525.Az

Rusiya üçün ölüm fərmanı


 

Rusiya üçün ölüm fərmanı<b style="color:red"></b>

ABŞ prezidenti Co Bayden 2022-ci il Ukrayna Demokratiyasını Müdafiəsi Kredit-İcarə Aktı (Ukraine Democracy Defense Lend-Lease Act of 2022) adlı qanunvericilik sənədini imzaladı. Bununla da Ukraynanın silahla təchiz edilməsi sadələşdiriləcək. Qanunvericilik aktında deyir ki, Ukraynanın mülki əhalisini Rusiyanın hərbi işğalından qorumaq və digər məqsədlər üçün müdafiə avadanlığının verilməsi, o cümlədən də, icarəyə verilməsinə dair sazişlər bağlamaq üçün prezidentə genişləndirilmiş səlahiyyətlər verilsin. Qanun qüvvəyə mindikdən sonra prezident Co Bayden hərbi yardımın vaxtında çatdırılması üçün sürətləndirilmiş prosedurlar təşkil etmək imkanı qazanacaq. Kiyev texnika və silahları kreditlə alacaq və bu vəsait münaqişə başa çatdıqdan sonra ödəniləcək.

Qeyd edək ki, bu qanun layihəsi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlamazdan əvvəl, yanvar ayında Konqressin yuxarı palatasına təqdim edilib. Ötən ay Konqressin hər iki palatası qanunvericilik layihəsini təsdiq edərək imzalanması üçün prezidentə göndərmişdi.

Prezident Co Bayden isə qanunvericilik aktını Rusiya üçün əlamətdar gün olan 9 mayda imzaladı. Baxmayaraq ki, qanunvericilik aktı Konqressin yuxarı palatası Senatda aprelin 7-də, aşağı palatası Nümayəndələr Palatasında isə aprelin 28-də səsvermədən keçmişdi. Prezident Co Baydenin qanunvericilik aktın imzalamaq üçün 10 gündən çox gözləməsi, onu məhz Rusiya üçün əlamətdar gündə imzalaması təsadüfi deyil. Ukrayna prezidenti Volodimir Zelenski qanunvericilik aktının imzalanmasını tarixi hadisə kimi qiymətləndirib. Həqiqətən də bu qanunvericilik aktının Konqress tərəfindən qəbul olunması və prezident tərəfindən imzalanması tarixi hadisədir. Bu qanunun analoqu Hitler Almaniyasına qarşı döyüşən ölkələri kredit hesabına verilən silah və texnika ilə təchiz etmək üçün ABŞ prezidenti Franklin Delano Ruzvelt tərəfindən 1941-ci il martın 11-də imzalanıb. Məhz həmin qanunun əsasında Sovet İttifaqı da daxil olmaqla antihitler koalisiyasına daxil olan ölkələr silah və texnika ilə təmin edilib. Hərb tarixçilərinin ümumi rəyinə görə, bu qanun olmasaydı, İkinci Dünya müharibəsinin nəticələri fərqli ola bilərdi.

Qanunun müəlliflərindən biri, Texas ştatından respublikaçı senator Con Kornin dediyi kimi, bu sənəd Ukraynanı öldürücü silahlarla təmin etməyə imkan verəcək. Bu isə Rusiya ordusu üçün ölüm fərmanı deməkdir. Son zamanlara kimi ABŞ və müttəfiqləri Ukraynaya ancaq yüngül müdafiə silahları verirdilər. İndi isə hücum silahları və ağır texnika verilməsi mərhələsi başlayır. Bu isə Rusiya ordusunun müharibənin birinci mərhələsində verdiyi itkilərdən dəfələrlə artıq itkilər verməsinə səbəb olacaq.

Fevralın 24-dən ABŞ Ukraynaya 3,8 milyard dollar yardım ayırıb. Bu vəsaitin böyük hissəsi Ukrayna ordusu üçün silah alınmasına sərf olunub. Aprelin sonunda prezident Co Bayden Ukraynaya yardım üçün 33,4 milyard dollarlıq yeni yardım paketin ayrılması  üçün Konqresə müraciət edib. Həmin vəsaitin 20,4 milyard dolları Ukrayna ordusu üçün silah alınmasına sərf ediləcək. Qeyd etmək lazımdır ki, bu ancaq oktyabr ayına kimi nəzərdə tutulan yardımdır.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Kredit-İcarə" proqramının Ukraynanı böyük borc quyusuna salacağını bildirib. Görünür ki, Volodin tarixi yaxşı bilmir. Çünki Sovet İttifaqı İkinci Dünya müharibəsi zamanı ABŞ-dan "Kredit-İcarə" proqramı çərçivəsində aldığı silah və texnikanın bir hissəsinin əvəzini 61 ildə ödəyib. Sovet İttifaqı dağıldıqdan sonra isə ABŞ həmin krediti ümumiyyətlə bağışladı. Ona görə də Rusiya Dövlət Dumasının sədrinin Ukraynaya göstərdiyi "qayğı" əsassızdır. 

Prezident Co Baydenin 2022-ci il Ukrayna Demokratiyasını Müdafiəsi Kredit-İcarə Aktını imzalaması yeni bir mərhələnin başlanması deməkdir və bu, bütün bölgə üçün ciddi nəticələr doğuracaq. 

 





11.05.2022    çap et  çap et