525.Az

Rəşad Məcid: "Bütün hallarda peşəkarlığın yolu təcrübədən, praktik yaradıcılıqdan keçir"


 

Rəşad Məcid: <b style="color:red">  "Bütün hallarda peşəkarlığın yolu təcrübədən, praktik yaradıcılıqdan keçir" </b>

Tələbələrin gələcəkdə peşəkar kadr kimi yetişə bilmələri üçün təcrübə çox önəmlidir. Tələbəlik illərində qazanılmış təcrübə  ixtisasın incəliklərini bilməyə, öyrədilən nəzəri bilikləri işə yansıtmağa və iş həyatına təcrübəli bir şəxs kimi atılmağa imkan verir. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Təcrübədən əvvəl təcrübə” layihəsi tələbələrə ixtisaslarını daha dərindən öyrənə bilmə imkanı yaradıb. ADU-nun Əlavə təhsil və Təcrübə fakültəsinin dekanı Məmməd İsmayılovun sözlərinə əsasən, layihədə Filologiya və Jurnalistika fakültələrinin 2, 3 və 4-cü kurs tələbələri iştirak edir.

Sözügedən layihənin iştirakçıları olan tələbələrin üz tutduğu media orqanlarından biri də "525-ci qəzet"dir.  ADU-nun tələbəsi olaraq mənim də iştirakçısı olduğum layihə ilə bağlı  Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə müsahibəmiz gerçəkləşdi.

- Rəşad müəllim, təcrübə zamanı yaxşı nəticə göstərən tələbə gələcək iş həyatında peşəkar ola bilirmi?

- Təcrübə çox vacibdir. Buna görə də bütün ixtisaslarda, xüsusilə də Jurnalistika fakültəsində ayrıca praktik yaradıcılıq öyrədilən layihələr təşkil edilir və tələbələrə müxtəlif media qurumlarında təcrübə keçirilir. Uzun illərdir ki, bizim redaksiyaya Jurnalistika fakültəsinin çoxsaylı tələbələri gəlir. Qəzetlərin daha çox oxunduğu dövrlərdə eyni anda 20-30 təcrübəçinin belə gəldiyi olub. Onların içərisindən işinə can yandıranları, öyrənmək istəyənləri hiss etmişik və seçmişik. Amma indi təkcə öyrənmək istəyi və həvəs yetmir. Gərək inadkarlıq, əzmkarlıq olsun. Mən müşahidə etmişəm ki, təcrübəçilər bəzən “bunu edə bilərəm” , “bunu yazaram” söyləyir, lakin ona  tapşırılan ilk ciddi praktik işdə görürsən ki, gözü qorxur, çəkinir və bu yükün altına girməyi bacarmır. Bax, bu səbəbdən bütün hallarda peşəkarlığın yolu ilk növbədə təcrübədən, praktik yaradıcılıqdan keçir.

- Jurnalistika ixtisasında istedad nə dərəcədə önəmlidir? Sizcə, istedadsız biri təcrübədən yola çıxaraq özünü inkişaf etdirib uğurlu jurnalist ola bilərmi?

 - Mən bunu həmişə birmənalı olaraq demişəm ki, jurnalistika ixtisasında istedad, yaradıcılıq qabiliyyəti çox vacib keyfiyyətlərdir. Təbii ki, jurnalist üçün sonradan aşılanan keyfiyyətlər də zəruridir. Zəhmətlə bəzi mövzularda müəyyən dərəcədə məlumatlanmaq, savad qazanmaq olar. Amma yazmaq, müşahidə qabiliyyəti, intuisiya və s. bunlar genetik istedadlardır. Buna görə də belə düşünürəm ki, jurnalistikada istedad çox vacibdir. Amma indi jurnalistika da dəyişib. Artıq klassik jurnalistika, publisistika, şərhlər və s. bunlar özünü daha çox xəbər janrında göstərir. Bu zaman isə istedada o qədər də ehtiyac duyulmur. Biraz əzmkar və zəhmətkeş olan insan işləyə bilər. Mən düşünürəm ki, oxucuların diqqətini öz fərqli baxışların  və müşahidələrinlə cəlb edib, uğur qazana bilmək üçün mütləq sənin istedadın olmalıdır.

- “Təcrübədən öncə təcrübə” layihəsinin tələbələr üçün faydası barədə nə düşünürsünüz?

- Əlbəttə, bu təşəbbüsü müsbət qiymətləndirirəm. Hazırda təcrübəyə gələn tələbələrin fəaliyyəti ilə bağlı onu deyə bilərəm ki, onların arasında fəallıq göstərənlər də, laqeyd yanaşanlar da var. Əgər tələbənin təcrübə keçməyə marağı yoxdursa, ümumiyyətlə, bu işə can yandırmırsa, biz də tələbkar olmuruq. Tələbəyə azadlıq veririk. Çünki bizə məhz əzmkar olanlar, öyrənmək istəyənlər lazımdır. Neçə illərin təcrübəsi göstərir ki, hər zaman tərcübəyə gələnlərin içərisindən 15-20% tələbə işinə həvəslə yanaşır. Biz hər zaman tələbələri layihələrə, hansısa qazet işilərinə cəlb etməyə çalışmışıq. Bir qisim tələbə vaxt keçirmək  və ya təcrübədə iştirak etmək naminə iştirak edir. Bir nümunə çəkə bilərəm, redaksiyamıza yeni təcrübə keçməyə gələn tələbələrə Xalq yazıçısı Kamal Abdullanın hekəyəsini verdim ki, oxuyub münasibət bildirsinlər. Orada da fəallıq göstərənlər və laqeyd yanaşanlar oldu. Neçə illərin müşahidəsi göstərir ki, təcrübədə fəal olanlar sonrakı jurnalistika fəaliyyətində də uğur qazanırlar.

- Tələbələr ümidlərinizi doğruldurmu?

- Ümidlərimi doğruldan tələbələr çox olub. Mənim istedadı, işə olan sevgini hiss etmək qabiliyyətim var. İstedad gördüyüm bir gəncin özünə inamın yaranmasında həmişə köməklik etmişəm. Jurnalistika və ədəbi yaradıcılıq sahəsində yüzlərlə gənc adı çəkmək olar ki, "525"də təcrübə keçib, fəaliyyətə başlayıb, indi də müxtəlif media orqanlarında və strukturlarda  öz peşələrini davam etdirirlər.

- Təcrübə layihəsinin davam etdiyi müddət ərzində tələbələrdə ən çox hansı çatışmazlıqları aşkar etdiniz?

- Birinci növbədə bizim gəncləri qınayıram ki, az oxuyurlar. Jurnalistika fakültəsində oxuyan 3 və ya 4-cü kurs tələbəsinin yanında hansısa məhşur jurnalistin adın çəkirəm tanımır. Bu hallarla üzləşdikdə məyus oluram.  Bu, onların öz sənətlərinə soyuq və biganə yanaşmaqları deməkdir. Amma az öncə vurğuladığım 15-20% civarında olan tələbələrin ilk təcrübə illərində görürsən ki, onlar doğrudan da sənətlərini sevirlər, ömürünü jurnalistikaya bağlamaq istəyirlər. Sonradan onlar daha peşəkar olurlar. Tələbələrə arzulayıram ki, mütləq oxusunlar, öyrənsinlər və heç vaxt zəhmətdən çəkinməsinlər.  İnsan bir şeyi dəlicəsinə arzulayırsa, mütləq ona çatır. Amma bu dəlicəsinə arzulamağın içərisində sonsuz zəhmət, yorulmadan fəaliyyət göstərmək kimi keyfiyyətlər var. Məhz bunları bacaranlar mütləq öz istəklərinə çatırlar.

Sevil Seymur

ADU-nun jurnalistika ixtisasının tələbəsi

 





13.05.2022    çap et  çap et