirirdilər. Ancaq öz mədəni fərqlərini qorumaq onları həddən artıq narahat edirdi. Ümumiyyətlə, onlar mədəniyyəti siyasi məsələ saymırdılar, onları narahat edən fərqli münasibət görmələri idi, bir sözlə, onların narahatlıqları dini və etnik mənsubiyyət yox, irqçilik və qeyri-bərabərlik idi. Növbəti onilliklərdə yeni nəsil qaradərili və asiyalı aktivistlər iş yerlərində ayrı-seçkilik, deportasiya və polis şiddətinə qarşı tətil və etiraz nümayişləri təşkil etməklə bu problemlər üzrə aktiv fəaliyyətə keçdilər. Bu səylər 1970-ci illərin sonu, 1980-ci illərdə Birləşmiş Krallığın bir sıra şəhərlərinə yayılan üsyanlarla zirvəyə çatdı.

İkinci Dünya Müharibəsindən sonra Böyük Britaniyaya immiqrant axını kifayət qədər çoxaldı və bu axın İngiltərənin simasını nəzərə çarpacaq dərəcədə dəyişdi. O vaxta qədər Böyük Britaniyanın gəlmələri əsasən qafqazlılardan, bir də Avstraliya, Yeni Zelandiya, Kanada kimi ingilisdilli ölkələrdən gələn immiqrantlardan ibarət idi. Qaradərili vətəndaşların sayı bugünkündən xeyli az idi.   

Böyük Britaniyada immiqrantların mədəni hüquqlarının təmin edilməsi multikulturalizm siyasətinin əsas istiqamətidir. 2020-ci ildə dərc olunmuş "Miqrasiya barədə statistika"ya əsasən, Böyük Britaniyada yaşayan 6,2 milyon insan başqa ölkənin vətəndaşlığına malikdir, 9,5 milyon nəfər isə xaricdə doğulmuş Britaniya vətəndaşıdır. 2019-cu ildə 677 000 nəfər Böyük Britaniyaya, 407 000 nəfər isə bu ölkədən mühacirət edib. 1998-ci ildən bəri hər il İngiltərədən köçənlərin sayı buradan gedənlərin sayından ən azı 100.000 çox olur. Son illər Böyük Britaniyanın bu qədər immiqrasiyaya davam edib-etməyəcəyi, immiqrasiyanın ölkə üçün hansı nəticələrə səbəb olacağı ilə bağlı çoxlu müzakirələr aparılır.
Kontinental Avropa multikulturalizmindən fərqli olaraq, Böyük Britaniya etnik-mədəni müxtəlifliyin tənzimlənməsində xüsusi bir strategiya seçib. Belə ki, bu inteqrasiya strategiyasında etnik qruplar yox, fərdlər prioritet götürülür. Bu siyasət, etnik müxtəlifliklər də daxil olmaqla, əsasən fərdi azadlıqların ifadə edilməsinə yönəlib. Bu baxımdan etnik qruplara mənsub fərdlər özünəməxsus mədəni təcrübələrini fərdi müstəvidə reallaşdıra bilirlər. Məlumdur ki, Britaniya mədəniyyətinin mərkəzində xalqın çoxluğunun bölüşdüyü anqlo-sakson mədəniyyəti, həyat tərzi, dəyərləri, əxlaq normaları mühüm yer tutur. Buna görə də, "başqa" mədəniyyətə mənsub olanların hakim təbəqənin dəyərlərinə inteqrasiya etməsi arzu olunur. Burada ikili etnik və mədəni mənsubiyyət yalnız hakim dəyərlərin mənimsənilməsi kontekstində reallaşdırıla bilər.

Böyük Britaniyada multikulturalizm istiqamətində ilk addımlar 1960-ci illərdə, müxtəlif irqlər arasındakı münasibətləri tənzimləyən qanunların qəbul edildiyi dövrdə atılıb. 1976-ci ildə isə irqlər arasında tam bərabərliyin elan olunması qanunlarda öz əksini tapıb. Bunu da qeyd etmək lazımdır ki, Böyük Britaniya pozitiv diskriminasiya mövzusunda ABŞ-dan fərqli yol keçib. Burada etnik-mədəni azlıqlara (məsəlıən, ABŞ-da Amiş icmasına verildiyi kimi) xüsusi imtiyazlar verilməyib. Böyük Britaniyada etnik azlıqların mədəni kimliyinin ifadəsi dözümlülük prinsipinə söykənən "çoxmədəniyyətli cəmiyyət" konsepsiyası çərçivəsidə təmin edilir. Bu siyasət bir çox özünəməxsus etnik, mədəni adət-ənənələri (müsəlman qızların hicab bağlaması, Sinqh dinində ənənəvi papaqların qoyulması və s.) qanunda nəzərdə tutulan xüsusi istisnalar kimi həyata keçirir.
İngiltərədə bəzi siyasətçilər son vaxtlar multikulturalizm terminini dilə gətirməkdən çəkinirlər. Daha çox plüralizm, müxtəliflik, mədəniyyətlərarası dialoq, ictimai inteqrasiya kimi deyimlərdən istifadə edirlər. Derek McGhee`nin ifadəsi ilə desək. "İngiltərədə multikulturalizm prinsiplərindən uzaqlaşmaq yerinə daha çox multikulturalizm terminindən uzaq durma tendensiyası yaranıb".

İngiltərədə 3 milyona yaxın müsəlman yaşayır. Almanya və Fransadan fərqli olaraq, anqlosakson mentalitetinə və hüquq sisteminə müvafiq şəkildə multikulturalizm siyasəti burada assimilyasiya funksiyasını yerinə yetirmir. Məhz buna görə hər hansı başqa dinə, etnik qrupa mənsub insan burada asanlıqla dövlət məmuru ola bilir. 

Böyük Britaniyada etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin digər subyekti da dövlət məktəbləridir. Ölkədə istər tədris proqramının mədəni müxtəlifliyi lazımınca əks etdirməsini, istərsə də məktəb müəllimlərinin etnik-mədəni müxtəlifliyə həssaslığını nəzərdə tutan təhsil islahatları həyata keçirilib. Bütün bunları nəzərə alaraq söyləmək mümkündür ki, ictimai-siyasi müstəvidə Böyük Britaniyada çoxmədəniyyətli cəmiyyət konsepsiyası inkişaf edib, pozitiv diskriminasiya praktikası yayılmağa başlayıb. Bu siyasətin səciyyəvi cəhəti ondan ibarətdir ki, burada etnik-mədəni azlıqlar dövlət tərəfindən rəsmən tanınmasa da, hər bir vətəndaşın fərdi müstəvidə etnik-mədəni özəlliklərini, dini ənənələrini ifadə etmək hüququ var.

Mahiyyə MƏMMƏDZADƏ
Azərbaycan Dillər Universiteti Tərcüməçilik fakültəsinin IV kurs tələbəsi

 





12.05.2022    çap et  çap et