525.Az

Doğma torpaqlarda düşmən minalarından necə qorunmalı?


 

AZAD OLUNMUŞ YAYLAQ ƏRAZİLƏRİNƏ KÖÇ EDƏCƏK TƏSƏRRÜFATÇILARA MİNA TƏHLÜKƏSİZLİYİ ÜZRƏ TƏLİMLƏR KEÇİRİLİR

Doğma torpaqlarda düşmən minalarından necə qorunmalı?<b style="color:red"></b>

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl rayonunda yerləşən Regional Təlim Mərkəzində təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına köçürməyə hazırlaşan arıçılıq və heyvandarlıq təsərrüfatlarının rəhbərləri üçün təlimlərə başlanılıb.

Təlimlərdə fermerlərə azad olunmuş ərazilərdə təhlükəsiz davranış qaydaları izah olunur, insanların partlamamış hərbi sursat və minalarla rastlaşdıqları zaman hansı addımlar atmalı olduqları ilə bağlı tövsiyələr verilir. Üç gün davam edəcək təlimlərə ümumən min nəfərə yaxın fermer cəlb olunub.

ANAMA-nın mütəxəssisləri tərəfindən dinləyicilərə aqrar istehsal məqsədilə təsərrüfatlarını aparacaqları dislokasiya məntəqələrində olarkən xüsusi davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması üsulları,   mina və partlayıcı qurğuların potensial təhlükəsi, onların törədə biləcəyi xəsarətlərin dərəcələri, mina təhlükəsi anlayışının xüsusiyyətləri, tanış olmayan şübhəli ərazilərdə orientasiya qaydaları və digər bu kimi vacib məsələlər barədə geniş məlumat verilir. Həmçinin praktiki və vizual şəkildə təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minalara aid təlim sursatlarının nümunələri tanıdılır.

"Bu il Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazisinə ümumilikdə 40 minə yaxın arı ailəsinin köçürülməsi planlaşdırılır. Artıq Qubadlı rayonu ərazisində 862 arı ailəsinin köçürülməsi təmin edilib. Kəlbəcər yaylaqlarına ən azı 20 min, Laçın yaylaqlarına isə 15 min arı ailəsinin köçürülməsi nəzərdə tutulur. Bu baxımdan, öz işlərini bu yaylaqlarda davam etdirəcək fermerlərimizin təhlükəsizlik  üzrə geniş şəkildə təlimatlandırılması vacib şərtdir " - deyə, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

İştirakçılara azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası da təqdim olunur.

Zakir MURADOV,

Gəncə-Göygöl

 





13.05.2022    çap et  çap et