525.Az

Dağlara qovuşmaq yanğısı - Mina Rəşid yazır


 

Dağlara qovuşmaq yanğısı -<b style="color:red"> Mina Rəşid yazır</b>

Az qala hamının şeir yazdığı bir vaxtda gözəl poetik nümunələrə rast gəlmək bəzən o qədər də asan olmur. Təəssüf ki, bəziləri yazıların keyfiyyəti yox, müəllifin kitablarının çoxluğuna qiymət verir, onu tərifləyir və göyə qaldırır. Amma bu bir həqiqətdir ki, əsl  şairlərin kitabları az olur. Çünki onlar tezbazar kitablarının sayını çoxaltmağı düşünmürlər, gözəl nümunələr axtarışında olurlar. Bu günlərdə belə dəyərli nümunələrin toplandığı bir kitabla tanış oldum. "Sənsiz də səndəyəm" adlı bu kitab 2002-ci ildə nəşr edilsə də, onunla ilk tanışlıqdan şeirlərin doğma havası məni özünə çəkdi. Bəli, söhbət yazıları ilə yenicə tanış olsam da, min ilin dostu kimi tanıdığım şair-publisist Nəsib Qaramanlıdan gedir. Dünyagörmüş, həyatın çox sərt eniş-yoxuşlarından keçən, yurd, ocaq həsrəti ilə sınağa çəkilən N.Qaramanlının şeirlərində bircə kəlmə belə ürəksiz yazılmış sözə rast gəlmədim.

Mən dağlar oğluyam, dağlar başında

Anam beşiyimi yırğalayıbdı.

Gül-çiçək ətirli dağların mehi

Həmişə saçımı sığallayıbdı.

Bəli, saçını sığallayan dağlara sonra həsrət qalacaqdı Nəsib müəllim. Gəlin elə bu yerdə onunla daha yaxından tanış olaq.

Nəsib Qaramanlı (Nəsib Nuru oğlu Məmmədov) 1956-cı il mayın 13-də Qaraqoyunlu mahalının Yanıqpəyə kəndində anadan olub. 1973-cü ildə Çaykənd kənd orta məktəbini, 1977-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat şöbəsini bitirib. Onun ilk şeiri  1975-ci ildə tələbə olanda "Sovet Ermənistanı" qəzetində dərc edilib.

1978-1979-cu illərdə hərbi xidmətdə olub, orduda "Za boyevuyu çest" qəzetinin alay üzrə müxbiri kimi çalışıb.

1980-1983-cü illərdə Çəmbərək rayonunda çıxan "Dostluq" qəzetində tərcüməçi-müxbir və rayon prokurorluğunda tərcüməçi işləyib.

1983-cü ildə Bakıya köçərək, 2 ildən çox Bakıda yaşayıb və "Azərbaycan məktəbi" jurnalında çalışıb. 1986-cı ildə ata yurduna qayıdaraq əvvəlki iş yerlərində çalışmağa başlayıb.

1988-ci ilin iyununda Gölkənd kəndində keçirilən antierməni mitinqinin təşkilatçılarından olub. həmin ilin dekabrında ata-baba yurdundan didərgin düşüb və Bakıda milli azadlıq hərəkatına qoşulub.

1988-ci ildə gizli çap olunan "Ata yurdu" qəzetinin naşirlərindən biri də o idi. Şeirləri "Sovet Ermənistanı", "Dostluq", "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət", "Ulu Göyçə", "Millət", "Vətən səsi" və s. qəzetlərdə, "Pioner", "Ulduz" jurnallarında, "Ədəbi İrəvan - 86" almanaxında dərc edilib.

1988-1994-cü illərdə "Vətən səsi" qəzetində xüsusi müxbir, şöbə müdiri, məsul katib işləyib, "Ulu Göyçə" qəzetinin yaradıcı heyətinin üzvü, "Millət" qəzetinin baş redaktorunun birinci müavini olub.

Onun "Qaraqoyunlu" və "Vurğun dünyası" adlı poemalarının da daxil edildiyi bir neçə kitabı işıq üzü görüb. Hazırda "Vətən səsi" qəzetində baş redaktorun müavini vəzifəsində çalışır. Onu da əlavə edək ki, "Vətən səsi" qəzetində "Erməni mətbuatı nədən yazır" rubrikası adı altında daim analitik yazılarla çıxış edən Nəsib müəllim bu gün düşmənin dilini (erməni dili) bilən və sayca az olan ziyalılarımızdandır ki, onun qədrini-qiymətini bilməliyik. Oğlu Elvin İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısıdır və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Vurğun adlı oğlu isə bu gün üç övladı və ailəsi ilə Ukraynada mühasirə şəraitində yaşayır. Bütün bu ağrı-acılar, üstəlik, doğma ocaq, yurd həsrəti N.Qaramanlının şair qəlbində bəzən tufanlar qoparır. Elə bu həyəcanla da bəlkə doğum gününü belə unudan Nəsib Qaramanlıya yeni, neçə gözəl yaşlarında cansağlığı, uzun ömür, bir də vurğunu olduğu o  dağlara qovuşmağını arzu edirik.

 





13.05.2022    çap et  çap et