525.Az

"Hərə bir başdaşıdı..." - Ziyəddin Səlimin şeirləri


 

"Hərə bir başdaşıdı..." -<b style="color:red"> Ziyəddin Səlimin şeirləri</b>

Ziyəddin SƏLİM


Hərə bir başdaşıdı

Kimi fağır,
kimi zalım,
kimi can deyənə çor,
kimi çor deyənə
qadan alım.
O tərəflərdə imarətlər,
saraylar,
bu tərəfdə gecəqondular,
birində "can gülüm, can, can",
birində ahlar, garaylar.
Bələkdən çıxıb 
bələklə köçən insan,
son mənzildə də
torpağı ölçüb-biçən insan.
Kimi daş-qaş,
kimi də
sadəcə, daş daşıdı...
Yaxşı ki, son ucda
hərə bir baş daşıdı.

***

Var

Bəzən verər fil gücünü arıya,
Yaratdığı böcək işə yarayar.
Ona görə ömür boyu tanrıya,
Dilimizin dua dolu virdi var.

Qınamıram bu dünyanı əzəldən,
O gözəldir, incimə bu gözəldən.
Bil, fələkdi həm əyən, həm düzəldən,
Zaman-zaman namərdi var, mərdi var.

Xoş sözlərlə aç həmişə dilini,
Təmiz suya öyrət təmiz əlini.
Bu dünyaya çox bağlama belini,
Şeş yerinə yeki verən nərdi var.

İpliyim də yoxdu daha əyirəm,
Dəyirmanım dərd üyüdür, yeyirəm.
Hərdən mənə elə gəlir, deyirəm,
Bəlkə elə dərdimin də sərti var.

***

Ələk - xəlbir

Bir dəfə yerləri dəyişik düşdü,
Ələk dənə düşdü, xəlbirsə una.
Arada olmadı bir iş yarıdan.
Keçsə də çox aylar, illər aradan,
Hamı baxıb güldü bu tərs oyuna.

Ələk də, xəlbir də günahsız idi,
Onları fırladan əllər tərs idi.
Bu oyun sadəcə oyun deyildi,
Kimə əyləncəydi, kimə dərs idi.

Əllər ki tərsinə fırlatdı işi,
Gərəkdir qeyrətə gələ bir kişi.
Ki qoysun xəlbiri xəlbir yerinə,
Ələk də un üstə gözəl görünə.

***

Qalasan
(təcnis)

Axı deyən gərək, ay düz oğlu, düz,
Sənə nə lazımdı düz də qalasan.
Qalacağın yerlər elə düzdü, düz,
Elə səni görüm düzdə qalasan.

Dildən gələn bəla hər vaxt şirindi,
Canını dərdinlə yuyub sər indi.
Çox da ki dağlarla aran sərindi,
Elə düşünmə ki, düzdə qalasan.

Quzeydə qar üstə düşməz gün, dədə,
Ömürdü su kimi keçir gün, dədə,
Ən çətin anda da, ən pis gündə də
Özünü alınmaz, məğrur qalasan.

***

Közüm yox

Məni görüb gözlərini qapama,
Dilənçi tək gəlməmişəm qapına.
Fərq qoymadın çapılana, çapana,
Bundan sonra daha sənə sözüm yox.

Çox dedilər, vəfasızdır, əl götür,
Ətrafında çox gül açıb, dər, götür.
Sevincini, kədərini böl, götür,
Artıq məndə tənələrə dözüm yox.

Sevənlərə sevilməmək zülümdü,
Elə bu cür yaşamaq da ölümdü,
Mən yanmışam, yerdə qalan külümdü,
Açılacaq ovuclara közüm yox.

Neyləyim ki, vurğun könlüm sev, dedi,
Əsl sevən minnət qoyub sevmədi.
Nə deyirəm, sevənini sevmə di,
Bundan artıq söz deməyə üzüm yox.

***

Taleyimdə sən

Həyat yoldaşım Rəqibəyə

Doğdun günəş kimi taleyimdə sən,
Güc oldun qolumda, biləyimdə sən,
Susadım su oldun, üşüdüm, ocaq.
Gül dərim adına qucaq-qucaq.

Sənin taleyinlə mənim taleyim,
Sevdalı yollarda olub qol-boyun.
Hər şeydən doymuşam, yoxdu gileyim,
Allah eləməsin, səndən də doyum.

***

Var olsun

Əyildim çəməndən çiçək dərməyə,
Çəməndən səs çıxdı: Əlin var olsun!
Dayandım obama salam verməyə,
Xeyir-duam gəldi: Elin var olsun!

Yellər sığal çəkdi bəyaz başıma,
Yaraşıq gətirdi ahıl yaşıma.
Baxıb qürurlandım ocaq daşıma,
Kösöv baxıb dedi: Külün var olsun.

Quş da yuvasında dinəndə, xoşbəxt,
Qərib öz yurduna dönəndə, xoşbəxt,
Söz çalıb, söz deyən Vətəndə, xoşbəxt,
Şair, Vətən deyən dilin var olsun!
 

 





12.05.2022    çap et  çap et