525.Az

"Sənsiz gecələrin ayı görünmür..." - Eltun Türkelin şeirləri


 

"Sənsiz gecələrin ayı görünmür..." -<b style="color:red"> Eltun Türkelin şeirləri</b>

Eltun TÜRKEL


"SƏN O QIZIN CANI"

Bu gün Xan bağına sənsiz gəlmişəm, 
Mənzərəsi payız, havası payız.
Dən gəzir sərçələr biz gəzən yerdə,
Bir cüt qaranquşun yuvası payız.

Ağacdan yarpaqlar ayrılır bir-bir,
Payız da hissimə duyuq düşübdür.
Bəlkə də, ömrümdə bu gün ilk dəfə,
Gördüm Xan bağına soyuq düşübdür.
Bizi uşaq kimi əl-ələ görüb,
Daha yaşlı nəsil xısınlaşmadı.
Parkın girişində qaraçı qızı,
Tək görüb yanıma yaxınlaşmadı.

Axı, and verdiyi səni görmədi,
Yadımda, boynunu əyib durardı.
Məndən bir manatı alana qədər, 
"Sən o qızın canı"'- deyib durardı.

Bir qaraçı qızın əl açmamağı,
Bəlkə də, ən ağır cəzamdı mənim.
Cibimdə can verən bir manat nəzir,
Bu gündən ömürlük qəzamdı mənim...


SƏNİN ÜÇÜN DARIXIRAM

Düşünmə ki, səndən uzaq,
Yaşamağım yaşamaqdır.
Bu dünyada tək təsəllim,
Həsrətini daşımaqdır.

Bir Allahdan, bir də səni,
İtirməkdən çox qorxuram.
Darıxmağı sevdim, çünki
Sənin üçün darıxıram.
Sevgim coşqun dağ çayıdır,
Dənizlərə axınımsan.
Xəyal kimi əlçatmazım,
Duyğu qədər yaxınımsan.

Sarı sünbül ümidimi,
Dən elədin, un elədin.
Məni Allah yaratmışdı,
Sən məni Eltun elədin.

 

AĞLAYAN DEYİLƏM SƏNSİZLİYİMƏ

Sənsiz gecələrim sabahdan uzaq,
Sənsiz gecələrin ayı görünmür.
Fəsillər bölünüb arzular kimi,
Baharı görünmür, yayı görünmür.

Sənli ümidlərim yolda yorulub,
Baxışlar tövşüyür saldığın izdə.
Hər görüş günündə körpələşərdik,
O çılğın sevgidən nə qaldı bizdə?

Ağlayan deyiləm tənhalığıma,
Həsrətə yenildi duyulmasın qoy.
Üzümdə izi var dodaqlarının,
Gözümün yaşıyla yuyulmasın qoy.

Əlini tutmağa uzanan əllər,
Dönüb, taleyimin yaxasındadır.
Göz yaşım gözümdə əsir olubdur,
Kirpik barmaqlıqlar arxasındadır.

 

YAĞIŞ

Yenə bulud-anan qaşını çatıb,
Ruhumu titrədir bu soyuq baxış.
Bəxtim bir qıraqda çətirsiz yatıb,
Məni islatmağa nə var ki, yağış...

Dünyanın bağrına iz at yumşalsın,
Göylərdən yerlərə göz at yumşalsın,
Bacarsan daşları islat yumşalsın,
Məni islatmağa nə var ki, yağış...

Ömür dənizimin suları qırçın,
Sərçə qanadımın ümidi laçın.
Üstümə şığıyır ildırım qamçın,
Məni islatmağa nə var ki, yağış...

Kölgəmi özümə dost sanmışam mən,
Dərdimin külünə bulanmışam mən.
Gözümün yaşına islanmışam mən,
Məni islatmağa nə var ki, yağış...

Ağrılar qəlbimdə göllənib axmır,
Yarasa taleyim işığa baxmır.
Arzum göy qurşağı, günəşi çıxmır,
Məni islatmağa nə var ki, yağış...

 





12.05.2022    çap et  çap et