525.Az

Qədim incəsənətimizin cəfakeş tədqiqatçısı - Nəsir Rzayev


 

Qədim incəsənətimizin cəfakeş tədqiqatçısı -<b style="color:red"> Nəsir Rzayev</b>

Əsəd QULİYEV

Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

Müsahibələrinin birində o, belə deyirdi: "Nəşriyyatlar qədim mədəniyyət və incəsənətimiz haqqında tez-tez, böyük tirajla kitablar çap etməlidir... Jurnallar və qəzetlər isə öz səhifələrində qədim və müasir incəsənətimizə doğma münasibətlə yer versəydilər, bu işə xidmət edərdilər". Söhbət Azərbaycan sənətşünaslıq elminin tanınmış alimlərindən olmuş, sənətşünaslıq doktoru Nəsir Rzayevdən gedir.

Nəsir İsmayıl oğlu Rzayev (1919-1998)  Bakı şəhərində anadan olub. İncəsənətə maraq onda lap kiçik yaşlarından formalaşmağa başlayıb. Onun babası Mirzə Fərəc dövrünün tanınmış tarzəni, bacısı Əməkdar incəsənət xadimi Ağabacı Rzayeva Azərbaycanın ilk qadın bəstəkarı olub. N.Rzayev ali təhsilini Azərbaycan Dövlət Universitetində yeni açılmış "İncəsənət şöbəsi"ndə alıb (1946-1951). O, 1954-cü ildən ömrünün sonuna kimi AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda uğurlu fəaliyyət göstərmişdi. N.Rzayev Tiflis Dövlət Universitetində "Qafqaz Albaniyasının bədii keramikası" mövzusunda namizədlik (1962), "Qədim dövrlərdən XVIII əsrə qədərki Qafqaz Albaniyası incəsənəti" mövzusunda isə doktorluq (1968) dissertasiyalarını uğurla müdafiə etmişdi.

N.Rzayevin Azərbaycan incəsənətinin  qədim dövrləri ilə bağlı  aparmış olduğu əhatəli araşdırma və tədqiqatları, elmi mülahizə və fikirləri mütəmadi olaraq "AMEA-nın Xəbərləri", AMEA-nın "Məruzələri", "Elm və həyat", "Qobustan", "Ədəbiyyat və incəsənət" və digər nüfuzlu elmi toplu, jurnal və qəzetlərdə dərc edilib. Onun elmi fikir və qənaətləri sənətşünas alim və tədqiqatçıların rəğbətini qazanıb. N.Rzayevin "Qafqa Albaniyasının bədii keramikası" (rus dilində,1964), "Qafqaz Albaniyasının incəsənəti" (rus dilində, 1976), "Əsrlərin səsi" (1974), "Möcüzəli qərinələr" (1984), "Qayalar danışır" (1985), "Əcdadların izi ilə" (1992), "Azərbaycan incəsənətinin şəfəqi" (rus dilində, 1993) adlı yüksək elmi əhəmiyyət kəsb edən kitabları nəşr olunub. O, həmçinin incəsənət istiqaməti üzrə təhsil alan tələbələr üçün "Azərbaycan incəsənəti" (1977)  adlı dərs vəsaitinin və AMEA-nın Memarlıq və İncəsənət İnstitutu tərəfindən hazırlanaraq, nəşr olunması nəzərdə tutulan üç cildlik "Azərbaycan incəsənəti" kitabının həmmüəlliflərindən olub.

N.Rzayev bütöv şurlu həyatını Azərbaycan incəsənətinin tədqiqinə və araşdırılmasına həsr etmişdi. Alimin nəşr olunmuş kitablarında incəsənətimizin qədim dövrünü əhatə edən məsələlər müəllif tərəfindən ilk dəfə araşdırılaraq elm aləminə dövr edilmiş, müfəssəl və dərin elmi mülahizələr şəklində əks olunub. N.Rzayev sözün əsl mənasında sənətşünas alim və vətənpərvər şəxs idi. Sovetlər dönəmində alim uzaqgörənliyi ilə Şimali və Cənubi Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi mədəniyyət nümunələrinin əhatəli  tədqiqi və təhlili nəticəsində irəli sürdüyü dəlil və sübutlar onun fədakar elm xadimi olmasından xəbər verir. N.Rzayevin qədim Azərbaycan dövlətləri Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası incəsənətinin ayrı-ayrı sahələrinə, həmçinin, Qobustan qayaüstü incəsənətinə dair nəşr olunmuş kitabları bu gün nəinki öz elmi əhəmiyyətini qoruyub saxlayır, həmçinin özünün elmi konseptuallığı baxımından inkişaf etdirilməsi aktuallığını daşıyır. N.Rzayev "Qafqaz Albaniyasında qədim türk mədəniyyətinin izləri" (Azərb SSR EA-nın Məruzələri. 1965, N-9) adlı elmi məqaləsində sübut etməyə çalışmışdı ki, türk qəbilələrindən olan hunların Azərbaycana ilk gəlişi tunc dövrünə (e.ə. X əsrə) təsadüf edir. Məqalədə qədim türk qəbilələrinin Azərbaycanda çox qədim zamandan sakin olduğunu göstərən linqvistik, toponimik, etnoqrafik, arxeoloji və sair məlumatlar da oxuculara çatdırılır. Bundan əlavə, Azərbaycan xalqının mənşəyinə dair bir sıra aktual məsələlər də irəli sürülür.

N.Rzayev olduqca təvazökar adam olub. Onun nəşr olunmuş yeddi kitabının heç birində həmkarlarının ön sözlərinə rast gəlmirik. N.Rzayevin həyatı və elmi yaradıcılığı haqqında AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Cəfər Qiyasinin "Qafqaz Albaniyasının incəsənəti" ("Qobustan" jurnalı, 1978 №2), sənətşünaslıq namizədi Nadir Zamanovun "Elmin çətin yollarında" ("Ədəbiyyat və incəsənət" qəzeti, 26.10.1979)  və Əməkdar incəsənət xadimi, şair Ramiz Heydərin "Qərinələr bələdçisi" ("Ədəbiyyat və incəsənət" qəzeti, 11.05.1990) adlı məqalələri dərc olunub.

C.Qiyasi yazırdı: "Qədim Azərbaycan bədii sənətkarlığını kompleks metodla öyrənməklə N.Rzayev ilk dəfə olaraq Qafqaz Albaniyası ərazisində incəsənətin başlıca növlərini tədqiq etmiş, bədii mədəniyyətin tarixi inkişafını ümumiləşdirmişdir. Qədim mədəniyyət və incəsənətin inkişaf mənzərəsini dolğun bərpa etmək üçün alim qədim dünya ölkələri (Orta Asiya, Şərqi Türküstan, İran, Volqaboyu, Bizans, Yunanıstan və s.) ilə mədəni əlaqələrə, müqayisəli təhlilə geniş yer vermiş, bədii yaradıcılığın qədim inamlarla (dini pərəstiş, totemə, əcdada və müxtəlif ruhlara tapınma, Avesta ideyaları və s.) sıx bağlılığının elmi əsaslarını üzə çıxarmışdır".

"O, sənətşünaslığımız tarixində ilk dəfə olaraq keramik nümunələr ilə bədii metal və şüşə nümunələri arasındakı qarşılıqlı estetik cəhətləri, plastik fiqurların, habelə oyma sənətinin mənşəyini, nəfis formaların metamarfozası və semantikasını, etnogenezes və s. məsələlərini araşdırmışdır. N.Rzayevin elmi-publisistik əsərlərində qədim dövrlərin ideologiyası, tarixi nəzəri məsələləri və din tarixi ilə də maraqlanaraq təsviri (piktoqrafiya) mədəniyyətimizin eramızdan əvvəl IV minillikdən başlandığını müəyyənləşdirmiş, xüsusən, Qobustan qaya təsvirlərinin ovçuluq təsərrüfatı ilə bağlılığını aşkara çıxarmışdır" - deyə  sənətşünaslıq namizədi Nadir Zamanov vurğulayırdı.

Şair Ramiz Heydər alimin 70 illik yubileyi ilə bağlı dərc olunmuş "Qərinələr bələdçisi" adlı yazısında "N.Rzayev bir insan kimi sadədir: ürəyi bulaq suyu kimi şəffaf və nurludur, xeyirxah ideyalar qaynağıdır. Təbiətən həssas və kövrəkdir. Bir çox haqsız məhrumiyyətlərlə onun iradəsini qıra bilməyiblər: tutduğu yoldan döndərə bilməyiblər" - yazırdı.

Təqdirəlayiq haldır ki, sənətşünas alim N.Rzayevin 100 illik yubileyi ilə əlaqədar, 2019-cu ildə onun "Əsrlərin səsi", "Möcüzəli qərinələr" və "Qayalar danışır" adlı kitabları bir kitab şəklində, latın qrafikası ilə nəfis şəkildə nəşr olundu. "Qayalar danışır" adlı kitab S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan alimin həyat və fəaliyyətinə aid arxiv materialları əsasında yenidən nəşr edilib. Vaxtilə ixtisarlara məruz qalmış bəzi hissələr fondun materialları əsasında orijinalda olduğu kimi verilib. N.Rzayev 10 iyul 1985-ci ildə kitabın əlyazmasında yazırdı: "Möcüzəli qərinələr" kitabının bu əlyazmasındakı "Fonetik yazılar", "Qədim Azərbaycanda günəşə pərəstiş", "Kuşan mədəniyyəti və Azərbaycan" hissələri ixtisar edilmiş və ona görə də kitaba daxil edilməmişdir". Artıq bu gün nəşr olunmuş latın qrafikalı nəfis kitabda həmin məqalələr öz layiqli yerini tapmışdır.

Bütün həyatını Azərbaycan incəsənətinin qədim dövrlərini araşdırıb, tədqiq etməyə həsr etmiş, özündən sonra zəngin elmi irs qoyub, fani dünyadan köç edən vətənpərvər sənətşünas alim Nəsir Rzayevin işıqlı xatirəsi sənət adamlarının xatirəsində həmişə yaşayacaq. 

 





13.05.2022    çap et  çap et