525.Az

Böyük Qayıdış üçün çəkilən əbədi yollar


 

BU İRİMİQYASLI PROSESDƏ FÜZULİ RAYONU XÜSUSİ YER TUTUR

Böyük Qayıdış üçün çəkilən əbədi yollar<b style="color:red"></b>

İşğalçı Ermənistana qarşı Vətən müharibəsindəki parlaq Zəfərimizdən sonra azad edilən torpaqlarımıza Böyük Qayıdış hazırda xalqımızın və dövlətimizin qarşısında dayanan ali, müqəddəs vəzifəyə çevrilib. Bir tərəfdən işğaldan azad olunan ərazilərdə minalardan təmizlənməsi prosesi gedir. Digər tərəfdən isə yollar çəkilir, su və elektrik xətləri bərpa edilir, dağıdılan şəhərlərimizin, qəsəbə  və kəndlərimizin təməli yenidən qoyulur. Bir sözlə, bu gün Azərbaycan hökuməti Böyük Qayıdışa ciddi şəkildə hazırlıq görür. Qarabağın hər guşəsində sürətli quruculuq işləri davam etməkdədir.

Ötən müddət ərzində işğaldan azad edilən ərazilərimizdə çox mühüm işlər həyata keçirilib. Çoxsaylı infrastruktur layihələri icra olunub, körpülər, yollar, stansiyalar tikilib, yaşayış massivləri salınıb, hava limanları inşa edilib. 

İşğaldan azad olunan ərazilərdə tikinti quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıdığı üçün Prezident İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir.

İlk olaraq 44 günlük qələbəmizin simvolu sayılan tikintisi bir ilə başa çatdırılan "Zəfər Yolu" ötən il istifadəyə verilib.

Hazırda işğaldan azad olunan ərazilərdə daha 15 avtomobil yolunun tikintisi davam etdirilir.

Bunlardan biri Füzuli-Hadrut avtomobil yoludur. Bu il istifadəyə verilməsi planlaşdırılan Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolunun uzunluğu isə 22 kilometrdir. Həmçinin, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi sürətlə davam edir.  Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinin bu il başa çatdırılması nəzərdə tutulub.  2023-cü ildə istifadəyə veriləcək Uzunluğu 70,4 kilometr olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam edir.

Uzunluğu 39,7 kilometr olan birinci texniki dərəcəli yol 4 hərəkət zolaqlı Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu da gələn il istifadəyə veriləcək. Ağdam-Füzuli avtomobil yolunun uzunluğu isə 64,8 kilometrd­ir. I texniki dərəcəli, 4 hərəkət zolaqlı yolda torpaq işləri icra olunub.

Uzunluğu 81,6 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti 2024-cü ildə başa çatdırılacaq.

Tikintisi 2024-cü ildə başa çatdırılacaq Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yeni avtomobil yolunun uzunluğu 123,6 kilometrdir. 2025-ci ildə istifadəyə veriləcək Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu isə 72,3 kilometrdir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun çəkilməsi istiqamətində ciddi işlər görülür. Sözügedən yol Göygöl rayonunun Toğanalı kəndindən keçəcək.

İşğaldan azad olunan kənd və şəhərlərin elektrik enerjisi ilə təchiz olunması istiqamətində də ciddi işlər görülür. Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Paralel olraq işğaldan azad olunan ərazilərin proqrama uyğun qazlaşdırılması işi də uğurla həyata keçirilir. 

İşğaldan azad olunan ərazilərdə "Azərsu" ASC tərəfindən içməli su təchizatının yaxşılaşdırılması istiqamətində də müvafiq işlər görülür.

Böyük Qayıdışın təmin edilməsi, 30 ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq arzusu ilə yaşayan insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə köçürülməsi üçün hazırda burada genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri həyata keçirilir. Bu ərazilərdə yaşayış kompleksləri, xəstəxana, məktəb binaları tikilir.

Hazırda işğaldan azad olunan Füzuli rayonunda da yenidənqurma, tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Bölgədə görülən işlər sırasında, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilib.

Füzuli Memorial Kompleksi və Füzuli şəhərinin təməli, rayonun Dövlətyarlı kəndində "Ağıllı kənd" konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin əsası qoyulub. Bu layihənin beş kəndi birləşdirməsi, ümumilikdə 750 evin tikintisi nəzərdə tutulub.

Zəngilanın Ağalı kəndində də "Ağıllı kənd" in inşası davam edir. Birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır: yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələri.

Millət vəkili Ceyhun Məmmədov vurğulayıb ki, hazırda Azərbaycan xalqı Böyük Qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənib, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilib, dəmir və avtomobil yollarının çəkilişinə başlanılıb: "Qarabağa qayıdış, bu prosesin iştirakçısı və tərkib hissəsi olmaq həqiqətən çox qürurvericidir. Qarabağdan olan iş adamları bu prosesə töhfə verməyə hazırdırlar. Prezident siyasətinə önəmli yer tutan məsələlərdən biri də milli-mənəvi dəyərlərimizə diqqət və qayğıdır. Bərpa işlərinin tərkib hissəsi olan Ağdam Cümə məscidində bərpa işləri sürətlə aparılır. Tezliklə bu məscid də bərpa olunaraq dindar vətəndaşlarımızın istifadəsinə veriləcək. Proseslərin gedişatı göstərir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq və abadlıq işləri çox sürətlə aparılır. Tezliklə insanlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu ərazilər dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Prezident İlham Əliyevin əsas hədəf və məqsədi də budur".

Millət vəkili Kamran Bayramov deyir ki, Prezident İlham Əliyev ölkədə hərtərəfli islahatların genişləndirilməsinə verdiyi önəmlə, xüsusilə, regionların sosial-iqtisadi inkişafına nail olmaqla Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirib.  44 günlük Vətən müharibəsində parlaq Qələbəmizdən sonra ölkəmiz yeni dövrə qədəm qoyub. İşğaldan azad edilən torpaqların bərpası və inkişafı ilə bağlı strategiyanın icrası istiqamətində artıq tədbirlərin həyata keçirilməsinə başlanıb: "Hazırda Prezident İlham Əliyevin dediyi kimi, əsas hədəf Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə böyük kommunikasiya-infrastruktur layihələri həyata keçirilir. Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti çox böyükdür.  Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün istifadə olunacaq. Bir zamanlar  işğal dövründə ermənilər də Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol Zəngilandan keçməli idi. Onların bu ümidləri də gözlərində qaldı. Bu gün  Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yollar çəkilir. Bu yollar Şərqi Zəngəzur iqtisadi rayonları arasında birləşməni təmin edəcəkdir. Eyni zamanda, Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaq".

K.Bayramovun sözlərinə görə, işğaldan azad olunan torpaqlarımızda əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək, həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsi məqsədilə artıq bərpa-quruculuq prosesinə diqqətlə, koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb: "İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var.  Xalqımız, eləcə də bütün dünya bu ərazilərdə böyük sürətlə aparılan misilsiz yeniliklərin şahididir. Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, "ağıllı" şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq. Yaxın zamanlarda Azərbaycan işğaldan azad etdiyi torpaqlarda ilk məskunlaşma prosesinə start verəcək. Zəngilan rayonunun Ağalı kəndlərində inşa edilən ilk "ağıllı kənd"ə əhalinin köçürülməsi üçün hər şey hazırdır. Bu, birinci pilot layihədir".

 K.Bayramov vurğulayıb ki, ümumən işğaldan azad edilən ərazilərimiz Azərbaycan iqtisadiyyatına bərpa və yenidənqurma prosesindən sonra təxminən 5 milyard manata yaxın yeni dəyər qazandıracaq: "İnfrastrukturun qurulması və məskunlaşma prosesindən sonra artıq işğaldan azad edilən ərazilərimizin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesi başlayacaq. Bu da təbii ki, iqtisadiyyatımızın inkişafı baxımından vacib amil hesab olunur. Bu rayonların böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla genişmiqyaslı məşğul olmaq olar".

Sevinc QARAYEVA

 





12.05.2022    çap et  çap et