525.Az

Zavallı azarkeşlər, "cansız yayım" və "Araz Naxçıvan"ın dərdi


 

Zavallı azarkeşlər, "cansız yayım" və "Araz Naxçıvan"ın dərdi<b style="color:red"></b>

Dünən AFFA-nın təşkil etdiyi Region Liqasında ilk yarımfinal oyunu keçirildi. "ASK Arena"da baş tutan "Cəbrayıl" - "Qusar" matçında
"Cəbrayıl" 2:1 hesabı ilə qalib gələrək finala yüksəldi. Digər yarımfinal oyunu bu gün 16:00-da eyni məkanda başlayacaq. Rəqiblər isə "Xan Lənkəran"la "Araz Naxçıvan"dır. 4 yarımfinalçı – 4 əyalət təmsilçisi…

Bu mərhələdə diqqətimi 2 məqam cəlb etdi, onlardan bəhs etmək istəyirəm. Birincisi, həvəskar status daşısa da, Region Liqasına azarkeş marağının 1-ci Diviziondan qat-qat yüksək olduğunu, hətta Premyer Liqa ilə ayaqlaşdığını da iddia edə bilərəm. Əsas səbəb Region Liqasında əyalət komandalarının çoxluğudu. Təəssüf ki, böyük maraq kəsb etməsinə baxmayaraq, dünənki yarımfinal oyununu ancaq stadionda olanlar canlı izləyə bildilər. Nə televiziya, nə də internet kanallarının heç biri oyunu canlı yayımlamadı. Bu günkü yarımfinal oyunu da "cansız" olacaq. Deməli, oyundan həzz almaq üçün ancaq "ASK Arena"ya getmək lazımdı.

"Cəbrayıl" - "Qusar" oyununda tribunalarda 2 minə yaxın azarkeş var idi. Əksəriyyəti qusarlılar idi. "Xan Lənkəran" - "Araz Naxçıvan»da tribunaların dolacağı gözlənilir. Bundan dəfələrlə çox sayda insan oyunu izləmək arzusundadı, amma arzularına çata bilməyəcəklər. Çünki az əvvəl vurğuladığım kimi matçlar canlı yayımlanmır.

Maraqlı fakt: Bayaq qeyd etdiyim kimi dünənki oyunu 2 minə yaxın azarkeş izləyib. Premyer Liqada çıxış edən və azarkeş sarıdan korluq çəkən "Səbail"lə "Sabah"ın bu mövsüm qarşılaşdığı 4 oyunda rəsmi protokollara inansaq, tribunalarda cəmi 1.400 azarkeş olub. "Keşlə" ilə "Zirə" arasındakı 3 oyunda isə bu rəqəm 1.100-dür. Rekord "Səbail" - "Keşlə" matçlarına məxsusdur – 3 oyuna 1000 azarkeş. O da maraqlıdır ki, "Keşlə"nin adı dəyişdikdən sonra Şamaxıda keçirilən "Şamaxı" - "Səbail" matçını 2.200 azarkeş izləyib. Bu da bir daha sübut edir ki, bölgələrdə futbola maraq həddən artıq çoxdur.  Menyüyə əlavə: 3-cü dövrədə keçirilən "Səbail" - "Zirə" oyununda azarkeşlərin sayının minusa getməsinə 50 nəfər mane olub!

Faktın təqdimatından sonra geçək mövzuya. Əyalət komandalarının Bakıda oynamalarına baxmayaraq, azarkeş marağının böyük olmasını nəzərə alaraq oyunlar niyə canlı yayımlanmadı? Ölkəmizdə 2 idman kanalı var – biri işin çoxluğundan, digəri yoxluğundan əziyyət çəkir. Bildiyim qədər "CBC Sport" işin çoxluğundan matçları yayımlaya bilməyib. Kanalın canlı yayım üçün nəzərdə tutulmuş texnikası bu gün baş tutan "Bakı marafonu»nu üçün dünəndən təyinat nöqtələrinə göndərilib və bu üzdən "Cəbrayıl" - "Qusar" "ofsayd"a düşüb. Bu gün isə həm də Premyer Liqanın 27-ci turu keçirilir və turun 2 oyunu canlı yayımlayacaq. Həmin oyunlar isə "Xan Lənkəran" - "Araz Naxçıvan" matçı ilə üst-üstə düşür. Bəs, digər televiziya, internet kanallarımız?  Hər şey bir yana, adamın ən çox cəbrayıllı, qusarlı, lənkəranlı, naxçıvanlı azarkeşlərə ürəyi yanır. Yeri gəlmişkən, Region Liqasının Şamaxıda keçiriləcək finalı "CBC Sport"la canlı yayımlanacaq. Buna da şükür!
 
Diqqətimi çəkən ikinci məqam komandaların futbolçuları ilə bağlıdır. Hər 4 komandanın heyətində vaxtilə peşəkar statusu daşımış futbolçular yer alıb. "Qusar" mübarizəni dayandırdığı üçün bu komandaya toxunmayacam. Digər 3 komandadan "Xan Lənkəran" və "Cəbrayıl"ın heyətində eks-peşəkarlar daha çox gözə dəyir. Məsələ burasındadır ki, turnirin əsasnaməsinə görə, komandalar heyətlərinə yalnız cari mövsümdə peşəkar statusu daşıyan futbolçuları qata bilməzdilər. Bu mövsümə kimi peşəkar səviyyədə futbol oynayanlar isə həvəskar statusu ilə turnirdə iştirak edə bilirlər. "Xan Lənkəran"dan Bəxtiyar Soltanovun (son peşəkar klubu – "Sabah-2"), İlyas Səfərzadənin ("Kəpəz"), Röyal Nəcəfovun ("Ağrıspor", Türkiyə), Orxan Sadıxlının ("Zirə"), Aqşin Muxtaroğlunun ("Turan Tovuz"), Ülvi İbadzadənin ("Sabah"), "Cəbrayıl"dan Comərd Baxşəliyevin ("Mil-Muğan"), Tapdıq Əhmədovun ("Qaradağ Lökbatan"), Elşad Manafovun ("Qaradağ Lökbatan"), Hüseyn Axundovun ("Şüvəlan"), "Araz Naxçıvan"dan isə Vadim Abdullayevin ("Sabah"), Orxan Əliyevin ("Sioni", Gürcüstan), Elvin Dəmirovun ("Yaroslav", "Polşa") adlarını çəkə bilərəm. Əslində, bir qədər də diqqət ayırsam, siyahı daha da genişlənər. Bu futbolçular komandaları qalib gələcəyi təqdirdə UEFA Region Liqasında çıxış edə bilməyəcəklər. Çünki UEFA Region Liqasının əsasnaməsinə görə turnirdə nə vaxtsa peşəkar səviyyədə futbolla məşğul olan futbolçu oynaya bilməz! Deməli, qalib komanda Avropaya gedəndə heyətinə əməlli-başlı əl gəzdirməli olacaq.

Doğrusu, 3-cü maraqlı məqam da var. Əgər "Araz Naxçıvan" Region Liqasının qalibi olarsa… Məlumdur ki, Naxçıvan təmsilçisi növbəti mövsümdən 1-ci Divizionda mübarizə aparacaq. Deməli, peşəkar statusunda olacaq. O halda komanda UEFA Region Liqasında necə çıxış edəcək? Yaxşısı budur, turnirin başa çatmasını gözləyək. "Araz Naxçıvan" çempion olarsa, mövzuya qayıdarıq.

 





15.05.2022    çap et  çap et