525.Az

"Tıxac problemi: səbəb qeyri-effektiv idarəetmə sistemidir" - Sosial şəbəkədə yazılanlar


 

"Tıxac problemi: səbəb qeyri-effektiv idarəetmə sistemidir" -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Doğumunun 99-cu ildönümü günündə böyük şəxsiyyət və dövlət adamı, mərhum Prezident Heydər Əliyevi şükran hissi ilə yad edirəm. Taleyimə minnətdaram ki, dörd il onun rəhbərliyi altında işləmək mənə nəsib olub. İlk dəfə bu böyük insanı 30 il əvvəl, 1992-ci ilin sentyabrında Naxçıvanda görmüşdüm (həmin görüş haqda Elmira Axundovanın "Şəxsiyyət və zaman" kitabında ətraflı bəhs olunub). Müdrik və maraqlı söhbətindən ibrətamiz bir epizodu burada bölüşmək istərdim.

Heydər Əliyev danışırdı ki, böyük çətinliklər bahasına keçmiş SSRİ dövründən qalma Naxçıvan sərhəd dəstəsini muxtar respublika ərazisindən çıxarmağa nail olanda dəstənin komandiri vidalaşmaq adı ilə Ali Məclis sədrinin qəbuluna gəlmiş və Naxçıvandakı xidmət illərindən xatirə olaraq zabitlərin tabel silahlarını özləri ilə aparmalarına icazə istəmişdi. Heydər Əliyev razılaşmayanda bu qaydanın yalnız özünə şamil olunmasını xahiş etmişdi. Amma bu xahişi də rədd edilmişdi. Mərhum Prezidentin cavabı belə olmuşdu:

- Hərbi hissənin ən mühüm atributu onun döyüş bayrağıdır. Siz nə üçün sabah hansısa hərbi şöhrət muzeyində nümayiş etdirilə biləcək döyüş bayrağından çox özünüzdə saxlayacağınız tabel silahını birtəhər yol tapıb aparmaq haqqında fikirləşirsiniz?

Bu sözlərdən sonra sərhəd dəstəsi komandirinin suyu süzülə-süzülə kabineti tərk etməkdən başqa yolu qalmamışdı.

Gün gələcək vətənimizin hər guşəsində yalnız Azərbaycan Ordusunun döyüş bayraqları dalğalanacaq! Böyük Heydər Əliyevin nümayiş etdirdiyi qətiyyət və dönməzlik bütün sahələrdə olduğu kimi, bu çətin, lakin şərəfli vəzifənin yerinə yetirilməsində də xalqımıza, dövlətimizə, ordumuza bir örnək, nümunə olacaq.

***

Dilqəm Əhməd, jurnalist:

- "Faşizm üzərində qələbə" ifadəsi ona görə işlənir ki, Almaniya üzərində qələbə əldə edilmədi. Bu gün 1945-dən bu yana baxdığımız zaman faşizm artıq çox keçmişdə qalıb. Əlbəttə, bir sıra Avropa dövlətlərində olduğu kimi, radikal sağ qruplar hər zaman vardır. Amma Almaniya toparlandı, bu gün aparıcı dövlətlərdəndir və keçmiş SSRİ vətəndaşları oraya can atır. Moskvaya can atanlar ancaq fəhlələr, satıcılardır.

Ona görə də məcbur ideologiya üzərindən deyilir. Gərək qələbəni qazanan tərəf kimi də bolşevizmi göstərək.

1990-dan bu yana Rusiyanın keçmiş "ittifaq" ölkələrinə olan münasibəti, Ukrayna savaşı artıq 9 May ruhunu tamamilə öldürdü.

SSRİ-nin yeganə pozitiv hekayəsi bu idi, onu da Putin məhv etdi.

***

Xaqani Səfəroğlu, jurnalist:

- Alman şirkəti 2024-cü ildə uçan taksi buraxmağı planlaşdırır.

***

Elçin Xalidbəyli, jurnalist:

- Ankarada rəsmi səfərdə olan Qazaxıstan prezidenti Kasım-Comert Tokayev danışıqlardan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla stolüstü tennisdə yarışıblar...

***

Mir Səməd, jurnalist:

- Həcc ziyarətinə, yaşı 65-dən yuxarı olan şəxsləri buraxmayacaqlar.

Açması nədir görəsən?

Allahın tövbə qapısı yaşa baxırmı?

***

Bəxtiyar M.Hacıyev, jurnalist:

- "Avroviziya"nın qalibi Ukrayna olacaq.

***

Günel Musa, jurnalist:

- Bu günün ədəbi nəsli də Anarı, Elçini, Fikrət Qocanı və digər köhnə nəsil yazıçıları günahlandıran nəslə qarşı eyni onların fikirləri ilə silahlanıblar. O gün bir gənc yazarın yazısında bir abzas gördüm. Yazıda təxminən belə cümlə var idi ki, adam nə qədər Seymur Baycan, Ələkbər, Günel Mövlud, Şərif Ağayar oxuyar. Gedib ayaqlarını uzadıb dincəlsinlər, bizə meydan versinlər. Necə də tanış cümlədir, deyilmi?..

***

Xaqani Cəfərli, jurnalist:

- Moskvada 9 May münasibətilə keçirilən hərbi paradda Rusiya prezidenti Vladimir Putinlə müdafiə naziri Sergey Şoyqunun üz cizgiləri Ukraynadakı uğursuzluğu, məğlubiyyətin doğurduğu aşağılanmanı ifadə edir. Sonuncu 9 May paradı tarixə ən qüssəli parad kimi düşəcək. Rusiyanın parçalanma ehtimalı kabus kimi Moskvanın üzərinə çöküb.

Livan əsilli amerikalı filosof Nessim Nikolas Taleb "İki sistemin toqquşması" essesində yazır ki, Rusiya bölünüb, indi onun parçalanmasına izn verməliyik.

***

Vəli Əlibəyov, PR mütəxəssisi:

- Qeyri-adi bir şey baş verməsə, avqusta qədər "sülhməramlılar" dislokasiya yerlərini tərk edəcək, Xankəndi üzərində Bayrağımız dalğalanacaq.

***

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Rəqəmsal Azərbaycanın aqrar sektoru nə dərəcədə rəqəmsallaşıb?

Bir neçə gün öncə ölkədə "Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid" adlı bir beynəlxalq konfrans təşkil olunmuşdu. Açıqlanan məlumatlardan belə anladım ki, əsasən nazirlərin toplantısı formatında bir tədbir olub. Ölkədə mövzu ilə əlaqəli maraqlı tərəflər, biznes sektoru, İKT sektoru konfransda iştirak etməyib.

Rəqəmsallaşmaya cavabdeh dövlət qurumunun da nümayəndəsi konfransda gözə dəymirdi. Konfransla bağlı rəsmilərin açıqladığı məlumatlarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının kənd təsərrüfatında rəqəmsal transformasiya sahəsində Azərbaycan təcrübəsinin ən yaxşı təcrübə kimi müəyyən edildiyi açıqlanıb.

Bir qədər araşdırma aparsam da, Azərbaycanın rəqəmsal kənd təsərrüfatı sahəsində hansı təcrübəsinin konfransda təqdim edilməsini və bu istiqamətdə hansı tədbirlərin planlaşdırıldığını tapa bilmədim.

Hələlik Kənd Təsərrüfatı Nazirliyində bu istiqamətdə təqdim edilə biləcək yeganə iş Elektron Kənd Təsərrüfatı İnformasiya sisteminin formalaşdırılmasından ibarətdir. Hansı ki, onun da təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bir də zaman-zaman Nazirlik regionlarda dronlar və kənd təsərrüfatı texnikalarını innovasiya adı ilə təqdim edir. Bütövlükdə aqrar sektorun inkişafına yönəlik, müxtəlif sahələr üzrə ixtisaslaşan, fermerlər üçün aqrotexniki qərarların qəbuluna köməklik göstərən, proqnozlar qurmağa və məlumatlar əldə etməyə imkan yaradan rəqəmsal həllər hələlik ortada yoxdur. EKTİS (eagro.az) quru, ifrat dərəcədə bəsit-statistik bir resursdur, digər faydalı sektorlar bura inteqrasiya olunmayıb. Bank sisteminə, peyk məlumatlarına, ekoloji və su təminatı sistemlərinə inteqrasiya hələlik baş tutmayıb. Əsas məqam odur ki, hələlik kənd təsərrüfatının ayrı-ayrı sektorları üzrə rəqəmsal həllər gözə dəymir . Toplanmış datalardan maraqlı tərəflərin istifadəsinə imkanlar yaradılmayıb. Görünən odur ki, heç Nazirliyin özü də hələlik bu datalardan effektiv istifadə mexanizmləri qura bilməyib. Əslində isə rəqəmsal transformasiya istiqamətində, ümumi yanaşmanın və konkretliyin olmaması təkcə kənd təsərrüfatı ilə bağlı deyil.

Bütün sektorlarda eyni situasiyadır. Sanki hər bir dövlət qurumu özü üçün rəqəmsal transformasiya aparır, müxtəlif rəqəmsal platformalar yaradılır, amma inteqrasiyada, kordinasiyada, köklü keyfiyyət dəyişikliyə nail olmaq, bütün maraqlı tərəflərin prosesə cəlb edilməsi sahəsində problemlər qalır. Bütün bunların isə əsas səbəbi həm də odur ki, ortada ümumiyyətlə rəqəmsallaşma ilə əlaqəli konseptual sənədlər yoxdur. Əlaqələndirmədə, koordinasiyada problemlər müşahidə olunur. Baxmayaraq ki, məhz bu problemin aradan qaldırılması ilə bağlı Prezidentin müvafiq fərmanları var. Düz bir il öncə ölkədə bütün sektorlar üzrə rəqəmsal transformasiya - "Rəqəmsal Azərbaycan" konsepsiyasının layihəsinin 4 ay müddətində hazırlanması ilə bağlı Prezidentin müvafiq tapşırığı olub. İndiyədək bu sənəddən xəbər yoxdur, tapşırıq icra edilməyib.

Daha bir əlaqəli sənəd isə "Ağıllı kənd" konsepsiyası ilə bağlıdır. Bir il öncə Prezident fərmanı ilə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının 6 ay müddətində hazırlanması üçün tapşırıq verilib. Artıq Qarabağda bu istiqamətdə müəyyən işlər görüldüyü bildirilsə də, hələlik ortada adı çəkilən sənəd yoxdur.

Maraqlı məqam həm də odur ki, xeyli müddət öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sənədlərin hanzırlanması və razılaşdırmalara təqdim edilməsi haqqında açıqlamalar verib. Amma hələlik sənədlər təsdiqlənməyib.

Düşünürəm ki, ölkədə rəqəmsal transformasiya ilə əlaqəli konseptual sənədlərin bu qədər gecikdirilməsi doğru bir hal deyil. Cəmiyyətin, dövlətin inkişafı indiki zamanda məhz rəqəmsal transformasiyadan daha çox asılıdır. Aidiyyatı qurumlar, icraya nəzarət edənlər rəqəmsal transformasiya prosesinə və onun sürətlənməsinə ciddi yanaşmalıdırlar.

***

Natiq Cəfərli, iqtisadçı:

- Azərbaycanda geniş yayılmış bir mif var - ölkədə maşın sayı çoxdur deyə tıxaclar yaranır, maşın əlindən tərpənmək olmur.

Yanlış təsəvvürdür, problem maşın sayında deyil, qeyri-effektiv idarəetmə sistemində, şəhərin infrastrukturunun zəlil günə qoyulmasındadır.

2020-ci ilin məlumatlarına görə, Azərbaycanda hər 1000 nəfərə 126, Gürcüstanda 281, Ermənistanda 167 avtomobil düşür. Keçmiş SSRİ Respublikaları arasında bu göstəriciyə görə biz 12-ci yerdəyik, bizdən sonra Türkmənistan, Tacikistan və Özbəkistan gəlir.

Ölkə avtomobil parkının 60%-i 20 yaş və daha köhnə maşınlardır, bu isə qəzalar zamanı ölüm və yaralanma hallarını artırır, köhnə maşınlar ekologiyaya da ciddi zərər vurur. Hökumət isə gömrük rüsumları və vergiləri kəllə-çarxda saxlayaraq ölkəyə yeni, müasir, təhlükəsiz, ekoloji az zərərli maşınların gətirilməsinə məne olur - səbəb kimi də yuxarıda yazdığım mifi əsas gətirirlər ki, guya, ölkədə maşın çoxdur, tıxaclar yaranır.

Şəhəri baş planı olmadan tikinti meydançasına çevirdilər, neft pulunu betona gömdülər, şəhər infrastrukturunu plansız pis günə qoydular, küçələr dar, körpülər mənasız, alt keçidlər az - bütün bunlar tıxaclara, sıxlığa əsas səbəbdir. Gürcüstana çatmaq üçün bizdə indikindən 2,5 dəfə çox maşın olmalıdır, belə infrastrukturla maşın sayı hər 1000 nəfərə 300 avtomobilə çatsa, Bakı sadəcə maşın sürülməsi mümkün olmayan şəhərə çevriləcək.

Çıxış yollarından biri şəhərin boşaldılmasıdır - universitetlər, bəzi nazirliklər, Dövlət İdarələri, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi Bakıdan regionlara, əsasən də işğaldan azad edilmiş bölgələrimizə köçürülməlidir. Digər çıxış yolu isə Bakı Böyük Şəhər Bələdiyyəsinin və seçkili Mer institutunun təsisi, məsuliyyətin və səlahiyyətin təyin edilmişlərdən alınıb seçilmişlərə verilməsidir.

 





13.05.2022    çap et  çap et