525.Az

“Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib


 

 “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib<b style="color:red"></b>

13 may 2022-ci il tarixində Qazax şəhərində Qazax rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, Ərzincan Binəli Yıldırım Universiteti, BDU Qazax filialı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir və Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

525.az xəbər verir ki, konfrans iştirakçıları öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra  Mütəfəkkirlər parkına yollanaraq Aşıq Ələsgər və Aşıq Şəmşirin büstləri, eləcə də  Səməd Vurğunun heykəli önünə əklillər düzüblər. Sonra Ədəbiyyat muzeyində rəsm sərgisinə baxış keçirilib.

Konfransın açılış toplantısında Qazax rayon İcra Hakimiyyətinin başçısı  Rəcəb Babaşov, AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, BDU Qazax filialının direktoru, dosent  Arif Rüstəmov,  Əməkdar jurnalist Adil Cəmil, Qazax Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və "Aşıq Şəmşir" Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov giriş nitqi ilə çıxış ediblər.

Giriş çıxışlarının ardından məruzəçilər Ərzincan Binəli Yıldırım Universitetindən Prof. Dr. Ali Kafkasyalı “Səməd Vurğunun ədəbi irsində milli-mənəvi dəyərlər”, Kırşehir Ahi Evran Universitetindən Prof. Dr. Kubilay Kolukırık  “Aşık Şemşir şiirlerinde dini unsurlar ve Aşık Şemşir’in ilahi formunda bestelenmiş iki eseri”, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetindən Prof. Dr. Mahmud Kamaloğlu  “Sazla sözün vəhdəti” və Əməkdar mədəniyyət işçisi Misgər Məmmədov “Aşıq Şəmşir yaradıcılığının psixopoetik xüsusiyyətləri” mövzusunda məruzə ediblər.Kırşehir Ahi Evran Universitetindən Prof. Dr. Kubilay Kolukırık məruzə edərkən Aşıq Şəmşirin iki şeirinə bəstələdiyi mahnını da ifa edib. Məruzəçilər sertifikat və ödellə təltif ediliblər.

Məruzələrdən sonra Aşıq Şöhrət Kəlbəcərli, Aşıq Coşğun Rəhimovun və balabanda  Əməkdar mədəniyyət işçisi İbadət Kəlbəcərlinin ifasında "Aşıq Şəmşir və Səməd Vurğun dastanı", eləcə də Aşıq Əli Zeynalabdınov və Əməkdar mədəniyyət işçisi Aşıq Hacı Abdıyevin ifaları dinlənilib. Tədbirdə aşıqların ifasında Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeiri də səslənib. Sonra şeir, rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. Plenar iclasının sonunda qarşılıqlı simvolik hədiyyələr təqdim olunub.

Konfrans iştirakçıları tədbir çərçivəsində Səməd Vurğunun ev muzeyini ziyarət edib, eləcə də Avey Dövlət Tarix-Mədəniyyət qoruğunda yerləşən Damcılı mağarasına yollanıblar.

Aşıq Şəmşir və Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxalq elmi konfrans daha sonra öz işini bölmələrdə davam etdirib. Zoom platforması üzərindən keçirilən bölmələrdə səksənə yaxın məruzə dinlənilib. 
Qeyd edək ki, konfransa Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan və Qazaxıstan kimi ölkələrdən də nümayəndələr qatılıb.

 

 





14.05.2022    çap et  çap et