525.Az

"Süni intellekt insanları əvəz etmək üçün deyil" - Yaşar Ələkbərov yazır


 

YAŞAR ƏLƏKBƏROV: "DÜNYADA SÜNİ İNTELLEKT YÜKSƏLİŞDƏDİR VƏ BU BAXIMDAN DA ÖLKƏMİZİN İNKİŞAFI ÜÇÜN DÜZGÜN STRATEGİYA SEÇİLİB"

"Süni intellekt insanları əvəz etmək üçün deyil" -<b style="color:red"> Yaşar Ələkbərov yazır</b>

Massaçusets Texnologiya İnstitutunu "Kibertəhlükəsizlikdə Kvant alqoritmləri və süni intellekt..." ixtisası üzrə bitirmiş Yaşar Ələkbərov təcrübəli, tanınmış proqramçıdır. O, süni intellektə əsaslanan sistemlərlə işləyir. Bu cür sistemlər yaratmağa, maşınları öyrətməyə imkan verən beynəlxalq sertifikatların sahibidir.

Onunla söhbətimizə ilk baxışda sadə səslənən bir sualdan başladıq: süni intellekt nədir?

- Süni intellekt (Sİ) müəyyən tapşırıqları yerinə yetirmək üçün insan davranışını təqlid edə bilən və aldığı məlumatlardan tədricən öyrənə bilən sistem və ya maşındır. Sİ-nin bir çox tətbiqi var. Misal üçün: chatbotlar (çetbotlar) müştəri sorğularını tez təhlil etmək və müvafiq cavablar vermək, "ağıllı köməkçilər" böyük verilənlər toplusundan məlumatı sərbəst formada çıxarmaq və planlaşdırmanı optimallaşdırmaq üçün istifadə edir, tövsiyə mühərrikləri əvvəllər baxılanlara əsasən istifadəçilər üçün oxşar TV proqramlarını avtomatik seçir.

Süni intellekt bir format və ya funksiya deyil, bir prosesdir və məlumatları düşünmək, təhlil etmək bacarığıdır. Bir çox insan "süni intellekt" dedikdə, ağıllı insanabənzər robotların dünyanı ələ keçirdiklərini düşünür. Amma reallıq budur ki, süni intellekt insanları əvəz etmək üçün deyil, bundan ötrü nəzərdə tutulmayıb. Onun məqsədi insanın qabiliyyət və imkanlarının sərhədlərini genişləndirməkdir. Buna görə də, bu texnologiya dəyərli biznes resursudur.

- Süni intellektual sistemləri hansı sahələrdə tətbiq etmək olar?

- Süni intellekt texnologiyalarının həyatın müxtəlif sahələrində tətbiqi onları keyfiyyətcə dəyişə və istənilən işin effektivliyini artıra bilər. Gəlin bu gün innovativ həllərin harada və necə istifadə edildiyini nəzərdən keçirək. Ağıllı sənayedə belədir ki, rəqabətə davamlı olmaq istəyən aparıcı dünya şirkətləri diqqətlərini ağıllı istehsal həllərinə yönəldirlər. Yeni sistemlərin tətbiqi, aparat, proqram təminatının alınması və şəbəkənin qurulması pul və resurs tələb edir, lakin onlar həm də çoxlu faydalar verir. Avtomatlaşdırma - sadələşdirilmiş istehsal proseslərində insan iştirakı minimuma endirilir. Rutin işlərin avtomatlaşdırılması sayəsində istehsal vaxtı azalır və güclər artır. Məlumatların təhlili - Süni intellekt yorulmur və böyük həcmdə verilənləri emal etmək lazım gəldikdə daha az səhvə yol verir. Məsələn, mühasibat hesablamalarını aparmaq. Robotlaşdırma - Robotlar konstruksiyaları müxtəlif hissələrdən yığa, qaza, kəşf edə, təsnif edə və sınaqdan keçirə bilir. İnsanların iş yerində davranışlarını təhlil edə bilən və qəzaların qarşısını alan robotlar var. Süni intellekt texnologiyalarından ən çox Amerika, Yaponiya, Çin və Almaniya kimi ölkələrdə istifadə olunur. Məşhur motosiklet şirkəti Harley-Davidson ağıllı sistemlərdən istifadə edərək motosikletin yığılma müddətini 21 gündən 6 saata endirib. Texnologiya nəhəngi Samsung 2023-cü ildə fabriklərindən birini tamamilə süni intellektdən istifadə edən istehsala keçirməyi planlaşdırır.

Dövlət sektoru və süni intellekt əlaqəsinə gəldikdə, kameralar və hərəkət sensorlarından istifadə edən süni intellekt sistemləri şəhərin küçələrində və insanların çox olduğu yerlərdə nizam-intizamı qorumağa, təhlükəli vəziyyətlərin baş verməsini proqnozlaşdırmağa, hətta cinayətkarları müəyyən etməyə qadirdir. Həmçinin, ağıllı sistemlər sənədləri dəqiq şəkildə yoxlaya və oğurluğun qarşısını ala bilir.

Eynilə, süni intellekt texnologiyaları yanğınsöndürmə idarəsində işləyir, müstəqil şəkildə yoxlayır, xəbərdar edir və yanğınsöndürmə briqadasını çağırıb-çağırmamaq barədə dəqiq qərar verir.

Məmurların işində istifadə olunan süni intellekt texnologiyaları dövlət sənədlərinin, patentlərin və lisenziyaların işlənməsi və sistemləşdirilməsi vaxtını azaltmağa kömək edəcək.

Tibb və sağlamlığa süni intellekt nəzarəti məsələsi əsasən budur ki, məlumatların təhlili və sistemləşdirilməsi bacarığı sayəsində ağıllı proqramlar və maşınlar müasir həkimlərin effektiv köməkçilərinə çevrilib. Son diaqnoz insanda qalır, lakin süni intellekt məlumatları tez toplamaq və emal etməyə kömək edir. Onların əsasında həkimlər daha tez və dəqiq diaqnoz qoya bilirlər.

Ağıllı proqramlar artıq tibbdə onkoloji diaqnostika, genetik xəstəliklər və ürək-damar sistemindəki problemlərin proqnozlaşdırılması üçün istifadə olunur. Ağıllı bilərziklər kimi intellektual qurğular insanın həyati əlamətlərini oxuya, məlumatı müalicə edən həkimin poçtuna göndərə və hətta təcili yardım çağıra bilər.

Belə cihazların sınaqları Hollandiyanıın Neymegen Universitetində aparılıb: 60 könüllüyə hərarəti, təzyiqi, ürək döyüntüsünü və tənəffüsü ölçən bilərziklər verilib. Normadan kənara çıxdıqda, cihazlar sistemə siqnal göndərdi, mesaj həkim tərəfindən qəbul edildi. Qolbaqlar həkimlərə xəstələrin vəziyyətinə nəzarət etməyə və uzaqdan oxumağa imkan verən xüsusi proqram təminatı ilə əlaqələndirilib.

- Onda belə çıxır ki, süni intellektual sistemlərin səhv etməsi ümumiyyətlə mümkün deyil?

- Təbii ki, süni intellekt səhvlərə və xarici amillərin təsirinə qarşı sığortalı deyil. Buna görə də insanlar hələ də mühüm qərarlar qəbul edəcək və onlara cavabdeh olacaqlar, lakin ağıllı maşınlar və proqramların köməyi ilə insanlar daha sürətli işləyə biləcək, həmçinin həyatlarını daha rahat və təhlükəsiz edəcəklər.

- Bu sahədə bir ekspert olaraq Siz necə düşünürsünüz gələcəkdə süni intellektual sistemlərin tətbiqi genişmiqyaslı nəzərdə tutulurmu?

- Əlbəttə. İndi dünyada süni intellekt yüksəliş mərhələsindədir və əksər inkişaf etməkdə olan ölkələrdə insanların həyatına süni intellektə əsaslanan sistemlər daxil edilir. Bu baxımdan da ölkəmizin inkişafı üçün tamamilə düzgün strategiya seçilib. Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli "Ağıllı şəhər" (Smart City) və "Ağıllı Kənd" (Smart Village) konsepsiyasının hazırlanması haqqında Sərəncamı buna çox tutarlı sübutdur. Həmin Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Müasir telekommunikasiya, sensor, "Böyükhəcmli məlumatlar" (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı "Ağıllı şəhər" və "Ağıllı kənd" xidmətlərinə keçid üçün zəmin yaradır.

- Hansısa sahələr üçün artıq hazır həlləriniz varmı? Təcrübədə layihələrinizlə tanış olmaq mümkündürmü?

- Təbii ki, başa düşdüyünüz kimi, süni intellektə əsaslanan sistemlər ucuz başa gəlmir və ixtisaslı kadr çatışmazlığı səbəbindən çox vaxt aparır, lakin bütün bunlara baxmayaraq, bizdə artıq layihələrimiz var. Öz investisiyamız hesabına biz süni intellektə əsaslanan böyük sosial xidmət platforması hazırlamışıq. Bu platforma sayəsində istifadəçilər sərnişindaşıma, usta tap, ayıq sürücü və ağıllı cüzdan kimi xidmətlərdən istifadə edə biləcəklər. Biz təhsil müəssisələri üçün də "Süni intellektual sistemlər vasitəsi ilə tədris prosesinin tənzinlənməsi və idarə olunması" sistemini hazırlamışıq. Necə ki, Ümummilli liderimiz Heydər Əliyev "Təhsil millətin gələcəyidir" demişdir, biz də bu prinsiplərə sadiq qalaraq, ilk növbədə, təhsil müəssisələri üçün layihəmizi nümayiş etdirmək qərarına gəldik. Bununla əlaqədar olaraq 6 aprel 2022-ci ildə Bakı Konqres Mərkəzində təqdimat keçirdik. Həmin sistem vasitəsilə, tədris zamanı həm təhsil alan həm də təhsil verən tam olaraq sistem tərəfindən analiz olunur, onların  fiziki və emosional vəziyyətləri müəyyən olunur, bu da öz növbəsində tədrisin düzgün planlaşdırılmasında öz əhəmiyyətli rolunu oynayır. İndi detallı olaraq bu layihə barədə danışsam çox vaxtınızı alacam sadəcə onu demək istəyirəm ki, ümumiyyətlə, mənim fikrimcə, bu layihə təhsildə böyük müsbət dönüş etməyə qadirdir. Bu gün, bildiyimiz kimi, nə gədər mənfi hadisələr tədris ocaqlarında baş verir, bunların qarşısını almağa imkanımız yaranıb.  Bundan başqa düşünürəm ki, süni intellekt sahəsində əldə etdiyim bilik və təcrübələri azad olunan ərazilərimizdə elmi-tədqiqatlara və yüksək texnologiyalara əsaslanan infrastrukturun qurulmasında tətbiq etmək şəxsim adına çox sevindirici olar. Ölkəmizin inkişafı və xalqımızın daha da firavan yaşaması üçün Qarabağda quruculuq işlərinə fayda verməyə hazıram.

 





12.05.2022    çap et  çap et