525.Az

"...İşıqlat bu dibsiz qaranlıqları!.." - Əlisəfdər Hüseynov yazır


 

DÜNYA NECƏ YARANIB: SÖZDƏN, YOXSA İDEYADAN?

"...İşıqlat bu dibsiz qaranlıqları!.." -<b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

Kiçik bir müqəddimə:

Xahiş edirəm, bu yazıda "mən" əvəzliyinin tez-tez işlənməsi sizi qıcıqlandırmasın və onu müzakirə olunan mövzuda mülahizələrimin subyektiv başlanğıcına işarə kimi qəbul edəsiniz: yəni mən vacib hesab etdiyim bir problemlə bağlı mövqeyimi ifadə edirəm. 

***

Özünü dindar bilən adamların, yas məclislərində mollaların müqəddəs kitabımıza istinadən tez-tez işlətdikləri belə bir cümlə var: "Dünya Allahın "ol" sözündən (yaxud kəlməsindən) yaranıb".

Dünyanın Allah tərəfindən yaradılması Allaha inanan bir insan kimi, məndə qətiyyən şübhə doğurmur. Amma yuxarıdakı cümlə, daha doğrusu, bu cümlə ilə ifadə olunması, istənilən fikirdəki bəzi dolaşıq məqamlar göz görəsi bir ziddiyyətə yol açır -  əlbəttə, Allahın varlığına inamda yox, həmin cümlənin forması ilə onun ifadə etdiyi fikir arasında.

Nədir bu dolaşıqlıq, ziddiyyət?

Ondan başlayaq ki, biz Allahı haqlı olaraq görünməz, ilahi bir varlıq kimi qəbul edib ona xas olan xüsusiyyətləri sadalayanda çox vaxt müəyyən qeyri-dəqiqliyə, ziddiyyətlərə yol vermiş oluruq. Səbəb isə budur ki, biz bu ilahi varlıq haqqında insana xas jestlərdən, hərəkətlərdən ibarət bir davranış etiketinin məfhumları ilə danışırıq. Onlardan birini alman mütəfəkkiri Şopenhauer göstərib. O deyir ki, biz "Allah hər şeyi biləndir" hökmünü verəndə dolayısı ilə onun artıq düşünməyən bir varlıq olduğunu təsdiq etmiş oluruq ki, bu da həlli olmayan paradoksa gətib çıxarır. Çünki fikirləşmək, düşünmək - bilmək ehtiyacından yaranır: düşünəndə nəyi isə bilməyə can atırsan. Hər şeyi bilmək isə daha düşünməyə ehtiyacın olmaması anlamı verir. Deməli, yuxarıdakı mülahizələrdən çıxan nəticə belədir ki, Tanrı hər şeyi bilirsə, onun düşünməyə ehtiyacı yoxdur. Lakin belədə dərhal sual doğur: "Allah bir halda ki, düşünmür, o, necə hər şeyi bilə bilər? Axı eyni vaxtda həm düşünməmək, həm də hər şeyi bilmək mümkün deyil! (Bu məsələ Niyazi Mehdinin "Fəlsəfə tarixində fəlsəfə" kitabında ətraflı şərh olunub).

Lakin gəlin alman mütəfəkkirini illərin o tayında qoyub belə bir suala cavab axtaraq ki, sözügedən cümlədəki paradoks özünü nədə göstərir?

Xahiş edirəm ki, aşağıda yazacaqlarımı Tanrıya şəkk gətirmək, bəzi din təəssübkeşlərinin dediyi kimi, "küfr" hesab etməyəsiniz. Mən Allaha dərindən inanan adamam. Və sevdiyim Allah barədə işlədilən cümlələrin onun ilahi gücünə, qüdrətinə, ali missiyasına uyğun gəlməsini istəyirəm.

Elə isə mənim narahatlığım nədədir?

Məsələ burasındadır ki, dünyaya, o cümlədən də, dünyanı yaradan Tanrıya konkretlik, bizə tanış və anlaşıqlı məkan-zaman məntiqi ilə yanaşanda belə, ziddiyyətlər qaçılmaz olur. Buna səbəb isə təfəkkürdəki ziddiyyətlərə rəvac verən səhvlərdir. Həmin səhvlər cəhalətdən, fanatizmdən də qaynaqlana bilər, fikrin ifadə planındakı qeyri-dəqiqlikdən də. Fikri sözlə, cümlə ilə dəqiq ifadə edə bilməyəndə demək istədiyinlə onun ifadə forması arasındaki ziddiyyətdən yaxa qurtarmaq çətindir. Məncə, sözügedən cümlə də məhz bu baxımdan mübahisə doğurur.

Gəlin baxaq.

Din alimlərinin Tanrının zatı sifətinə şamil etdikləri prinsiplərdən biri olan "Muhəlafətun" (heç bir şeyə bənzəməmək) öyrədir ki, "Allahu-Təala sonradan yaratdığı heç bir varlığa bənzəməz. İslamı qəbul edənlər Allahı sadəcə varlıq kimi qəbul edər və onu heç bir şeyə bənzətməz".

Digər sübutlarda isə belə deyilir: "Allahın nə bir başlanğıcı, nə də bir sonu var. Heç bir şey onun kimi və ona bənzər deyildir".

Mən burada yazılanların hamısını başa düşür və qəbul edirəm, çünki fikir dolaşıqlığına ziddiyyətlərə rəvac vermir. Lakin bu deyilənlərə "Tanrı bir şeyi yaratmaq istədikdə ona təkcə  "ol" deyir və  o da "olur" kontekstindən baxanda haradasa qeyri-dəqiqliyə yol verildiyini dərhal hiss edirsən.

Nə üçün belə deyirəm?

1. İlk növbədə ona görə ki, bu cümlənin qrammatik quruluşunda, formasında - ifadə olunan fikri bəsitləşdirən, onu Tanrının zat ilə bağlı fikirlərlə oppozisiya müstəvisinə çəkən dolaşıqlıq, qeyri-dəqiqlik göz qabağındadır. Bu cümlədə əvvəli və sonu olmayan, zamanın fövqündə dayanan, heç nə ilə müqayisə olunmayan Tanrı konkret zaman və məkan ölçülərində söz deyib əmr verən varlıq dərəcəsində konkretləşdirilir ki, fikrimcə, bu da düz deyil. Diqqət yetirək - söz söyləmək, söz demək odur ki, bu söz konkret bir zaman anında deyilir ki, bir söz kimi eşidilsin, var olsun. Çünki söz deyiləndə artıq səsə çevrilir. Zamanda mövcud olan səs çıxarmaq isə real varlığa xasdır. Deməli, biz bu cümlə ilə Tanrını konkretləşdirir, onu konkret zaman ölçüsünə salırıq. Bu isə Tanrını zatı barədə deyilənlərlə daban-dabana ziddir.

2. Cümlədən belə çıxır ki, hələ mövcud olmayan şey əslində mövcuddur. Çünki yalnız mövcud, var olan real şeyə münasibətdə "ol" demək olar. Həmin cümlənin forması ilə məzmunu arasındakı ziddiyyət də məhz bu məqamda özünü daha çox büruzə verir. Belə çıxır ki, hələ var olmayan şeyə artıq var olan şey kimi əmr verilir. Məgər bu paradoks deyilmi?

Bütün bu deyilənlərdən sonra mənə irad tutula bilər ki, guya mən müqəddəs kəlama şəkk gətirirəm və günaha batıram. Əslində isə məsələ başqa cürdür. Soruşuram: Kim zəmanət verə bilər ki, bu ibarə peyğəmbərin dilindən məhz bizim yazdığımız kimi səslənib, neçə illər sonra yazıya da eyni dəqiqliklə alınıb və neçə yüz il sonra dilimizə də eyni dəqiqliklə də tərcümə olunub?

Belə bir zəmanət yoxdur və ola da bilməz. Əksinə, normal məntiq deyir ki, bu ayənin bizə əslində olduğu kimi yox, təhrif olunmuş formada gəlib çatması ehtimalı daha çoxdur.

Tərcümə müxtəlif fonetik, leksik, semantik və sintaktik qanunları olan 2 dilin dialoqudur və bu dillərin lüğət fondundakı sözlər leksik-semantik xüsusiyyətlərinə görə heç vaxt üst-üstə düşmür - bir dildəki hansısa sözün başqa dildə qarşılığı olmaya da bilər və belədə hansısa sözü başqa dildə dəqiq ifafə etmək müşkülə çevrilir, dilin lüğət fondunda olmayan sözü ona bənzər digər sözlə isifadə etmək zorunda qalırsan və nəticədə yuxarıdakı hökmə bənzər hökmlər alınır. Bu isə dinlə manipulyasiya edən şarlatanlar üçün göydəndüşmə olur.

Mənim dediklərimdən belə çıxmır ki, həmin cümlə ümumiyyətlə, səhv fikrə söykənir və müqəddəs mətnə təsadüfən düşüb. Mən bu cümlə ilə nəyin ifadə olunmaq istənildiyini bilirəm, lakin düşünürəm ki, fikrin ifadə planında qeyri-dəqiqliyə yol verilib.

Onda sual doğur: "Məzmun hansı formada ifadə olunmalı idi ki, fikir dolaşıqlığı yaranmasın?"

Əgər biz Tanrını ilahi varlıq kimi qəbul ediriksə, onun barəsində məhz ona layiq ideal fikir müstəvisində düşünüb danışmalıyıq. Ötən yazılarımın birində qeyd etmişdim ki, Tanrının varlığı və yoxluğu barədə deyilən fikirlərdəki ziddiyyətləri aradan qaldırmağın ən düzgün yolu ona konkret varlıq kimi yox, qəlbimizdəki ideal varlıq, şüurumuzdakı ali ideya kimi baxmalıyıq. Elə yuxarıda haqqında danışdığımız paradoks da bunu sübut edir. Dünyanın Tanrı tərəfindən yaradıldığı şəksizdir. Ancaq məncə, dünya Tanrının "ol" sözü deməsinin yox, "ol" istəyinin, ideyasının məhsuludur və cümlə də məhz bu cür ifadə olunmalıdır: "Dünya Tanrının "ol" ideyasından, istəyindən yaranıb. Tanrı nəyinsə olmağını istəyəndə, o da yaranır".

BAŞQA YOL YOXDUR...

(vacib bir mövzuda "giriş" yazısı)

Bir neçə il əvvəl yazılarımın birində qeyd etmişdim ki, Azərbaycanda dini maarifləndirmə sahəsində bütün detalları hərtərəfli müzakirə olunmuş islahatlar aparılmalıdır.

O vaxt mənim bu fikrim, görünür, ya gedib ünvanına çatmadı, ya da ortadoksal din təəssübkeşləri tərəfindən rişxəndlə qarşılandı.

Fəqət, ötən müddət ərzində müşahidə etdiklərim, eşitdiklərim məni nəinki öz mövqeyimdən geri çəkilməyə, əksinə, fikirlərimdə daha israrlı olmağa sövq edir.

Çox təəssüflər olsun ki, çağdaş cəmiyyətimizdə çox vaxt əsl dini dəyərlər savadsız, nadan adamların sərsəm nağıllar, uydurmalar üzərində qurduqları din "fəlsəfəsi" ilə dəyişik salınır, insanları fanatizmə, nadanlığa sürükləyən paradiqmalar yüz minlərlə şüura asanca hakim kəsilir və nəticədə dindən vasitə kimi istifadə edən bir çox əli təsbehli, saqqallı "dindarlar", Zakirin təbirincə desək, harama mürtəkib olmamağın vacibliyi barədə təsirli "mühazirələr" oxuyan, batində isə haramı lum-lum udan dəllallar varlanır, sərvət sahibinə çevrilirlər.

Əsl həqiqətdə isə din insanların daha rahat, mənalı yaşamasına, daha əxlaqlı, saf olmasına xidmət etməlidir - bir halda ki, insanlar Allahın yaratdığı ən sevimli bəndələrdir, başa cür ola da biməz.

Müqəddəs kitabımız da insanları ədəb-ərkana, düz danışmağa, var-dövlət hərisi yox, gözütox, ədalətli olmağa... dəvət edirsə, bu kitabın adı ilə möhtəkirlik edənlər həmin dəyərləri öz şəxsi nümunələrində nə üçün başqalarına nümayiş etdirmirlər?

Ən adi sualları belə "Biz bunu bilə bilmərik", "Ağlımız ora qədər çatmır", "O, bizlik deyil" kimi cümlələrlə cavabsız qoyan nadanlar bu gödək ağılla sadəlövh adamları çoxmu ələ salacaq? (Bir məclisdə kimsə müqəddəs kitabımızdakı bir ayənin izahını istəyəndə molla təkəbbürlə dedi: "Quran" çox sirli bir möcüzədir. Onu başa düşmək bizim ağlımızın imkanlarından qıraqdadır". Dözə bilməyib soruşdum: "Molla əmi, onda izah edin ki, Allah öz sevimli bəndələrinə sözünü nə üçün onların ağlının dərk edə bilmədiyi bir formada çatdırıb? Axı insan bir şeyi ki, heç vaxt başa düşməyəcək, ondan necə fayda götürə bilər?")

Biz Şeytanın mələk cildində dünyanı bir-birinə qatdığı 21-ci əsrdə yaşayırıq və 14-15 əsr bundan əvvəlki dövrlərin düşüncə modellərinin əsirinə çevrilib həmin dövrün paradiqmaları ilə düşünsək, daha rəzil günə düşə bilərik.

Məgər bu sadə həqiqəti dərk etmək o qədərmi çətindir?

Mən qətiyyən dinsiz adam deyiləm, Allaha da, müqəddəs kitabımıza da, peyğəmbərimizə də inanıram. Amma Allahla sövdəyə girənlərdən, yaxşılığı təmənna ilə edənlərdən, Allah sözünü nə isə sirli, dərkedilməz məchulluq kimi qələmə verənlərdən fərqli olaraq dini dəyərlərin pozitiv enerjisinin önə çəkilməsinin, onun insanların daha xoşbəxt yaşamasına rəvac verən tərəflərinin ortaya qoyulmasının tərəfdarıyam. Bunun üçün maarifləndirmə sahəsində islahatlar aparılmalı, dini dəyərlərin ətrafında yaradılan süni "dərkedilməzlik" mifləri dağıdılmalıdır.

Bu, sözsüz ki, çətin məsələdir - ən azından dinlə möhtəkirlik edənlərin hay-həşiri, müqaviməti ilə qarşılaşacaq.

Amma başqa yol yoxdur!

 





13.05.2022    çap et  çap et