525.Az

Böyük Qayıdışda təhsil sahəsinin müstəsna yeri var


 

AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ TƏHSİL İNFRASTRUKTURU ƏN MÜASİR SƏVİYYƏDƏ YENİDƏN QURULACAQ

Böyük Qayıdışda təhsil sahəsinin müstəsna yeri var<b style="color:red"></b>

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən silahlı təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu tamamilə dağıdılıb. 

Füzuli rayonunda işğaldan öncə mövcud olan 100-ə qədər orta təhsil və texniki peşə məktəbinin əksəriyyəti məhv edilib. Qubadlıda inşa olunmuş və yaşı 100 ildən böyük olan ilk dünyəvi məktəb ermənilər tərəfindən dağıdılıb. İşğaldan əvvəl 61 ümumi təhsil məktəbi olan Qubadlıda 33 tam orta, 16 ümumi orta, 12 ibtidai məktəb fəaliyyət göstərib. Bununla bərabər, Uşaq-gənclər idman məktəbi, Uşaq şahmat məktəbi,  həmçinin, Uşaq və yeniyetmələrin yaradıcılıq, Texniki yaradıcılıq və Ekoloji Tərbiyə mərkəzləri, Texniki Peşə məktəbi də fəaliyyət göstərib. Erməni vandalları sözügedən təhsil ocaqlarının binalarını yerlə-yeksan ediblər.

Azərbaycanın mədəniyyət beşiyi hesab edilən Şuşa şəhərinin işğalı nəticəsində 23 ümumtəhsil məktəbi, 6 məktəbəqədər uşaq müəssisəsi, 7 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, peşə-ixtisas məktəbi, Mədəni-maarif, Kənd təsərrüfatı, M.M.Nəvvab adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb Texnikumunun filialı, həmçinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Ədəbiyyat İnstitutunun filialları yerlə-yeksan edilib.  Şuşa Realnı məktəbi də ermənilər tərəfindən dağıdılıb. 

İşğaldan öncə Ağdam şəhərində Musiqi, Kənd Təsərrüfatı, Kənd Təsərrüfatı Mexanikləşdirmə və Elektrikləşdirməsi texnikumları, 9 ümumtəhsil və internat orta məktəbi, iki Peşə məktəbi, həmçinin, Şahmat, Uşaq, Gənclər və İdman, Ekoloji Tərbiyə və Təcrübəçilik, Tibb məktəbləri, Texniki Yaradıcılıq və Gənclər Yaradıcılıq mərkəzləri fəaliyyət göstərib. Həmin təhsil obyektlərinin binaları da ermənilər tərəfindən yerlə-yeksan edilib. 

Laçın rayonunda işğal dövrünə qədər fəaliyyət göstərən 102 ümumtəhsil məktəbi də tamamilə dağıdılıb. 

Təcavüzkar dövlətin əməlləri Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocalı, Xocavənd rayonlarından da yan keçməyib. Adıçəkilən bölgələrimizin təhsil müəssisələri viran qoyulub.

Ermənilərin ən çox dağıntılara məruz qoyduğu ərazilərdən olan Xocavənd rayonunun 1859-cu ildə əsası qoyulmuş Tuğ kənd məktəbi məhv edilib. Laçın rayonunun 130 yaşlı B.M.Məmmədov adına Minkənd tam orta məktəbi, Akademik M.Mehdizadə adına 145 il öncə əsası qoyulan Cəbrayıl şəhər tam orta məktəbi, 140 yaşlı Qara İlyasov adına Qubadlı şəhər tam orta məktəbi, yaradılmasından 190 ildən çox vaxt keçmiş, Azərbaycanın ilk qəza məktəbi sayılan Şuşanın tarixi 1 nömrəli orta məktəbi və sair təhsil müəssisələri ermənilər tərəfindən amansızcasına məhv edilib.

Hazırda işğaldan azad edilən ərazil

ərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində mühüm işlər görülür. Qarabağda həyata keçirilən infrastruktur layihələrinin başında məhz təhsil müəssisələrinin yenidən qurulması, məktəblərin və ali təhsil ocaqlarının bərpası dayanır. Düşmənin məhv etdiyi tarixi məktəb binalarını geri qaytara bilməsək də, orada müasir tələblərə tam cavab verəcək, Azərbaycan təhsilinə əhəmiyyətli töhfə vəd edən təhsil ocaqlarının tikintisi planlaşdırılır. Şagirdlərin təhsil prosesinə cəlb edilməsi, onların işğaldan azad olunan ərazilərdə standartlara uyğun ümumtəhsil  məktəblərində təhsil alması üçün artıq Ağdam, Şuşa, Füzulidə bir neçə orta məktəbin tikinsinə başlanılıb. 

Qarabağda təkcə orta ümumtəhsil məktəbləri deyil, ali təhsil,  kollec, peşə təhsili müəssisələrinin yaradılmasına ehtiyac var.  

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, işğaldan azad olunan ərazilərdə peşə təhsili məktəblərinin inşası və onların müasir tələblərə cavab verən maddi-texniki bazasının yaradılması önəmli məsələlərdən biridir.  Bu rayonlarda kənd təsərüfatı və mədənçilik əlverişli olduğu üçün burada peşə təhsili müəssisələrin qurulmasına xüsusi ehtiyac var: "Əsasən də kənd təsərrüfatı sahəsində bir sıra peşələrin-pambıqçılıq, üzümçülük, maldarlıqla bağlı ixtisaslı kadrların hazırlanmasına üstünlük verilməlidir. Həmçinin, mədən sənayesinin inkişafı üçün sənaye məktəblərinin açılması və peşə kurslarının təşkil olunması vacibdir. Yaxın gələcəkdə həmin bölgələrdə bu ixtisaslara böyük ehtiyac yaranacaq. Məhz bu səbəbdən təxirəsalınmadan mütəxəssislər hazırlanmalıdır".

Artıq Füzuli rayonunda ilk peşə liseyinin tikintisinə satart verilib. Mayın 10-da Füzulidə Peşə Liseyinin təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərdə inşa olunacaq Peşə Liseyinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada, həmçinin, avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək. 

Mütəxəssislər hesab edirlər ki, Qarabağda pedoqoji kadrlar, inşaat mühəndisləri yetişdirəcək çoxsahəli bir universitet yaratmağa ehtiyac var. Müəllimlərin hazırlanması üçün dövlət sifarişinin Bakıdan Azərbaycanın bölgələrinə verilməsi də təklif olunur. 

Şuşa öz musiqiçiləri ilə məşhurdur və ona görə də bu şəhərdə Bakı Konservatoriyasının filialı olan musiqi məktəbi açmaq olar.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə əsasən,  Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində bölgədəki təhsil sisteminin inkişafı həlledici rol oynamalı, pedaqoji kadrlar, inşaat mühəndisləri yetişdirməli çoxsahəli bir universitet yaradılmalıdır: "Bundan başqa, Qarabağda həmişə əkinçilik və şərabçılıq inkişaf edib. Yüngül sənaye sahələrində olduğu kimi, bu sahələrdə də kadr hazırlamaq lazımdır. Bu sektorlarda mütəxəssislər Gəncədə hazırlanır, lakin Qarabağda bir universitetin açılması bu sahədəki kadrları paytaxta doğru axın etmədən saxlamağa kömək edəcək. Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir.

Ağdamı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcək Baş Planda Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulur. 

Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur. Həmin kvartalda Qarabağ Universitetinin təməli qoyulacaq: "Hələlik universitetin konsepsiyası işlənilməlidir. Qarabağ elmi potensialından istifadə edilməsi uzun yoldur. Qarabağda dayanıqlı məskunlaşma insanların bacarıq və biliklərinin inkişafı deməkdir. Çünki oraya köçən və məskunlaşan insanların adaptasiya prosesində onların bacarıqlarının inkişaf etdirilməsi, formalaşdırılması da nəzərdə tutulur".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, "QARABAĞ" Ağdamda qurulacaq yeni universitetin adı olmaqla yanaşı, həm də güclü bir universitet brendi olacaq. Rektor yeni yaradılacaq universitet ilə bağlı bəzi təkliflər irəli sürüb: "Bu brendin özəllikləri kimi "tələbə mərkəzli" universitet, öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli, fərdi təhsil trayektoriyası əsasında təhsil verən universitet, təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın "təhsil izi",  XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modelini göstərmək olar. Həmçinin, distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet, dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti, rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi, xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet, "Smart universitet", Şəhid övladlarının təhsil aldığı universitet. Mən əminəm ki, "QARABAĞ" güclü bir universitet brendi olacaq".

Təhsil üzrə ekspert Elçin Əfəndinin fikrincə, Qarabağda elə bir ali məktəb yaratmalıdır ki, beynəlxalq arenada rəqabətə davamlı ola bilsin. Bunun üçün peşəkar professor-müəllim heyəti formalaşdırılmalı, universitetin maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulmalıdır. Eyni zamanda, rəqabətqabiliyyətli ixtisasların açılması təmin edilməlidir. Qəbul zamanı bütün şəhid övladları imtahansız qəbul olmalı, ödənişsiz təhsil almaları təmin edilməli, həmçinin qazi övladlarına ödənişsiz təhsil almaq hüququ verilməlidir. Universitetə peşəkar müəllimlər cəlb edilməli, əsasən Türkiyə və Avropa ölkələrində təhsil almış yüksəkixtisaslı kadrlara-vətəndaşlarımıza üstünlük verilməlidir: "Azərbaycana qərəzli mövqe tutmayan başqa xarici ölkələrin yüksəkixtisaslı kadrları da təhsilverən qismində prosesə cəlb edilməlidir. Xarici ölkə vətəndaşlarının Ermənistan istisna olmaqla universitetə qəbulu həyata keçirilməlidir. Çünki bunun Qarabağın təbliğatı aparmaq baxımından əhəmiyyəti böyükdür. Digər tərəfdən xarici tələbələri universitetə cəlb etmək üçün ali məktəbin həm kampusunun, həm də yataqxanasının olması vacib məqamdır. Bu həm də yerli tələbələrin rahat təhsil almaları üçün olduqca əhəmiyyətlidir. Təbii ki, sadaladığım bu detallar Qarabağ Universitetinin təşkili prosesində nəzərə alınarsa, yaxın illərdə həmin təhsil müəssisəsi dünya universitetləri ilə rəqabət aparacaq səviyyəyə çata bilər".

Sevinc QARAYEVA

 





14.05.2022    çap et  çap et