525.Az

12 xal Ukraynaya, yoxsa Mariupola? - EL Roman yazır


 

12 xal Ukraynaya, yoxsa Mariupola? -<b style="color:red"> EL Roman yazır</b>

Bildiyimiz kimi, İtaliyanın ən böyük qapalı arenalarından olan "PalaOlimpico"da keçirilən "Eurovision 2022"nin böyük finalında 25 ölkənin təmsilçisi çıxış etdi və sonda Ukrayna qalib gəldi. Bu öz yerində.

Əslində, aylarla koma vəziyyətində yatsaydım və nəhayət, ayılandan sonra bu xəbəri oxumuş olsaydım, həddən artıq sevinərdim. Çünki Ukrayna son illərdə ortaya qoyduğu üst-üstə möhtəşəm performansı ilə, necə deyərlər, könlümdə taxt qurub. Məsələn, yadımdadır ki, keçən il final çıxışlarını izləyəndə mən də öz içimdə "ədalətli" səsvermə etmişdim və Ukraynaya 12 xal vermişdim.

Sosial şəbəkəyə nə vaxt girsəm, görürdüm ki, "Ukraynada müharibə var, qalib onlar olacaq"  kimi postların, sözün həqiqi mənasında sayı-hesabı yoxdur. Hətta mən də bir ara buna inandım. Ta ki final başlayana qədər.

Bəli, bu il də finalı izləməyə başlayanda dedim ki, içimdə səsvermə edərək öz qalibimi özüm seçim. Növbə Ukraynaya çatdı, arxa plan 3 saniyəlik mavi və sarı rəngə boyandı, "Kalush" özünü səhnədə tapdı və başladı "Stefania"nı "qışqırmağa". Bir anlıq düşündüm ki, nooldu, bəs millət deyirdi ay müharibə, ay "slava Ukrayna". Belə mahnını qalib eləməyə heç siyasətin də gücü çatmaz.

Xallarımı verməyə başlayanda birdən gözümün qarşısında Mariupol, qırılan insanlar, ölənlər, yaralananlar, darmadağın edilən binalar və bütöv bir ölkənin acı taleyi canlandı. Tüpürdüm qələmin ucuna, "lənət şeytana" deyib 12 xalı yazdım Ukraynaya. Fikirləşdim ki, guya mənim yazmağımla nə olacaq, qoy vicdanım rahat olsun.

Qalib açıqlananda ani refleks kimi dodağımı dişlədim, bir anlıq da olsa, özümü günahkar hiss elədim. Bu dəfə isə tam əksinə, elə fikirləşdim ki, mən Ukraynaya 12 xal verdim deyə bu dəfə onlar qalib oldular. Bu cür ədalətsizliyə yol verdiyim üçün vicdan əzabı çəkdim. Sonra kürəklərində valideynlərinin telefon nömrəsi yazılan körpələr gözümün qarşısına gəldi, etdiyim əməldən peşman olmadım, özümə gəldim. İçimdə dedim ki, "slava Ukrayna". Sonra içimdə oxumağa başladım:

"Stefaniya mamo, mamo Stefaniya.

Lyuli, lyuli, lyuli, qoy!"

Nəysə. Bu onsuz da birinci ədalətsizlik deyil, guya özümə söz vermişdim ki, 2010-cu ildə keçirilən finalda Türkiyənin "Manga" qrupu 2-ci olandan sonra bir də Eurovisiona baxmayam. Həmin il birinci yerə çıxan Lena, hətta "Kalush"dan da pis oxumuşdu. Alman müğənni Lena Meyer Landrut Norveçdə keçirilən müsabiqədə "Satellite" mahnısı ilə 240 xalla qalib oldu. 2011-ci ildə Almaniyada keçirilən yarışmada ötən il ölkəsində birincilik qazanan Lena yenidən səhnəyə çıxdı və ölkəsini yenidən təmsil etdi. Amma ötənilki populyarlığına baxmayaraq, 2011-ci ildə 107 xalla onuncu yeri tutdu. Qəribədir.

1986-cı ildə keçirilən Eurovision mahnı müsabiqəsinin qalibi Belçika oldu. "Jaime la Vie" mahnısını ifa edən Sandra Kim ölkəsinə birincilik gətirdi. Amma hadisəni maraqlı edən odur ki, müsabiqədə qalib gələndə onun cəmi 13 yaşı var idi. Sandra müsabiqəyə qatılanda özünü 15 yaşındaymış kimi təqdim etdiyindən bu fakt sonradan üzə çıxdığına görə ikinci yerdə olan İsveçrə nəticələrə etiraz etmişdi. Bu, Eurovision tarixinin ən gülməli hadisələrindən biridir. Təsəvvür elə, ikinci olursan, sonra etiraz edirsən ki, birinci yerə çıxanın 13 yaşı var. Hələ uşaqdır. Sayılmır, oynamıram.

Əvvəldən Eurovision mahnı müsabiqəsinə ən çox maliyyə töhfəsi verən ölkələr "Böyük beşlik" kimi tanınır. Bunlar İngiltərə, Almaniya, Fransa, İspaniya və İtaliyadır. 2000-ci ildə qəbul edilmiş qaydaya görə, böyük beşliyə daxil olan ölkələr müsabiqənin yarımfinalında iştirak etmədən birbaşa finala çıxmaq hüququ qazandılar. Fikrimcə, bu, dünya səviyyəli müsabiqənin ən haqsız və absurd qaydasıdır.

Biri var ki, məşhur adamı səhnəyə çıxarmaq, biri də var, kimisə səhnədə məşhur etmək. Açığı, Eurovision hər il dünyanın ən çox izlənilən müsabiqələrindən biri olsa da, heç də bütün qalibləri dünya səviyyəsində məşhur etmək potensialına malik deyil. Təbii ki, istisnalar da var. İsveçin ABBA pop qrupu Eurovision qalibi kimi məşhurlaşdı və hazırda dünyanın ən uğurlu və ən tanınmış qruplarından biridir. Dünyanın ən məşhur və varlı qadın müğənnilərindən biri olan Selin Dion 1987-ci ildə İsveçrəni təmsil edərək qalib olmuşdu və bundan sonra məşhurlaşmışdı.

Müsabiqə ilə bağlı maraqlı faktlardan biri də İrlandiya ilə bağlıdır. İrlandiya "Eurovision"da 53 dəfə iştirak edib. Bu 53 sınaqdan yeddisini qazanaraq, ən çox qalib olan ölkə olsa da, bu qələbələrin əksəriyyəti 1970-1990-cı illər arasındadır. İrlandiya müsabiqəyə 7 dəfə evsahibliyi etməklə yanaşı, ardıcıl 3 dəfə yarışın qalibi olan yeganə ölkədir. 1992, 1993 və 1994-cü illərdə müsabiqə İrlandiya sərhədlərindən uzaqlaşa bilməmişdi.

Bütün bunlara rəğmən, hər il maraqla gözlənilir və izlənilirsə, əlbəttə ki, yaxşısıyla da, pisiylə də bir uğurdur. Dünyanın ən maraqsız vaxtlarında belə, bu qədər insanın marağına səbəb ola bilən hər şeyin dəyərini bilmək, həmin dəyəri qorumaq lazımdır. Bizi hər nə qədər incitsə də...

 





17.05.2022    çap et  çap et